Peşə liseylərində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş imtahanların nəticələrinə dair iclas keçirilib

 

Bu günlərdə ölkəmizdə fəaliyyət göstərən peşə liseylərində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinə dair iclas keçirilib. İclasda təhsil nazirinin müavini İsgəndər İsgəndərov ümumtəhsil fənlərindən keçirilən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinin müzakirəsinin, buraxılan nöqsanların araşdırılmasının vacibliyini qeyd edib.

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov mövcud problemlərin həllinə dair təkliflərlə çıxış edib, ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələri barədə məlumat verib.

Nəzərə çatdırılıb ki, 2007-ci ildə respublikanın peşə liseylərinin son kursunda oxuyan 4191 şagirddən 4088 nəfəri, 2008-ci ildə 4244 şagirddən 3451 nəfəri təhsillərini müvəffəqiyyətlə başa vursalar da, bu il peşə liseylərində təhsil alan 4479 şagirddən mərkəzləşdirilmiş sınaq test imtahanlarında 4073-ü (90,94%) iştirak edib onlardan yalnız 163 (4%) nəfəri müvəffəq qiymət alıb. Mərkəzləşdirilmiş sınaq test imtahanlarına qatılan şagirdlərdən 334 nəfəri (8,2%) 1 fəndən, 432 (10,61%) nəfəri 2 fəndən, 3144 (77,19%) nəfəri isə 3 daha çox fəndən qeyri-müvəffəq qiymət alıblar. Lakin görülmüş əməli tədbirlər nəticəsində yekun mərkəzləşdirilmiş test imtahanlarında iştirak edən 4052 nəfərdən 1730-u (42,7%) müvəffəq, 2322-i (57,3%) isə qeyri-müvəffəq qiymət alıb.

Aparılmış təhlil nəticəsində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarında iştirak etmiş şagirdlərin ayrı-ayrı fənlərdən nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, 6, 11, 12, 16 nömrəli Bakı peşə liseyləri, eləcə Şirvan, Gəncə 1 3 nömrəli, Saatlı, Biləsuvar, Qazax, Bərdə, Binə peşə liseylərində ümumtəhsil fənlərinin tədrisinin yaxşılaşdırılmasına ehtiyac var. Əvvəlki illərdə ümumtəhsil fənlərindən şagirdlərin böyük əksəriyyətinin qiymətləri yüksək olduğu halda, cari ildə keçirilmış mərkəzləşdirilmiş test imtahanında ana dilindən 13, riyaziyyatdan 1, Azərbaycan tarixindən 16, fizikadan 16, kimyadan 11, biologiyadan 14, coğrafiyadan 8, xarici dildən isə cəmi 18 nəfər əla qiymətlər alıblar.

İclasda mövcud problemlərin həlli məqsədilə fənn müəllimlərinin ixtisasartırma kurslarına cəlb olunması, peşə liseylərinə qəbulun aparılmasında dəyişikliklərin edilməsi, müsabiqə yolu ilə qəbul qaydalarının işlənilməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi üçün mexanizmin hazırlanması, zəif nəticə göstərən müəssisələrə şagird qəbulunun azaldılması digər məsələlər barədə təkliflər irəli sürülüb.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-26 iyun.-S.2.