Novruz bayramınız mübarək!
Hörmətli təhsil işçiləri!
Sizi, Sizin şəxsinizdə bütün xalqımızı əziz Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə böyük uğurlar arzulayıram.
Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir.
Hər yerdə bir oyanış, yeniləşmə, təzəlik hiss olunur.
Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin, milli mənəvi dəyərlərimizə verdiyi böyük qiymətin nəticəsidir ki, Novruz bayramı bu gün ölkəmizdə rəsmi səviyyədə geniş qeyd olunur. Xalqımız özünün sevimli bayramını cəmiyyətin bütün təbəqələri arasında möhkəm birlik nümayiş etdirməklə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində qazandığı uğurlarla qarşılayır.
Müstəqil Azərbaycanımızın davamlı inkişaf strategiyasının reallaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, bunların nəticəsi olaraq ölkəmizin dünyanın ən stabil ölkələri sırasında yer tutması, iqtisadi inkişaf göstəricilərinə görə regionda lider dövlətə çevrilməsi xalqımızda qanuni iftixar hissi doğurur. Bütün bunlar, habelə müstəqil dövlətimizin xalqımızın rifah halının durmadan yüksəltməyə yönəlmiş sosialyönümlü siyasəti Azərbaycan vətəndaşlarında sabaha böyük inam və ümidlər yaradır.
Hazırda ölkəmizdə təhsil sahəsində də böyük quruculuq işləri həyata keçirilir. Təhsil ölkəmizin inkişaf hədəflərindən olan maddi kapitalın insan kapitalına çevrilməsində əsas rol oynadığından onun inkişafına, modernləşdirilməsinə, keyfiyyətinin yüksəlməsinə xüsusi diqqət yetirilir. Son illər təhsil sistemimizin inkişafını təmin edən məqsədli proqramların ardıcıl həyata keçirilməsi, aparılan əsaslı infrastruktur dəyişiklikləri, məktəb tikintisinin böyük vüsət alması, təhsil sisteminin informasiyalaşdırılması məhz bu diqqət və qayğının bariz ifadəsidir. El bayramımızı çoxminli təhsil işçilərimiz şərəfli əməkləri nəticəsində qazandıqları böyük uğurlarla, ruh yüksəkliyi ilə qarşılayırlar.
Novruz həm də həmrəylik bayramıdır. Milli həmrəyliyimizin rəmzinə çevrilmiş bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də təntənə ilə qeyd edirlər. Novruz bütün dünyadakı soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında daha da sıx birləşməsinə kömək edir, onlarda Vətənə bağlılıq hisslərini gücləndirir.
Əziz bayram günündə xalqımıza, təhsil işçilərinə Novruz ovqatı, bahar əhvali-ruhiyyəsi arzu edirəm.
Novruz bayramınız mübarək!
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
Xalqımızın formalaşmasında, milli özünüdərkində və təfəkkürünün inkişafında böyük rol oynayan, təbiətin əbədi qanunları ilə həmahəng olan Novruz bayramı milli varlığımıza hopan bir el şənliyidir. Gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən Novruz bayramı hər ilin martında qeyd edilərək, baharın gəlişi, təbiətin canlanması, torpağın oyanışı ilə insanları müjdələyir. O, şənlik, sevinc, şadlıq bayramı olmaqla, tarixin ən çətin anlarında insanların həyatına daxil olaraq onlarda xoşbəxt gələcəyə inam duyğusu yaratmışdır. Milli mənəvi dəyərlərimizi özündə əks etdirən, ulularımızın daxili aləminin zənginliyini nümayiş etdirən Novruz bayramı günlərində ölkəmizin hər yerində, hər evdə, hər ailədə bayram əhvali-ruhiyyəsi hökm sürür.
Sovet ideologiyasının tüğyan etdiyi dövrlərdə bu bayrama qadağalar qoyulsa da, xalqımız ən çətin zamanlarda ənənə və dəyərlərini, milli bayramlarını yaşatmağı bacarmışdır. ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin özünüdərk, soy-kökə qayıdış istiqamətində başladığı milli mədəni hərəkatın əsas atributlarından biri kimi Novruz bayramına milli bayram statusu verməsi, bu bayrama münasibəti bütünlüklə dəyişdi və onun daha yüksək səviyyədə keçirilməsinə şərait yaratdı. Ulu öndər hakimiyyətinin hər iki mərhələsində Novruz bayramı münasibətilə xalqımızı təbrik etmiş, onları milli birlik və həmrəyliyə çağırmışdır: "Novruz bayramı çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyəti ilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlamətdar olan gündüz ilə gecənin bərabərləşməsi günü, baharın ilk günü Novruz bayramıdır. Buna görə Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu, bizim, məhz Azərbaycan xalqının bayramıdır".
Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, milli mənəvi dəyərlərimizə son dərəcə bağlı olub ona böyük ehtiramla yanaşan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər il dövlət səviyyəsində qeyd olunan Novruz şənliklərində iştirak etməsi, xalqımıza təbrik ünvanlaması bu bayrama olan xalq məhəbbəti ilə yanaşı, dövlət qayğısını da nümayiş etdirir.
Bu müqəddəs bayram münasibətilə həm öz adımdan, həm də rəhbərlik etdiyim Bakı Dövlət Universitetinin tələbə-müəllim heyəti adından xalqımızı təbrik edir, onlara firavan həyat, xoşbəxt, ruzili günlər arzulayıram!
Arzu edirəm ki, lap yaxın illərdəki
bayramlarımızı işğala məruz qalan Qarabağ
torpağında, Cıdır düzündə qeyd edək!
Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru, millət vəkili, akademik
Artıq Azərbaycanın hər yerində baharın ətri, yazın nəfəsi, bənövşənin, nərgizin müjdəsi duyulmaqdadır. Tarixin süzgəcindən keçərək bu günümüzə qədər gəlib çatan Su çərşənbəsi bərəkətli torpaqlarımıza, eləcə də insan orqanizminin, bütün canlı varlıqların ən xırda quruluşları olan hüceyrələrə büllur damlalı su çiləyərək onları qış yuxusundan oyatdı, Od çərşənbəsi onlara hərarət bəxş edərək isitdi, Yel çərşənbəsi bu hərarəti ən əlçatmaz guşələrə yaydı, Torpaq çərşənbəsi bərəkəti yetişdirməyə hazır olduğunu bildirdi, gənclərin nişan-düyünləri artdı, çoxaldı. Bu yeniləşmənin akkordu bayrama çevrilərək Novruz adlandırıldı. Novruz bayramında təkcə təbiət deyil, bütün canlılar, o cümlədən insanlar da dəyişir, yeniləşir. Novruz gələndə hətta bütün xəstələrdə bir yüngülləşmə baş verir. Bu bayram təkcə sağlam insanlar üçün deyil, xəstələr üçün də əsl şəfa mənbəyinə çevrilir. Bu bayram orqanizmin bütün potensial imkanlarını səfərbər edərək onun müqavimət qüvvəsini artırır, immun sistemini gücləndirir, insanların həyata, dünyaya, bəşər övladına məhəbbətini artırır. Novruz gələndə həm məcazi, həm də məntiqi mənada qanın "qaynayan" vaxtı başlayır. Bədəndə olan qanın, limfanın tərkibində yeniləşmə gedir, möcüzəli yeniləşmə xoş əhvali-ruhiyyə yaradır. Novruz insanlara ümid verir, onların iradəsini möhkəmləndirir, mənəvi zənginliyini, zahiri və daxili şuxluğunu artırır.
Novruz cəmiyyəti də sağlamlaşdırır, saflaşdırır, durulaşdırır. İnsanların qəlbindən kini, küdurəti, xəbisliyi, təkəbbürü, paxıllığı çıxarıb atır. Novruz bayramında insanlar bir-birinə daha mehriban, daha səmimi, daha mülayim, daha xeyirxah, daha məhəbbətli, daha səxavətli, daha şəfqətli olurlar.
Novruzdan gələn milli birlik fəlsəfəsi dünya azərbaycanlılarını bir-birinə daha da yaxınlaşdırır.
Novruz mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin, təhsilimizin, elmimizin inkişafına müsbət təsir göstərərək, təhsil, mədəniyyət, incəsənət işçilərinə, elm adamlarına, zəhmətə qatlaşmağı bacaran əməksevər insanlara yeni stimul verir.
Novruz bütün zümrələrdən olan insanları liderlərin ətrafında sıx birləşməyə sövq edir. Azərbaycan xalqı da Novruz bayramını özünün vahid lideri, özünün Prezidenti ətrafında sıx birləşməklə qarşılayır.
Müxtəlif səbəblərdən dünyanın bütün nöqtələrinə səpələnmiş dünya azərbaycanlılarını, xalqımızı Novruz bayramı münasibətilə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və tələbələri adından, eləcə də öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm ki, yeni il xalqımıza xoşbəxtlik, səadət, əmin-amanlıq, ruzi, bərəkət gətirsin. Torpaq həsrətlilərimiz, yurd həsrətlilərimiz, dağ bənövşəsi, dağ nərgizi həsrətlilərimiz həsrətin daşını atıb, arzularına qovuşsun.
Novruz bayramınız, Bahar
bayramınız mübarək olsun!
Əhliman
ƏMİRASLANOV,
Azərbaycan
Tibb Universitetinin rektoru, akademik
Xalqımızın
ən qədim, ən ulu bayramlarından biri də Novruz
bayramıdır. Novruz yeni gün, yenilik deməkdir. Bu bayram
yazın gəlişi ilə bağlı olduğundan yer
üzündəki bütün canlılar oyanır, təzələnir
və saflaşır.
Xalqımız Novruz bayramını qədimdən başlayaraq, əsrlərdən nəsillərə ötürərək bu günədək qorumuş, saxlamış və bizlərə miras qoymuşlar. Bu bayram Azərbaycanla bağlı bir bayramdır. ölkəmizdə gedən inkişaf, yeni-yeni ideyaların, layihələrin həyata keçirilməsi Novruzun gətirdiyi hisslərin Azərbaycanda təzahürüdür. Bu hisslər yenilik, inkişaf, bəhrə və gözəllikdir.
Bu gün Vətənimizin hər yerində quruculuq işlərinin aparılması, böyük iqtisadi layihələrin həyata keçirilməsi, Azərbaycanda bu günlərdə keçirilən muğam müsabiqəsi bir daha onu göstərir ki, Azərbaycan xalqı bu gün öz milli mənəvi və tarixi dəyərlərini yaşatmaqda və onu qorumaqdadır. Bu baxımdan Novruz özü də tarixdir, yaddaşdır. Xalqımız bu bayramı böyük sevinclə, fərəhlə, xoş niyyət və arzularla qeyd edir. Lakin ürəyimizdə bir kədər, nisgil də var. Bu kədər bu gözəl bayramımızı doğma Qarabağda qeyd etmək arzumuzun nisgilidir. Lakin əminik ki, bu əziz bayramı biz mütləq Qarabağda qeyd edəcəyik, Qarabağın da Novruzu gələcək.
Qoy bu bayram ölkəmizə sülh, əmin-amanlıq, süfrələrə ruzi, bərəkət, bolluq gətirsin. Baharın yaz Günəşinin şəfəqləri ocaqları qızdırsın.
Elimizin gözəl bayramı olan Novruz
münasibətilə Azərbaycan xalqını təbrik edir,
ona firavan günlər, xoş gələcək arzulayıram,
yazın gəlişinin hər bir ailəyə səadət gətirməsini
diləyirəm.
Səməd
SEYİDOV,
Azərbaycan
Dillər Universitetinin rektoru, millət vəkili, professor
Elimizə,
obamıza yaz gəlir. Hər tərəfdə baharın
xoş ətri, xoş nəfəsi duyulur. Minilliklərin
yaddaşından süzülüb gələn, qədim el adətlərimizi
özündə birləşdirən, yeni həyat, yeni arzular
ünvanı olan Novruzu hər dəfə uğurla
qarşılamaq hamının arzusudur.
Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra bu bayramın daha da təntənəli şəkildə, dövlət səviyyəsində qeyd edilməsi onun əhəmiyyətini bir daha artırmışdır. çünki Novruz tarixi baxımdan xalqın birliyində, onun milli dəyərlərinə sadiq qalmasında, ənənələrin yaşadılmasında müstəsna əhəmiyyətə malik olmuşdur.
Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin ən qədimi və ulusu olan bu əziz gündə hər bir təhsil işçisi, hər bir müəllim ötən ilə bir daha nəzər salır, qazandığı uğurların davamlı və düşərli olmasını diləyir. çünki müəllim kimi şərəfli bir ad daşımaq səadəti nəsib olmuş bizlərin bütün arzularında körpə balalarımızın savadlı, bilikli və Azərbaycan xalqının adına layiq insanlar kimi yetişməsi durur. Elə bu arzunun özü də Novruz kimi təzə-tər və müqəddəsdir.
Novruz da öz gəlişi ilə uğurlarımızın, sevindirici nailiyyətlərimizin builki müjdəsi kimi tarixə düşəcək. Hər birimizin çəkdiyi zəhmət, yeni nəslin təlim-tərbiyəsinə verdiyimiz töhfə Novruz qədər uzunömürlü, qədir-qiymətli olacaq.
Müəllim əməyinə daim yüksək qiymət verən, müəllimləri ilə fəxr edən ulu öndərimiz Heydər Əliyev deyirdi ki, "... Mən müəllimdən şərəfli ad tanımıram".
Bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələn təhsil işçiləri son illərdə təhsilimizin inkişafı sahəsində ciddi uğurlara imza ataraq yeni-yeni nailiyyətlər səhifəsini yazırlar.
Qazandığımız nailiyyətlər, ilk növbədə, Azərbaycan dövlətinin, onun rəhbəri cənab Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısının bəhrəsidir.
Təhsilimizin, milli mənəvi dəyərlərimizin inkişafı üçün Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun inşa etdirdiyi yüzlərlə məktəb, uşaq bağçası bu Novruz günündə təhsil işçilərinə ən böyük hədiyyədir.
Zəngin mədəniyyəti, ulu və qədim tarixi olan xalqımızı Bakı şəhərinin təhsil işçiləri adından ürəkdən təbrik edir, hər bir ailəyə sevinc və xoşbəxtlik, süfrələrimizə bolluq və bərəkət, elimizə sülh və əmin-amanlıq arzulayıram.
Qoy bu Novruz arzularımızın çiçəkləndiyi, diləklərimizin həyata keçdiyi il kimi tarixin yaddaşına yazılsın.
Novruz bayramınız mübarək olsun!
Nailə RZAQULİYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Yurdumuza barlı-bəhərli yaz gəlir. Yaz insanların arzularını reallaşdıran, onlara xoş əhvali-ruhiyyə, yaradıcılıq qüvvəsi bəxş edən bir fəsildir. Yazda hər bir şəxs yeni enerji və ruh yüksəkliyi ilə işlərini davam etdirməyə çalışır. Yaz fəsli həm də onunla əlamətdardır ki, xalqımız özünün ən əziz milli bayramı olan Novruz bayramını salamlayır. Bizim kollektiv də Novruz - bahar bayramını sevinclə, yeni yaradıcılıq uğurları ilə qarşılamağa və qeyd etməyə hazırlaşır.
Kollektivimiz Azərbaycan xalqını,
pedaqoji ictimaiyyəti Novruz bayramı münasibətilə səmimi-qəlbdən
təbrik edir, şəxsi həyatlarında, öz işlərində
hər bir Azərbaycan vətəndaşına uğurlar diləyir.
Arzumuz budur ki, ölkəmizdə həmişə əmin-amanlıq
hökm sürsün, işğal olunmuş
torpaqlarımız geri qaytarılsın. Növbəti Novruz
bayramlarını Şuşa, Xankəndi, Ağdam, Füzuli,
Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda
qeyd edək!
Abdulla
MEHRABOV,
Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunun
direktoru, professor
Təbiət oyanıb, güllər,
çiçəklər cilvələnib, bir buğum da boy
atan ağaclar tumurcuqlanıb. Havanın hərarəti
artdıqca yaşıl xalı sərilir düzənlərimizə.
Dağların qarı əridikcə çaylarımızda
sular daşır, quzular, buzovlar anaları ilə
örüşə çıxıb, geniş düzəndə,
talalarda oynaşır. Quşların cəh-cəhi ilə
oyanır uşaqlar. Cilvələnən Günəşin zərrin
şəfəqləri behişt misallı Azərbaycanımızı
bürüyür. İnsanların qanı qaynayır,
balacalar, yeniyetmələr bir boy da böyüyür, Novruz təravətindən
gözəlləşirlər. Birliyə, zəhmətə,
gözəlliyə, əmin-amanlığa, dostluğa, nemət
bolluğuna səsləyir insanları Novruz. Bu bayramda arzular
qanadlanır, istəklər pöhrə verir. Hamı içdən
gələn sevgi ilə bir-birini təbrik edir, bir-birinə
Novruz sovqatı göndərir. Mən də təbiətin
oyanışı, ilin yeni günü, qədim Novruz
bayramı münasibəti ilə ölkəmizin bütün
insanlarını, öncə təhsil sahəsində çalışan
həmkarlarımı təbrik edir, Azərbaycanımızın
qüdrətli inkişafı naminə möhkəm birlik və
səylər arzulayıram.
Əjdər
AĞAYEV,
Azərbaycan
Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru,
professor
Tarixən qədim, ulu olan xalqımızın özünəməxsus adət-ənənələri, milli bayramları vardır. Bu gün respublikamıza qədəm qoyan Novruz özündə Azərbaycanın şanlı keçmişini yaşadır.İstər evlərdə, istərsə də şəhərimizin küçələrində bayramqabağı aparılan abadlıq və təmizlik işləri, bayrama hazırlıq, cücərdilən səmənilər xalqımızın xoş əhvali-ruhiyyəsindən, həyat sevgisindən, bu günümüzün və gələcəyimizin sevinc dolu müjdələrindən xəbər verir.
Prezidentimiz İlham Əliyevin xalqımızın rifahı üçün gördüyü işlər, ölkəmizin daha da abadlaşdırılması, Avropa ölkələri səviyyəsinə çatdırılması sahəsində apardığı məqsədyönlü fəaliyyəti gələcək nəslimizin və yetişən gəncliyimizin xoşbəxt yaşaması üçün geniş imkanlar açır.
Arzu edirəm ki, qarşıdan gələn
Novruzumuz bütün Azərbaycanımız üçün,
xalqımız üçün yeni başlanğıc, yeni ərəfə
olsun!
Məhəbbət VƏLİYEVA,
Zərifə Əliyeva adına orta məktəbin direktoru
Xalqımızın zəngin mənəviyyatı, qədim tarixi, rəngarəng təbiəti, dünya duyumu haqqında özündə yetərincə bilik və məlumat yaşadan, daşıyan Novruz ulu və əbədi bir bayram kimi yaşayır. Tofiq İsmayılov adına "İntellekt" liseyinin kollektivi Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edir.
Dövlət başçımızın uğurlu siyasəti sayəsində gündən-günə çiçəklənən Azərbaycanımızın xoş və firavan gələcəyi naminə hər bir Azərbaycan vətəndaşına fəaliyyətində müvəffəqiyyətlər diləyir.
Qoy bu bahar xalqımıza uğur, səadət,
xoşbəxtlik gətirsin.
Ceyran
KULİYEVA,
Tofiq
İsmayılov adına "İntellekt" liseyinin direktoru
Hörmətli
müəllimlər, əziz təhsil işçiləri!
Xonçalı
Novruz ərəfəsində ölkəmiz sosial-iqtisadi cəhətdən
daha da inkişaf edərək güclənir. Prezident İlham Əliyevin
təhsilimizin daha da yüksəlməsi naminə həyata
keçirdiyi məqsədyönlü tədbirlər
hamımızın ürəyindən xəbər verir. Təhsilimizə
göstərilən dövlət qayğısı gələcəyimizin
etibarlı təminatı deməkdir. Misli görünməmiş
vüsətlə həyata keçirilən məktəb
tikintisi, kurikulumların tətbiqi, informasiya və kommunikasiya
texnologiyaları ilə təminat proqramının uğurla
yerinə yetirilməsi deyilənlərə parlaq sübutdur. Milli
mənəvi dəyərlərin qorunması və daha da
inkişaf etdirilməsi, layiqli vətəndaşlar tərbiyə
edilməsi bu gün biz müəllimlərin
qarşısında duran ən mühüm vəzifələrdəndir.
Hər birinizi Novruz bayramı münasibətilə təbrik
edir, müqəddəs amallar və arzuların gerçəkləşməsi
naminə cansağlığı, xoşbəxtlik, səmimiyyət
və məsuliyyət arzulayıram.
Əkbər
QOCAYEV,
Bakı
şəhərindəki 20 nömrəli məktəb-liseyin
direktoru,
əməkdar müəllim
Azərbaycan müəllimi.-2009.-20
mart.-S.2.