Təhsil naziri Rusiya Federasiyasının səfirini qəbul edib

 

Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib.

Azərbaycanla Rusiya Federasiyası arasında təhsil sahəsində mövcud olan əlaqələrdən, səmərəli əməkdaşlıq ənənələrindən bəhs edən təhsil naziri respublikamızda rus dilinin tədrisi barədə fikirlərini bildirib. ölkəmizin orta məktəblərində oxuyan şagirdlərin 8 faizinin rus dilində təhsil aldığını, ali məktəblərdə isə bu göstəricinin daha yüksək olduğunu nəzərə çatdıran Misir Mərdanov Azərbaycanda Rusiya Federasiyasının iki ali məktəbinin filialının fəaliyyət göstərdiyini qeyd edib. Nazir deyib ki, cari ilin fevral ayının 27- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəsmi açılış mərasimində şəxsən iştirak etməsi dövlətlərarası münasibətlərimizin yüksək səviyyədə təşəkkül tapmasının respublikamızda təhsil sahəsinin inkişafına göstərilən həssas münasibətin təzahürüdür. Son illərdə Azərbaycanda yeni tikilən əsaslı təmir edilən tədris ocaqlarının sayının 3000-dən artıq olduğunu vurğulayan nazir bu baxımdan Heydər Əliyev Fondunun səmərəli fəaliyyət göstərdiyini, Azərbaycan təhsilinə layiqli töhfələr verdiyini söyləyib.

Orta məktəblərdə rus dilinin tədrisi ilə bağlı məsələlərə toxunan nazir hələ keçmiş sovetlər dövründən bu sahədə bəzi nöqsanların olduğunu, onların aradan qaldırılması üçün müvafiq tədbirlərə ehtiyac duyulduğunu vurğulayıb. Müzakirələr əsnasında qərara alınıb ki, bununla bağlı gələn ayın sonlarında Azərbaycanın təhsil işçilərindən ibarət nümayəndə heyəti Rusiya Federasiyasından olan həmkarları ilə müzakirələr aparmaq üçün Moskvaya səfər etsinlər. Azərbaycanın Rusiya Federasiyası ilə tələbə magistr mübadiləsi sahəsində yaxından əməkdaşlıq etdiyini söyləyən Misir Mərdanov 198 rusiyalı gəncin Azərbaycan universitetlərində, 200-dən çox azərbaycanlı tələbənin isə dövlət xətti ilə Rusiya ali məktəblərində təhsil aldığını bildirib.

Fəaliyyəti dövründə hər zaman təhsil sahəsinə xüsusi önəm verdiyini qeyd edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan təhsl sisteminin düzgün istiqamətdə inkişafını, tədrisin müxtəlif dillərdə aparılmasına yaradılan sərbəst şəraiti yüksək dəyərləndirib. Səfir bildirib ki, Rusiya tərəfi digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində Azərbaycanla əlaqələrin daha da yaxşılaşdırılması əməkdaşlığın genişləndirilməsi xəttinə sadiqdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, təhsil sahəsindəki əlaqələrin inkişafından razılıq ifadə olunub.

 

 

Azərbaycan müəllimi.-2009.-1 may.-S.2.