İngilis dili təlim kursunu bitirən müəllimlərə sertifikatlar təqdim olundu

 

Mayın 1-də Bakıdakı 23 nömrəli orta məktəbdə "British Council" beynəlxalq təşkilatı tərəfindən 7 pilot məktəbinin 55 ingilis dili müəllimi üçün keçirilən birhəftəlik təlim kursunun başa çatması ilə əlaqədar təqdimat mərasimi keçirildi.Tədbiri giriş sözü ilə "British Council"un proqramlar üzrə meneceri Gülşən Hüseynova açaraq bildirdi ki, bu beynəlxalq təşkilat fəaliyyətini Böyük Britaniyanın digər ölkələrlə təhsil və mədəniyyət əlaqələrini inkişaf etdirmək istiqamətində daha da genişləndirir. "British Council" Təhsil Nazirliyi ilə birgə müəllimlər üçün yeni və dinamik ingilis dili təlim kursu hazırlayıb və ilk dəfədir ki, belə bir layihə həyata keçirir.

Bu təlim kursunun bir hissəsi artıq 2008-ci ilin iyulunda həyata keçirilmişdir. Bakının 23, 134, 6, 7 nömrəli məktəblərində, "Ankara məktəbi" məktəb-liseyi və S.C.Pişəvəri adına humanitar liseydə işləyən 55 müəllimin I və V siniflərdə dedikləri dərslərin müşahidələri "British Council"in trenerləri tərəfindən aparılmış, sonra isə bu iş II və VI siniflər üçün aprelin 27-dən mayın 1-dək ikinci fazada həyata keçirilmişdir. Təlim kurslarının aparılmasında Böyük Britaniyanın dünya şöhrətli ingilis dili mütəxəssisi Julietta xanımın əməyi böyük olmuşdur.

Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunu Təhsil Nazirliyi maliyyələşdirib və yeni olan bu təşəbbüs müasir təlim metodlarını təqdim etməklə, Bakının ən aparıcı 55 ingilis dili müəlliminin təkmilləşdirilməsini həyata keçirib.Təməli qoyulmuş bu işin yaxın gələcəkdə bütün məktəblərdə tətbiq olunmasının əhəmiyyətindən söz açan Misir Mərdanov ingilis dili üzrə savadlı kadrların hazırlanması ilə yanaşı, rus dilinin də vacibliyini vurğuladı.

Məktəb rəhbərlərindən və xarici dil müəllimlərindən bu işə məsuliyyətlə yanaşmağı tələb edən nazir, Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlığa görə "British Council" beynəlxalq təşkilatının əməkdaşlarına təşəkkürünü bildirdi.

Sonra 7 pilot məktəbinin 55 ingilis dili müəlliminə təhsil naziri Misir Mərdanov və xanım Julietta tərəfindən sertifikatlar təqdim olundu.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-8 may.-S.2.