İsmayıllı şəhər 1 nömrəli orta məktəbi Türkiyədə Azərbaycanı təmsil edib

 

Şəhər 1 nömrəli orta məktəbin müəllimləri Ü.Tahirova, Ş.Nəcəfova, İ.Heydərova və başqalarının şagirdlərlə birgə hazırladıqları layihələr artıq beynəlxalq aləmdə tanınaraq Azərbaycan təhsilinin nailiyyətlərini dünyaya yayır. Məktəbimizin biologiya müəllimi "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Ü.Tahirovanın əməkdaşlıq etdiyi Burdur Məhmət Akif Ərsoy Universiteti, ilk və orta okulları arasındakı əlaqələr bilim şənliyi ilə bağlı səfər zamanı daha da möhkəmləndi.

Məhmət Akif Ərsoy Universiteti (MAKU) 2001-ci ildən başlayaraq hər il bilim şənliyi keçirir. 9 ildən çox davam edən bilim şənliyi 2 ildir ki, uluslararası xarakter alıb: şənliyə bu il Quzey Kıprıs Türk Cümhuriyyəti və Azərbaycandan da qatılanlar oldu. Azərbaycanı təmsil etmək şərəfi bizə nəsib oldu.

MAKU Mərkəz Kampus Alanındakı şənlik açılışına vali İbrahim Özçimən, bələdiyyə başqanı Sebahattin Akkaya, rektor, professor Gökyay Yıldız, İl Genəl Məclis Başqanı İbrahim Ekici, universitet müəllimləri və tələbələr qatıldı.

Professor G.Yıldız mərasim iştirakçılarını təbrik etdi.

Açılışdan sonra protokol sahibləri ilk olaraq Azərbaycan stantını ziyarət edərək layihələrlə tanış oldular. Azərbaycan və Quzey Kıprıs Türk Gümhuriyyətinin çadırı hər iki dövlətin bayraqları ilə bəzənmişdi.

Şənlikdə MAKU-lu öyrəncilərin 98, Azərbaycandan məktəbimizin şagirdlərinin və Quzey Kıprıs öyrəncilərinin bir neçə layihəsi yer alırdı.

Məktəbimizin "Su", "Tülpan", "Mənim ölkəmin qadınları", "Sehirli sinif" (müəllim ü.Tahirova, şagirdlər K.Ramazanova, İ.Allahverdiyeva, C.Səlimova və b.); "Gerund felin şəxssiz forması kimi", "İngilis və Azərbaycan dillərində ismin hal kateqoriyası", "Qlobal sinif", "Xalq nağılları" (müəllim Ş.Nəcəfova, şagirdlər Aliyə Qənizadə, Nigar İsmayılova, Şəfəq Mürsəlli və b.) və s. layihələr maraqla qarşılandı.

Layihələr məktəbimizin şagirdi Cavidan Səlimova tərəfindən təqdim olunurdu. O, ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman törətdiyi soyqırımını sərgi iştirakçılarına geniş faktlarla və fotoalbomla anlatdı.

Türk gəncləri Azərbaycana, onun tarixi taleyinə, bugünkü təhsilinə, layihələrinə böyük maraqla yanaşdılar, qəlblərindəki Azərbaycan sevgisini izhar etdilər. Şənlikdə Eyitim fakültəsi öyrəncilərinin il ərzində praktik dərslərdə hazırladığı işlər sərgiləndi.

Gənclər günü ilə bağlı Burdurda 19 mayda keçirilən Atatürkün gəncliyə bağışladığı böyük spor bayramı (şənliyi) öz möhtəşəmliyi ilə diqqətimizi cəlb etdi.

Məktəbimizin əməkdaşlıq etdiyi Burdur Bahçəliyevlər ilköyrətim (direktor Əli özdəmir), Qazi ortaöyrətim (direktor Ayhan Toqat) okulları ilə tanışlıq əlaqələrimiz Türkiyə təhsili təcrübəsindən yararlanmağımıza kömək etdi.

Universitetin müəllimləri bizi Burdurun tarixi abidələri ilə tanış etdilər.

 

 

Sevda QASIMOVA

 

Azərbaycan müəllimi.-2009.-26 iyun.-S.6.