Heydər Əliyevin tövsiyələri həyat devizimizdir

 

Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın... Əgər biz bu yolla gediriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik.

 

Heydər ƏLİYEV

 

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi iqtisadi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmişdir. Bütün bunlar ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaratmışdır.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir.

Respublikamızın maliyyə imkanlarının müxtəlif mənbələrdən, xüsusilə neftdən gələn gəlirlər hesabına ilbəil artması nəticəsində təhsilə ayrılan vəsait hər il davamlı olaraq artır. Ölkə büdcəsində təhsil çəkisinə görə ikinci yerdədir.

Müstəqil Azərbaycanda keyfiyyətli biliyə söykənən təhsil sisteminin təməli ulu öndər Heydər Əliyev tərəfindən 1999-cu ildə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ilə qoyulmuşdur. Cəmiyyətin tərəqqisinin başlıca amilləri olan elm mədəniyyətin, xalqın intellektual potensialının formalaşdırılması, gənc nəslin yüksək hazırlıq səviyyəsinin təmin edilməsi müddəaları Proqramın ideya istiqamətinə çevrilərək təhsil sistemimizin ən zəruri vəzifəsini müəyyənləşdirmişdir.

Ümummilli liderimiz Heydər Əliyev 1997-ci ildə "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında", 1998-ci ildə "Uşaq hüquqları haqqında", 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" "Azərbaycan əlifbası Azərbaycan Dili Gününün təsis edilməsi haqqında", 2002-ci ildə "Gənclər siyasəti haqqında" bir sıra tarixi fərmanlar sərəncamlar imzalamışdır.

Gənclərin mənəvi tərbiyəsi ümummilli liderimizin daim diqqət mərkəzində olmuşdur. O, gəncləri həyatda fəal mövqe tutmağa, vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırdı. Ulu öndər deyirdi: "Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun".

Heydər Əliyev gənclərin qüvvəsinə, bilik bacarığına inanır onları yüksək qiymətləndirirdi. O, ümumtəhsil məktəbləri şagirdləri ilə "Bilik Günü" həsr olunmuş tədbirlərdə, ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşlərində gənc nəsli biliklərə əzmlə yiyələnməyə, Vətənin ləyaqətli övladları olmağa səsləyirdi: "Bizim məqsədimiz müstəqil Azərbaycanın gələcəyi üçün daha bilikli, zəkalı gənclər hazırlamaqdır... Siz Azərbaycanın gələcəyini təmin edən insanlar olacaqsınız. Azərbaycan gələcəkdə sizin kimi gənclərin, formalaşmış insanların çiyinlərində yaşayacaqdır".

Heydər Əliyev irsində azərbaycançılıq ideyası xüsusi yer tutur. Ulu öndər respublikamızda xalqların vahid ailədə yaşamalarının vacibliyini vurğulayır diqqətə çatdırır ki, Azərbaycan bu ölkədə yaşayan xalqların hamısı üçün Vətəndir: "Biz azərbaycanlıyıq, hamımızın Vətəni Azərbaycandır. Bizi bir xalq, bir millət, bir insan olaraq bu torpaq ərsəyə gətirmişdir. Buna görə bizim hər birimizin canında azərbaycançılıq ruhu yaşayır. Bizi bir-birimizə bağlayan daha çox birləşməyə sövq edən azərbaycançılıq ruhu, azərbaycançılıq ideyası olmalıdır. Hər bir dövlətin milli ideologiyası olur. Müstəqil Azərbaycan Respublikasının milli ideologiyası da azərbaycançılıq ideologiyasıdır".

Ümummilli lider tariximizi dərindən bilməyin vacibliyini vurğulayarkən diqqəti aşağıdakı məsələlərə yönəldirdi: "Əgər bunu bilmirsə, o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər onu bilməsə, o, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz".

Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malikdir. "Beynəlxalq Məktəbəqədər Tərbiyə Müəssisəsi" - ABU təhsil kompleksinin ilk pilləsi olaraq, müəssisədə tərbiyə alan uşaqlara vətənpərvərlik hissinin aşılanmasına xüsusi önəm verir. Burada vətənpərvərlik mövzusunu əks etdirən Dövlət bayrağımıza, suvenirlərə, plakatlara, şəkillərə hər tərəfdə rast gələ bilərik. Hər səhər uşaqlar Azərbaycanın Dövlət himnini əllərini ürəklərinin üstünə qoyaraq ifa edirlər. Vətəni sevmək kimi yüksək əxlaqi hiss məktəbəqədər yaşlı uşaqlarda hər şeydən əvvəl Vətən vətənpərvərlik haqqındakı təsəvvürlərə yiyələnmə nəticəsində yaranır. Biz bilirik ki, bu gün gələcəyin əsgərini, zabitini, tibb bacısını tərbiyə etmək qədər məsuliyyətli işdir.

Bağçamızda Azərbaycanın tarixini əks etdirən muzey təşkil olunub. Burada xalqımızın keçmişinə dair maraqlı eksponatlar toplanmışdır. Bizim devizimiz budur: "Keçmişini bilməyən xalqın gələcəyi yoxdur".

Ümummilli liderimiz, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tövsiyələri bu gün də, gələcəkdə də xalqımız üçün örnək olacaqdır.

 

 

Mehriban ŞİRZADOVA

 

Azərbaycan müəllimi.-2009.-8 may.-S.2.