Pedaqoji universitetdə Elmi Şuranın iclası keçirildi
Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində böyük Elmi Şuranın genişləndirilmiş
iclası keçirildi. ADPU-nun rektoru,
AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov zala toplaşanları salamlayaraq bu iclasın bir qədər qeyri-adi - daha geniş tərkibdə keçirildiyini
dedi və dəvəti qəbul etdiklərinə görə
qonaqlara öz təşəkkürünü bildirdi.
İclasın gündəliyi səsə
qoyularaq şura üzvləri tərəfindən
qəbul edildi. Professor Yusif
Məmmədov gündəlikdəki
I məsələ - "ölkə
rəhbərliyinin ali məktəblər
qarşısında qoyduğu
vəzifələr haqqında"
məruzə ilə çıxış etdi,
daha sonra son illər ADPU-da müxtəlif sahələrdə
aparılan islahatlardan
söz açdı, görülən işlər
və bunun nəticəsində əldə
edilmiş nailiyyətlər
barədə məlumat
verdi və tələbələrin biliyinin
obyektiv qiymətləndirilməsi
istiqamətində həyata
keçirilən tədbirləri
diqqətə çatdırdı.
Rektor bütün bunlara daim böyük dəstək göstərən,
köməyini əsirgəməyən
təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirdi.
Tədbir
iştirakçıları sonra ADPU-nun tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılovun gündəlikdəki
digər məsələlər
- "Qış imtahan
sessiyasının yekunları
haqqında" və
"İmtahan və kollokviumlar üçün
tələb edilən
testlərin keyfiyyətinə
nəzarət komissiyasının
yaradılması haqqında"
məruzələrini dinlədilər.
Komissiya üzvlərinin siyahısı
oxundu və səsə qoyularaq şura üzvləri tərəfindən qəbul
edildi.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov
iclasda səslənən
bir sıra məsələlərlə bağlı
fikrini bildirdi. O, gənclərin
müasir dövrün
tələblərinə uyğun
formalaşması ilə
yanaşı, tariximiz
və mədəniyyətimizə
aid elementar biliklərə
yiyələnmələrinin də zəruri olduğunu qeyd etdi.
Sonra çıxış üçün
söz təhsil naziri Misir Mərdanova
verildi. Nazir dövlət başçısı
cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son dövrlər
ölkəmizdə təhsil
mühitinin və bu sahədə çalışanların sosial
vəziyyətinin xeyli
yaxşılaşdığını dedi. Elmi Şura
iclasındakı çıxışında
Misir Mərdanov ali təhsillə
bağlı bir sıra məsələlərə
toxundu, gənc kadrların fəaliyyətinə
geniş imkanların yaradılması, əcnəbi
tələbələrin ölkəmizin
ali məktəblərində
təhsili, universitetlərdə
elmi istiqamətin inkişaf etdirilməsi, pedaqoji təcrübənin
səmərəli təşkili
və s. barədə
fikrini bildirdi. Qarşıda duran həlli
vacib problemlərdən
danışarkən o, ölkənin
təhsil sistemində
ədalətlilik və
şəffaflıq prinsipinin
gözlənilməsinin çox
vacib olduğunu vurğuladı və bu baxımdan müvəffəqiyyət faizi
nə qədər aşağı düşsə
də, Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətini
yüksək qiymətləndirdiyini
diqqətə çatdırdı.
Təhsil naziri çıxışında
bəzi təkliflərini
səsləndirdi. O qeyd etdi ki, paytaxtın
yüksək nailiyyətləri
ilə seçilən
ümumtəhsil məktəblərinin
rəhbərləri tez-tez
bir sıra fənlər üzrə yaxşı müəllim
axtarmaları ilə bağlı müraciətlər
edirlər. Buna görə də universitetin kollektivinin, ayrı-ayrı fakültə
və kafedraların Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları
və məktəb direktorları ilə əlaqə yaratması, onlarla müntəzəm görüşlərin keçirilməsi
hər iki tərəfin xeyrinə olar və ümumi
işə böyük
fayda verə bilər.
Nazirlər Kabinetinin 13 yanvar
2009-cu il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasının
ümumi təhsil sistemində qiymətləndirmə
konsepsiyası" haqqında
ətraflı məlumat
verən Misir Mərdanov məhz pedaqoji kadrlar hazırladığı üçün
universitetin bütün
fakültələrində bu sənədin dərindən öyrənilməsini
tövsiyə etdi.
Təhsil
naziri çıxışının
sonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin haqq və ədalətə aparan yolun başlanğıcında
olduğunu dedi və hamıya bu yolda inamla
addımlayaraq böyük
uğurlar qazanmağı
arzuladı.
ƏKBƏROVA Hicran
Azərbaycan
müəllimi.-2009.-6 mart.-S.5.