Təhsil Nazirliyinin kollegiyasında
Sumqayıt Şəhər Təhsil Şöbəsinin təcrübəsi müzakirə olundu
Xəbər verdiyimiz kimi, martın 11-də Sumqayıt şəhərində Təhsil Nazirliyinin səyyar kollegiya iclası keçirilmişdir. Kollegiya üzvlərinin, Təhsil Nazirliyinin bəzi şöbə və struktur-bölmə rəhbərlərinin, rayon (şəhər) təhsil şöbələri müdirlərinin, Bakı və Sumqayıtın ümumtəhsil məktəbləri direktorlarının iştirak etdikləri geniş iclasda "Sumqayıt Şəhər Təhsil Şöbəsi tərəfindən təhsil müəssisələrinin idarəolunmasında davamlı inkişafın təmin edilməsi" mövzusunda məsələ müzakirə olundu. Təhsil naziri Misir Mərdanov kollegiya iclasını açaraq bildirdi ki, son illər Sumqayıtda iqtisadi və sosial həyatın bütün sahələrində, o cümlədən təhsildə xeyli müsbət iş görülüb, ciddi uğurlar qazanılıb. Şəhər təhsil şöbəsində bütün məktəblər, müəllimlər və şagirdlər haqqında məlumat bazası yaradılıb. Təhsilin bütün sahələri üzrə Sumqayıtın göstəriciləri orta respublika göstəricilərindən yüksəkdir. Şəhər təhsil şöbəsi tərəfindən təhsilin səmərəli idarəolunmasında davamlı inkişafın təmin edilməsi yönündə müsbət təcrübə toplanıb.
Nazir kollegiya iclasının keçirildiyi əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi internat məktəbin müasir standartlara uyğun tikilmiş binasını dövlət başçısı tərəfindən təhsilə göstərilən qayğının nümunəsi kimi dəyərləndirərək son illər belə binaların ölkənin hər yerində inşa olunduğunu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin islahatçılıq fəaliyyəti nəticəsində beşillik dövr ərzində ölkədə bir neçə beşillik qədər inkişaf getdiyini diqqətə çatdırdı.
Nazir bir neçə gün öncə təhsil işçilərindən bir qrupunun "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülməsini də ölkə başçısının təhsil işçilərinə diqqətinin daha bir nümunəsi kimi qiymətləndirib fəxri ad alanları təbrik etdi.
Misir Mərdanov çıxışında təhsilin bəzi ümumi məsələlərinə toxunaraq bildirdi ki, son illər respublikanın bütün bölgələrində təhsil üçün normal mühit yaradıldığından diqqət daha çox keyfiyyətin yüksəldilməsinə, təhsilin idarəolunmasına, keyfiyyət nəzarətə yönəldilmişdir. Bu istiqamətdə bir sıra konkret addımlar atılmış, yeni Milli Kurikulum sənədi hazırlanaraq təsdiq olunmuş, cari dərs ilindən birinci siniflərdə yeni fənn kurikulumlarının tətbiqinə başlanmışdır.
Nazir giriş sözündə müəllim hazırlığı məsələsi üzərində də dayandı. Bildirdi ki, nə qədər məktəb tikilsə də, müasir təlim texnologiyaları, üsulları olsa da, müəllim yenə təhsildə həlledici amildir. Müəllim özü bu proseslərə hazır olmasa, deyilənlərə əməl etmək istiqamətində biliyini, bacarığını artırmasa, biz istədiyimizə nail ola bilmərik. Nazir bu baxımdan Sumqayıtda müəllimlərin ixtisasının, bilik və bacarığının artırılması üçün yaxşı şərait olduğunu, şəhərdə fəaliyyət göstərən universitetin və AMİ-nin Sumqayıt filialının bu işləri yüksək səviyyədə təşkil etməyə imkan verdiyini diqqətə çatdırdı və şəhər təhsil şöbəsinə adıçəkilən müəssisələrlə sıx əlaqə şəraitində işləməyi tövsiyə etdi.
Sonra Misir Mərdanov nazirlik olaraq hazırda daha çox məşğul olduqları orta məktəblərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi məsələsi üzərində dayandı. Bildirdi ki, ötən illərin təcrübəsi bu işin çox vacib olduğunu göstərib. İndi şagirdlər də imtahanların mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilməsini təqdir edirlər. İmtahanların yeni üsulla keçirilməsini məktəbin, müəllimin nüfuzuna müsbət təsir göstərən hadisə kimi dəyərləndirən təhsil naziri, eyni zamanda bu istiqamətdə də bəzi ciddi problemlərin olduğunu söylədi. Bu problemlərin bəzilərinin imtahan nəzarətçilərinin işlərinə məsuliyyətlə yanaşmamaları ilə əlaqədar yarandığını deyən Misir Mərdanov növbəti yoxlama imtahanlarına və buraxılış imtahanına daha hazırlıqlı və tanınmış müəllimlərin nəzarətçi qismində cəlb olunmasının qərara alındığını kollegiya iştirakçılarının diqqətinə çatdırdı.
Nazir bu baxımdan Sumqayıtda işin xüsusilə yaxşı qurulduğunu, üç il ərzində imtahanlarla əlaqədar bu şəhərdən ciddi şikayətlərin olmadığını, nəticələrin həmişə ölkə üzrə orta göstəricilərdən xeyli yüksək olduğunu təqdirəlayiq hal kimi qeyd etdi. Təhsil naziri ali məktəblərə qəbulda da Sumqayıtın göstəricilərinin digər bölgələrə nisbətən yüksək olduğunu və ilbəil artdığını söyləyib fikrini sübut üçün bir neçə müqayisəli fakt gətirdi. Bildirdi ki, Sumqayıtda ali məktəblərdə qəbul zamanı 2003-cü ildə 600-dən çox bal toplayanların sayı cəmi 28 nəfər olduğu halda, 2008-ci ildə həmin rəqəm 130 olub.
Misir Mərdanov ötən il ölkə üzrə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələrində də Sumqayıt təhsil işçilərinin fəal iştirak edərək birinci müsabiqə üzrə 3, ikinci müsabiqə üzrə isə 4 yer qazandıqlarını müsbət hal saydı, Sumqayıtda məktəb tikintisi və təmiri, təhsil müəssisələrinin tədris avadanlıqları, istilik sistemləri ilə təchizatı istiqamətində görülmüş işlərdən danışdı və sözünün sonunda şəhərin təhsil işçilərinə, uğurların əldə olunmasının təşkilatçısı kimi şəhər təhsil şöbəsinin, Sumqayıt təhsilinə diqqət və qayğısını əsirgəməyən şəhər icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Nazir Sumqayıt ŞTŞ-ın idarəetmənin təşkili, müəllim və şagirdlərin fəaliyyətinin monitorinqinin aparılması sahəsində təcrübəsinin öyrənilib ölkənin digər bölgələrində də yayılmasını məqsədəuyğun saydıqlarını, səyyar kollegiyanın da məhz həmin məqsədlə Sumqayıtda keçirildiyini diqqətə çatdırdı.
Sonra nazir həmin təcrübə ilə kollegiya iştirakçılarını tanış etmək üçün sözü Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırova verdi.
V.Bağırov iclasda "Sumqayıt ŞTŞ tərəfindən təhsil müəssisələrinin fəaliyyətinin idarəolunmasında davamlı inkişafın təmin edilməsi" mövzusunda məruzə-təqdimatla çıxış etdi.
ŞTŞ müdiri öncə Sumqayıtın təhsil sistemi haqqında statistik rəqəmləri kollegiya iştirakçılarına çatdırdı. Qeyd olundu ki, hazırda Sumqayıtda 50 məktəb, 56 məktəbəqədər, 8 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 44831 şagird təhsil alır, 8191 uşaq tərbiyə olunur. Onların təhsili və tərbiyəsinin təşkili ilə 6026 nəfər müəllim məşğul olur.
Şəhərin təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülmüş işlərdən söz açan V.Bağırov bildirdi ki, təhsilin məzmununun yaxşılaşdırılması onun üçün yaradılan şəraitdən çox asılıdır. Bu baxımdan, xüsusilə 2003-cü ildən sonra Sumqayıt təhsilinin qarşısında duran problemlərin köklü həllinə başlanmışdır. İlk olaraq ən ciddi problem olan dam örtüklərinin yenidən qurulması həyata keçirilmiş, 50 məktəbin hamısının dam örtüyü yenidən qurulmuşdur. Növbəti layihə hamını narahat edən istilik sistemlərinin bərpasını əhatə etmiş, məktəblərin əksəriyyəti istiliklə təmin edilmişdir.
Məruzəçi qeyd etdi ki, Sumqayıtda yeni məktəb binalarının tikilib istifadəyə verilməsi artıq ənənəyə çevrilmişdir. Hazırda 1 nömrəli UGİM tamamilə yenidən qurulur. Tikinti başa çatdıqda UGİM respublikada analoqu olmayan bir müəssisə olacaqdır. UYYM də tamamilə yenidən qurulur ki, bu da şagirdlərin asudə vaxtının səmərəli keçirilməsində müsbət rol oynayacaqdır.
Təhsilin idarəolunmasının ənənəvi forma və metodları ilə yanaşı, yeni yanaşmalara da üstünlük verdiklərini deyən məruzəçi təqdimatında da hamının çox yaxşı bildiyi ənənəvi forma və metodlardan deyil, tətbiq etdikləri yeni yanaşmalardan, fərqli hesab etdikləri cəhətlərdən danışdı. Bildirdi ki, fərqli hesab etdikləri cəhət deyəndə idarəetmədə inzibati amirlikdən daha çox əməkdaşlığa üstünlük verilməsi, daha çox köməklik göstərilməsi məqsədilə mexanizmlərin hazırlanması, nəzarətdə subyektivliyin maksimum aradan qaldırılaraq obyektiv təhlillərə əsaslanmalarını nəzərdə tutur.
Qeyd etdi ki, hər hansı bir eksperimenti həyata keçirmək üçün informasiyanın ötürülməsi yollarının müəyyənləşdirilməsi çox vacib məqamlardan biridir. Bu baxımdan təhsil şöbəsi də, ilk növbədə, qəzetin, bülletenin, İnternet saytının yaradılmasına başladı. "Sumqayıt təhsili - Sabah" qəzeti şəhərin təhsil mühitinin hər yerdə hiss edilməsi baxımından çox mühüm təbliğat vasitəsinə çevrildi.
Məruzə-təqdimatdan aydın oldu ki, təhsil müəssisələrinin fəaliyyətinin az səmərəli olmasının əsas səbəbinin əksər hallarda bu işlərin necə görülməsi üçün bilgilərin, metodiki göstərişlərin, konkret nümunələrin və mexanizmlərin aydın olmaması ilə bağlılığı nəzərə alınaraq təhsil şöbəsində, ilk növbədə, metodiki köməkliklərin göstərilməsinə, konkret nümunələrin hazırlanmasına başlanılıb. Mövcud boşluqların doldurulması üçün təhsil şöbəsində 16 adda metodik vəsait hazırlandığını V.Bağırov kollegiya iştirakçılarının nəzərinə çatdırdı. Məruzə-təqdimatda təhsil müəssisələrində həmin vəsaitlərdən necə istifadə edildiyini açıqlayan konkret misallar gətirildi.
V.Bağırov az bir müddət ərzində təcrübədən keçirdikləri "Şagirdlərin fərdi inkişaf dinamikası" adlı vəsait haqqında məlumat verərək bildirdi ki, bu vəsaitdə sinifdə hər bir şagird üçün bir neçə səhifə ayrılır, həmin səhifədə hər ay müəllim öz fənni üzrə şagirdin həm rəqəmlərlə, həm də sözlə inkişafını xarakterizə edir. Bu xarakterizə psixoloq, fənn müəllimi və sinif rəhbəri tərəfindən də aparılır. Nəticədə şagirdin ümumi inkişaf dinamikası hər ay izlənilir və nəticəsi valideynə çatdırılır, müvafiq tədbir görülür.
Məruzədə qeyd olundu ki, əlamətdar hadisələr, günlərlə bağlı şagirdlərə məlumatların verilməsində də yeni yanaşma tətbiq olunur. Təhsil şöbəsi tərəfindən hər bir hadisə ilə bağlı metodik tövsiyə hazırlanır, məktəblərə paylanır və onun ilk dərs saatında oxunması məsləhət görülür. Əlbəttə ki, bu tövsiyə bir nümunə rolunu oynayır, məktəb onu genişləndirə, əlavələr edə bilər.
Əlamətdar günlərlə, hadisələrlə bağlı keçirilən inşa və rəsm müsabiqələrinin yekununun toplu şəklində çap edilməsi də təqdirəlayiq haldır. Artıq 10 ildir ki, bədii yaradıcılıqla məşğul olan şagirdlərin şeirlərindən ibarət "Qanadlandıq uçmağa" almanaxı çap olunur.
V.Bağırov məruzə-təqdimatında öyrənilməyə layiq daha bir təcrübələri barədə də ətraflı məlumat verdi. Bildirdi ki, şagirdlərin asudə vaxtının təşkili ilə bağlı yay tətili günlərində məktəblərdə yay düşərgələrinin təşkili də müsbət təcrübə hesab edilə bilər. Şəhər İH başçısının təşəbbüsü və dəstəyi, Gənclər və İdman Baş İdarəsi ilə birgə eksperiment kimi 2003-cü ildən başlanmış bu iş hazırda şəhərin bütün məktəblərini əhatə edir. Hər il şəhər icra hakimiyyəti başçısının vəsaiti ilə əməkhaqqı alan 150 nəfərə yaxın tərbiyəçinin rəhbərliyi ilə 2 mindən çox məktəbli günün bir hissəsində bu düşərgələrə cəlb edilir, gündə bir dəfə yüngül yeməklə təmin olunur. İşin məqsədyönlü təşkilinə nail olmaq üçün metodik vəsait hazırlanır. Bu vəsaitdə həm nümunəvi iş rejimi, həm oyunlar, həm də tədbirlər və hər bir tədbirə verilən tələblər öz əksini tapır.
Məruzəçi bir məqama da diqqəti cəlb edərək söylədi ki, hazırlanan vəsaitlərin, keçirilən müsabiqələrin və s. köməkliklərin göstərilməsini təhsil şöbəsi olaraq çox vacib hesab edirik və bu istiqamətdə işlərimizi davam etdirməyi planlaşdırırıq. Lakin təhsil şöbəsinin göstərdiyi köməkliklər, treninqlər və yaratdığı şəraitlər təlim və tərbiyənin yaxşılaşmasına xidmət etməlidir və bu yaxşılaşmanı müşahidə etmək üçün monitorinqlərə, yoxlama və sınaqlara da üstünlük verir və hesab edirik ki, köməklik göstərmək, nəticəni öyrənmək və nöqsanların aradan qaldırılması ilə bağlı yenidən köməklik göstərmək və nəticəni ümumiləşdirmək, nöqsanları aradan qaldırmaq üçün yenidən monitorinq keçirmək kimi daim təkrar olunan proses bu gün bizim təlim-tərbiyə prosesinin həm ən sadə, həm də ən mürəkkəb formuludur.
V.Bağırov 1998-ci ildən başlayaraq keçirdikləri monitorinq-qiymətləndirmənin, onların nəticələrinə əsasən aparılan təhlil və müzakirələrin təlimin keyfiyyətində olan nöqsan və qüsurların daha obyektiv və operativ aşkara çıxarılmasının, çatışmazlıqların aradan qaldırılmasının ən səmərəli mexanizmi olduğunu vurğuladı.
Şəhər təhsil şöbəsi tərəfindən aparılan təhlillərin, əsasən ali məktəblərə tələbə qəbulunun və ümumşəhər monitorinqlərinin nəticələri ilə bağlı olduğunu qeyd edən məruzəçi öncə ümumşəhər monitorinqlərinin aparılmasından danışdı. Bildirdi ki, bir neçə ildir ardıcıl və davamlı olaraq həyata keçirilən bu monitorinqlərin istər təşkili, istərsə də nəticələrin təhlili sahəsində xeyli uğur əldə edilmişdir. Artıq bu gün tam əminliklə demək olar ki, təhsilin müxtəlif pillələri üzrə monitorinq - test sınaq imtahanlarının keçirilməsi və onun nəticələrinə əsasən məktəblərin fəaliyyətinə və müəllim əməyinə qiymət verilməsi həm pedaqoji işçilər, həm valideynlər, həm də şəhərin geniş ictimaiyyəti tərəfindən zəruri və lazımi bir tədbir kimi qəbul olunmuşdur.
Məruzəçi nümunə üçün 2006-cı ildə XI siniflərdə keçirilmiş ümumşəhər monitorinqinin nəticələrini əks etdirən cədvəli kollegiya iştirakçılarının diqqətinə çatdırdı və qeyd etdi ki, monitorinqin nəticələrinin təhlilinə əsasən şagirdlərin ayrı-ayrı fənlər üzrə düzgün cavablarının faizlə orta qiyməti hesablanmış və əvvəlki illərin göstəriciləri ilə müqayisə edilmişdir.
Daha sonra ekranda monitorinqin müxtəlif parametrlər üzrə nəticələri haqqında əyani təsəvvür yaradan cədvəllər nümayiş olundu.
Təhsil şöbəsinin müdiri aparılan monitorinqlərin nəticələri əsasında məktəblərin reytinqini necə müəyyənləşdirdikləri barədə də açıqlama verdi və qeyd etdi ki, məktəblərin reytinqlərindən əlavə ayrı-ayrı fənn müəllimlərinin də reytinqi hazırlanır. Müəllimin reytinqini müəyyən etmək üçün onun dərs dediyi sinfin müvafiq fəndən monitorinqdə düzgün cavablarının orta faizi hesablanır.
Sonda təhlillərin nəticələrinə əsasən aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlanır.
V.Bağırov bildirdi ki, aparılan monitorinqlərin əsas məqsədi təlimin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət olduğundan onların nəticələrinə görə müəyyən edilmiş qrafikə əsasən müzakirələr təşkil edilir. Verilən məlumatdan aydın oldu ki, 2007-2008-ci dərs ilində IV-XI siniflərdə təhsil alan 35 mindən çox şagird monitorinqə cəlb olunmuşdur.
Monitorinqlərin nəticələrinin təhlilində reytinq cədvəllərinin hazırlanmasından geniş istifadə edilir. Reytinq cədvəlləri daha çox əyaniliyi ilə seçilir və təhsil müəssisələrini müqayisə etmək üçün geniş imkanlar yaradır. Yalnız bir sinif üzrə alınan nəticələrə görə məktəbin fəaliyyətinə qiymət verməyi düzgün hesab etmədiklərini deyən V.Bağırov bu qiymətin tam dolğun, hərtərəfli və obyektiv olması üçün bütün siniflər üzrə məktəbin şagirdlərinin bilik keyfiyyətlərinin qiymətləndirilməsinin zəruri olduğunu, məhz bu zəruriyyəti nəzərə alaraq 2007-2008-ci dərs ili ərzində keçirilmiş bütün monitorinqlərin ümumiləşdirilmiş reytinq cədvəlini hazırladıqlarını bildirdi və ekranda nümayiş olunan həmin cədvəllər haqqında kollegiya iştirakçılarına geniş məlumat verdi.
Fənn müəllimləri, ibtidai sinif müəllimləri ilə keçirilmiş monitorinqlər və onların təhlili haqqında ətraflı söz açıldı, müvafiq cədvəllər, diaqramlar nümayiş etdirildi.
V.Bağırov daha sonra bildirdi ki, monitorinqlərlə yanaşı, təhsil şöbəsində ali məktəblərə tələbə qəbulunun nəticələri də geniş təhlil olunur.
Ali məktəbə qəbulun şəhər üzrə təhlili hər il ardıcıl və davamlı olaraq aparılır. Eyni zamanda bu təhlillər şəhər abituriyentlərinin qəbul üzrə demək olar ki, bütün göstəricilərini əhatə edir, kitabça şəklində çap olunaraq məktəblərə paylanılır, nəticələrin müzakirəsi nəzarətdə saxlanılır.
Aparılan təhlillərə misal olaraq məruzəçi 2008-ci ilin tələbə qəbulunun şəhər üzrə nəticələrinin elmi-statistik təhlilini kollegiya iştirakçılarına çatdırdı. Qeyd etdi ki, şəhər abituriyentlərinin ali məktəblərə qəbulun nəticələrinin təhlilindən görünən mühüm cəhət son iki ildə şəhər üzrə qəbul faizinin artması və qəbul göstəricilərinin yaxşılaşmasıdır. Belə ki, məzunların ali məktəblərə qəbul göstəricisi 2006-cı ildə 30 faizdən 2008-ci ildə 35 faizə yüksəlmişdir. Hesab edirik ki, şəhər üzrə ali məktəbə qəbul göstəricilərində bu il müşahidə olunan müsbət dinamika məhz XI siniflərdə orta təhsil kursu üzrə buraxılış imtahanın mərkəzləşdirilmiş şəkildə aparılmasının məntiqi nəticəsidir.
V.Bağırov məruzə-təqdimatının sonunda qeyd etdi ki, təhsil şöbəsi olaraq təhsil müəssisələri ilə birgə fəaliyyətlərində inzibati amirlikdən uzaqlaşmaları, münasibətlərdə əməkdaşlıq müstəvisinə keçmələri, qiymətləndirmədə yeni, daha obyektiv mexanizmlərə üstünlük vermələri, müntəzəm olaraq şagird biliyinin və müəllim əməyinin monitorinqlər vasitəsilə yoxlanılması, alınan nəticələrin davamlı surətdə həm təhsil şöbəsində, həm də təhsil müəssisələrində geniş və hərtərəfli təhlil edilməsi, xüsusilə də təhsil müəssisələrinin tədris-maddi bazasının möhkəmləndirilməsi ilə bağlı həddən çox işlərin görulməsi bizi tərəqqiyə aparan yoldur. Bunun nəticəsidir ki, keçən dərs ilində şəhərimizin 3 məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi", 4 müəllimi isə "Ən yaxşı müəllim" müsabiqələrinin qalibi olmuşdur.
V.Bağırovun məzmunlu məruzə-təqdimatı kollegiya iştirakçıları tərəfindən maraqla qarşılandı və diqqətlə dinlənildi.
Sonra çıxışlar oldu.
İclasda söz alan kollegiya üzvü, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Bakıdakı 70 nömrəli orta məktəbin direktoru Nazim Qasımov, 20 nömrəli məktəb-liseyin direktoru Əkbər Qocayev, "İntellekt" liseyinin direktoru Ceyran Kuliyeva və başqaları maraqlı təcrübənin ətraflı şərh olunduğu bu məruzə-təqdimatı yüksək qiymətləndirib, Sumqayıt ŞTŞ-ın təcrübəsinin öyrənilməsi və yayılmasını məqsədəuyğun saydılar.
Kollegiya iclasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək şəhər rəhbərliyinin təhsilə qayğısından, yenilik təşəbbüslərinin və innovativ fəaliyyətlərin müdafiə edilməsi və həyata keçirilməsinə göstərilən köməkdən danışdı.
Kollegiya müzakirə olunan məsələ barədə qərar qəbul etdi.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.-2009.-20
mart.-S.4.