Məktəblilərin ulu öndərə sonsuz məhəbbətləri rəsm əsərlərində

 

Mayın 14-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" qalereyasında ulu öndərin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm əsərlərindən ibarət sərginin açılışı oldu. Müsabiqəyə 3 yaş qrupundan 400-ə yaxın əl işi təqdim olunmuşdur. Sərginin açılış lentini kəsən təhsil nazirinin müavini Elmar Qasımov ümummilli liderin həyat və fəaliyyətindən danışaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü respublikamızın hər yerində yüksək səviyyədə böyük iftixarla keçirilir. Çünki ölkəmizin iqtisadi və elmi qüdrətinin yüksəldilməsində, dövlətçiliyimizin qorunub saxlanması və dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev onun siyasi kursunu uğurla davam etdirir. Nazir müavini qeyd etdi ki, məktəblilər bu müsabiqədə fəal iştirak edərək ulu öndərə olan məhəbbət hisslərini rəsm əsərlərində əks etdirməyə çalışmışlar. Gənc rəssamların əl işlərindən məmnun qalan Elmar Qasımov təşkilatçılara minnətdarlığını bildirdi. Sonra Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqının katibi Səlhab Məmmədov və Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova çıxış edərək sərginin əhəmiyyətindən danışdılar.

Sonda rəsm müsabiqəsində qalib gələn 18 şagirdə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olundu.

 

 

Fazil İDRİSOĞLU

 

Azərbaycan müəllimi.-2009.-15 may.-S.7.