İki ölkənin təhsil sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirilib

 

İyunun 19-da təhsil naziri Misir Mərdanov Ankara Universitetinin rektoru Cemal Taluğun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycana ilk dəfə gələn qonağı səmimi salamlayan nazir onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib.

 

Sonra Misir Mərdanov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirən nazir bu istiqamətdə əldə olunan uğurlardan danışıb. Təhsil naziri həmçinin Türkiyə Respublikasının ali məktəblərində oxuyan azərbaycanlı gənclər ölkəmizdə təhsil alan türkiyəli tələbələr, onların seçdikləri ixtisaslar barədə qonağa məlumat verib, eləcə hazırda Ankara Universitetində 160 azərbaycanlı gəncin təhsil aldığını diqqətə çatdırıb.

Qonaqların ölkəmizin bir neçə ali təhsil müəssisəsində görüşlər keçirməsinin əhəmiyyətini qeyd edən nazir Misir Mərdanov universitetlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, müəllim mübadiləsinin aparılması, birgə elmi konfransların təşkili, müvafiq proqramların uyğunlaşdırılması digər bu kimi məsələlər haqqında fikirlərini bildirib, müvafiq təkliflərini qonaqların nəzərinə çatdırıb.

Ankara Universitetinin rektoru Cemal Taluğ səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib nazirin irəli sürdüyü təkliflərlə həmrəy olduğunu bildirib. Birgə əməkdaşlığın, səmərəli əlaqələrin qurulmasında bu görüşün xüsusi əhəmiyyət daşıyacağına əminliyini ifadə edən qonaq bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb, eyni zamanda rəhbərlik etdiyi universitet haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan müəllimi.-2009.- 26 iyun.-S.2.