"Enerji və ətraf mühit" beynəlxalq müsabiqəsində fərqlənənlərə
mükafatlar təqdim olundu
Mayın
5-də "Kaspian plaza" otelinin konfrans zalında
Norveç təbiəti mühafizə cəmiyyətinin
"Enerji və resurslardan səmərəli istifadə" məktəbli
proqramının təşkilatçılığı, Təhsil,
Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyilə
2008-2009-cu dərs ilində təşkil edilən "Enerji və
ətraf mühit" adlı beynəlxalq müsabiqənin
milli mərhələsində fərqlənən şagird və
müəllim işlərinin mükafatlandırılması mərasimi
keçirildi. Tədbirdə təhsil nazirinin müavini
İsgəndər İsgəndərov, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin məsul əməkdaşı
Şövkət Bəkirov, Norveçin Azərbaycandakı səfiri
Jon Romberq və digər şəxslər iştirak edirdilər.
Mərasimdə proqramın milli koordinatoru Nailə
İsmayılova şəbəkənin yaranması və
müsabiqə haqqında məlumat verərək bildirdi ki, əsas
məqsəd məktəbliləri qlobal ekoloji problemlərin
müzakirələr zamanı daha çox praktik işlərə
yönəltməklə şagirdlərə təbii
ehtiyatlardan, enerjidən səmərəli istifadə etmək
məsuliyyətini aşılamaqdır. Mərasimdə
çıxış edən təhsil nazirinin müavini
İsgəndər İsgəndərov bildirdi ki, tədbir əlamətdar
günə - ümummilli lider Heydər Əliyevin anadan
olmasının 86-cı ildönümünə təsadüf
edir. Bu da məktəblilərimizə bir töhfədir. Layihənin
əhəmiyyətindən danışan nazir müavini qeyd
etdi ki, proqram çərçivəsində şagird və
müəllimlərin iştirak etdiyi "İstixana
qazlarını azalda bilərik" devizi altında
keçirilən müsabiqədə ictimaiyyətin iqlim dəyişiklikləri
məsələlərinə diqqətini yönəltmək,
maarifləndirmə işlərini artırmaqdır. Təhsil,
Ekologiya və Təbii Sərvətlər nazirliklərinin də
dəstək verdiyi müsabiqədə Bakı şəhəri
də daxil olmaqla respublikanın 11 bölgəsi iştirak
etmişdir. Təqdim olunan müəllim və şagird
işləri resurslardan səmərəli istifadə etməklə
istixana qazlarının azaldılmasına təsir etməyin fərdi
və eyni zamanda sadə yollarını nümayiş etdirir. Hər
bir sahədə olduğu kimi, təhsilə də göstərilən
dövlət qayğısını önə çəkən
nazir müavini layihənin təşkilatçılarına
minnətdarlığını bildirdi. Digər çıxış
edənlər mövzu ilə bağlı öz fikirlərini
açıqladılar.
Ümumilikdə
4 nominasiya üzrə 48 işin təqdim olunduğu müsabiqədə
Ucar, Qax və İsmayıllı rayonlarının məktəbləri
daha fəal olmuşlar. Münsiflər heyəti 15 maraqlı
işi qeyd etmişdir ki, bunların arasından 5-i müsabiqənin
beynəlxalq mərhələsində iştirak etmək
üçün tövsiyə edilmişdir.
Mərasimin
sonunda müsabiqənin milli mərhələsində fərqlənən
işlərin müəlliflərinə diplom, sertifikat və
digər hədiyyələr təqdim olundu.
Fazil
İDRİSOĞLU
Azərbaycan
müəllimi.-2009.-8 may.-S.6.