Azərbaycanda innovativ müəllimlər müsabiqəsi keçirilir

 

Təhsil Nazirliyinin dəstəyi ilə "Microsoft Azərbaycan" şirkəti Azərbaycanda növbəti "İnnovativ müəllimlər" müsabiqəsini elan etmişdir. Dünya İnnovativ Müəllimlər Forumunun Azərbaycan mərhələsi olan bu müsabiqə ölkəmizdə Təhsil Nazirliyinin "Microsoft" korporasiyası ilə birgə həyata keçirdiyi "Təhsildə əməkdaşlıq" proqramının tərkib hissəsidir.

Müsabiqənin məqsədi Azərbaycanın təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, onların informasiya texnologiyalarından istifadəsini təkmilləşdirməkdir. Müsabiqə "Məzmunda innovasiya" nominasiyası üzrə keçirilir.

"Məzmunda innovasiya" nominasiyası innovasiya yanaşmasının informasiya texnologiyalarının yardımı ilə tədris proqramını daha səmərəli şəkildə mənimsəməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənir.

Müsabiqə iki mərhələdən ibarətdir. İlkin mərhələdə hər bir iştirakçı peşəkar münsiflər heyətinin qiymətləndirəcəyi layihənin təsvirini təqdim etməlidir. İkinci mərhələdə finalçılar öz layihələrinin təqdimatlarını keçirəcəklər. Finalçılar arasında müsabiqənin qalibləri həm pedaqoji, həm valideyn münsiflər heyəti tərəfindən təyin ediləcək qaliblər müəyyənləşdiriləcəkdir. Layihələrin qəbulu avqustun 15- başa çatacaqdır.

Müsabiqənin Azərbaycan üzrə qalibi ölkəmizi noyabrda Braziliyada keçiriləcək Dünya İnnovativ Müəllimlər Forumunda təmsil edəcəkdir.

 

 

Azərbaycan müəllimi.-2009.-26 iyun.-S.1.