"Ulu öndər Heydər Əliyevi düşünərkən..."
Aprelin
25-də akademik Zərifə Əliyeva adına məktəbdə
ümummilli lider Heydər Əliyevin anadan olmasının
86-cı ildönümü münasibətilə ümumtəhsil
məktəblərinin şagirdləri arasında təşkil
olunan inşa müsabiqəsinin yekun mərhələsi
keçirildi.
Müsabiqənin
təntənəli açılış mərasimində Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan
Partiyası sədrinin müavini, icraçı katib Əli Əhmədov,
millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov,
müsabiqənin Təşkilat Komitəsinin üzvləri və
KİV nümayəndələri iştirak edirdilər.
Mərasim
iştirakçılarını salamlayan təhsil naziri Misir
Mərdanov dünya azərbaycanlılarının iftixarı,
ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının
ildönümlərinə həsr olunmuş inşa müsabiqəsinin
artıq bir ənənəyə çevrildiyini qeyd etdi. Əvvəlki
illərdə yazılmış hər bir inşada, yer
tutmasından və mükafata layiq görülməsindən
asılı olmayaraq, dahi rəhbərimizə sonsuz sevgi və
məhəbbət duyulduğunu deyən nazir əmin
olduğunu bildirdi ki, müsabiqəyə qatılan şagirdlərdən
heç biri əlinə qələm götürüb
yazmağa başlayarkən qalib olmaq barədə
düşünmür. Onlar səmimi hisslərini ifadə etməklə
ulu öndərin müqəddəs ruhu qarşısında
sanki öz mənəvi borclarını verirlər.
Məktəblilərin
ulu öndərə həsr olunan bu müsabiqələrə
böyük maraq və həvəs göstərmələrini
çox əlamətdar bir hal kimi dəyərləndirən təhsil
naziri məlumat verdi ki, hər il olduğu kimi, bu il də rayon
(şəhər) mərhələsində minlərlə
VII-XI sinif şagirdi iştirak etmiş, şərtə
görə hər rayon və şəhərdən yalnız
bir nəfər yekun mərhələsinə vəsiqə
qazanmışdır. Nazirlik tabeliyindəki ümumtəhsil məktəblərinin
şagirdləri də daxil olmaqla, bütövlükdə 89
şagird bu mərhələdə iştirak etmək
hüququ qazanmışdır. İnşa müsabiqəsi
eyni şərtlər daxilində Naxçıvan Muxtar
Respublikasında da ayrıca keçirilir və qaliblər
yüksək səviyyədə
mükafatlandırılır.
Professor
Misir Mərdanov bu il müsabiqənin ilk dəfə olaraq
akademik Zərifə Əliyeva adına məktəbdə
keçirilməsinin rəmzi məna
daşıdığını vurğuladı. Qeyd etdi ki, Zərifə
xanım ulu öndərimizin ömür-gün yoldaşı
kimi ona daim mənəvi dayaq olmuşdur və bu böyük
insanların birgə ailə həyatları da nəsillərə
ibrətamiz nümunədir.
Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı
ilə keçirilən builki müsabiqədə tətbiq
olunan yeniliklər haqqında danışan təhsil naziri
iştirakçılara eksklüziv nümunədə
qızlar və oğlanlar üçün fərqli rənglərdə
hazırlanmış dəftər, qələm və üzərində
ulu öndərin şəkli olan döş nişanı təqdim
edildiyini diqqətə çatdırdı. O, müsabiqəyə
ümummilli lider Heydər Əliyevin anadan olmasının
ildönümünədək yekun vurulacağını,
qaliblərə mükafat və müxtəlif hədiyyələr
veriləcəyini və ən yaxşı işlərin toplu
şəklində nəşr ediləcəyini bildirdi.
Təhsil
naziri Misir Mərdanov çıxışının sonunda Təşkilat
Komitəsi adından müsabiqə
iştirakçılarına uğurlar arzuladı və bura
toplaşan, eləcə də digər məktəblilərin
müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin
şanlı həyat yolunu özü üçün örnək
seçəcəklərinə, bu yolun sadiq
davamçısı olan Prezident İlham Əliyevin məqsədyönlü
fəaliyyəti nəticəsində yaranmış imkanlardan
səmərəli bəhrələnməklə XXI əsrin
layiqli vətəndaşları olacaqlarına və ölkəmizi
ən yüksək səviyyələrdə ləyaqətlə
təmsil edəcəklərinə inandığını
söylədi.
Azərbaycan
Respublikasının Dövlət himni səsləndikdən
sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan
edildi və şagirdlər "Ulu öndər Heydər Əliyevi
düşünərkən..." adlı inşa yazmağa
başladılar.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-1 may.-S.1, 2.