Heydər Əliyev Fondu son iki ildə
Fond yarandığı gündən
təhsilə yardımı öz fəaliyyətinin prioritet
istiqaməti elan edib
Xalqımızın böyük oğlu, həyat
amalı varlığı qədər sevdiyi Azərbaycan
xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olan və
bu istiqamətdə uzun illər titanik fəaliyyət göstərən
ümummilli liderimiz Heydər Əliyevin ölkəmizlə,
xalqımızla bağlı böyük arzuları vardı.
O istəyirdi ki, Azərbaycan tezliklə dünya ölkələri
arasında öncül mövqelərə çıxsın,
ölkəmizin iqtisadi qüdrəti artsın,
xalqımızın maddi rifah halı yüksəlsin, milli dəyərlərimiz
qorunsun və nəsildən-nəslə
ötürülsün. Məhz bu istəklə də dövlətimizin
gələcəyi naminə nəhəng işlərin, iri
layihələrin əsasını qoymuşdur. Bu
gün həmin işlər, habelə onun yeritdiyi müdrik
daxili və xarici siyasət layiqli varisi, yeni düşüncəli
rəhbər və siyasi lider ölkə Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Ümummilli liderimizin ölkəmiz, xalqımızla
bağlı arzularının, planlarının gerçəkləşməsində
onun adını daşıyan Fond da yaxından iştirak edir.
Yaranmasından təxminən 5 il ötməsinə
baxmayaraq, böyük siyasətçinin dövlətçilik
irsini öyrənən və təbliğ edən,
irimiqyaslı proqramların həyata keçirilməsinə dəstək
verən Heydər Əliyev Fondu öz genişmiqyaslı fəaliyyəti
ilə artıq cəmiyyətimizdə böyük nüfuz
qazanmışdır.
Xalqın rifahının yüksəlməsinə,
fiziki və mənəvi sağlamlığının təmin
olunmasına yönəlmiş faydalı təşəbbüsləri
dəstəkləmək, elm, təhsil, mədəniyyət,
incəsənət, səhiyyə və idmanın
inkişafını təmin edən layihələrə
yardımçı olmaq, milli mənəvi dəyərlərə
sadiq gənclərin yetişdirilməsinə
çalışmaq, ölkəmizin nüfuzunu artırmaq kimi
mühüm, əhəmiyyətli vəzifələri
reallaşdırmağı qarşısına məqsəd
kimi qoymuş Fond yarandığı gündən bəri həmin
istiqamətlərdə xeyli iş görmüş,
ardıcıl layihələr həyata keçirmişdir. Fondun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyeva təhsil sahəsində
həyata keçirilən "Yeniləşən Azərbaycana
yeni məktəb" Proqramının ikinci mərhələsinin
təqdimatına həsr olunmuş "dəyirmi
masa"dakı çıxışında demişdir:
"Müasir dünyada hər bir ölkənin
inkişafı, onun dünya birliyinə inteqrasiyası
üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu
yarandığı ilk gündən təhsilə
yardımı öz fəaliyyətinin prioritet istiqaməti
elan etmişdir".
Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmuş milli təhsil modelinin gerçəkləşdirilməsinə yardımçı olmaqdır. Bu məqsədə çatmağın yolu təhsilin infrastrukturunun yeniləşdirilməsindən, müasir tipli yeni məktəblər inşa etməkdən, təlim-tədris prosesi üçün lazımi şərait yaratmaqdan keçdiyi üçün Fond öz fəaliyyətində yeni məktəblərin tikintisinə, tədris müəssisələrinin bərpasına, təmirinə və müasir avadanlıqlarla təchiz olunmasına xüsusi önəm verir. Bu baxımdan Fondun ardıcıl həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı ölkədə xüsusilə böyük əks-səda doğurmuşdur. Proqram çərçivəsində tikilən yeni məktəblərin sayı 237-yə çatmışdır. 35 məktəb, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəb əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.
Fondun fəaliyyətə başladığı ilk illərdə olduğu kimi, 2007-2008-ci illərdə də "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının icrası diqqət mərkəzində saxlanılmış, proqram çərçivəsində xeyli yeni məktəb, məktəblər üçün əlavə tədris korpusları inşa olunmuş və əsaslı təmir edilmişdir. Son iki ildə paytaxtın Qaradağ, Səbail, Əzizbəyov, Yasamal rayonlarında, Lənkəranda, Abşeronda, Balakəndə, Qazaxda, Qubada, Dəşkəsəndə, Zaqatalada, Oğuzda və digər bir çox rayonlarda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə məktəb binalarının tikintisi, təmiri işi aparılmışdır. Onlardan bəzilərini diqqətə çatdırmağı məqsədəuyğun hesab edirik.
2007-2008-ci illərdə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Bakıda 180 nömrəli məktəb üçün 240 , 104 nömrəli məktəb üçün 440, 156 nömrəli məktəb üçün 1140, 218 nömrəli məktəb üçün 1176, 100 nömrəli məktəb üçün 240, 300 nömrəli məktəb üçün 600, Zərifə Əliyeva adına məktəb üçün 840 şagird yerlik yeni məktəb binaları və əlavə tədris korpusları inşa olunaraq istifadəyə verilmişdir. Bunlardan 156 və 218 nömrəli məktəbləri xüsusi qeyd etmək lazımdır. Fondun təşəbbüsü ilə tikilmiş hər iki məktəb 2007-ci ilin sentyabrın 15-də istifadəyə verilmiş, bu münasibətlə keçirilən açılış mərasimlərində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.
Bölgələrdə də məktəb tikintisi böyük vüsətlə aparılmışdır. Cəlilabad şəhərində 2007-ci ildə istifadəyə verilmiş 1100 şagird yerlik akademik Zərifə Əliyeva adına orta məktəb, həmin ilin yanvarında açılışı keçirilmiş Lənkəranın Liman şəhərində 1200 şagird yerlik məktəb Fondun iri layihələrindəndir. Bunlarla yanaşı, Fondun təşəbbüsü ilə Lənkəran rayonunda Bürcəli kənd ibtidai məktəbi üçün 100, Abşeron rayonunun Goradil kənd məktəbi üçün 120, Novxanı kənd 2 nömrəli məktəb üçün 240, Balakən rayonundakı Katex kənd 3 nömrəli orta məktəb üçün 240, Pirəhməd kənd orta məktəbi üçün 100, Qazax rayonunda Dəmirçilər kənd orta məktəbi üçün 200, Fərəhli kənd orta məktəbi üçün 100, Quba rayonunda Əlinkənd əsas məktəbi üçün 100, Daşkəsən rayonunda Təzəkənd kənd orta məktəbi üçün 140, Salyan rayonunda Yuxarı Xalac -1 kənd orta məktəbi üçün 220, Yuxarı Xalac - 2 kənd orta məktəbi üçün 100, Zaqatala rayonunun Əliabad qəsəbə 4 nömrəli orta məktəbi üçün 360, Yuxarı çardaxlar kənd orta məktəbi üçün 200, Qandax kənd orta məktəbi üçün 240, Ağdaş rayonunun Pirkələ kənd məktəbi üçün 200, Oğuz rayonunun Böyük Söyüdlü kənd orta məktəbi üçün 200, Hacıqabul şəhərində 640, Tovuz rayonunun Düz Qırıxlı , Aşağı öysüzlü və İsakənd kəndlərinin hər birində 240, Şəki şəhər 1 nömrəli orta məktəbi üçün 240, şəhərin Yaramalı adlanan ərazisində 240 şagird yerlik yeni məktəb binaları tikilmişdir. Gədəbəy rayonundakı Slavyanka, Şamaxı rayonundakı Avaxıl kənd, Yardımlı qəsəbə 2 nömrəli orta məktəbləri də 2007-ci ildə Heydər Əliyev Fondundan dəyərli töhfələr almışlar. Həmin məktəblər üçün 120, 240, 360 şagird yerlik binalar tikilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. 2007-ci ildə Fondun təşəbbüsü ilə Saatlı, Qusar, Samux, Siyəzən, Şəmkir, Qax rayonlarında da məktəblər üçün yeni binalar tikilmiş və mövcud binalar təmir edilmişdir.
Məktəb tikintisi və təmiri 2008-ci ildə də vüsətlə davam etdirilmişdir. ötən il Fondun vəsaiti hesabına tikilən ən böyük məktəblərdən biri paytaxtın Yasamal rayonunda aprelin 28-də istifadəyə verilmiş akademik Zərifə Əliyevanın adını daşıyan məktəbdir. 840 şagirdin təhsil alması üçün nəzərdə tutulmuş məktəb ən müasir standartlara uyğun tikilmiş, Fondun vəsaiti hesabına müasir tədris avadanlığı və kompüterlə təmin olunmuşdur. Məktəbin açılışında dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişlər.
Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində İmişli şəhərində 300 şagird yerlik yeni məktəb binası tikilmişdir. 5 sinif otağı, idman zalı, kitabxana, kompüter kabineti olan yeni məktəb binasında istilik sistemi və nasosxana da vardır.
Ötən il sentyabrın 17-də ölkə başçısının iştirakı ilə açılışı keçirilmiş Qusar rayonunun Balaqusar kənd orta məktəbinin binası da qusarlılara Heydər Əliyev Fondunun töhfəsidir. Qəza vəziyyətində olan həmin məktəb üçün Fondun sifarişi ilə 2007-ci ildə 500 şagird yerlik yeni binanın inşasına başlanmış və o, qısa müddətdə tikilib istifadəyə verilmişdir. Məktəbin 25 sinif otağından əlavə geniş idman salonu, fənn kabinetləri, kompüter otağı, atıcılıq tiri, akt salonu və kitabxanası vardır.
Heydər Əliyev Fondu Qusar rayonu Yeni Zeyxur kənd məktəbinin müəllim və şagird kollektivini də ötən il sevindirmişdir. Belə ki, sakinlərin arzusu nəzərə alınaraq uzun illər yararsız vəziyyətdə olan kənd məktəbi üçün yeni bina inşa edilmişdir. ötən il digər rayonlarda da Fondun təşəbbüsü ilə çoxlu məktəb binası tikilib istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı istiqamətlərdən birini xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək etmək, onların cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək təşkil edir. Bu sahədə işlər Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində həyata keçirilir. Son illər həmin proqramın icrası istiqamətində də xeyli iş görülmüş, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəbdə, bir çox uşaq evlərində yenidənqurma, təmir-tikinti işləri aparılmış, onlar zəruri avadanlıqlarla təmin edilmiş, yeni ədəbiyyatlarla zənginləşdirilmişdir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva özü şəxsən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətlə yanaşır, tez-tez onların təlim-tərbiyə aldıqları müəssisələrə baş çəkərək təhsilləri, yaşayış şəraitləri ilə maraqlanır.
Proqramın icrası istiqamətində işlər 2007-2008-ci illərdə də ardıcıl davam etmiş, Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində 2005-ci ildən başlamış yüksək səviyyədə aparılan təmir işlərinin son mərhələsi ötən il başa çatdırılmış, üç min kvadrat metr sahəsi olan uşaq evi bütünlüklə əsaslı təmir olunmuşdur.
Fondun vəsaiti hesabına Göyçay internat məktəbində əsaslı təmir işləri aparılmışdır. Fondun təşəbbüsü ilə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin tikilməsinə başlanmışdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2007-ci ilin dekabrın 27-də özünün şəxsi təşəbbüsü ilə əsaslı təmir olunmuş Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə olmuş, burada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təşkil edilmiş şənlikdə iştirak etmişdir. 2008-ci il fevralın 14-də Mehriban Əliyeva Xətai rayonundakı 3, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 2 nömrəli, Nərimanov rayonundakı psixo-nevroloji uşaq evlərində olmuş, pedaqoji heyət və uşaqlarla görüşmüşdür. ötən il martın 8-də Heydər Əliyev Fondunun prezidenti Bakının Əzizbəyov rayonunda yerləşən 3 təhsil müəssisəsinə - 3 nömrəli uşaq evinin Buzovnadakı yay düşərgəsinə, Uşaqlara və Ailələrə dəstək Mərkəzinə və 262 nömrəli məktəbə baş çəkmişdir. Fondun təşəbbüsü və dəstəyi ilə xüsusi qayğıya ehticayı olan uşaqlar üçün mütəmadi olaraq bayram şənlikləri, konsertlər təşkil olunur.
Fondun təhsillə bağlı həyata keçirdiyi "Təhsilə dəstək" layihəsi də ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və təhsilimizə diqqət və qayğı nümunəsi kimi yüksək dəyərləndirilir. Əsasən məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulmasını, müasir avadanlıqlarla təchizini hədəfə alan layihə həm də uşaq müəssisələrinin dərs vəsaitləri ilə təmin olunması, xaricdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə dərsliklərlə, İKT avadanlıqları ilə kömək göstərilməsini nəzərdə tutur.
Layihə çərçivəsində son illər 8 uşaq bağçasında bərpa işləri aparılmışdır. Bu sahədə işlər 2007-2008-ci illərdə də uğurla davam etdirilmiş, 2007-ci ildə Nərimanov rayonunda akademik Zərifə Əliyevanın adını daşıyan yeni bağça tikilib istifadəyə verilmişdir. 120 yerlik bağçanın açılışında Fondun prezidenti Mehriban Əliyeva da iştirak etmişdir. ötən il mayın 9-da Bakının Əzizbəyov rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş uşaq bağçası açılmışdır.
Fondun təşəbbüsü ilə uşaq bağçaları üçün uşaq musiqilərindən və nağıllardan ibarət disklər buraxılaraq uşaq bağçalarına hədiyyə edilmişdir.
Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlərdən biri də məktəblərin əyani vəsaitlərlə təmin olunmasına kömək göstərməkdir. Bu məqsədlə Fondun dəstəyi ilə son iki il ərzində 140 adda plakat hazırlanaraq Azərbaycanın bütün ümumtəhsil məktəblərinə verilmişdir. Bu, məktəblərin əyani vəsaitlərlə təminatını xeyli artırmışdır. Təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə müxtəlif fənlər üzrə hazırlanan plakatların hər birindən 10 min nüsxə olmaqla 1 milyon 400 min ədəd plakat çap edilmişdir.
"Təhsilə dəstək" layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və dərs ləvazimatları paylanması da Fondun gözəl ənənələrindəndir. 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrdən olan I sinif şagirdlərini, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir.
2007-ci ildə hədiyyələrin coğrafiyası daha da genişləndirilmişdir. Bir sıra xarici ölkələrdə, o cümlədən Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə, Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyə almışlar.
2008-2009-cu dərs ili ərəfəsində həyata keçirilmiş aksiyanın miqyası isə daha geniş olmuşdur. Belə ki, ötən il həmin aksiya bütün ölkəni əhatə etmiş və birincilərə 130 min çanta paylanmışdır. Hər çantaya 16 adda məktəb ləvazimatı qoyulmuşdur.
Gəncədə I sinfə gedən 462 şagirdi Fond məktəbli geyimi ilə təmin etmişdir.
Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Fondun bu istiqamətdəki fəaliyyətinin coğrafiyası gündən-günə genişlənir. Artıq beynəlxalq aləmdə nüfuzlu bir qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını bir neçə ölkədə də uğurla davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, Fond tərəfindən də yardım edilməsini soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayırlar.
Rusiyanın paytaxtında və ayrı-ayrı şəhərlərindəki Azərbaycan məktəblərinə göstərilən qayğını bu baxımdan xüsusi qeyd etmək olar.
2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Fondun diqqətindən kənarda qalmamış, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilmişdir.
Rusiyanın "Puşkin kitabxanası"nın Fondla əməkdaşlığı da ölkəmizin elm, təhsil və mədəniyyətin inkişafına yönələn dəyərli hadisədir. Rusiyada son illər nəşr edilən müxtəlif elm sahələrinə aid 4 min kitab, 1000-dən çox dərslik Fondun və şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızın ali məktəblərinə təqdim edilmişdir. Fondun dəstəyi ilə Türkiyənin Qars Qafqaz Universitetində Heydər Əliyev tədris mərkəzi açılmışdır.
Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində Pakistanda tikdirdiyi qızlar məktəbi isə Azərbaycan-Pakistan münasibətlərinə əsl töhfə olmuşdur. Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində inşa olunan bu məktəb həmin ölkədə 2005-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin yenisi ilə əvəzlənməsinə imkan yaratmışdır. Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə inşa olunmuş və 2008-ci il fevralın 4-də istifadəyə verilmiş təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriya, fənn kabinetləri, kitabxana, kompüter otağı, idman meydançası vardır. 500-dən artıq şagirdin təhsil alması üçün nəzərdə tutulmuş məktəbi Heydər Əliyev Fondu əyani vəsaitlərlə, o cümlədən Azərbaycan haqqında nəşrlərlə təmin etmişdir. Pakistanda tikilmiş yeni məktəb binası Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində xarici ölkələrdə tikdirdiyi ilk məktəb binasıdır.
Heydər Əliyev Fondu Milli təhsil sisteminin inkişafı naminə bir sıra nüfuzlu beynəlxalq qurumlarla, xüsusən də Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı səfiri olduğu YUNESKO və İSESKO ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Bu əlaqələr əsasən "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər" texniki peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir.
2007-ci il aprelin 27-də Heydər Əliyev Fondu ilə İSESKO arasında protokol imzalanmışdır. Məhz bu əməkdaşlığın nəticəsidir ki, Bakıdakı ötən il mayın 14-də YUNESKO-nun "Avropada sübregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda regional konfransı, oktyabrın 6-da isə İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı keçirilmişdir. Hər iki konfransın təşkilatçılarından biri məhz Heydər Əliyev Fondu olmuşdur.
Fondun dəstəyi ilə 2007-ci il oktyabrın 28-dən noyabrın 3-dək Bakıda "Gənclər sivilizasiyaların alyansı naminə" təşəbbüsü çərçivəsində beynəlxalq konfrans keçirilmişdir.
Fondun mədəniyyətimizin,
xüsusən də muğam sənətinin inkişafı, Azərbaycan
mədəniyyətinin xaricdə təbliğ olunması, Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması,
mənfur qonşularımızın xalqımıza
qarşı törətdikləri soyqırımlar haqqında
dünya xalqlarına məlumatların verilməsi istiqamətində
çoxcəhətli fəaliyyəti də təqdirəlayiqdir
və xalqımız tərəfindən həmişə
yüksək qiymətləndirilir. Bu istiqamətlərdə
Fond son 2 ildə də səmərəli fəaliyyətlər
göstərmişdir.
ƏLİYEV Yusif
Azərbaycan müəllimi.-2009.-6
mart.-S.3.