Təhsil Nazirliyində müşavirə

 

Fevralın 28-də Təhsil Nazirliyində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonlarının ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə keçiriləcək yoxlama imtahanı ilə bağlı müşavirə oldu. İclasda nazir müavinləri, nazirliyin mərkəzi aparatının və struktur bölmələrinin rəhbərləri, yuxarıda adıçəkilən ərazilərin ümumtəhsil məktəblərinin direktorları və imtahan rəhbərləri iştirak edirdilər.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov məlumat verdi ki, ertəsi gün keçiriləcək yoxlama imtahanında 36089 şagird iştirak edəcək. Bu məqsədlə 89 imtahan mərkəzi müəyyənləşdirilmişdir. Bunlardan 73-ü Bakı, 11-i Sumqayıt şəhərlərində, 4-ü Abşeron, 1-i isə Qobustan rayonlarında yerləşir.

Sonra nazir yoxlama imtahanının təşkili ilə əlaqədar məsələlər haqqında ətraflı danışaraq təhsil işçilərinə təlimati göstəriş və məsləhətlərini verdi, imtahanın müvafiq təlimata uyğun aparılması, bütün tələblərə ciddi riayət olunmasının təmin edilməsi üçün bu işə çox böyük məsuliyyətlə yanaşmağın vacibliyini vurğuladı. Tətbiq olunacaq yeniliklərdən söz açan Misir Mərdanov yoxlama imtahanında hər mərkəzə iki imtahan rəhbərinin təyin edildiyini və imtahan mərkəzi kimi seçilmiş məktəbin direktorunun həmin prosesdə iştirak etməyəcəyini diqqətə çatdırdı. O, bu qərarın baş verə biləcək neqativ halların qarşısının alınması və əsassız söz-söhbətin yaranmaması məqsədilə verildiyini bildirdi.

Nazir ümumi təhsil sistemində qiymətləndirmə, ümumtəhsil məktəblərində və peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi ilə bağlı son dövrlərdə təsdiq edilmiş sənədlər haqqında məlumat verərək təhsil işçilərinə bunlarla ətraflı tanış olmağı tövsiyə etdi.

İmtahanların mərkəzləşdirilmiş qaydada aparılmasının əhəmiyyətindən bəhs edən Misir Mərdanov bütün təhsil pillələrində, o cümlədən bir sıra dünya ölkələrinin təcrübəsində olduğu kimi, ali məktəblərə qəbul prosesində də bu üsuldan istifadə etməyin məqsədəuyğunluğunu qeyd etdi.

Sonda təhsil naziri yoxlama imtahanında yüksək nəticələrin alınacağına ümid etdiyini bildirdi və bu işdə hamıya uğurlar arzuladı.

 

 

ƏKBƏROVA  Hicran

 

Azərbaycan müəllimi.-2009.-6 mart.-S.4.