Respublika İncəsənət Gimnaziyasında elmi-praktik konfrans

 

Mayın 4-də Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının akt zalında Dövlət Proqramı çərçivəsində "Xüsusi istedada malik olan uşaqların potensialının üzə çıxarılması və inkişaf etdirilməsi üzrə" II elmi-praktik konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan gimnaziyanın direktoru Mahizər Şabanbəyova qonaqları və konfrans iştirakçılarını salamlayaraq rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti haqqında qısa məlumat verdi və şagirdlərə uğurlar arzuladı.

"Kiçik incəsənət Akademiyası"nın prezidenti, IX sinif şagirdi Cavidan Qasımlı elmi-praktik konfransın mahiyyətini açıqladı.

Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra plenar iclas öz işinə başladı. Müxtəlif elmi mövzularda məruzələr edən şagirdlər tədbir iştirakçıları və qonaqlar tərəfindən onlara verilən sualları cavablandırdılar. Şagirdlərin ifasında elmi məruzələrə uyğun olaraq göstərilən musiqili, bədii kompozisiyalar alqışlarla qarşılandı.

Dinlənilən məruzələr dolğunluğu və əhatəliyi ilə yüksək qiymətləndirildi. Məruzəçi şagirdlər yüksək nəticələr göstərdiklərinə görə məktəbin diplomları ilə təltif edildilər.

Konfransın işindən məmnun qalan qonaqlar öz ürək sözlərini deyib, şagirdlərə daha yeni nailiyyətlər arzuladılar.

 

 

Nizami MİRZƏ

 

Azərbaycan müəllimi.-2009.-8 may.-S.8.