Təhsil işçiləri referendumu dəstəkləyirlər

 

1993-cü il milli qurtuluşumuzun əsasının qoyulmasından başlayan demokratik dövlət quruculuğu yolunda atılan ən mühüm addımlardan biri də 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə ilk Konstitusiyamızın qəbul olunması oldu.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə zəmin yaratdı. Bu dövr ərzində Konstitusiyamız insan və vətəndaş azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi elan edilmiş ölkəmizdə aparılan irimiqyaslı islahatlar üçün möhkəm qanunvericilik bazası yaratmağa imkan vermişdir.

Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində bütün dünya müstəqil Azərbaycanımızı sivil yolla inkişaf edən demokratik ölkə kimi tanımağa başladı. Ulu öndərin milli və bəşəri dəyərlərə söykənən siyasi kursu bu gün uğurla davam etdirilir.

1996-cı ildən ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən hüquqi islahatlar ölkəmizin tərəqqisi, hər bir vətəndaşın azad cəmiyyətdə hüquqlarının müdafiəsi və şəxsiyyətinin inkişafına zəmin yaradır. Konstitusiyamızın qəbulundan sonra Azərbaycanda ictimai-iqtisadi həyatın bütün sahələrini əhatə edən qanunlar qəbul edilmiş, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu dəyişikliklər ölkəmizdə iqtisadiyyatın dinamik inkişafına, Azərbaycanın regionda lider dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsi ilə əlaqədar martın 18-də referendumun keçirilməsi Azərbaycanın demokratik inkişaf yolunda daha bir uğuruna imza atması ilə nəticələnəcək.

Bu isə vətəndaşların hüquqlarının müdafiəsinə, xalqın sosial rifahının inkişafına və güclü demokratik dövlət quruculuğu işinə xidmət edir.

Demokratiyanın ən əsas göstəricilərindən biri qanunların aliliyi, hamının qanun qarşısında bərabərhüquqlu olmasıdır. Bu amil hər bir dövlətin əsas qanunu olan Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarına daha çox yer verilməsi ilə müəyyən edilir. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən sivil dövlətlərinin konstitusiyaları ilə müqayisə ediləcək dərəcədə demokratikdir.

İnsan haqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən ardıcıl tədbirlərin davamı kimi Azərbaycan "İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında" Avropa konvensiyasına qoşuldu. Bu zaman dövlətimiz üzərinə milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü. Bu baxımdan istər 2002-ci il 24 avqust tarixdə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendum, istərsə də 18 mart 2009-cu il tarixdə Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun keçirilməsi günün tələbindən irəli gəlir.

Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinə edilməsi nəzərdə tutulan əlavələr və dəyişikliklər 12-ci maddədən başlayır. Konstitusiyanın 12-ci maddəsinə mövcud varianta əlavə olaraq qeyd edilir ki, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir".

15-ci və 17-ci maddələrə təklif edilən əlavə və dəyişikliklər də məhz bu prinsipin varisliyini qoruyur. İstər sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, istərsə də uşaq hüquqlarının qorunması ilə bağlı dəyişikliklər.

Gənc nəslin tərbiyəsi işinin düzgün təşkili və ucuz uşaq əməyinin istismarının qarşısını almaq baxımından "15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər" əlavəsi əhəmiyyətlidir (Maddə 17, əlavə V bənd). Nəzərdə tutulan bu dəyişiklik gələcək üçün daha yararlı şəxsiyyət tərbiyə edilməsini uşaq hüquqlarının qorunmasına və gələcəyinin təminatına şərait yaradır.

Konstitusiyanın 32-ci maddəsinə təklif edilən dəyişiklik isə mahiyyətcə hər bir vətəndaşın şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına, bu sahədə demokratik prinsiplərinin daha da dəqiqləşdirilməsinə xidmət edir.

Ulu öndərimiz Heydər Əliyevin 1998-ci ilin 6 avqust tarixli fərmanı ilə senzuranın ləğvinə bəzi dırnaqarası jurnalistlər düzgün yanaşmayaraq həqiqətə uyğun olmayan populist yazılar yazaraq, qeyri-qanuni yolla əldə edilmiş materiallar əsasında şantajla məşğul olaraq vətəndaşların ləyaqətlərinə toxunurlar. Bu baxımdan Konstitusiyamızın 32-ci maddəsində nəzərdə tutulan dəyişiklik, qanunla müəyyənləşdirilmiş hallardan başqa, şəxsi və ailə həyatına müdaxiləsinin qadağan edilməsi düzgün və yerində edilmiş dəyişiklikdir. Ən mühüm əlavələrdən biri də "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və fotoçəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb etmək hüququ vardır.

Seçki hüququ vətəndaşların siyasi sistemə təsirini hiss etməyə imkan verən ən əsas hüquqdur. Bu hüquqla vətəndaşlar dolayısı ilə dövlətin siyasi həyatının formalaşdırılmasının iştirakçısına çevrilir.

Konstitusiyanın 96-cı maddəsinə təklif edilən əlavəyə görə 40000 Azərbaycan vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi xalqın siyasi hüquqlarının Konstitusiya ilə daha da genişləndirilməsinə xidmət edir. Bununla 40000 Azərbaycan vətəndaşı birbaşa dövlət idarəçiliyinin bu və ya digər sahəsi üzrə öz arzu və təkliflərini qanun layihəsi şəklində Milli Məclisin müzakirəsinə təqdim edə bilər.

Çox əfsuslar olsun ki, bəzi müxalif qüvvələr Konstitusiyaya edilməsi nəzərdə tutulan dəyişiklik və əlavələrin mahiyyətini öz maraqları baxımından şərh edirlər, ictimaiyyəti çaşdırmağa çalışırlar.

Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinə təklif edilən əlavə dəyişikliklər demokratik norma prinsiplərlə uzlaşır, seçicinin seçim hüququnun məhdudlaşdırılmasını aradan qaldırır.

Mən tam əminəm ki, Vətənini sevən, azadlığı hər şeydən üstün tutan hər bir Azərbaycan vətəndaşı Konstitusiyada edilməsi nəzərdə tutulan dəyişikliklərə əlavələrə həssaslıqla yanaşaraq "Güclü Azərbaycan dövləti naminə" bu referendumda da fəallıq göstərərək düzgün seçimini edəcək.

 

 

Müsəddin MƏMMƏDOV

 

Azərbaycan müəllimi.-2009.-13 mart.-S.1.