Təhsil nazirinin rəhbərlik
etdiyi nümayəndə
heyəti İordaniyada
səfərdə olub
Azərbaycan Respublikasının təhsil
naziri, professor Misir Mərdanovun rəhbərlik
etdiyi bir qrup təhsil işçisindən ibarət nümayəndə
heyəti aprelin 19-dan 24-dək İordaniya Haşimilər Krallığında
səfərdə olub. Səfərdə məqsəd İordaniyanın
təhsil sistemi ilə tanışlıq,
iki ölkə arasında təhsil sahəsində mövcud əlaqələrin inkişaf
etdirilməsi, daha geniş əməkdaşlıq
imkanlarının müəyyənləşdirilməsi
idi. Nümayəndə heyəti zəngin
səfər proqramı
çərçivəsində dost ölkənin təhsil və elm nazirliklərində, bir sıra ali
təhsil müəssisələrində
və orta məktəblərdə görüşlər
keçirib, İordaniya
təhsil sistemi ilə yaxından tanış olub.
İlk görüş İordaniya
Tərbiyə və Təhsil Nazirliyində olub. Qonaqları salamlayan İordaniyanın
tərbiyə və təhsil naziri cənab Təysir Nüeymi Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanovu öz ölkələrində görməsindən
məmnunluq duyduğunu
bildirib və səfərin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayacağını vurğulayıb.
Görüş zamanı
qeyd olunub ki, Azərbaycan Respublikasının müstəqilliyini
ilk tanıyan dövlətlərdən biri
olan İordaniya Haşimilər Krallığı
ilə ölkəmiz arasında diplomatik münasibətlər 1993-cü ilin fevralında qurulub və elə həmin ildən də müxtəlif sahələrdə
əməkdaşlıq inkişaf etməyə başlayıb.
2006-cı ilin avqustunda İordaniya Kralı II Abdullahın Azərbaycana, 2007-ci ilin iyulunda isə Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Haşimilər
Krallığına rəsmi
səfəri, sonuncu səfər zamanı imzalanmış 15 ikitərəfli
saziş ölkələrimiz
arasında əməkdaşlığın
daha da genişlənməsinə
güclü təkan verib.
Görüşdə iki
ölkə arasında
təhsil sahəsində
mövcud əlaqələrdən
söz açılaraq
qeyd olunub ki, ötən il yanvarın sonu və fevralın
əvvəlində iordaniyalı
mütəxəssislərdən ibarət nümayəndə
heyətinin ölkəmizə
səfəri Azərbaycanla
İordaniya arasında
təhsil sahəsində əməkdaşlıq imkanlarının
öyrənilməsi baxımından
mühüm əhəmiyyət
kəsb edib.
Görüş zamanı İordaniyanın
orta təhsil sistemi haqqında təqdimat olub. Qonaqlara məlumat verilib ki, İordaniyada
məktəbəqədər təhsil 3 il, orta məktəb isə 12 il davam edir. Orta
məktəb iki pilləyə bölünür.
İlk pillədə təhsil 10, son pillədə 2 ildir. ölkədə dövlət
və özəl məktəblər fəaliyyət
göstərir. Paytaxt
Əmmanda şagirdlərin
təxminən 70 faizi
özəl məktəblərdə
təhsil alır. Təhsilin ilk pilləsində şagirdlər
müxtəlif fənlər
üzrə 10 il tədris keçirlər.
Davamiyyəti və uğurları ilə seçilən şagirdlər
təhsillərini sonrakı
pillədə davam etdirərək kamillik attestatı alır və ali məktəblərə
daxil olmaq imkanı qazanırlar.
Orta məktəbin son pilləsində ilk pilləni uğurla bitirən və yaşları 16-18 arasında
olan şagirdlər oxuyurlar. Onlar bu təhsil səviyyəsində 9 fənn
öyrənirlər. Orta
təhsili bitirmək və kamillik attestatı almaq üçün şagirdlər
"təvcihi" adlanan
vahid imtahan yoxlamasından keçməlidirlər.
Ali məktəblərə
sənəd verərkən
"təvcihi"nin
nəticələri xüsusi
əhəmiyyət kəsb
edir. Belə ki, bu imtahan
zamanı aşağı
nəticələr göstərmiş
abituriyentlərin yüksək
tələbat olan ixtisaslara yerləşdirilməsi
ehtimalı azalır.
İordaniya universitetlərində ali təhsil beynəlxalq standartlara uyğun həyata keçirilir. Tələbələr bakalavr dərəcəsi
almaq üçün
4, magistr dərəcəsi
almaq üçün
2, doktorluq dərəcəsi
almaq üçünsə
3-4 il təhsil almalıdırlar. İordaniyada
həm dövlət, həm də özəl ali məktəblər fəaliyyət
göstərir. Ali
məktəblərin sayı
24-dür. Onlardan 10-u dövlət,
14-i isə özəl
təhsil müəssisəsidir.
Görüşdə Azərbaycan
məktəblərində informasiya-kommunikasiya
texnologiyalarının geniş
şəkildə tətbiqi,
ingilis və ərəb dilləri üzrə proqramların və müəllimlərin
hazırlanması, şagird
və müəllimlərin
mübadiləsi, müəllimlərin
qarşılıqlı olaraq
müxtəlif konfranslarda
və treninqlərdə
iştirakı və s. istiqamətlərdə əməkdaşlıq
imkanlarının mümkünlüyü
qeyd olunub, bir sıra digər
məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Sonra təhsil naziri Misir Mərdanov İordaniya ali təhsil və elmi tədqiqatlar naziri cənab Valid Məani ilə görüşüb.
Səmimi və qarşılıqlı anlaşma
şəraitində keçən
görüşdə Misir
Mərdanova və nümayəndə heyətimizin
üzvlərinə İordaniyanın
ali təhsil sistemi və ölkədə aparılan
elmi-tədqiqatların
istiqamətləri barədə
ətraflı məlumat
verilib.
Nümaynədə heyətimiz İordaniya
Universitetini də ziyarət edib, bu ali təhsil
ocağının rektoru,
professor Xalid Kəraki ilə görüşüb.
Universitetlə tanışlıq zamanı
qonaqlara məlumat verilib ki, İordaniya
Universiteti ölkənin
ən qocaman və nüfuzlu təhsil ocaqlarındandır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci ilin 29-30 iyul tarixində İordaniyada rəsmi səfərdə
olarkən İordaniya
Universiteti tərəfindən
siyasi elmlər üzrə fəxri doktor adı ilə təltif edilmiş, universiteti ziyarət edərək təltifetmə mərasimində
iştirak etmiş, professor-müəllim heyəti qarşısında nitq söyləmişdir.
1962-ci ildə təsis olunmuş İordaniya Universitetində hazırda
18 fakültə və
13 elmi-tədqiqat mərkəzi fəaliyyət
göstərir. Bu ali təhsil ocağında 39 min tələbə, o cümlədən 4 min xarici vətəndaş təhsil alır. Universitet nəzdində Yaxın Şərqdə ən böyük kitabxanalardan biri fəaliyyət göstərir.
Burada 750 mindən çox kitab və digər vəsaitlər oxucuların
istifadəsindədir. Tələbələrin informasiya texnologiyaları sahəsində biliklərə
yiyələnməsi üçün
universitetdə İnternetə
qoşulmuş kompüter
mərkəzləri, tələbələrə
tibbi xidmət göstərmək və tibb fakültələrində
təhsil alan tələbələrin təlim
keçməsi üçün
ixtisaslaşmış
xəstəxana vardır.
Universitetdə keçirilən
görüş zamanı
Azərbaycan tərəfi
Heydər Əliyev adına təqaüdün
təsis edilməsi və hər ay İordaniya Universitetinin 2 əlaçı
tələbəsinə həmin
təqaüdün verilməsi,
İordaniya universitetləri
tələbələrinin Azərbaycanla
yaxından tanış
olması üçün bir neçə tələbənin
hər il ölkəmizə səfərinin
təşkili, təhsil
sahəsində əməkdaşlıq
üzrə ikitərəfli
sənədin - memorandumun
imzalanması və s. kimi təkliflər
irəli sürüb və onlar razılıqla
qarşılanıb.
Səfər proqramı çərçivəsində
daha bir görüş İordaniya
Təhsil Təşəbbüsünün
müdiri ilə olub. Görüşdə
Təşəbbüs haqqında
təqdimat keçirilib.
Kraliça Raniya əl Abdullah adına Təhsil və Texnologiya Mərkəzi ilə tanışlıq da Azərbaycan nümayəndə heyətinin
böyük marağına
səbəb olub. Mərkəzdə olarkən
qonaqlara İordaniya təcrübəsi haqqında
geniş məlumat verilib.
Nümayəndə heyətimiz habelə
İordaniyanın paytaxtı
Əmmandan 70 km məsafədə yerləşən
İrbid şəhərindəki
İordaniya Elm və Texnologiya Universitetində olub, universitetin rektoru, professor Vajih üveyslə görüşüb.
Universitetlə yaxından tanış
olan qonaqlara məlumat verilib ki, 1986-cı ildə təsis edilmiş bu ali məktəbdə hazırda 12 fakültə
və 11 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir,
20 min, o cümlədən 1500 xarici
vətəndaş təhsil
alır. Elm və Texnologiya Universitetində texniki elmlər və informasiya-kommunikasiya texnologiyaları
sahəsində, mühəndislik
və digər istiqamətlərdə yüksək
səviyyədə mütəxəssislər
hazırlanır.
Təhsil naziri Misir Mərdanov və nümayəndə heyəti səfər zamanı iki dövlət məktəbində,
İordaniya Təhsil Təşəbbüsü tərəfindən
idarə edilən iki məktəbdə, uşaqlar üçün
Elmi-tematik Muzeydə olub, onların fəaliyyəti ilə maraqlanıb.
Hər iki tərəf üçün faydalı
olan səfər Azərbaycanla İordaniya arasında təhsil sahəsində geniş əməkdaşlıq perspektivləri
olduğunu aşkara çıxarıb.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.-2009.-1
may.-S.4.