Dağlarının başı dumanlı Şuşa
Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən
qoyulan Şuşanın
başını 17 ildir
ki, "dumanlar" alıb. 1992-ci il
mayın 8-də erməni
qəsbkarları tərəfindən
işğal olunan Şuşanın hər qarış torpağı
tarixi hadisələrin,
memarlıq abidələrinin,
görkəmli şəxsiyyətlərin,
istedadlı insanların
məskəni idi.
Dəniz səviyyəsindən 1400-1500 metr
yüksəklikdə yerləşən,
dağ-iqlim kurortu olan
Şuşanın işğalına yol Meşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan, Xocalıdan keçdi. Şuşanın işğalı bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbə oldu, onun sakinləri üçün bir dərd yarandı.
1992-ci ilin mayında
Artıq 17 ildir ki, bu qədim və müqəddəs torpaq erməni işğalçıları tərəfindən zəbt edilib. Mədəniyyət və təhsil ocaqları - 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 241 tarixi abidə dağıdılmış, viran edilmişdir.
Şuşanı "şərqin konservatoriyası" adlandırırlar.
Bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin,
böyük bəstəkarlarının
vətənidir. Cabbar
Qaryağdı oğlu,
Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid
Behbudov, Üzeyir Hacıbəyov,
Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən
şuşalıdırlar. Tanınmış
yazıçılar S.S.Axundov,
Ə.Haqverdiyev, N.B.Vəzirov,
Y.V.Çəmənzəminli, Q.B.Zakir,
Natəvan, rəssam Toğrul Nərimanbəyov,
heykəltəraş Cəlal
Qaryağdı və başqaları bu şəhərdə doğulmuşlar.
Görkəmli alimlər Validə
Tutayıq, Səttar Əsədov, Cəlal Allahverdiyev, Nazim
Axundov, M.Rüstəmov, K.Abdulla, Ə.Əhmədov,
A.Hacıyev və başqaları Azərbaycan elmində öz
sözünü demiş şəxsiyyətlərdir.
Bu gün Şuşanın 2
texnikumu, 20-dən çox orta ümumtəhsil məktəbi,
10 uşaq musiqi məktəbi, bir neçə idman və
yaradıcılıq mərkəzi öz fəaliyyətini
Bakı şəhərində və başqa rayon və kəndlərdə
davam etdirir.
Şuşanın maarifçilik ənənələri
tarixən mövcud olub, həmişə bu şəhərin
müəllimləri özlərinin peşəkarlığı,
pedaqoji ustalıqları ilə seçiliblər. Şəhərin
məktəblərində həmişə təlim-tərbiyə
yüksək səviyyədə təşkil edilib. Şuşada
elə ailə tapılmaz ki, orada böyüyən uşaqlar
təhsilə, elmə, incəsənətə maraq göstərməsinlər.
Ali məktəblərə qəbulda rayonlar içərisində
ən yüksək göstəricilər Şuşa məktəblərinin
olardı...
Şuşa
təhsili bu gün həmin ənənələri davam
etdirir. Paytaxtda fəaliyyət göstərən Şuşa
Musiqi və Mədəni-Maarif texnikumlarında, ümumtəhsil
məktəblərində çalışan müəllimlərimizə
dövlət qayğısı həmişə hiss edilir. Musiqi
Texnikumunun direktoru F.Əliyevin "Azərbaycanın əməkdar
incəsənət xadimi", Şuşa Musiqi Texnikumunun
müəllimi Xəlil Əhmədovun, ümumtəhsil məktəbinin
direktoru Firuzə Kazımovanın "Əməkdar müəllim"
fəxri adlarına layiq görülməsi, bir sıra müəllimlərin
"Qabaqcıl təhsil işçisi" döş
nişanları ilə təltif edilməsi çoxsaylı
müəllimlərimizə olan diqqət və hörmətin
əlamətidir.
Şuşa
məktəblərinin əksəriyyəti indi fəaliyyətlərini
doğma torpağımızın azadlığı və
quruculuq işlərinə həsr etmişlər. Azərbaycançılıq,
vətənpərvərlik kimi yüksək hisslərin tərbiyəsinə
hər bir təhsil müəssisəsində xüsusi
yanaşma mövcuddur. Bu gün hər bir azərbaycanlı
özünü şuşalı, qarabağlı bilməlidir
ki, doğma torpaqlarımız bölünməz olsun. Hər
kəs inanır ki, möhtərəm Prezidentimiz İlham Əliyev
cənablarının səyi, qətiyyəti və prinsipial
mövqeyi nəticəsində Azərbaycanın ən
ağrılı problemi olan Qarabağ münaqişəsi
öz həllini tapacaq. Bu gün hər bir
şuşalının qəlbində böyük ümid var
ki, dövlətimizin yeritdiyi daxili və xarici siyasətin
qüdrəti ilə torpaqlarımız azad olacaq, hər kəs
öz doğma evində, məktəbində xoşbəxt həyatına
davam edəcək.
Vüsalə
FƏTƏLİYEVA
Azərbaycan
müəllimi.-2009.-8 may..-S.6.