Milli Qəhrəmanın
ad günü qeyd edildi
Bahar bayramı ərəfəsində
Azərbaycanın Milli
Qəhrəmanı Rafiq
Nəsrəddinovun adını
daşıyan Bakıdakı
39 nömrəli orta məktəbdə xüsusi
bir canlanma var idi. O gün
təhsil ocağının
pedaqoji kollektivi və şagirdləri Milli Qəhrəmanın
ad gününü qeyd
etdilər. Məktəbin
direktoru Qaçay Tamoyev Azərbaycanın Milli Qəhrəmanı Nəsrəddinov Rafiq Hüseyn oğlunun həyat və döyüş yollarından
söz açaraq bildirdi ki, o, Qarabağ uğrunda erməni faşistlərinə
qarşı gedən gərgin döyüşlərin
birində, 1992-ci il sentyabrın 6-da qəhrəmancasına həlak
olmuşdur.
Rafiq Nəsrəddinov 1994-cü il iyunun 16-da ulu öndər Heydər Əliyevin fərmanı ilə Ağdərə rayonundakı
Qızıl-Qaya yüksəkliyinin
alınmasında göstərdiyi
şücaətə görə
ölümündən sonra
Azərbaycan Respublikasının
Milli Qəhrəmanı
adına layiq görülmüşdür.
Tədbirdə qonaqlar, müəllim və şagirdlər çıxış edərək
onun barəsində öz xatirələrini danışdılar, qəhrəmanlar,
vətən haqqında
şeirlər söylədilər.
Tədbirdə Müdafiə Nazirliyinin
məsul işçisi
Faiq Ələkbərov,
əmək veteranı
Fatmaxanım Səttarova,
müharibə iştirakçısı,
valideyn Bağır Məlikov, Milli Qəhrəmanın anası
Solmaz, qardaşı Mehdi, qızları Aynır, Nərgiz və başqaları iştirak edirdilər.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.-2009.-20
mart.-S.8.