Təhsil Nazirliyinin rəhbər işçiləri ali məktəb rektorları Heydər Əliyev Fondunda olublar

 

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazir müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri, paytaxtda yerləşən ali məktəblərin rektorları ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi ilə əlaqədar böyük öndərin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün mayın 4-də Heydər Əliyev Fondunu ziyarət etdilər.

Təhsil işçiləri Fondu gəzərək buradakı zəngin ekspozisiya ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülən, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar maraqla qarşılandı. ümummilli liderin Bakıda, Naxçıvanda və Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyətinin hər iki dövründə ölkənin müxtəlif sahələrində həyata keçirilən layihələr, qazanılan uğurlar da Fondun ziyarətçilərində böyük maraq doğurdu. Zəngin ekspozisiya şərəfli ömür salnaməsini xatirələrdə bir daha canlandırdı.

Təhsil işçiləri ulu öndər Heydər Əliyevin mədəniyyətə, elmə, təhsilə, bu sahələrdə çalışan insanlara diqqət qayğısı, dünyanın müxtəlif bölgələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən stendlərə guşələrə maraqla baxdılar.

Ekspozisiya ilə tanışlıqdan sonra təhsil işçiləri Fondun fəaliyyətinə həsr olunan filmə tamaşa etdilər. Sonra təhsil naziri Misir Mərdanov Fondun 5-illik yubileyi ilə bağlı təhsil işçilərinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları təbriki, ən xoş istək arzularını çatdırdı. Nazir qeyd etdi ki, təhsil işçiləri ulu öndər Heydər Əliyevin nəcib xeyirxah əməllərini yaşadan Fondun bütün sahələrdə, xüsusilə təhsildə həyata keçirdiyi layihələri minnətdarlıqla qarşılayırlar.

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.-2009.-8 may.-S.2.