"Azərbaycan - dünyam mənim" müsabiqəsinə yekun vuruldu

 

Mayın 7-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş "Azərbaycan - dünyam mənim" yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirdiyi müsabiqənin yekun konfransı məktəblilərdən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başladı.

Mərasimi giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ölkəmizdə istedadlı uşaq və gənclərin üzə çıxarılması sahəsində müvafiq tədbirlərin həyata keçirildiyini və onların daim xüsusi qayğı ilə əhatə olunduğunu qeyd etdi. İlk dəfə ötən dərs ilində təşkil edilmiş və artıq ənənəvi olaraq hər il keçiriləcək bu müsabiqə haqqında məlumat verən N.Rzaquliyeva bildirdi ki, VIII-XI sinif şagirdlərini əhatə edən 3 layihə üzrə (ədəbi-bədii, elmi-tədqiqat, kompüter layihələri) keçirilən istedad yarışında 45 mindən artıq şagird iştirak etmiş, onlardan yalnız 74 nəfəri qalib adını qazanmışdır.

Sonra hər 3 layihənin ayrı-ayrı nominasiyaları üzrə qalibləri səhnəyə dəvət olundu və onlara mükafatlar təqdim edildi.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev bu müsabiqənin xüsusi qabiliyyətə malik uşaq və gənclərin inkişafında əhəmiyyətli rolundan bəhs etdilər, qalibləri, onların müəllimlərini və valideynlərini təbrik edərək şagirdlərə daha böyük uğurlar arzuladılar. Sonra çıxış üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri ulu öndərin anadan olmasının ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsini təqdirəlayiq hadisə kimi dəyərləndirdi və bu ənənənin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğuladı. Professor Misir Mərdanov qeyd etdi ki, istedadlı uşaqları aşkara çıxarmaqla iş bitmir, qarşıda duran ən mühüm vəzifə seçilən şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafı üçün hərtərəfli şəraitin yaradılmasına nəzarət etmək və onları qayğı ilə əhatə etməkdir.

Minlərlə iştirakçının arasından ən layiqlilərinin seçilməsinin çox məsuliyyətli bir iş olduğunu deyən təhsil naziri bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşlarına, müsabiqənin Təşkilat Komitəsi və münsiflər heyətinin üzvlərinə, müəllim və valideynlərə öz təşəkkürünü bildirdi. Qaliblər adından çıxış edən Badam İslamova gənclərin öz xüsusi istedad və qabiliyyətlərini nümayiş etdirmələri üçün yaradılan şəraitə görə minnətdarlıq etdi.

Şagirdlər tədbirdə iştirak edən fəxri qonaqlarla xatirə şəkli çəkdirdilər.

Mərasimin sonunda yaradıcılıq müsabiqəsinin qaliblərinin ifasında maraqlı bədii proqram təqdim olundu.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.-2009.-8 may.-S.2.