Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü
münasibətilə silsilə tədbirlər keçirilib
Xalqımızın
böyük oğlu, müstəqil Azərbaycanın
memarı, bütün həyatını vətəninin
çiçəklənməsinə həsr etmiş ulu
öndər Heydər Əliyevin anadan olmasının 86-cı
ildönümü münasibəti ilə təhsil
ocaqlarında ümummilli liderin əziz xatirəsinə həsr
olunmuş maraqlı və məzmunlu anım mərasimləri
keçirildi. Yaddaqalan tədbirlərdən birini
Bakıdakı 204 nömrəli
məktəbin kollektivi mayın 8-də təşkil
etmişdi.
Toplantını
məktəbin direktoru Ziba Rzayeva açaraq son günlər
ölkəmizin hər yerində keçirilən anım tədbirlərini
böyük öndərə ümumxalq məhəbbətinin
təzahürü kimi dəyərləndirdi. Z.Rzayeva azərbaycanlı
olması ilə həmişə fəxr edən ulu öndər
Heydər Əliyevin hakimiyyətdə olduğu bütün
dövrlərdə Azərbaycanın inkişafı, onun
qüdrətinin artması, dövlətçiliyimizin möhkəmlənməsi
və s. istiqamətlərdəki titanik fəaliyyətindən,
hər cür inkişafın təməlində dayanan təhsilə
diqqət və qayğısından, hələ sovet dönəmində
yüksək ixtisaslı milli kadrların yetişdirilməsi
sahəsindəki xidmətlərindən söz açdı,
onun müdrik siyasi kursunun, vətənimizin daha da möhkəmlənməsi
və inkişaf etməsinə hesablanmış fəaliyyətinin
hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Sonra
məktəbin tarix müəllimi Sevil Əhmədova ulu
öndər Heydər Əliyevin həyat yolundan,
çoxistiqamətli siyasi və dövlətçilik fəaliyyətindən
xronoloji ardıcıllıqla söz açdı, bu
böyük insanı dahi rəhbər, fenomenal şəxsiyyət
kimi səciyyələndirdi.
Məktəblilərin
ulu öndər haqqında söylədikləri səmimi
sözlər, ümummilli liderin elmə, təhsilə, müəllimə
verdiyi yüksək qiyməti ifadə edən fikirlərindən
gətirdikləri nümunələr, istedadlı şagirdlərin
ifa etdikləri şeirlər toplantı
iştirakçıları tərəfindən maraqla dinlənildi.
Məktəbin X "Q" sinif şagirdi Yusif Şahbazovun
Heydər Əliyevə həsr etdiyi "Milli liderimiz"
şeirini isə onlar alqışlarla qarşıladılar.
Xətai
Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə, mədəniyyət
şöbəsinin müdiri Qafur Rəhmanov toplantıda
çıxış edərək şagirdlər tərəfindən
ümummilli liderin şəxsiyyətinə və irsinə
göstərilən marağı xüsusi qeyd etdi. Böyük
öndərin həyat və fəaliyyətinin, əməllərinin,
uca şəxsiyyətinin gənclərə əsl örnək
olduğunu vurğuladı, onları bu örnəkdən
nümunə götürməyə çağırdı.
Toplantıda
böyük öndərin anadan olmasının 86-cı
ildönümü münasibəti ilə məktəbdə
keçirilən inşa, rəsm, divar qəzetləri, əl
işləri müsabiqələrinin və idman
yarışlarının qaliblərinə diplomlar təqdim
olundu.
***
Mayın
8-də Bakı şəhəri Nəsimi rayonundakı 9 nömrəli orta məktəbdə
ulu öndər Heydər Əliyevin anadan
olmasının 86-cı ildönümünə həsr
olunmuş tədbir keçirilib. Dövlət himni səsləndikdən
sonra şagirdlərin əl ilə gülün çiçəklərindən
hazırladıqları üçrəngli bayraq, ölkəmizin
xəritəsi səhnəyə gətirildi.
Təhsil
ocağının rəhbəri Zinyət Əhmədova
çıxış edərək qeyd etdi ki, anım
günü respublikamızın bütün təhsil
ocaqlarında yüksək səviyyədə böyük rəğbətlə,
məhəbbətlə qeyd olunur. ölkəmizin
inkişafında, müstəqilliyimizin qorunub
saxlanılmasında ümummilli liderimiz Heydər Əliyevin
misilsiz xidmətləri olmuşdur. Ulu öndər Heydər Əliyev
təhsilə həmişə başqa sahələrdən
daha artıq diqqət və qayğı göstərmişdir.
Tədbirin
sonunda ulu öndər Heydər Əliyevlə bağlı film
nümayiş olunub.
***
Həmin
gün Bakının 5,
157 və 267 nömrəli orta məktəblərində
də ümummilli lider Heydər Əliyevin anadan
olmasının 86-cı ildönümü təntənə
ilə qeyd edilib. Şagirdlərin ifasında böyük
tarixi şəxsiyyət Heydər Əliyevə həsr
olunmuş şeirlər və mahnılar səsləndirilib. Onlar
ulu öndərə olan sonsuz və tükənməz sevgilərini
çəkdikləri rəsmlərlə də nümayiş
etdiriblər.
***
Bakıdakı
28 nömrəli orta məktəbin
pedaqoji kollektivi ulu öndər Heydər Əliyevin anadan
olmasının 86-cı ildönümü münasibətilə
əqli cəhətdən qüsurlu olan uşaqların oxuduqları
11 nömrəli xüsusi təhsil məktəbində xeyriyyə
tədbiri keçirib. Tədbirin təşkilatçısı
məktəbin direktoru Gülarə Vəliyeva ölkəmizdə
əqli və fiziki cəhətdən qüsurlu olan
uşaqların oxumaları üçün yaradılan şəraitdən
və göstərilən dövlət qayğısından
söhbət açıb.
Məktəbin
şagirdləri üçün şirniyyat süfrəsi
açılıb və konsert verilib. Tədbirin sonunda 11
nömrəli xüsusi təhsil məktəbinin direktoru Sezar
Qocayev və burada təhsil alan şagirdlərin valideynləri
belə bir xeyirxah tədbir üçün minnətdarlıqlarını
bildiriblər.
Azərbaycan müəllimi.-2009.-15 may.-S.7.