Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 fevral 2009-cu il tarixli, 3434 nömrəli şəhadətnaməsi ilə qeydiyyata alınmışdır |
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 fevral 2009-cu il tarixli, 164 nömrəli əmri ilə təsdiq edilmişdir |
Ümumtəhsil
məktəblərində, peşə liseylərində
buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə
keçirilməsi haqqında
Qaydalar
Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin, Nazirlər Kabinetinin 12 mart 1994-cü il tarixli, 109 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi"nin, Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın icrasını təmin etmək məqsədilə qəbul edilir.
I.
ümumi müddəalar
1. Ümumtəhsil məktəblərinin I - VIII və X siniflərində imtahan aparılmır, şagirdlər müsbət illik qiymətlər əsasında yuxarı sinfə keçirilir.
2. Ümumtəhsil məktəblərində
buraxılış imtahanları şagirdlərin əsas və
orta təhsil pillələri üzrə nailiyyətlərinin
səviyyəsinin dövlət standartlarına
uyğunluğunu müəyyənləşdirmək məqsədilə
keçirilir.
3. IX və
XI siniflərdə, peşə liseylərinin III kursunda
buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən
tərtib olunmuş test sualları əsasında mərkəzləşdirilmiş
qaydada aparılır.
4. Ümumtəhsil məktəblərinin X və
XI sinifləri uyğun olaraq gündüz ümumtəhsil məktəbləri
nəzdindəki axşam siniflərinin (qiyabi qrupların) XI və
XII sinifləri hesab edilir.
5. IX və
XI siniflərdə, peşə liseylərində imtahanın
sayı, imtahan aparılan fənlər, hər fənn üzrə
test suallarının sayı, imtahanların aparılacağı
günlər və müddət hər il Təhsil Nazirliyi tərəfindən
müəyyən edilir.
6. Özlərindən asılı olmayan səbəblərdən
xarici dil, təsviri incəsənət, musiqi və nəğmə,
informatika fənlərindən, sağlamlığının
vəziyyətinə görə əmək
hazırlığı, fiziki tərbiyə, rəsmxət, gənclərin
çağırışaqədərki
hazırlığı fənlərindən şagirdlərin
biliyinin qiymətləndirilməməsi onların yuxarı
sinfə keçirilməsinə və ya müvafiq təhsil
pilləsini bitirməsinə təsir etmir.
7. Təlim
türk, gürcü, ingilis və digər dillərdə olan
məktəb və liseylərin IX və XI siniflərində Təhsil
Nazirliyi tərəfindən hazırlanmış test
suallarının uyğun dillərə tərcümə edilməklə
imtahan aparılması müvafiq rayon (şəhər) təhsil
şöbəsi (idarəsi) tərəfindən təşkil
edilir.
8.
Şagirdlərin yuxarı sinfə keçirilib-keçirilməməsi,
imtahanlara buraxılıb-buraxılmaması, yay
tapşırığı alması, payız imtahanlarına və
təkrar sinifdə saxlanması məsələsi pedaqoji
şurada müzakirə olunaraq müvafiq qərar
çıxarılır.
9.
Şagirdlərin imtahanlara buraxılmaması, yay
tapşırığı alması, payız imtahanlarına və
təkrar sinifdə saxlanması haqqında qərar barədə
üç gün ərzində onların valideynlərinə
(qəyyum və himayəçiyə) yazılı məlumat
verilir.
10. Tədris
fənləri üzrə illik qiymətlər dərs məşğələlərinin
sonuna ən azı 3 (üç) gün qalmış
yarımillik qiymətlər əsasında müvafiq fənn
müəllimləri tərəfindən
çıxarılır. IX və XI siniflərdə, peşə
liseylərinin II-III kurslarında imtahan fənləri üzrə
illik qiymətlər mayın 20-dək
çıxarılır. İllik qiymətlər yarımillik
qiymətlərin ədədi ortasına bərabər tutulur və
şagirdin xeyrinə yuvarlaq qiymət
çıxarılır.
11. Ümumtəhsil məktəblərində əsas
və orta təhsil kursu üzrə, peşə liseylərində
mərkəzləşdirilmiş buraxılış
imtahanlarına hazırlıq məqsədilə yoxlama
imtahanları keçirilir.
12. IX və
XI siniflərin, peşə liseylərinin III kurs şagirdlərinin
imtahan aparılan fənlərdən yekun qiymətləri Təhsil
Nazirliyinin müəyyən etdiyi müvafiq düstur üzrə
çıxarılır. Təhsil sənədinə
yazılacaq summativ (yekun) qiymət şagirdin fənn üzrə
mikrosummativ (əsas təhsil pilləsi üzrə IX, orta təhsil
pilləsi üzrə X, XI siniflərdə yoxlama
imtahanının nəticələri, IX siniflərdə VIII və
IX, XI siniflərdə X və XI siniflərin, peşə liseylərinin
II-III kurs şagirdlərinin illik qiymətləri) və
makrosummativ (buraxılış imtahanı) qiymətləri əsasında
hesablanır.
13.
Şagird yoxlama imtahanında (imtahanlarında)
üzürsüz səbəbdən iştirak etmədiyi
halda, onun imtahan fənləri üzrə yekun qiymətləri
çıxarılarkən yoxlama imtahanının
(imtahanlarının) nəticəsi "0" qəbul edilir.
Şagird yoxlama imtahanlarında üzürlü səbəbdən
iştirak etməmişsə, onun imtahan fənləri üzrə
yekun qiymətləri çıxarılarkən imtahanda
aldığı qiymət həm də yoxlama
imtahanının (imtahanlarının) qiyməti hesab olunur.
14. Orta təhsil
kursu üzrə ana dili və riyaziyyatdan keçirilən
imtahanların nəticələri əsasında şagirdlərə
müvafiq olaraq təlim dili və ədəbiyyatdan, cəbr və
analizin başlanğıcı və həndəsə fənlərindən
ayrı-ayrı yekun qiymət çıxarılır.
15.
Şagirdlərin ekstern yolu ilə vaxtından əvvəl
yuxarı sinfə keçirilməsi və ya təhsil pilləsini
bitirməsi məsələsi Təhsil Nazirliyi tərəfindən
həll edilir.
16.
Buraxılış imtahanlarına dair sənədlər
(imtahan protokolları, yekun siyahılar) 5 il müddətində
məktəbdə saxlanılır.
17.
Naxçıvan Muxtar Respublikasında buraxılış
imtahanlarının təşkili və aparılması Naxçıvan
Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata
keçirilir.
18. İmtahanların təşkili və aparılması haqqında hər hansı yerli Qaydaların verilməsi qadağandır.
II.
Buraxılış imtahanlarına hazırlıq
19. Yoxlama imtahanlarına hazırlıq məqsədilə
IX və XI sinif şagirdlərinin adlı siyahısı və
digər zəruri məlumatlar (VIII və X siniflərdə
aldıqları illik qiymətləri) rayon (şəhər) təhsil
şöbəsi (idarəsi), müvafiq hallarda ümumtəhsil
məktəbi və peşə liseyi (II-III kurs şagirdlərinin
adlı siyahısı) tərəfindən oktyabrın 20-dək
Təhsil Nazirliyinə təqdim olunur. Tədris ili ərzində şagirdlərin
hərəkəti ilə bağlı siyahıların dəqiqləşdirilməsi
müntəzəm olaraq rayon (şəhər) təhsil
şöbəsi (idarəsi) və məktəb tərəfindən
həyata keçirilir.
20. IX və
XI sinif, peşə liseylərinin III kurs şagirdlərinin
adlı siyahısı imtahan fənləri üzrə illik
qiymətlər göstərilməklə rayon (şəhər)
təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda
ümumtəhsil məktəbi və peşə liseyinin
müşayiətedici məktubu ilə mayın 25-dək Təhsil
Nazirliyinə təqdim olunur.
21.
Şagirdlərin əsas və ya orta təhsil kursu üzrə
imtahan verəcəyi məktəb (imtahan mərkəzləri)
Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və
bu barədə imtahanlara ən azı 5 gün qalmış
müvafiq təhsil orqanına məlumat
çatdırılır.
22. Təhsil
Nazirliyi imtahanlar üçün müəyyən edilmiş
variantlarda testləri, cavab kartlarını, habelə
imtahanların aparılması üçün digər zəruri
materialları (zərflər, protokollar, siyahılar və s.)
hazırlayır və yerlərə
çatdırılmasını təmin edir.
23. Əsas
və orta təhsil kursu üzrə mərkəzləşdirilmiş
buraxılış imtahanlarına hazırlıq məqsədilə
dərs ili ərzində müəyyən olunmuş zonalar
üzrə keçirilən yoxlama imtahanlarının sayı
və vaxtı Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.
24.
Buraxılış imtahanlarına hazırlıq məqsədilə
dərs ili ərzində Təhsil Nazirliyi tərəfindən
zonalar üzrə təyin olunmuş koordinatorlar ümumtəhsil
məktəbləri və peşə liseylərinin şagirdləri,
müəllimləri və valideynləri arasında izahat
işi aparır.
25.
Yoxlama imtahanının fənlər üzrə nəticələri
sinif jurnallarına yazılır və yarımillik qiymətlər
çıxarılarkən nəzərə alınır.
26. İmtahanda iştirak edəcək şagirdlər haqqında məlumat bazası rayon (şəhər) təhsil şöbəsi (idarəsi) və müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin təqdim etdiyi məlumatlar əsasında formalaşdırılır.
III.
Şagirdlərin imtahanlara buraxılması
27. Bütün fənlərdən müsbət illik, həmçinin bir-üç fəndən qeyri-kafi illik qiyməti olan IX sinif şagirdləri əsas təhsil kursu üzrə imtahanlara buraxılırlar.
28. Dərs
ilinin hər hansı bir yarımilində məktəbə gəlmədiyi
üçün biliyi qiymətləndirilməyən IX və
XI sinif, peşə liseylərinin II-III kurs şagirdlərinin
imtahanlara buraxılıb-buraxılmaması məsələsinə
məktəbin pedaqoji şurasında baxılıb müvafiq
qərar qəbul olunur.
29.
Bütün fənlərdən yalnız müsbət illik
qiyməti olan XI sinif, peşə liseylərinin III kurs
şagirdləri orta təhsil üzrə imtahanlara
buraxılırlar.
30. Əvvəlki
dərs ilində imtahanlara buraxılmayan və ya imtahanlarda
qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs
şagirdləri hər il aprelin 1-dən 20-dək bitirdikləri
məktəblərə ərizə ilə müraciət
edirlər. Onların imtahana buraxılması barədə qərar
qəbul edildikdən sonra müvafiq sənədlər rayon
(şəhər) təhsil şöbəsinin (idarəsinin),
müvafiq hallarda ümumtəhsil məktəbi və peşə
liseyinin müşayiətedici məktubu və ilkin mərhələ
imtahanlarının qiymətləri mayın 20-dək Təhsil
Nazirliyinə təqdim edilir.
31. Əvvəlki
dərs ilində biliyi qiymətləndirilmədiyi
üçün imtahanlara buraxılmayan XI sinif, peşə
liseylərinin III kurs şagirdləri, habelə müxtəlif
səbəblərdən əsas və ya orta təhsil pilləsini
vaxtında başa vura bilməyən və
buraxılış imtahanı verərək müvafiq təhsil
sənədi almaq istəyən şəxslər ekstern yolu ilə
imtahanlara buraxılırlar.
32. Orta təhsil
kursu üzrə ekstern imtahanlara yalnız əsas təhsil pilləsini
başa vurub şəhadətnamə almış şəxslər
buraxılırlar.
33. Ekstern yolu ilə imtahan vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşayiətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.
IV.
Buraxılış imtahanlarının aparılması
34. IX və XI siniflərdə, peşə liseylərinin III kursunda mərkəzləşdirilmiş buraxılış imtahanları saat 10.00-da başlayır və 3 saat davam edir.
35.
İmtahan başlandıqdan 30 dəqiqə keçəndən
sonra gələn şagird imtahana buraxılmır.
36. Test
kitabçaları olan zərflər saat 9.45-də imtahan
keçirilən otaqlarda şagirdlərin qarşısında
nəzarətçi tərəfindən açılır və
şagirdlərə paylanır.
37. Cavab
kartı şagirdin soyadı, adı, atasının adı,
oxuduğu məktəb, imtahan verəcəyi məktəb,
otaq, yer, oxuduğu bölmə, variantı və kodu
haqqında məlumatlar göstərilməklə Təhsil
Nazirliyi tərəfindən verilir.
38.
İmtahanlara mobil telefon, peycer, dərslik və digər tədris
materiallarının gətirilməsinə icazə verilmir.
39.
İmtahanlarda kalkulyatordan istifadə etməyə icazə
verilir.
40. Cavab
kartı üzərində işini bitirmiş şagirdlər
onu nəzarətçiyə təhvil verib otaqdan
çıxırlar. İmtahan üçün müəyyən
olunmuş müddət başa çatdıqdan sonra cavab
kartı üzərində işini tamamlamayan şagirdlər
onu yarımçıq təhvil verirlər.
41.
Ekstern yolu ilə imtahan verən şəxslər ilk mərhələdə
mayın 15-dək musiqi və nəğmə, təsviri incəsənət,
əmək hazırlığı, fiziki tərbiyə, rəsmxət,
gənclərin çağırışaqədərki
hazırlığı, informatika fənləri istisna olmaqla, mərkəzləşdirilmiş
qaydada imtahan aparılmayan fənlərdən imtahan verirlər.
İmtahanlar təhsil orqanının əmrilə təşkil
edilmiş sədr və 3 nəfər üzvdən ibarət
komissiya tərəfindən test sualları əsasında əvvəlcədən
müəyyən olunmuş məktəbdə keçirilir.
İmtahanların nəticələri
protokollaşdırılır, komissiyanın sədri və
üzvləri tərəfindən imzalanaraq rayon (şəhər)
təhsil şöbəsi (idarəsi) rəhbərinin
imzası və möhürü ilə təsdiq edilir və Təhsil
Nazirliyinə təqdim olunur. İlk mərhələ
imtahanlarından müsbət qiymət almış şəxslər
Təhsil Nazirliyi tərəfindən müəyyən
olunmuş fənlərdən mərkəzləşdirilmiş
qaydada imtahan verirlər.
42. Bu və
ya digər səbəbdən məktəbi dəyişən
VIII-XI sinif şagirdləri yeni gəldikləri məktəbdə
digər xarici dil tədris olunursa, özlərinin və
valideynlərinin müraciətinə əsasən, əvvəl
öyrəndikləri xarici dildən buraxılış
imtahanı verirlər. Şagird yeni gəldiyi məktəbdə
tədris olunan digər xarici dili müstəqil öyrənmişsə,
öz arzusuna görə bu dildən buraxılış
imtahanı verə bilər.
43.
İmtahan aparılan bütün fənlərdən suallar
cavablandırılır və hər bir fənn üzrə
şagirdin biliyi qiymətləndirilir.
44. IX
sinifdə imtahan aparılan fənlər üzrə şəhadətnaməyə
yazılacaq summativ (yekun) qiymət fənn üzrə
mikrosummativ (yoxlama imtahanının nəticələri, VIII və
IX siniflərin illik qiymətləri) və makrosummativ
(buraxılış imtahanının nəticəsi) qiymətləri
əsasında müvafiq düsturla hesablanır.
45. XI
siniflərdə, peşə liseylərinin III kursunda imtahan
aparılan fənlər üzrə attestata yazılacaq summativ
(yekun) qiymət fənn üzrə mikrosummativ (X və XI siniflərdə
aparılan yoxlama imtahanının nəticələri, X və
XI siniflərin, peşə liseylərinin II-III kurs şagirdlərinin
illik qiymətləri) və makrosummativ (buraxılış
imtahanının nəticəsi) qiymətləri əsasında
müvafiq düsturla hesablanır.
46.
İmtahanın başa çatmasına 30 dəqiqə qalanadək
cavab kartını təhvil verən şagirdlərin test
kitabçası imtahan bitdikdən sonra verilə bilər.
47. Cavab
kartları optik oxuyucu vasitəsilə oxunur və qiymətləndirilir,
imtahanın nəticələri 5 gündən gec olmayaraq elan
edilir, nazirliyin veb-saytında yerləşdirilir.
48.
Buraxılış imtahanının nəticələri ilə
bağlı şikayətlərə baxılması məqsədilə
nazirlikdə Apelyasiya Komissiyası yaradılır və nəticələr
elan olunduqdan sonra bir həftə müddətində fəaliyyət
göstərir.
49. Hər
bir məktəbdə buraxılış imtahan protokolları
və yekun siyahılar fənlər üzrə imtahan və
summativ (yekun) qiymətlər göstərilməklə, Təhsil
Nazirliyi tərəfindən təsdiq olunmuş siyahılar əsasında
tərtib olunur.
50. Buraxılış imtahan protokolları, yekun siyahılar mövcud qayda üzrə hər bir məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, müvafiq fənn müəllimləri tərəfindən imzalanır və məktəbin möhürü ilə təsdiq olunur. Protokolların və yekun siyahıların bir nüsxəsi Təhsil Nazirliyinə təqdim olunmaqla, digər nüsxələri məktəbdə və rayon (şəhər) təhsil şöbəsində (idarəsində) saxlanılır.
V. Yay
tədris tapşırıqları, payız imtahanları və
şagirdlərin təkrar sinifdə saxlanılması
51. Yay tədris tapşırıqları ən çoxu üç fəndən illik "qeyri-kafi" qiymət alan II-VIII, X sinif şagirdlərinə verilir.
52.
İmtahan aparılan fənn olub-olmamasından asılı
olmayaraq, 1-3 fəndən illik "qeyri-kafi" qiymət
almış IX sinif şagirdləri imtahanlara buraxılır.
Onlar illik "qeyri-kafi" qiymət aldıqları imtahan
aparılmayan fəndən (fənlərdən) yay
tapşırığı verirlər. İllik
"qeyri-kafi" qiymət aldıqları imtahan aparılan fəndən
(fənlərdən) buraxılış imtahanı vermirlər,
payızda imtahan verirlər. İmtahanlarda "qeyri-kafi"
qiymət aldıqları fəndən (fənlərdən)
payızda imtahan verirlər.
53.
İllik və ya imtahan qiyməti 4 və daha çox fəndən
"qeyri-kafi" olan və imtahana buraxılmayan, həmçinin
üzürsüz səbəbdən imtahanlarda iştirak etməyən,
yay tədris tapşırığı və payız
imtahanının ən azı birindən "qeyri-kafi"
qiymət alan IX sinif şagirdləri təkrar sinifdə
saxlanılırlar.
54. IX
siniflərdə payız imtahanları sentyabrın 2-dən
12-dək Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş
məktəblərdə mərkəzləşdirilmiş
qaydada keçirilir. Payız imtahanlarının keçiriləcəyi
gün Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir
və imtahanların nəticələri elan olunduqdan sonra 3
gün müddətinə müvafiq rayon (şəhər) təhsil
şöbəsi (idarəsi) tərəfindən şagirdlərə
və valideynlərə çatdırılması təmin
olunur. Payız imtahanlarına gələ bilməyən
şagirdlərin məsələsinə rayon (şəhər)
təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda
ümumtəhsil məktəbi və peşə liseyinin təqdim
etdiyi sənədlər əsasında Təhsil Nazirliyində
baxılıb müvafiq qərar qəbul edilir.
55. Üzürlü səbəbdən payız
imtahanında iştirak etməyən IX sinif şagirdləri
sentyabrın 20-dək Təhsil Nazirliyinin müəyyən
etdiyi yerdə mərkəzləşdirilmiş qaydada payız
imtahanı verirlər. üzürsüz səbəbdən
payız imtahanlarına gəlməyən şagirdlər təkrar
sinifdə saxlanılırlar.
56. IX
siniflərdə şagirdlərin payız imtahanlarına və
təkrar sinifdə saxlanması, imtahanlara buraxılmaması məsələlərinin
müzakirəsi zamanı valideynlər yazılı şəkildə
məlumatlandırılır və onlar pedaqoji şuraya dəvət
olunurlar. Həmin məsələlərin müzakirəsində
məktəbin rəhbərliyi ilə valideynlər arasında
mübahisə doğuran hallar yaranarsa, məsələyə
müvafiq rayon (şəhər) təhsil şöbəsinin
(idarəsinin) şurasında baxılıb müvafiq qərar
qəbul edilir.
57. Hər
bir məktəbdə yay tədris
tapşırıqlarının qəbul olunacağı
günlər yay tətilinə ən azı üç
gün qalmış şagirdlərə və onların
valideynlərinə yazılı formada çatdırılır.
58. Yay tədris
tapşırıqları bir qayda olaraq, həmin fəndən
şagirdə dərs demiş müəllim tərəfindən
qəbul edilir.
59.
Dörd və daha çox fəndən illik "qeyri-kafi"
qiyməti olan, həmçinin ən azı bir fəndən
yay tədris tapşırığını yerinə yetirməyən
II-VIII və X sinif şagirdləri təkrar sinifdə
saxlanılırlar.
60. Yay tədris
tapşırıqları fənn müəllimi tərəfindən
hazırlanır və məktəbin direktoru tərəfindən
təsdiq olunduqdan sonra valideynin (qəyyum və himayəçinin)
iştirakı ilə şagirdə verilir. Yay tədris tapşırığının
bir surəti məktəbdə saxlanılır. Yay tədris
tapşırığı yazılı formada yerinə
yetirilir, şifahi formada təqdim olunur və nəticəsi
protokollaşdırılır.
61. Yay tədris
tapşırıqlarının qəbul olunması müddəti
sentyabrın 2-dən 12-dəkdir. Göstərilən müddətdə
yay tədris tapşırıqlarını yerinə yetirməyən
şagirdlərlə bağlı müraciətlərə
sentyabrın 20-dək rayon (şəhər) təhsil
şöbələri (idarələri) tərəfindən fərdi
qaydada baxılır, həmin müddət bitdikdən sonra bu
barədə heç bir şagirdlə bağlı müraciətə
baxılmır və onlar təkrar sinifdə
saxlanılırlar.
62. Yay tədris
tapşırığı almış və payız
imtahanına saxlanılmış şagirdlərin yuxarı
sinfə keçirilməsi və ya əsas məktəbi
bitirməsi onların yay tədris
tapşırıqlarını yerinə yetirməsindən və
payız imtahanlarının nəticəsindən asılı
olaraq pedaqoji şurada həll edilir.
63. I
sinif şagirdləri müstəsna hallarda (uzun müddətli
xəstəliyə görə proqram materiallarını yerinə
yetirmədikdə, müxtəlif səbəblər
üzündən təhsildən kənarda qaldıqda və
s.) təkrar sinifdə saxlanılırlar. Əqli inkişafında
gerilik müəyyən edilmiş I sinif şagirdləri
mövcud qaydalar üzrə məktəb direktorunun təqdimatı
əsasında psixoloji-tibbi-pedaqoji komissiyanın (psixonevroloji
dispanserin) qərarı ilə yardımçı siniflərə
(məktəb və internat məktəblərə)
keçirilirlər.
64. Biliyi
qiymətləndirilməyənlər istisna olmaqla, imtahana
buraxılmayan, ən azı bir fəndən imtahan qiyməti
"qeyri-kafi" olan, habelə üzürsüz səbəbdən
imtahanda iştirak etməyən XI sinif şagirdlərinə
orta məktəbdə oxumalarına dair Təhsil Nazirliyi tərəfindən
müəyyənləşdirilmiş vahid formada arayış
verilir. Arayışda bütün fənlər üzrə
illik və imtahan qiymətləri yazılır.
65. Əvvəlki
dərs ilində ən azı bir fəndən illik
"qeyri-kafi" qiymət aldığı üçün
imtahana buraxılmayan XI sinif şagirdləri növbəti dərs
ilində imtahan aparılan bütün fənlərdən
imtahan verirlər. Əvvəlki dərs ilində XI sinif
şagirdi imtahana düşməyən fəndən (fənlərdən)
illik "qeyri-kafi" qiymət almışsa, növbəti dərs
ilində əvvəlcə oxuduğu məktəbdə həmin
fəndən (fənlərdən) imtahan verir. Bu fənn (fənlər)
üzrə imtahandan müsbət qiymət aldığı
halda, o, müəyyən edilmiş mərkəzdə imtahan
aparılan bütün fənlərdən imtahan verir.
66. Əvvəlki
dərs ilində XI sinif şagirdi, sayından asılı
olmayaraq, imtahan aparılan fənlərdən illik
"qeyri-kafi" qiymət almışsa, bu halda növbəti
dərs ilində müəyyən olunmuş mərkəzdə
imtahan aparılan bütün fənlərdən imtahan verir.
67.
İmtahanlarda "qeyri-kafi" qiymət alan XI sinif şagirdləri
növbəti il yalnız həmin fəndən (fənlərdən)
müəyyən olunmuş mərkəzlərdə imtahan
verirlər.
68.
İmtahanlara buraxıldığı halda, imtahanlarda
iştirak etməyən XI sinif şagirdləri növbəti
il müəyyən olunmuş mərkəzdə imtahan
aparılan bütün fənlərdən imtahan verirlər. Həmin
şagirdlərə orta təhsil haqqında attestat
oxuduqları məktəb tərəfindən verilir.
69. Əvvəlki
dərs ilində illik "qeyri-kafi" qiymətlər
aldığı üçün imtahanlara buraxılmayan və
ya imtahanlarda "qeyri-kafi" qiymətlər alan şəxslər
növbəti dərs ilində keçirilən imtahanda ən
azı bir fəndən "qeyri-kafi" qiymətlər
aldıqda, yaxud üzürsüz səbəbdən imtahanlarda
iştirak etmədikdə, gələcəkdə yalnız
ekstern yolu ilə imtahan verə bilərlər.
70. Üzürlü səbəblərdən imtahanda iştirak edə bilməyən IX və XI sinif, həmçinin peşə liseylərinin III kurs şagirdlərinin məsələsinə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin təqdimatı əsasında, fərdi qaydada Təhsil Nazirliyində baxılır. İmtahanda üzürlü səbəbdən iştirak etməməsi təsdiq olunan şagirdlər (o cümlədən imtahan zamanı xəstələnən şagirdlər) iyunun 25-dək Bakı şəhərində müəyyən edilmiş məktəblərdə mərkəzləşdirilmiş qaydada imtahan verirlər.
VI.
Şagirdlərin buraxılış imtahanlarından azad edilməsi
71. Şagirdlərin buraxılış imtahanlarından azad edilməsinə əsas verən xəstəliklər Təhsil və Səhiyyə nazirliklərinin birgə əmri ilə təsdiq olunmuş siyahıda müəyyənləşdirilir.
72.
Bütün fənlərdən illik qiymətləri müsbət
olan IX və XI sinif şagirdləri, peşə liseylərinin
III kurs şagirdləri səhhətinin vəziyyətinə
görə müvafiq surətdə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin əmri ilə buraxılış
imtahanlarından azad olunurlar. Bununla əlaqədar mayın 15-dən
gec olmayaraq, rayon (şəhər) təhsil şöbəsi
(idarəsi), müvafiq hallarda ümumtəhsil məktəbi və
peşə liseyi tərəfindən nazirliklərə
müşayiətedici məktub və müvafiq sənədlər
təqdim edilməlidir. Məktuba aşağıdakı sənədlər
əlavə olunur:
a) məktəb
direktorunun imzası və məktəbin möhürü ilə
təsdiq olunmuş pedaqoji şuranın qərarından
çıxarış;
b) məktəb
direktorunun imzası və məktəbin möhürü ilə
təsdiq olunmuş buraxılış sinfi üzrə
bütün fənlərdən illik qiymətlərin cədvəli;
c) həkim-nəzarət
komissiyası sədrinin imzası və möhürü ilə
təsdiq olunmuş arayış.
Mayın
15-dən sonra Təhsil Nazirliyinə təqdim olunan sənədlərə
baxılmır.
73.
Sağlamlıq vəziyyəti ilə əlaqədar
şagirdin buraxılış imtahanında
iştirakını məhdudlaşdıran digər fövqəladə
hal baş verdikdə, təqdim edilən sənədlər əsasında
məsələyə fərdi qaydada Təhsil Nazirliyində
baxılır və imtahandan azad olunub-olunmaması barədə
müvafiq qərar qəbul edilir.
74. Səhiyyə
müəssisəsində (xəstəxana, sanatoriya) müalicə
olunmaqla yanaşı, mövcud proqramlar üzrə dərs məşğələləri
keçən IX, XI sinif şagirdləri oxuduqları məktəbin
şagird kontingentindən azad edilmir və onlara yarımillik
(illik) qiymətlər çıxarılarkən həmin səhiyyə
müəssisəsində aldığı qiymətlər əsas
götürülür. Bu kateqoriyadan olan şagirdlər
buraxılış imtahanlarından azad edilirlər.
75.
İllik qiymətləri müsbət olduğu halda, fənn
olimpiadalarının respublika turunda birinci yeri tutmuş
şagirdlər, həmçinin imtahanlar dövründə məktəblilərin
dünya fənn olimpiadalarında və digər beynəlxalq səviyyəli
idman və bilik yarışlarında iştirak edən
şagirdlər Təhsil Nazirliyinin əmri ilə imtahanlardan
azad edilirlər.
76. Beynəlxalq
idman yarışlarına göndəriləcək şagirdlərin
illik qiymətləri müsbət olduğu halda, imtahanlardan
azad olunması üçün Gənclər və İdman
Nazirliyi imtahanların başlanmasına ən azı 10 gün
qalmış yarışın keçirildiyi yer və
müddət, iştirakçı şagirdlərin adı,
soyadı, atasının adı, oxuduğu məktəb və
sinif göstərilməklə Təhsil Nazirliyinə rəsmi
məktubla müraciət etməlidir.
77. Evdə fərdi təhsilə cəlb olunmuş IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarından azad edilməsi məsələsinə Təhsil Nazirliyi tərəfindən aprelin 30-dan gec olmayaraq, yerlərdə fərdi qaydada baxılıb müvafiq qərar qəbul edilir.
VII. Əsas
və orta təhsil haqqında sənədlərin tərtibi və
verilməsi
78. Müəyyən edilmiş qaydalar əsasında IX sinfi bitirmiş şagirdlərə əsas təhsil haqqında şəhadətnamə, XI sinfi bitirmiş şagirdlərə orta təhsil haqqında attestat, peşə liseylərini bitirmiş şagirdlərə peşə haqqında diplom və diploma əlavə oxuduqları məktəb tərəfindən verilir.
79. Səhiyyə
müəssisəsində (xəstəxana, sanatoriya) müalicə
olunmaqla yanaşı, mövcüd proqramlar üzrə tədris
məşğələləri keçən IX və XI sinif
şagirdlərinə şəhadətnamə və attestat həmin
səhiyyə müəssisəsində aldıqları qiymətlər
əsasında daimi oxuduqları məktəb tərəfindən
verilir.
80. Əsas
təhsil haqqında şəhadətnamə və orta təhsil
haqqında attestat şəxsiyyət vəsiqəsi, şəxsiyyət
vəsiqəsi olmadıqda, doğum haqqında şəhadətnamə
əsasında doldurulur.
81. Təhsil
sənədləri qara tuş və ya qara mürəkkəblə
məktəbdə doldurulur.
Attestatlarda
məktəbin direktoru, direktorun təlim-tərbiyə işləri
üzrə müavini, azı üç nəfər müəllim,
şəhadətnamələrdə isə məktəbin
direktoru və üç nəfər müəllim
soyadları göstərilməklə imza edirlər.
İmzalar da qara tuş və ya qara mürəkkəblə
çəkilməlidir.
82. Təhsil
sənədləri aydın xətlə yazılır,
doldurulmamış qrafaların qalmasına, düzəliş
və qaralamalara yol verilmir, sənədi verən məktəbin
adı, nömrəsi və olduğu yer tam göstərilir.
Doldurulmuş təhsil sənədləri müvafiq rayon
(şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən
yoxlandıqdan sonra, blankların möhür üçün
ayrılmış yerində müəssisənin dövlət
gerbli möhürü vurulur, möhür aydın
oxunmalıdır.
83. Təhsil
sənədlərində doldurulmamış qrafalarda xətt
çəkilir.
84.
Doldurulan zaman korlanmış təhsil sənədinin əvəzinə
mövcud qaydalar əsasında yenisi verilir və bu sənəd
dublikat hesab olunmur.
85. Şəhadətnamədə
və attestatda, peşə liseylərində diploma əlavədə
hər bir fənn üzrə qiymət rəqəmlə,
mötərizədə isə sözlə yazılır: 5 (əla),
4 (yaxşı), 3 (kafi).
86. Əsas
təhsil haqqında şəhadətnamə, orta təhsil
haqqında attestat, peşə liseylərində diploma əlavə
doldurularkən şagirdin özündən asılı olmayan
səbəbdən öyrənmədiyi fənnin
qarşısında "öyrənilməmişdir", səhhətinə
görə azad olunduğu fənnin qarşısında isə
"azad edilmişdir" sözləri yazılır.
87.
İmtahanlardan azad edilmiş şagirdlərin təhsil sənədlərinə
illik qiymətləri yazılır.
88. IX və
XI siniflərdə, peşə liseylərinin III kursunda imtahan
aparılan fənlər üzrə təhsil sənədinə
summativ (yekun) qiymət, imtahan aparılmayan fənlərdən
illik qiymətlər yazılır.
89. Təhsil
sənədləri məzunlara təhsil müəssisəsini
bitirdikdən sonra ən geci 10 gün müddətində
müvafiq rayon (şəhər) təhsil şöbəsi
(idarəsi) tərəfindən verilir.
90.
Gündüz ümumtəhsil məktəblərinin nəzdindəki
axşam sinifləri və ya qiyabi qrupların məzunlarına
verilən təhsil sənədində məktəbin
adından sonra mötərizədə uyğun olaraq
"axşam sinfi" və ya "qiyabi qrup" sözləri
yazılır.
91.
Ekstern yolu ilə imtahan verən şagirdlər imtahanlardan
müsbət qiymət aldıqları halda, həmin şəxslərə
əsas təhsil haqqında şəhadətnamə və ya
orta təhsil haqqında attestat ərazi üzrə təhsil
şöbəsinin müəyyən etdiyi məktəb tərəfindən
verilir.
Şəhadətnamə
və ya attestata ilk və sonrakı mərhələdə
keçirilən imtahan qiymətləri yazılır, təhsil
sənədlərində "bitirmişdir" sözündən
əvvəl "ekstern yolu ilə" sözləri əlavə
olunur. Bu Qaydaların 41-ci bəndində göstərilən fənlərdən
imtahan verilmədiyi üçün təhsil sənədlərində
həmin fənlərin qarşısında xətt çəkilir.
Şəhadətnamə
və ya attestata təhsil sənədini verən məktəbin
direktoru, təlim-tərbiyə işləri üzrə
direktor müavini və ilk mərhələdə
imtahanları keçirən komissiyanın 3 nəfər
üzvü imza edirlər. Sənəd həmin məktəbin
möhürü ilə təsdiq olunur.
92. Əsas
təhsil pilləsini bitirən şagirdlər təhsilini həmin
məktəbdə davam etdirdikləri halda, əsas təhsil
haqqında şəhadətnamə məktəbdə
saxlanılır. Şagird orta təhsil kursunu bitirdikdə
şəhadətnamə özünə verilir.
93. Təhsil
sənədləri sahiblərinə şəxsən təqdim
edilir, təhsil sənədi başqa şəxsə etibarnamə
əsasında verilə bilər.
94. Əsas təhsil haqqında şəhadətnamələr əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabında, orta təhsil haqqında attestatlar orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabında, peşə liseylərində diplomlar diplomların alınması və verilməsi qeydiyyatı jurnalında qeyd olunur.
VIII.
Şagirdlərin təltif edilməsi
95. Əsas təhsil haqqında şəhadətnaməyə yazılan bütün fənlərdən illik və yekun qiymətləri "5" olan IX sinif məzunlarına fərqlənmə şəhadətnaməsi verilir.
96. Orta təhsil
haqqında attestata yazılan bütün fənlərdən
illik və yekun qiyməti "5" olan XI sinif məzunlarına
fərqlənmə attestatı verilir.
97. Məzunlara
əsas təhsil haqqında fərqlənmə şəhadətnaməsi
və orta təhsil haqqında fərqlənmə attestatı
verilməsi barədə qərarı məktəbin pedaqoji
şurası çıxarır.
98. Əsas
təhsil və ya orta təhsil buraxılış
imtahanlarından azad edilən məzunlara fərqlənmə
şəhadətnaməsi və ya attestatı verilmir.
99. Özlərindən asılı olmayan səbəblərə
görə xarici dilləri öyrənməyən məzunlara
fərqlənmə şəhadətnaməsi və ya
attestatı, səhhətinə görə fiziki tərbiyə
və əmək hazırlığı fənlərindən
azad edilən IX sinif şagirdlərinə fərqlənmə
şəhadətnaməsi, fiziki tərbiyə, gənclərin
çağırışaqədərki
hazırlığı fənlərindən azad edilən XI
sinif şagirdlərinə isə fərqlənmə
attestatı bu təlimatın 95-ci, 96-cı və 97-ci bəndlərinin
tələbləri gözlənilməklə verilə bilər.
100. IX və
XI sinif şagirdlərinin şəhadətnamə və
attestatına, peşə liseylərinin III kurs şagirdlərinin
diploma əlavəyə yazılan illik və yekun qiymətlərinə
yenidən baxılmasına icazə verilmir.
101. IX və
XI sinif məzunlarına fərqlənmə şəhadətnaməsi
və attestatı təntənəli şəraitdə təqdim
edilir.
102. Fərqlənmə
şəhadətnaməsi və attestatlarının verilməsinə
nəzarət Təhsil Nazirliyi, müvafiq rayon (şəhər)
təhsil şöbəsi (idarəsi) və təhsil müəssisələri
tərəfindən həyata keçirilir.
103. Orta
ümumtəhsil məktəbini fərqlənmə
attestatı ilə bitirmiş məzunların adları məktəbin
şərəf lövhəsinə yazılır.
Azərbaycan müəllimi.-2009.-1
may.-S.7.