Gəncə
təhsili inkişaf yollarında
Son günlər ulu Nizami yurdu - Gəncəyə qədəm
basan hər bir kəs bu qədim şəhərdə
aparılan quruculuq-abadlıq işləri ilə
yanaşı, təhsilin də sürətli
inkişafından heyrətlənməyə bilmir - "Cəmiyyət
genişdir, maarif isə onu işıqlandıran Günəşdir",
- deyən ulu öndər Heydər Əliyevin təhsilimizə
göstərdiyi diqqət və qayğı bu gün də
siyasi varislik nümunəsi kimi davam etdirilir və onun
inkişafı üçün əsaslı islahatlar həyata
keçirilir. Bu gün təhsilin
inkişafı üçün ölkəmizin hər yerində
olduğu kimi, Azərbaycanın ikinci sənaye və mədəniyyət
mərkəzi olan Gəncə şəhərində də
ardıcıl və məqsədyönlü tədbirlər
görülür. Hazırda Gəncə
Şəhər Təhsil İdarəsinin tabeliyində 101 təhsil
müəssisəsi vardır. Dərs ilinin əvvəlindən
Gəncədə 44 orta, 1 əsas, 2 internat məktəb, 1
gimnaziya fəaliyyət göstərir. Bu müəssisələrdə
təhsil alan 41548 şagirdin təlim-tərbiyəsi
ilə 4773 müəllim məşğul olur. Eyni zamanda şəhərdəki
42 məktəbəqədər, 8 məktəbdənkənar
tərbiyə müəssisəsində 1 uşaq evi, 1
filmoteka və 1 xüsusi təhsil ocağında 410 pedaqoji
işçi çalışır. Bu il
1-ci sinfə 3490 şagird qəbul edilib, XI siniflərdə isə
3065 şagird təhsil alır. Bağçada tərbiyə alan uşaqların sayı 4215 nəfərdir.
Sakinlər ölkə Prezidentinin Gəncə təhsilinə
qayğısını yüksək qiymətləndirirlər
Öncə onu qeyd edək
ki, regionların sosial iqtisadi inkişafına böyük
önəm verən Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə,
gəncəlilərə və Gəncə təhsilinə də
yüksək diqqət və qayğı göstərir.
Məhz bunun nəticəsidir ki, ölkə
başçısı son 5 ildə 8 dəfə Nizami yurduna səfər
etmiş və hər gedişi ilə də Gəncənin
inkişafına xüsusi təkan vermişdir.
Azərbaycan Dövlət
İqtisad Universitetinin yeni binasının
açılışında isə Gəncə ilə
birbaşa elektron bağlantısı zamanı Prezident
İlham Əliyev demişdir: "...Bilirsiniz ki, mən sizin
şəhərinizdə dəfələrlə olmuşam və
onun inkişafı ilə bilavasitə məşğul oluram.
çox şadam, çox qürur hissi ilə demək istəyirəm
ki, Gəncə bu gün Azərbaycanda ən sürətlə
inkişaf edən şəhərlərdən biridir. çox
böyük quruculuq, abadlıq işləri aparılır,
müasir infrastruktur yaradılır, yeni müəssisələr
işə salınır. Eyni zamanda təhsil sahəsinə
böyük diqqət göstərilir, məktəblər təmir
olunur. Bir sözlə, Azərbaycanın ikinci şəhəri
öz yüksəliş dövrünü yaşayır".
2007-2008-ci dərs ilinin
yekunlarına nəzər saldıqda görürük ki,
ötən il Gəncə Şəhər Təhsil İdarəsinin
tabeliyində fəaliyyət göstərən təhsil
müəssisələri üçün uğurlu
olmuşdur. Həmin müddətdə məktəblərin
maddi-texniki bazası xeyli möhkəmlənmişdir. Şəhər
6, 20 və 23 nömrəli məktəblər Prezidentin sərəncamına
əsasən ayrılmış vəsait hesabına əsaslı
təmir edilmiş, yeni parta, lövhə, müəllim
masası və stulu ilə təmin olunmuşdur. Hacıkənd
qəsəbəsində yerləşən 35 nömrəli əsas
məktəbin köhnə binasının dam
örtüyü təzələnmiş, 80 şagird yerlik əlavə
tədris korpusu tikilmişdir. Prezidentin təhsil müəssisələrinin
istilik təchizatının
yaxşılaşdırılmasına dair müvafiq sərəncamına
əsasən 17 məktəbdə yeni istilik sistemi
quraşdırılmış, müstəqil qazanxanalar
tikilmişdir.
Ötən dərs
ilinin əvvəlində Azərbaycan Prezidentinin
imzaladığı "Ən yaxşı ümumtəhsil məktəbi
və ən yaxşı müəllim mükafatının təsis
edilməsi haqqında" sərəncam təhsilin
inkişafını və müəllim əməyini
stimullaşdıran mühüm dövlət sənədi kimi
Gəncənin təhsil işçilərini daha yaxşı
işləməyə ruhlandırdı. Elə bunun nəticəsində
respublika üzrə keçirilən "Ən yaxşı
müəllim" müsabiqəsində iştirak edən
şəhərin 15 müəllimi arasında 22 nömrəli
məktəbin ibtidai sinif müəllimi Afaq Əliyeva "Ən
yaxşı müəllim" adını qazanaraq Prezidentin
19 avqust 2008-ci il tarixli sərəncamı ilə 5000 manat pul
mükafatı ilə mükafatlandırıldı.
Eləcə də şəhərin
4 nömrəli məktəbi "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsində qalib adını
qazanaraq Prezidentin müvafiq sərəncamına əsasən
10000 manat pul mükafatı ilə
mükafatlandırılmışdır. Son beş ildə Prezidentin sərəncamı
ilə Gəncə şəhər təhsil işçilərindən
12 nəfər "Azərbaycan Respublikasının əməkdar
müəllimi" fəxri adına layiq
görülmüş, 5 nəfər "Tərəqqi"
medalı ilə təltif olunmuş və 5 nəfərə
isə Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi" döş
nişanı verilmişdir.
Son illərdə şəhər məktəblərinin
9 məzunu ali məktəblərə qəbul zamanı
yüksək bal topladıqlarına görə Prezident təqaüdünə
layiq görülmüşdür. Şəhər təhsil
idarəsinin foyesində onları yetişdirən əməkdar
müəllimlərlə yanaşı, həmin məzunların
da şəkilləri şərəf lövhəsini bəzəyir.
Bu isə həm müəllimləri, həm də şagirdləri
onlardan nümunə götürməyə, daha yaxşı
işləməyə, oxumağa səsləyir.
Heydər Əliyev
Fondunun dəstəyi
Bu bir danılmaz
faktdır ki, Azərbaycan Prezidentinin elm və təhsilin
davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşməsində
Heydər Əliyev Fondunun da xidmətləri
böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə
həllini gözləyən bir sıra problemlərin tez bir
vaxtda aradan qaldırılması istiqamətindəki fəaliyyəti
ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanır.
İftixar hissi ilə
qeyd etmək istəyirik ki, son beş ildə Gəncənin də
tarixi-mədəni abidələrinin bərpası, təhsil,
səhiyyə, mədəniyyət obyektlərinin təmiri və
təchizatı sahəsində aparılan işlər məhz
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
xanım Əliyevanın dəstəyi ilə mümkün
olmuşdur.
Heydər Əliyev Fondu tərəfindən
Gəncə Şəhər Təhsil İdarəsinin
tabeliyində olan məktəblərin 1-ci sinif şagirdlərinə
17 adda 3780 ədəd müxtəlif hədiyyə, 140 adda
19435 ədəd plakat-tədris vəsaiti, uşaq evinə 1
avtobus, məktəbəqədər təhsil müəssisələrinə
24 adda 12680 ədəd tədris vəsaiti, xüsusi təhsil
müəssisəsinə 1 avtobus, müxtəlif
avadanlıqlar və dərs vəsaiti verilib.
Gəncə uşaq evi
üçün həmçinin Heydər Əliyev Fondunun dəstəyi
ilə 120 yerlik yeməkxana da tikilib istifadəyə
verilmişdir. Uşaq evində böyümüş kimsəsiz
uşaqlardan biri - Samir Qasımova ötən il Fondun təşəbbüsü
ilə Daşkəsən şəhərində tam
avadanlıqlarla təmin olunmuş üçotaqlı mənzil
verilmiş və o, müvafiq işlə təmin
olunmuşdur. Həmçinin uşaq evində
böyümüş Ruslan Məmmədov da Fond tərəfindən
ikiotaqlı mənzillə təmin olunmuşdur.
Əlbəttə, təhsil
sahəsində aparılan məqsədli proqramların həyata
keçirilməsində və digər sahələrdə
qazanılmış uğurlarda ölkəmizin birinci
xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
xanım Əliyevanın əməyi xüsusi qeyd edilməlidir.
Əsas meyarlardan biri
Ötən dərs ilində ilk dəfə
olaraq Gəncədə XI siniflərdə buraxılış
imtahanları cavab kartı tətbiq edilməklə mərkəzləşdirilmiş
qaydada aparılmışdır. Bu tədbirə
hazırlıq məqsədi ilə Təhsil Nazirliyi tərəfindən
3 dəfə sınaq test imtahanı keçirilmişdir. Şəhər
təhsil idarəsində də 2 dəfə sınaq test
imtahanı aparılmışdır ki, bu da şagirdlərin
və valideynlərin imtahanlara hərtərəfli
hazırlığına əlverişli şərait
yaratmış, imtahanların nəticələri qənaətbəxş
olmuşdur.
Mərkəzləşdirilmiş
qaydada test imtahanlarında 6, 26 və 42 nömrəli məktəblər
100 faiz, 4 nömrəli məktəb 99 faiz, 14, 25, 32, 39 və
46 nömrəli məktəblər isə 98 faiz nəticə
göstərmişdir. Şəhər üzrə bu göstərici
92,7 faiz təşkil etmişdir. Hazırda da mərkəzləşdirilmiş
test sınaq imtahanlarına ciddi hazırlıq işləri
görülür.
2008-ci ildə şəhərin orta
ümumtəhsil məktəblərini 3039 şagird bitirib. Onlardan
2624 nəfəri ali məktəblərə qəbul olunmaq
üçün sənəd verib. Qəbul
imtahanlarının nəticələrinə əsasən 732
məzun tələbə adını qazanmışdır. Onlardan
384 nəfəri dövlət ali məktəblərinə qəbul
olunmuşdur.
Şəhərin orta ümumtəhsil
məktəbləri üzrə 2008-ci il məzunlarının
156 nəfəri 500-dən, o cümlədən 38 nəfəri
600-dən yuxarı bal toplamışdır. Abituriyentlərin
qəbul imtahanlarında topladığı orta bal 218, 298
olmuşdur. Əvvəlki illərlə müqayisədə məzunların
ali məktəblərə qəbul imtahanlarındakı nəticələri
ötən il daha yüksək olmuşdur.
2008-ci il məzunlarının qəbul
imtahanlarındakı nəticələrinin təhlili əsasında
müəyyən edilmişdir ki, 26 nömrəli məktəb-lisey
kompleksi, 4, 11, 29 və 32 nömrəli məktəblərin
göstəriciləri şəhər üzrə orta göstəricidən
xeyli yüksək olmuşdur. Bütün bunlar nəzərə
alınaraq, həmin məktəblər Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası tərəfindən
respublika üzrə yaxşı məktəblər
sırasına daxil edilmişdir. Adları çəkilən
məktəblərdən əlavə, daha 17 məktəbdə
imtahan göstəriciləri şəhər üzrə orta
göstəricidən xeyli yüksək olmuşdur. ümumiyyətlə,
son illər Gəncə şəhər məktəbləri məzunlarının
ali məktəblərə qəbul faizi getdikcə yüksəlmişdir.
Əgər 2006-cı ildə məzunların 22,9 faizi ali məktəblərə
qəbul olunmuşdusa, 2007-ci ildə bu rəqəm 26 faiz təşkil
etmiş, 2008-ci ildə isə bu göstərici 29 faizə
yüksəlmişdir.
Birgə yaradıcı işlərin
nəticəsi
Təhsilə yeni
münasibət, tələbkarlıq, hər bir
işçinin konkret vəzifəsinin müəyyənləşdirilməsi
Gəncədə təhsilin bütün sahələrində
öz müsbət nəticələrini verməkdədir. Ən
əvvəl tədrisin keyfiyyətinin yüksəldilməsi,
istedadlı şagirdlərlə aparılan işin səmərəli
nəticəsini qeyd etmək lazımdır. Hazırda Gəncədə
iki ali məktəbdə - Gəncə Dövlət
Universitetində və Texnologiya Universitetində Olimpiadaya
Hazırlıq Mərkəzi fəaliyyət göstərir. Təhsil
idarəsi ilə universitetlərin birgə yaradıcı
işlərinin nəticəsində indi ümumtəhsil məktəblərində
də fənn olimpiadalarına hazırlıq mərkəzləri
və işçi qrupları yaradılmışdır. Məktəblilər
müxtəlif fənlər üzrə ali məktəblərin
professor-müəllim heyətinin də köməyindən,
bilik və təcrübəsindən faydalanırlar. Bunun nəticəsidir
ki, yola saldığımız tədris ilində məktəblilər
respublika fənn olimpiadalarında uğurla
çıxış etmişlər. Şəhərdəki
15 nömrəli orta məktəbin X sinif şagirdi Samirə Məmmədova
Azərbaycan dili fənni üzrə 1-ci, 20 nömrəli məktəbin
XI sinif şagirdi Elnur Şabanov Azərbaycan tarixi fənnindən
3-cü, 5 nömrəli məktəbin XI sinif şagirdi
Aygün Məmmədova Azərbaycan dili fənnindən
4-cü yeri tutmuşdur. 25 nömrəli orta məktəbin
şagirdi Tahirə Əmiraslanova ulu öndər Heydər Əliyevin
85 illik yubileyi ilə bağlı keçirilən inşa
yazı müsabiqəsində 3-cü yerə layiq
görülmüşdür
Kurikulum islahatı dərindən
öyrənilir
Bildiyimiz kimi, milli təhsilimizin
məzmununun yeniləşdirilməsi, müasir tələblərə
cavab verməsi üçün ölkədə
genişmiqyaslı yaradıcı iş aparılır. Bu sahədə
Gəncə Şəhər Təhsil İdarəsinin
ümumtəhsil məktəblərində apardığı
iş bugünkü uğurları təmin etdiyi kimi, gələcək
müvəffəqiyyətlərin də əsasını
qoyur. Elə bu məqsədlə də Gəncənin
ümumtəhsil məktəblərində kurikulum islahatı
dərindən öyrənilir. Hələ sentyabr ayından
başlayaraq I sinif müəllimləri üçün
mütəmadi olaraq fənn kurikulumlarının tətbiqi ilə
bağlı treninqlər, seminarlar təşkil edilir. Bu
işlər Gəncə ŞTİ-nin Metodiki mərkəzi tərəfindən
həyata keçirilir. Kurikulum islahatının səmərəli
tətbiqi üçün Gəncə şəhərində
2 kurikulum mərkəzi təşkil olunmuşdur.
Seminarlar məqsəddən
asılı olaraq fənn kurikulumunun məzmununu əhatə
edən "Qiymətləndirmə",
"Planlaşdırma", "Fəal təlim
texnologiyaları" mövzularında keçirilir.
I siniflərdə təlimin keyfiyyət
baxımından qiymətləndirilməsi üçün ən
uğurlu variant dərslərin müşahidə edilməsidir.
Buna görə də ötən ilin noyabr-dekabr aylarında I
siniflərdə "Təlimin keyfiyyət baxımından
qiymətləndirilməsi üçün monitorinq"
keçirilmişdir. Dərslər müşahidə edilərkən
təlimin təşkili bir çox parametrlər
baxımından dəyərləndirilmiş, müəllimlərə
lazımi tövsiyələr verilmişdir.
Eyni zamanda 2009-cu ilin yanvarında
ümumtəhsil məktəblərində I siniflərdə
işləyən qabaqcıl, müasir təlim
texnologiyaları və İKT bacarıqlarına malik peşəkar
müəllimlərin nümunəvi "açıq dərs"ləri
keçirilmişdir. Dərslər mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilmişdir.
Onu da qeyd edək ki, hazırda 204 nəfər
müəllim fənn kurikulumları ilə bağlı
xüsusi kurs keçərək sertifikat almışdır. Bu
mühüm sahədə şəhərin 2, 4, 5, 28, 29, 39
nömrəli məktəblərində görülən
işlər xüsusilə uğurludur.
İKT-dən səmərəli
istifadə olunur
Hazırda Gəncə şəhərinin
təhsil müəssisələrində şagirdlərin
istifadəsi üçün 1061 kompüter, 30 proyektor, 30
noutbuk vardır. Məktəblərdə təhsil alan hər
30 şagirdə 1 kompüter düşür. Şəhərin
18 məktəbi birbaşa İnternet şəbəkəsinə
qoşulmuşdur. Həmin təhsil ocaqlarında 114 informatika müəllimi
çalışır. Onların hamısı Azərbaycan
Müəllimlər İnstitutunun Gəncə filialında təşkil
olunmuş müvafiq ixtisasartırma kurslarından
keçmişdir. Bu məktəblərdə 83 informatika
laborantı, 83 informatika kabineti fəaliyyət göstərir.
Gəncə Şəhər
Təhsil İdarəsinin müdiri Mahal Əliyevlə birlikdə
baş çəkdiyimiz 4, 5, 6, 11, 14, 15, 21, 23, 27 və 39
nömrəli məktəblərdə İKT-dən daha səmərəli
istifadənin şahidi olduq.
Burada şəhidlərin xatirəsi
əziz tutulur
Gəncədə ötən
dərs ili ərzində şagirdlərin hərtərəfli
bilik əldə etmələrinə, onların vətənpərvərlik
ruhunda tərbiyə olunmalarına xidmət edən tədbirlərin
həyata keçirilməsinə xüsusi diqqət
yetirilmişdir.
Əbəs yerə deməyiblər
ki, şəhidlik qəhrəmanlığın zirvəsidir. Gəncəlilər
Dağlıq Qarabağ uğrunda döyüşlərdə
həlak olan şəhidlərin xatirəsini həmişə
əziz tuturlar. 1, 12, 18, 22, 24, 25, 27, 30, 34, 39, 41 və 44
nömrəli orta məktəblərdə şəhidlərin
xatirəsini əbədiləşdirmək üçün
abidələr ucaldılmış, "Şəhidlər
bulağı" yaradılmışdır. Bu da, əlbəttə,
yetişən gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsinə böyük təsir göstərən
amillərdəndir.
Qazanılan hər bir uğur
sevindiricidir
Təhsil sahəsində
olduğu kimi, idman sahəsində də Gəncə məktəbliləri
istər respublika, istərsə də dünya və Avropa
çempionatlarında layiqincə çıxış edərək
uğurlar qazanmışlar. Gəncə şəhər 7
nömrəli məktəbin şagirdi Toğrul Əsgərov
güləş üzrə 46 kiloqram çəki dərəcəsində
Avropa çempionu adını qazanmışdır. 14 nömrəli
orta məktəbin şagirdi ülviyyə Fətəliyeva
şahmat üzrə 12 yaşadək qızlar arasında
Avropa birinciliyində bürünc medala, 40 nömrəli orta məktəbin
şagirdi Eldar Qurbanov isə taekvando üzrə Avropa
çempionatının qızıl medalına layiq
görülmüşlər.
"Pedaqoji ideyalar"
Bildiyimiz kimi, Təhsil
Nazirliyi İnnovativ Müəllimlər Assosiasiyası
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi
ilə birlikdə 2006-2007-ci dərs ilində "Pedaqoji
ideyalar" festivalı keçirib. Festivalın yekun mərhələsində
respublikanın 9 bölgəsindən 25 müəllimin dərsləri
müasir fəal təlim metoduna uyğun və təqdirəlayiq
bilinib. Müasir tələblərə tam uyğun olan 25 dərsin
müəllifləri təhsil naziri, professor Misir Mərdanov və
adıçəkilən mərkəzin rəhbərliyi tərəfindən
imzalanmış diploma layiq görülüblər. Onlardan
7 nəfəri Gəncə şəhər məktəblərinin
müəllimidir.
Diploma layiq görülən
müəllimlərin dərsləri təfsilatı ilə Təhsil
Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi
tərəfindən nəşr edilmiş "Pedaqoji ideyalar,
nümunəvi dərslər toplusu" kitabının I
buraxılışında verilib. Adıçəkilən
festivalın nəticələrini əks etdirən "Pedaqoji
ideyalar" dərslər toplusu (II buraxılış,
Bakı, 2008) adlı daha bir kitab nəşr edilib. Hər iki
hal Gəncənin təhsil sisteminin gözəçarpan
uğurlarıdır.
Son üç ilin mənzərəsi
Gəncədə təhsil
sahəsində son üç ildə görülmüş
işlərə nəzər salaraq qeyd edək ki, 2006-cı
ildə şəhərin "Sevinc" qəsəbəsində
640 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə
verilmişdir. Elə həmin il 37 nömrəli məktəb
binası da əsaslı təmir edilmişdir.
2007-ci ildə 7, 2008-ci ildə isə
4 məktəb binası əsaslı təmir olunmuşdur.
ötən il 21 nömrəli məktəb müasir tələblərə
cavab verən yeni tədris binasına
köçürülüb, 640 şagird yerlik bina müasir tədris
avadanlıqları, kompüter və istilik sistemi ilə təchiz
edilmiş, 21 nömrəli əsas məktəb yeni dərs
ilindən orta məktəb kimi fəaliyyətə
başlamışdır. Eyni zamanda Şah İsmayıl Xətai
adına 13 nömrəli məktəb üçün 960
şagird yerlik yeni məktəb binasının inşasına
başlanmışdır. Burada tikinti işləri hazırda
uğurla davam etdirilir.
Ümumilikdə isə
şəhərdə 17 məktəb əsaslı təmir
olunmuş, onlar üçün fərdi qazanxana
tikilmişdir. Son üç ildə Təhsil Nazirliyinin xətti
ilə məktəblərə 6112 parta, 881 lövhə, 963
müəllim masası, 1594 müəllim oturacağı
verilmişdir.
Şəhər təhsil idarəsinə
ayrılmış vəsait hesabına isə 8 məktəbin,
5 uşaq bağçasının dam örtükləri təzələnmiş,
xeyli miqdarda məktəb avadanlığı və inventar
alınıb paylanmışdır.
***
Sonda onu deyək ki,
yazımızda Gəncə təhsilinin qazandığı
uğurları, yaşanan bəzi problemləri tam əhatə
edə bilməsək də, təhsildə əldə olunan,
qazanılan uğurlarda şəhər icra hakimiyyətinin
göstərdiyi gündəlik diqqət və
qayğını qeyd etməyə bilmirik. Şəhər rəhbərliyi
məktəbin gündəlik tələbatına, onun enerji və
digər kommunal ehtiyaclarının ödənilməsinə həssaslıqla
yanaşır, daxili imkanlar hesabına lazımi köməklik
göstərir.
Biz də Gəncə təhsilinin
inkişaf etdirilməsində əməyi olan insanlara,
bütün təhsil işçilərinə bu nəcib, səmərəli
işlərində uğurlar diləyirik.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.-2009.-13
mart.-S.4.