Təhsil Nazirliyində görüş
Aprelin 28-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Yannyan ilə görüşüb.
Azərbaycanda təhsilin müasir tələblər səviyyəsinə yüksəldilməsi yönündə görülən kompleks işlərdən, həyata keçirilən islahatlardan bəhs edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət siyasətində təhsil sektoruna xüsusi önəm verildiyini diqqətə çatdırıb. ölkə təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirən nazir qeyd edib ki, atılan məqsədyönlü addımlar sayəsində dünya təhsil sisteminə inteqrasiya istiqamətində ciddi uğurlar qazanılıb və bir çox ölkələrlə səmərəli, qarşılıqlı əlaqələrin inkişafına nail olunub. Respublikamızda təhsilin bütün pillələrində müşahidə edilən müsbət dəyişikliklərə toxunan təhsil naziri xarici ölkələrlə qarşılıqlı tələbə mübadiləsi istiqamətində görülən işlərdən, 2007-2015-ci illərdə 5000 azərbaycanlı gəncin dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilməsini nəzərdə tutan Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən söhbət açıb.
Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrinin əsas istiqamətlərinin tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarında yaxından iştirak etməkdən ibarət olduğunu söyləyən nazir 2008-2009-cu dərs ilində ölkəmizdə 7000-dən artıq əcnəbi tələbənin təhsil aldığını nəzərə çatdırıb. Misir Mərdanov Azərbaycanın ali məktəblərində oxuyan çinli tələbələrin sayının 228 nəfər olduğunu bildirib və təhsil sahəsində çin Xalq Respublikası ilə əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib.
Təmsil etdiyi ölkənin təhsil sisteminin strukturu haqqında ətraflı məlumat verən çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Can Yannyan iki ölkə arasında təhsil sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etməsi, müvafiq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti və digər məsələlər barədə fikirlərini bildirib. Səfir qeyd edib ki, çin Dövləti Azərbaycanla əlaqələrin dərinləşməsinə xüsusi önəm verir və bu baxımdan təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə maraq göstərir.
Görüşdə hər
iki ölkə arasında təhsil sahəsinə dair
qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə edilib, gələcək əməkdaşlığın
əsas istiqamətlərindən söhbət
açılıb.
Azərbaycan müəllimi.-2009.-1
may.-S.2.