Təhsil naziri Yevlax və Zaqatala rayonlarında olub
Mayın 5-də Yevlax rayonunun Mərkəzi Elektron Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş "Heydər Əliyev- müasir Azərbaycan dövlətinin banisidir" mövzusunda elmi-praktik konfrans və Heydər Əliyev adına sarayda təhsil işçilərinin iştirakı ilə müşavirə keçirildi.Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rəhbərləri, KİV əməkdaşları və başqa qonaqlar iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Yevlax Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Sonra rayondakı 8 nömrəli orta məktəbin açılış mərasimi oldu.
Tədbiri giriş sözü ilə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq sözü təhsil naziri Misir Mərdanova verdi. Nazir xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdikləri əvəzsiz qayğı və diqqətdən ətraflı danışdı.
Qonaqlarla birlikdə Heydər Əliyev muzeyində olan nazir Xatirə kitabına ürək sözlərini yazdı.
Ertəsi gün Zaqatala rayonuna gələn təhsil naziri Misir Mərdanov rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovla birlikdə Heydər Əliyev adına parkda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydu, sonra akademik Zərifə Əliyeva adına liseyə baş çəkdi.
Həmin gün təhsil naziri Misir Mərdanov Zaqatala şəhərində 320, Mazıx kəndində 220 şagird yerlik yeni inşa edilmiş orta məktəblərin və Mamrux kəndində təzə tikilmiş 40 yerlik uşaq bağçasının açılış mərasimlərində iştirak etdi. Sonra rayonun Suvagil kənd Mədəniyyət evində təhsil işçilərinin iştirakı ilə müşavirə keçirildi.
Müşavirədə Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsindən və təhsil işçiləri qarşısında duran mühüm vəzifələrdən söhbət açan nazir Misir Mərdanov bildirdi ki, ölkə başçısı, ölkə ictimaiyyəti təhsil işçilərindən bu gün daha keyfiyyətli təhsil gözləyir.
Rayonlarda keçirilən sınaq imtahanlarının nəticələrinə də münasibətini bildirən nazir hər iki rayon üzrə nəticəsi aşağı olan məktəblərin rəhbərlərinin işindən narazı qaldığını vurğuladı və bu sahədə ciddi tədbir görüləcəyini nəzərə çatdırdı.
(Ətraflı məlumat
qəzetimizin növbəti
nömrəsində dərc
ediləcək).
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.-2009.-8 may.- S.2.