Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

 (Əvvəli qəzetimizin ötən saylarında)  

 

Ötən hissədə dünya səviyyəli universitet yaratmağın üç yolundan birincisi - mövcud universitetlərin səviyyəsinin yüksəldilməsi və müasirləşdirilməsi barədə məlumat verməyə çalışmış, nümunə kimi uzun müddət kommunist ideologiyası hökm sürmüş, çində bu istiqamətdə atılan addımlar və əldə olunan nəticələri diqqətinizə təqdim etmişdik. 

Təcrübə göstərir ki, dünya səviyyəli universitetlərin yaradılması prosesində idarəetmə sistemini əsaslı surətdə yeniləşdirmədən bu yanaşma uğurla tətbiq edilə bilməz. Bu baxımdan Malayziya və Sinqapurun təcrübələri maraqlıdır. Tarixdən məlumdur ki, Malayziya Böyük Britaniyanın müstəmləkəsi olarkən Sinqapur onun əyalətlərindən biri idi. Malayziya müstəqillik əldə etdikdən sonra Malayziya Universiteti iki şəhərcikdə fəaliyyət göstərirdi, onlardan biri Kuala Lumpurda, digəri isə Sinqapurda yerləşirdi. 1980-ci ildə bunlardan birincisi Malayziyanın aparıcı universitetinə, digəri isə Nanyonq Universiteti ilə birləşərək Sinqapur Milli Universitetinə çevrildi. Hazırda Sinqapur Milli Universiteti dünya səviyyəli universitetdir və "Tayms" jurnalının reytinq siyahısında 30-cu yeri tutur, Malayziya Universiteti isə bu siyahıdakı 200 universitet arasında yer tutmamışdır, bununla belə, öz reytinqini yaxşılaşdırmaq istiqamətində çalışır. Tədqiqatçılar bu iki universitetin çox da böyük olmayan inkişaf tarixini tədqiq edərək Malayziya Universitetinin geridə qalmasının səbəblərini müəyyən etmişlər. Səbəblərdən biri kimi universitetə sərbəst tələbə seçmək səlahiyyətinin verilməməsi, qəbul zamanı əhalinin böyük hissəsini təşkil edən yerli malayziyalılara daha çox imtiyaz verilməsi, qəbul edilən əcnəbilərin sayına məhdudiyyət qoyulması göstərilir. Hökumət belə bir tələb irəli sürüb ki, qəbul edilən əcnəbilərin sayı ümumi qəbulun 5 faizindən artıq ola bilməz. Sinqapur Milli Universitetində isə əcnəbilərin sayı bakalavr səviyyəsində 20 faiz, magistratura və doktorantura səviyyəsində 43 faiz təşkil etmişdir. Nəticədə Malayziya Universitetinin illik büdcəsi 118 milyon, Sinqapur Milli Universitetinin illik büdcəsi 205 milyon ABŞ dolları, bu universitetlərin adambaşına illik xərcləri isə müvafiq olaraq 4053 və 6300 ABŞ dolları təşkil etmişdi.

 Geriliyin daha bir səbəbi onunla bağlıdır ki, Malayziyada dövlət müəssisələrinin fəaliyyətini tənzimləyən sərt qanunlar və maliyyələşmə sistemi qüvvədədir, buna görə də ən səriştəli müəllimləri, o cümlədən əcnəbi müəllimləri və alimləri işə götürmək və onlara kifayət qədər əməkhaqqı vermək çətindir. Sinqapur Milli Universiteti isə, əksinə, dünyanın hər yerindən ən yaxşı müəllim və alimləri cəlb edir, onlara dünya bazarı səviyyəsində əməkhaqqı verir, müəllimlərin fəaliyyətinin səmərə və keyfiyyətinin yüksəldilməsi və sağlam rəqabətin inkişafı üçün həvəsləndirici amillər tətbiq edir, bununla da ən yaxşı və istedadlı mütəxəssisləri universitetdə saxlaya bilir. Bu səbəbdəndir ki, hazırda Malayziya Universitetinin ən yaxşı alimlərindən bəziləri Sinqapur Milli Universitetində işləməyə üstünlük verirlər.

  Bu iki universitetin təcrübəsi göstərir ki, dövlət öz universitetlərinin beynəlxalq səviyyədə uğurla rəqabət aparması üçün əcnəbi tələbə və müəllimlərin sayı və tədqiqatlara ayrılan qrantlar kimi meyarlara imkan yaradan maliyyə və tənzimləmə şərtləri müəyyən etməlidir. Həmin şərtlərlə yanaşı, ali təhsil müəssisələrinə idarəetmə müstəqilliyinin verilməsi, şirkətlərin və xeyriyyəçilərin universitetlərə vergisiz ianələr ayırmasına imkan yaradan qaydaların tətbiq edilməsi də mühüm əhəmiyyət kəsb edən şərtlərdəndir. Göründüyü kimi, dünya səviyyəli universitet yaratmaq istərkən dövlətin funksiyaları daha çox əlverişli maliyyə imkanlarının yaradılmasına və geniş səlahiyyətlərin verilməsinə yönəldilməli, digər funksiyalar isə universitetə həvalə olunmalıdır. 

Yeri gəlmişkən, dünya səviyyəli universitetlərin yaradılması və bu prosesdə dövlətin rolu ilə bağlı Kaliforniya Universitetinin professoru Sala-i-Martinin tədqiqatlarındakı fikirlər maraqlıdır: "Əgər məşhur bir futbol komandasının oyunu bir sıra universitetlərdə tətbiq olunan qaydalarla məhdudlaşdırılsaydı, həmin komanda nə dərəcədə yaxşı oynayardı. Əgər bütün oyunçular dövlət tərəfindən müəyyən olunmuş məvacib alan dövlət qulluqçuları olsaydılar, onların rəsmi oyunlarda və təlimlərdə necə oynadıqları və özlərini necə apardıqlarından asılı olmayaraq, hər oyunda oynamalarına icazə verilsəydi, nə baş verərdi. Klubun gəlirləri oyunun nəticələrindən asılı olmasaydı, klub dünyanın ən yaxşı oyunçularını işə götürmək üçün məvacibi yüksəltməsəydi və pis oyunçulardan tez yaxa qurtara bilməsəydi, komandanın strategiya və taktikası məşqçi tərəfindən deyil, dövlət tərəfindən müəyyən edilsəydi, nə baş verərdi. Əgər bu yanaşmaya bəraət qazandırmaq və onunla razılaşmaq mümkün deyilsə, onda nəyə görə universitetlərimiz belə şəraitdə işləməlidir. Bu ona dəlalət edir ki, qəlbimizin dərinliklərində bizi daha çox uşaqlarımızın təhsili deyil, futbol maraqlandırır". 

Təcrübə göstərir ki, mövcud ali təhsil müəssisələrinin səviyyəsini yüksəltməyə mane olan əsas amillərdən biri də onların fəaliyyətsizliyi və mühafizəkarlığıdır. Bu keyfiyyətlər daha çox böyük tarixə malik universitetlərə aiddir. Onlar əksər hallarda irəliyə yox, geriyə baxır, öz tarixi nüfuzlarını yeniliklərə qarşı bir silah kimi istifadə etməyə çalışırlar. Ekspertlər tövsiyə edirlər ki, belə hallarda hökumətlər həmin maneələri aradan qaldırmaq üçün mövcud ali təhsil müəssisələrinə daha çox sərmayə qoymaqla kifayətlənməməli, həm də onlara təsir göstərməli və nəticə etibarilə, idarəetmə sistemlərində dəyişikliklərin edilməsinə, yeni rəhbərlərin və əməkdaşların işə götürülməsinə nail olmalıdırlar.

 Qeyd etdiyimiz kimi, dünya səviyyəli universitet yaratmağın ikinci yolu ali təhsil müəssisələrinin birləşdirilməsidir. Son illərdə Fransa və Danimarka əsasən bu yolla gedirlər. 2004-cü ildə Böyük Britaniyada Mançester Viktorian Universiteti və Mançester Universitetinin Elmi-Texniki İnstitutu birləşdirilməklə Böyük Britaniyanın ən böyük universiteti meydana gəldi və yeni universitet öz məqsədini rəsmi şəkildə bəyan etdi: "2015-ci ilədək dünyanın ən yaxşı 25 universitetinin sırasına daxil olmaq". Daha sonra isə Böyük Britaniyanın Kardif Universiteti və Cənubi Uels Tibb Kolleci də birləşdirildi.

 Birləşdirmələrin böyük üstünlüyü ondan ibarətdir ki, əksər hallarda ali təhsil müəssisələrinin möhkəmlənməsinə səbəb olur. Lakin bu müsbət tendensiya ilə yanaşı, əks təsir də istisna edilmir. Bəzi hallarda birləşdirmə problemlərin həlli əvəzinə, daha da mürəkkəbləşməsinə səbəb ola bilər. Məsələn, Fransada birləşmələr nəticəsində fransız universitetləri üçün ən böyük maneə olan məsələlər - abituriyentləri seçmək imkanının olmaması, sərt inzibati idarəetmə qaydaları və digər problemlər öz müsbət həllini tapmadığından arzuolunan nəticələrə nail olunmadı.

  Danimarkada isə uğur qazanmaq üçün daha çox imkanlar olmuşdur, çünki ölkənin bütün universitetlərinin daha çevik və fəal ali təhsil müəssisələrinə çevrilməsi istiqamətində aparılan islahatlar çərçivəsində birləşdirmələr cəmiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. 

Universitetlərin birləşdirilməsi nəticəsində yarana biləcək daha bir təhlükə ondan ibarətdir ki, universitetlərin təşkilati və idarəetmə mədəniyyətləri arasındakı mövcud ziddiyyətlər böyüyür və arzuolunan inkişafa mane olur. Misal üçün, belə bir hal Mançester Viktorian Universitetinin və Mançester Universitetinin Elmi-Texniki İnstitutunun birləşdirilməsi nəticəsində baş vermişdir. Əlbəttə, bu birləşmədən yaranmış Mançester Universitetinin dünya səviyyəli universitet adı uğrunda apardığı mübarizənin nəticələrini gələcək göstərəcəkdir. 

Nəhayət, dünya səviyyəli universitet yaratmağın üçüncü yolu - yeni təhsil müəssisələrinin yaradılması barədə. Bu yolla gedən ölkələr sırasında Qazaxıstanı misal göstərmək olar. Bu ölkə öz iqtisadiyyatının neftdən asılılığını azaltmaq və rəqabət qabiliyyətini yüksəltmək istəyir. Bu istəyin nəticəsi olaraq Qazaxıstan Astanada yeni Beynəlxalq Universitet yaratmaq qərarına gəlmiş və bu istiqamətdə bir sıra addımlar da atmışdır. 

Daha bir uğurlu təcrübə kimi Hindistan Texnoloji İnstitutlarının yaradılmasını göstərmək olar. Müstəqillik qazandıqdan sonra Hindistan dərhal özünün iqtisadi inkişaf proqramında elmə və texnikaya, təhsilə ciddi diqqət yetirməyə başladı. 1951-ci ildə Xaraqpur şəhərində YUNESKO-nun köməyi ilə Massaçusets Texnoloji İnstitutunun nümunəsi əsasında birinci Hindistan Texnoloji İnstitutu yaradıldı. 1958-ci ildə yenə YUNESKO-nun müvafiq proqramı çərçivəsində keçmiş SSRİ-nin dəstəyi ilə Bombeydə (hazırda Mumbay) ikinci Hindistan Texnoloji İnstitutu təşkil edildi. 1959-cu ildə Almaniyanın köməyi ilə Madras şəhərində (hazırda çennay) və ABŞ Universitetləri Konsorsiumunun köməyi ilə Konpurda üçüncü və dördüncü Hindistan texnologiya institutları yaradıldı. 1961-ci ildə Böyük Britaniyanın sənaye dairələri və hökumətinin yardımı ilə Dehlidə beşinci Hindistan Texnoloji İnstitutu təşkil edildi. 1994-cü ildə daxili imkanlar hesabına Qulahaitidə altıncı Hindistan Texnoloji İnstitutu yaradıldı. Nəhayət, 2001-ci ildə Rurnidə sayca yeddinci Hindistan Texnologiya İnstitutunun əsası qoyuldu.

 Yeni təhsil müəssisələrinin yaradılması Hindistan dövləti tərəfindən hərtərəfli dəstəklənirdi. 1956-ci ildə ölkənin Baş naziri Cəvahirləl Nehru demişdi ki, "Hindistan inkişaf etmiş ölkələrin ən yaxşı təcrübələrindən istifadə etməklə ali təhsil müəssisələrini inkişaf etdirərkən öz xalqının ümidlərini və gələcəyini nəzərə almağa çalışırdı". Hindistan parlamenti həmin təhsil müəssisələrinə "ölkə əhəmiyyətli institut" statusu vermişdi, yəni texnoloji institutlarına elmi fəaliyyət və idarəetmə sahəsində ən yüksək müstəqillik, mühəndislik, texnologiya, tətbiqi elmlər və idarəetmə sahələri üzrə yüksək keyfiyyətli və əhəmiyyətli tədris proqramları təklif etmək, bakalavr, magistr və doktor dərəcəli mütəxəssislər yetişdirmək səlahiyyəti vermişdi. Həmin təhsil müəssisələrinə tələbə qəbulu ümumi imtahan yolu ilə ciddi müsabiqə əsasında aparılır. Hazırda Hindistan Texnoloji İnstitutları mühəndislik və tətbiqi elmlər sahəsində ixtisas dərəcəsi əldə etmək istəyən ən yaxşı tələbələri qəbul edir. Bu institutların bir neçə məzunu dünyanın müxtəlif ölkələrində təhsil, elmi tədqiqatlar və innovasiyaların tətbiqi sahələrində yüksək məsul vəzifələr tuturlar. "Tayms" jurnalının 2005-ci il reytinq siyahısında texniki profilli universitetlər arasında Hindistan texnologiya institutları Massaçusets Texnologiya İnstitutu və Berkli Kaliforniya Universitetindən sonra üçüncü yeri tutmuşdu. 

Daha bir uğurlu təcrübə 2007-ci ilin fevralında London İqtisadiyyat Kollecinin nümunəsi əsasında yaradılmış Paris İqtisadiyyat Kollecidir. Bu təşəbbüsün məzmununda birləşdirmə nəticəsində Fransa şəraitində təhsil müəssisəsinin tamamilə yeni növünün yaradılması dayanır. Dörd ali məktəb, Paris -1 (Sorbon) Universiteti və milli elmi-tədqiqat mərkəzi tərəfindən dəstəklənən Paris İqtisadiyyat Kolleci həmin ali təhsil müəssisələrinin ən yaxşı iqtisadiyyat fakültələrini öz tərkibində birləşdirən özəl müəssisə kimi fəaliyyət göstərir. İlkin mərhələdə maliyyələşdirmə yalnız dövlətin və regionun vəsaitləri hesabına deyil, həm də özəl şirkətlərin və ABŞ fondlarından birinin vəsaitləri hesabına təmin edilmişdi. Ənənəvi fransız universitetlərindən fərqli olaraq, Paris İqtisadiyyat Kolleci tələbə seçiminə kifayət qədər ciddi yanaşır, professor-müəllim heyətinin xeyli hissəsi dünyanın ən nüfuzlu universitetlərindən cəlb olunanlardır.

 Qeyd etmək lazımdır ki, dünya səviyyəli universitetlərin yaradılmasının üç yanaşması heç də ideal şəkildə və bir-birindən təcrid olunmuş formada tətbiq edilmir, ölkələr bu nümunələr əsasında tərtib edilmiş strategiyaların inteqrasiyasından da istifadə edə bilirlər.  Əlbəttə, təqdim edilən üç yanaşmadan hansını seçməklə yanaşı, seçilmiş yanaşmanın necə reallaşdırılması da maraqlıdır. Mövcud təhsil müəssisələrini müasirləşdirmək və ya birləşdirmək yolu ilə dünya səviyyəli universitet yaratmaq qərarına gəlmiş ölkələr, həm də belə universitetləri seçmək üsullarını müəyyənləşdirməlidir. Hökumət bu prosesə mərkəzləşmiş qaydada rəhbərlik etmək qərarına gələrsə, onda o, ölkənin bu məqsəd üçün ən yararlı təhsil müəssisələrini seçməli, yaxud ən fəal ali təhsil müəssisələrinə müstəqil şəkildə özünü dəyişməyə imkan verən həvəsləndirici maliyyə mexanizmləri tətbiq etməklə həmin ali təhsil müəssisəsinə "müəyyən məsafədən" rəhbərlik etmək yolunu seçməlidir.

  Beynəlxalq təcrübə belə ehtimal irəli sürməyə imkan verir ki, orta və böyük ərazili ölkələrdə ən səmərəli yol sonuncu, yəni yeni universitetlərin yaradılması yoludur. çinin "Layihə -211", Cənubi Koreyanın "Breyn - 21" proqramları, Almaniyanın üstünlük mərkəzləri yaratmaq təşəbbüsü, çilidə minillik institutlarının yaradılması yuxarıda deyilənə əyani misaldır. 

2004-cü ilin yanvarında Almaniyanın Təhsil və Elmi Tədqiqatlar Nazirliyi dünya səviyyəli ali təhsil müəssisəsinə çevrilə biləcək 10 universitet seçmək üçün milli müsabiqə keçirildiyini elan etdi. Uzun müzakirələrdən sonra Almaniya elm şurasının və elmi-tədqiqat fondunun nümayəndələrindən ibarət birgə komissiya yaradıldı. 2006-cı ilin yanvarında həmin komissiya 27 namizəddən 10 universitet seçdi. Maraqlıdır ki, seçilmiş 10 universitetdən 7-si iki əyalətdə (Baden - Vütemberq və Bavariyada) yerləşirdi. Seçilmiş təkliflərin dörd il ərzində həyata keçirilməsinə kömək etmək məqsədilə 2-3 milyard ABŞ dolları məbləğində əlavə maliyyə vəsaiti ayrılmışdı.

 Tədqiqatlar göstərir ki, universitetin yaradılması (birləşdirilməsi, təkmilləşdirilməsi) barədə qərar verdikdən sonra dövlətin əsas vəzifəsi bu vacib məsələnin həlli üçün maliyyə vəsaitinin ayrılmasına kömək etmək, həm də belə layihələrə yardım göstərərkən, yardımın nisbətən uzun müddətə (5-7 ilə) edilməsini nəzərdə tutmaqdan ibarət olmalıdır. Bu prosesdə universitetə ən yaxşı tələbələrin qəbul edilməsi, ən yaxşı professorların işə götürülməsi də təmin edilməlidir.

 Dünya səviyyəli ali təhsil müəssisələrinin yaradılmasında dövlətin böyük təsir gücünə malik olması şübhəsizdir. Bununla yanaşı, bu məsələnin uğurlu həlli xeyli dərəcədə universitetin özündən, tətbiq etdiyi strategiyadan, həmin strategiyanın konkret proqram və məsələlərə çevrilməsindən asılıdır. Burada strateji istiqamətin düzgün seçilməsi də həlledicidir. Yeri gəlmişkən qeyd edim ki, hətta dünyanın ən yüksək səviyyəli universitetləri də bütün istiqamət və sahələr üzrə üstün cəhətlərə malik olmur və çox ehtimal ki, bunu həyata keçirmək də mümkün deyildir. Burada ən vacibi odur ki, hər bir universitet əvvəlcədən özünün aparıcı yer tutmaq istədiyi və tuta biləcəyi sahələri dəqiq müəyyənləşdirsin. 

Bir neçə misalla fikirlərimi izah etmək istəyirəm. Məsələn, geniş dünya ictimaiyyəti tərəfindən bir nömrəli ali təhsil müəssisəsi hesab edilən Harvard Universiteti də bütün ixtisaslar üzrə ən yaxşı reytinqə malik deyil. Onun iqtisadiyyat, tibb, təhsil, siyasətşünaslıq, hüquq, işgüzar fəaliyyət, ingilis dili və tarix sahəsində əldə etdiyi nailiyyətlər xüsusi olaraq qeyd edilir. Hindistan texnoloji institutları bir neçə texniki ixtisaslar üzrə fərqlənirlər. London İqtisadiyyat Kolleci daha çox iqtisadiyyat, ictimaiyyətşünaslıq, siyasətşünaslıq və insanşünaslıq sahələrində görkəmli uğurlar qazanması ilə məşhurdur.

 Dünya səviyyəli universitetə çevrilməyə can atan ali təhsil müəssisələrinin strateji planlarında nəzərə alınmalı mühüm məsələlərdən biri də vaxt-zaman məsələsidir. Məlumdur ki, qısa müddətdə üstünlük əldə etmək, məqsədlərə nail olmaq mümkün deyil, nəzərdə tutulan dəyişikliklərin və inkişafın ardıcıllığını əvvəlcədən dəqiqliklə planlaşdırmaq lazımdır. Bununla bağlı çinin təcrübəsinə diqqət yetirək. Hazırda bu ölkənin ali təhsil sahəsində dünya səviyyəsinə çatmaq planlarının müəyyən maneələrlə rastlaşması əlamətləri ekspertlər tərəfindən müşahidə olunur.

 Narahatlığa səbəb olan birinci maneə ondan ibarətdir ki, çin universitetləri çox böyük sürətlə genişlənir və bu zaman təlimin keyfiyyəti aşağı düşür.

 İkincisi, çevik nəticələr əldə etmək tələbi innovativ və uzunmüddətli tədqiqatların inkişafına mane olur.

  Üçüncü maneə, elm və texnika sahəsində dərin biliklərə malik yuxarı kurs tələbələrinin kifayət qədər olmamasıdır. Aydındır ki, yüksək hazırlığa malik məzunlar olmadan, hətta birinci dərəcəli professor-müəllim heyəti ilə laboratoriyalardan səmərəli istifadə etmək mümkün olmayacaq.

  Dördüncüsü, çində elmi fəaliyyət azadlığının olmaması ciddi problem hesab edilir. Professorlar və tələbələr ən mühüm məsələlərin müzakirəsində geniş iştirak etmək səlahiyyətində olmadıqlarından, onlarda yaradıcı təfəkkürün inkişafı üçün stimul yaranmır. 

Çin universitetlərinin bütün sahə və ixtisaslar üzrə üstünlüyə can atması, bunun əvəzində ayrı-ayrı dünya səviyyəli fakültələrin, institutların və ya kolleclərin yaradılmasına diqqət yetirilməməsi də müşahidə olunan problemlərdəndir.

 Ali təhsil müəssisələrinin dünya səviyyəli universitetlərə çevrilməsini sürətləndirən amillərdən biri də beynəlmiləlləşdirmə imkanlarından səmərəli istifadə edilməsi, qabiliyyətli əcnəbi tələbələrin ali məktəbə qəbuludur. Onların ali məktəbə qəbulu nəticəsində fərqli mədəniyyətlərin təsiri təlimin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir. Bununla əlaqədar proqramların xarici dildə, xüsusilə ingilis dilində tədris edilməsi güclü cəlbedici amil kimi çıxış edir. Təsadüfi deyildir ki, "Tayms" jurnalının 2008-ci il reytinq cədvəlində 100 ən yaxşı universitetdən yalnız 11-i qeyri-ingilisdilli ölkələrdə yerləşir və həmin ölkələrdə də doktorantura proqramları ingilis dilində tədris olunur (Danimarka, Finlandiya, İsrail, Hollandiya, Norveç, İsveç, və İsveçrə).

 Ötən məqalədə qeyd olunduğu kimi, əcnəbi professorların və tədqiqatçıların cəlb edilməsi universitet üçün üstünlüyə nail olmağın həlledici amillərindən biridir. Digər ölkələrdən ən yaxşı kadrları qısa və orta müddətdə cəlb etmək üçün universitetlər onlara həvəsləndirici şərtlər, o cümlədən yaxşı iş şəraiti və əməkhaqqı təklif etmək iqtidarında olmalıdır. Həmin kadrlar mövcud fakültələrin müasirləşdirilməsinə, yeni sahələr üzrə doktorantura proqramlarının və tədqiqat mərkəzlərinin yaradılmasına kömək edə bilərlər. Bəzi hallarda universitetlər professorları tam məşğulluq şərtləri əsasında deyil, müvəqqəti qaydada işə götürməkdən başlaya bilər, aparıcı ölkələrin nüfuzlu ali məktəbləri ilə məhsuldar tərəfdaşlıq əlaqələri yarada bilərlər. Hindistan texnoloji institutları təşəkkül dövrlərinin ilkin mərhələsində bu təcrübədən istifadə etmişdilər.

  Yeni yaranan dünya səviyyəli universitetlərdən biri olan Sinqapur Milli Universiteti inkişafının nisbətən sonrakı mərhələsində Massaçusets Texnoloji İnstitutu, Harvard Universiteti, Dyuk Universiteti, Con Hopkins Universiteti, Hollandiyanın Eyndhoven Texnoloji Universiteti, Avstriyanın Milli Universiteti və çinin Sinxua Universiteti ilə strateji tərəfdaşlıq əlaqələri yaratmışdı və geniş təcrübə mübadiləsi aparırdı.

 Hindistan və Çin öz diasporlarından səmərəli şəkildə istifadə etməklə beynəlmiləlləşdirmə sahəsində böyük uğurlar qazanıb. Pekin Universiteti xaricdə işləyən çinli müəllimlərin və alimlərin fəaliyyətini diqqətlə izləyir və onların çinə qayıtması üçün münasib şərait yaradır, yüzlərlə çin mənşəli müəllimi işə götürür.

  Dünya səviyyəli universitetlərin göstəricilərindən biri də universitet əməkdaşlarının dünyanın tanınmış nəşrlərində elmi məqalələrinin çapı və çap olunmuş məqalələrə istinad edilməsidir. Məlumdur ki, elmi məqalələr təhsil müəssisələrinin və mütəxəssislərin nüfuzunun yüksəldilməsində həlledici amillərdən biridir. Dünyada elə jurnallar var ki, məhz bunlarda çap olunan məqalələr beynəlxalq miqyasda elmi əsərlər kimi qəbul olunur. Belə jurnalların sayı təxminən 6 mindir. Müqayisə üçün deyim ki, Rusiya Federasiyası kimi böyük bir ölkədə nəşr edilən çoxsaylı jurnallardan cəmi 100-ü həmin siyahıya düşmüşdür. Təəssüf ki, Azərbaycanda da belə bir jurnal, ümumiyyətlə yoxdur və o nəşrlərdə məqalələri çap edilən alimlərimizi barmaqla saymaq olar. 

Əlbəttə, onu da qeyd etmək lazımdır ki, yüksək səviyyəli alimlik məqalələrin sayı ilə deyil, onların nüfuzlu mütəxəssislər tərəfindən yüksək qiymətləndirilməsi və elmin inkişafına verdiyi töhfə ilə ölçülür. Bu yerdə Azərbaycanın məşhur riyaziyyatçı alimi, uzun müddət bərabər çalışdığım fizika-riyaziyyat elmləri doktoru, professor Arif Babayevin heç zaman yadımdan çıxmayan sözlərini oxuculara çatdırmaq istərdim. 70-80-ci illərdə SSRİ məkanında adı hörmətlə çəkilən Arif Babayev deyirdi: "Bu günə qədər cəmi 34 elmi əsərim çap olunub, düşünürəm ki, bu say da çoxdur". Halbuki Arif Babayev bir neçə elmlər doktoru, 30-dan çox elmlər namizədi yetişdirmişdi, SSRİ-nin müxtəlif şəhərlərində onlarca doktorluq və namizədlik dissertasiyalarına uğurla opponentlik etmişdi.

  Digər tərəfdən, nüfuzlu jurnallar əsasən ingilis dilində tərtib olunur, ona görə də elmi tədqiqatların nəticələrinin ingilis dilində yayılması imkanı təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirən mühüm amilə çevrilir. Bundan əlavə, təlim ingilis dilində olan universitetlər bu istiqamətdə uğur qazanmaqda daha çox imkana malikdirlər.  Bəzi hallarda yenidənqurma dövründə universitetə rəhbərlik etmək üçün kənardan, yəni başqa ölkələrdən peşəkar kadrlar dəvət etmək məqsədəuyğun hesab edilir. Son illərdə Cənubi Koreya, Böyük Britaniya və Avstriyada bu təcrübə daha çox tətbiq edilir. Təbii ki, bu yanaşma heç də hər zaman müsbət qarşılanmır. Aparıcı universitetə rəhbərlik etmək üçün kənardan şəxsin dəvət edilməsi milli qürur hissinə toxuna bilər və yalnız az sayda ölkə universitetlərində ən yüksək rəhbər vəzifələri tutan şəxsləri əvəz etmək üçün beynəlxalq müsabiqə elan edirlər.

 Nəhayət, onu da qeyd etmək lazımdır ki, universitetlər tərəfindən nəzəriyyənin işlənib hazırlanması və strategiyanın planlaşdırılması birdəfəlik tədbir olmayıb, davamlı olaraq həyata keçirilməlidir. Məlumdur ki, məhz öz müştərilərinin tələbatlarını ödəməyin ən yaxşı və ən səmərəli üsullarının axtarışı əsasında yorulmadan qarşılarına yeni məqsədlər qoyan işgüzar və elmi dairələr ən böyük uğur qazanırlar. Ali təhsil müəssisələri heç zaman keçmiş uğurları və nailiyyətləri ilə kifayətlənməməli, hər zaman dünyada ən yaxşı olmağa imkan yaradan rəqabət mühiti yaratmalıdır.

 Tədqiqatçılar tərəfindən dünya səviyyəli universitetlər yaradılarkən diqqət yetiriləcək bir sıra ümumiləşdirici və yönəldici suallar müəyyənləşdirilmişdir və onları aşağıdakı ardıcıllıqla təklif etmək olar:

 

  1. Ölkə səviyyəsində:  

 

  - Neçə dünya səviyyəli universitet yaratmaq məqsədəuyğundur?

  - Hansı strategiya ölkədə mövcud olan şəraitə uyğundur: mövcud ali təhsil müəssisələrinin müasirləşdirilməsi, birləşdirilməsi, yoxsa yenisinin yaradılması? 

 - Birinci və ikinci halda ali təhsil müəssisələri necə seçilməlidir?

 - Nəzərdə tutulan islahatlar necə maliyyələşdirilməlidir? 

 - İslahatlar prosesində hansı idarəetmə qaydaları yaradılmalıdır?

 - Bu prosesdə dövlətin vəzifəsi nədən ibarət olmalıdır?

 

 2. Universitet səviyyəsində:

 

  - Universitetdə peşəkar rəhbər heyət varmı?

  - Universitet hansı məqsədlərə nail olmaq istəyir? 

  - Universitet tədris və elmi tədqiqatların hansı istiqamətlərində üstünlüyə nail olmağa çalışacaq?

  - Universitetin beynəlmiləlləşdirilməsi necə həyata keçiriləcək?

  - Təklif olunan islahatların həyata keçirilməsinin ehtimal edilən dəyəri nə qədər olacaq və o necə maliyyələşdiriləcək?

 Hörmətli oxucu, bu, "525-ci qəzet"də çap olunmuş dördüncü yazımızdır. Həmin yazılarda, əsasən, dünyada ali təhsil, universitet təhsili, dünya səviyyəli universitet yaratmağın yolları, bu sahədə məşhur tədqiqatçı alimlərin fikir və mülahizələrini diqqətinizə təqdim etmişik.

  İlk növbədə, "525-ci qəzet"in rəhbərliyi və kollektivinə bu imkanı yaratdığına görə təşəkkür edirəm. 

Bundan sonrakı yazılarımızda isə daha çox ölkəmizdə təhsilin, o cümlədən ali təhsilin problemləri, Azərbaycanda dünya səviyyəli universitet yaratmağın yolları barədə mülahizələrlə Sizi tanış etməyə çalışacağıq. 

 

 

(Ardı var)

 

Misir MƏRDANOV

 

Azərbaycan müəllimi.-2009.-8 may.-S.4.