Təhsil naziri Yevlax və Zaqatala rayonlarında olub
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov 5-6 may 2009-cu il tarixində Yevlax və Zaqatala rayonlarında olub. Nazir hər
iki rayonda yeni təhsil ocaqlarının açılış
mərasimlərində, səfər
proqramı çərçivəsində
keçirilən bir sıra digər tədbirlərdə iştirak
edib. Mayın 5-də təhsil naziri Misir Mərdanov, ali məktəb rəhbərləri, KİV nümayəndələri
və digər qonaqlar əvvəlcə Yevlax Rayon İcra Hakimiyyətinin qarşısında
ucaldılmış ulu
öndər Heydər
Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
İlk öncə 8 nömrəli orta məktəbin açılışı oldu. Sonra rayonun Mərkəzi - Elektron Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş "Heydər Əliyev - müasir Azərbaycan dövlətinin banisidir" mövzusunda elmi- praktik konfrans keçirildi. Konfransı açan Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirdi ki, ölkəmizdə, eləcə də Yevlaxda son illər təhsilin inkişafına göstərilən qayğı öz müsbət nəticəsini vermişdir. Cənab Prezidentin fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq yeni məktəb binaları tikilmiş və bəziləri də əsaslı təmir olunmuşdur. E.Vəliyev təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə rayonun pedaqoji ictimaiyyəti adından möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. ölkəmizin iqtisadi inkişafı, xalqımızın xoşbəxt rifahı naminə həyata keçirdiyi uğurlu fəaliyyətində İlham Əliyevə müvəffəqiyyətlər arzuladı.
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov çıxışında bildirdi ki, ölkəmizin hər yerində, bütün müəssisə və təşkilatlarda ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın böyük oğlu Heydər Əliyevin anadan olmasının 86 -cı ildönümü təntənəli şəkildə qeyd olunur. Müasir Azərbaycan tarixinin 34-illik bir dövrünü əhatə edən taleyüklü məsələlərin həlli, bu illər ərzində Azərbaycanın ictimai- siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyev rəhbər olduğu vaxtlarda Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müstəqil Azərbaycanı qurmuşdur. Müstəqil Azərbaycanda keyfiyyətli biliyə söykənən təhsil sisteminin təməli ulu öndər Heydər Əliyev tərəfindən 1999-cu ildə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ilə qoyulmuşdur. Ulu öndər Heydər Əliyev 1997-ci ildə "2 fevral-Azərbaycan gəncləri gününün elan edilməsi", 1998-ci ildə "Uşaq hüquqları", 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi", "Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" bir sıra tarixi fərman və sərəncamlar imzalamışdır.
Həyatımızın elə bir sahəsi yoxdur ki, orada ulu öndərin böyük xidmətləri olmasın. Ulu öndərimizin əsasını qoyduğu təhsil islahatları bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında böyük uğurla davam etdirilir. Xüsusən, yeni məktəblərin tikilməsi, mövcud məktəblərin əsaslı təmiri, təhsil ocaqlarının müasir avadanlıqlarla təchizi sahəsində son illər ciddi uğurlar əldə edilmişdir. ölkəmizdə elm, təhsil, mədəniyyət və s. layihələrə yardımçı olan Heydər Əliyev Fondu da təhsilimizin inkişafına öz töhfəsini vermişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
rektoru, professor Seyfəddin
Qəndilov çıxış
edərək qeyd etdi ki, Yevlax
rayonu çox böyük inkişaf yolu keçib, tərəqqi edib.Hər yerdə olduğu kimi, biz bu gün
bu rayonda ulu öndərin anadan olmasının
86-cı ildönümünü qeyd edirik. Heydər Əliyev
ikinci dəfə hakimiyyətə elə bir vaxtda gəlmişdir
ki, Azərbaycanda hakimiyyət yox idi. O, qaranlıqlar içindən işıq
oldu. Onun qətiyyəti və
səyi nəticəsində
Azərbaycan parçalanmadan
xilas oldu, milli həmrəylik və milli dövlətçilik
bərqərar edildi.
Ulu öndərin ən böyük
xidmətlərindən biri özündən sonra İlham Əliyev
kimi kadr hazırlamağı oldu. Ona görə də biz onun
ruhu önündə baş əyirik və ona rəhmət
diləyirik.
BDU-nun
rektoru, millət vəkili, akademik Abel Məhərrəmov
bildirdi ki, xoşbəxt o xalqdır ki, onun milli lideri var. Ölkəmizdə
demokratik və hüquqi dövlət quruculuğu prosesinin
inkişafı, milli elmi potensialın möhkəmləndirilməsi
həmişə Heydər Əliyevin diqqət mərkəzində
olmuşdur. Bu gün fəxr edirəm ki, Heydər Əliyev
kimi bir şəxsiyyət rəhbərlik etdiyim BDU-nun məzunu
olub.
Konfransda
Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik
Budaq Budaqov, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova,
Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov,
ADPU- nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov
və Yevlax Ziyalılar Cəmiyyətinin sədri Qiyas Quliyevin
çıxışlarında bu fikir xüsusi
vurğulandı ki, müdrik siyasətçi Heydər Əliyev
ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycan
xalqını böyük fəlakətdən xilas etmiş,
region xalqlarının sülh şəraitində
yaşaması üçün böyük işlər
görmüşdür.Həm də Heydər Əliyev Azərbaycan
xalqının qırılmış inamını xalqın
özünə qaytara bildi. Bir sözlə, hakimiyyətə
silah gücünə gəlmək kimi təhlükəli ənənəyə
birdəfəlik son qoydu.
Respublikamıza rəhbərlik etdiyi
bütün dövrlərdə milli mənəvi dəyərlərimizə
yüksək qiymət verən ulu öndər milli ideologiyamız
olan azərbaycançılığın
yaradıcısı və müəllifi olmuşdur. Bundan sonra da müdrik liderimizin
ümummilli və ümumbəşəri ideyaları hər
zaman xalqımızın, millətimizin yoluna işıq
saçacaq və müstəqil dövlətimizin daha da
inkişafında böyük rol oynayacaqdır.
***
Günün ikinci yarısında
rayonda Heydər Əliyev adına sarayda təhsil
işçilərinin iştirakı ilə müşavirə
keçirildi. Tədbiri giriş sözü ilə Yevlax Rayon
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
açdı və sözü təhsil naziri Misir Mərdanova
verdi. Nazir xalqımızın ümummilli lideri Heydər Əliyevin
və onun layiqli davamçısı Prezident İlham Əliyevin
ölkədə təhsilin inkişafına göstərdikləri
əvəzsiz diqqət və qayğılarından ətraflı
danışaraq bildirdi ki,Yevlax rayonu Azərbaycanın
inkişaf etmiş bölgələrindən biridir. 10-15 il
bundan əvvəl bu rayonda yaxşı bir məktəb tapmaq
çətin olduğu halda, son illər burada Heydər Əliyev
Fondunun hesabına təhsil üçün yaxşı şərait
yaradılmışdır.
Bu il Yevlax rayonunda da XI siniflərdə
sınaq imtahanlarının keçirildiyini deyən nazir məktəblər
üzrə əldə edilən nəticələri
sadaladı və məktəb direktorlarını bu işdə
daha məsuliyyətli olmağa çağırdı.Qeyd etdi
ki, rayon icra hakimiyyətinin qarşısında elanlar
şöbəsi olsa, daha yaxşı olar və hər bir məktəb
öz fəaliyyətini bu elanda görər. Sonra ötən
dərs ilində rayon üzrə 238 məzunun ali məktəblərə
qəbul olunmasını deyən nazir Misir Mərdanov bunlardan
29 nəfərinin 500, 7 nəfərinin isə 600 baldan
yuxarı nəticə göstərdiklərini, başqa
rayonlarla müqayisədə bu nəticənin
aşağı olduğunu müşavirə
iştirakçılarının nəzərinə
çatdırdı.
Məktəblərdə şagird
nailiyyətlərinin qiymətləndirilməsi haqqında məlumat
verən nazir bildirdi ki, hər bir rayonda olduğu kimi, Yevlaxda
da bir nümunəvi məktəb yaradılsın, belə məktəbə
ən yaxşı müəllimlər və şagirdlər
götürülsün və Bakıdakı nümunəvi məktəblərlə
səmərəli əməkdaşlıq etsinlər. Azərbaycanda
təhsilin inkişafında və qazanılmış
uğurlarda ölkə başçısının
böyük xidməti olduğunu deyən Misir Mərdanov
bildirdi ki, bu gün hər addımda ulu öndər Heydər Əliyevin
ölməz ideyalarına sadiqlik nümayiş etdirən
Prezident İlham Əliyevin həyata keçirdiyi
çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın
hər bir vətəndaşı üçün layiqli və
firavan həyat şəraitinin təmin olunması, ölkədə
azad və demokratik cəmiyyətin qurulmasıdır. Bu
gün Azərbaycan xalqı Prezident İlham Əliyevi ölkədə
baş verən intibahın, siyasi sabitliyin, əmin
-amanlığın və sülhün qarantı hesab edir, ona
güvənir. Çünki xalq öz həyatında, taleyində
baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı
parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini
yaxşı dərk edir və bu siyasəti birmənalı
şəkildə dəstəkləyir.
***
Həmin
gün təhsil naziri qonaqlarla birlikdə Heydər Əliyev
muzeyində də oldu və muzeyin Xatirə kitabına ürək
sözlərini yazdı.
***
Mayın 6-da Zaqatala rayonuna gələn
təhsil naziri Misir Mərdanov rayon icra hakimiyyətinin
başçısı Asif Əsgərovla birlikdə Heydər
Əliyev adına parkda oldu, ulu öndər Heydər Əliyevin
abidəsi önünə gül dəstələri qoydu. Sonra
akademik Zərifə Əliyeva adına liseyə baş çəkən
nazir liseyin sinif otaqlarına, kompüter kabinetlərinə,
laboratoriyalara, kitabxanalara, idman və iclas zalına baxdı. Liseyin
qarşısında müəllim və şagirdlərlə
birlikdə xatirə şəkli çəkdirdi.
Təhsil
naziri Misir Mərdanov rayonda 320 şagird yerlik internat, Mazıx
kəndində 220 şagird yerlik yeni inşa edilmiş məktəblərin
və Mamrux kəndində təzə tikilmiş 40 şagird
yerlik uşaq bağçasının açılış
mərasimində iştirak etdi. Mərasimdə Misir Mərdanov
bildirdi ki, bu kənddə bağça problemi var idi. Bu məsələ
artıq Prezident İlham Əliyevin diqqət və
qayğısı sayəsində həll olundu.
Təhsil naziri Misir Mərdanov yeni məktəblərin
və bağçanın açılışı
münasibətilə rayon rəhbərliyini, təhsil müəssisələrinin
pedaqoji və şagird kollektivini, kənd sakinlərini təbrik
edərək gələcəkdə yeni məktəb
binalarının tikiləcəyini bildirdi.
Nazir Zaqatala rayonunda görülən
bütün bu işlərin ölkə
başçısı İlham Əliyevin Azərbaycanda təhsilə
göstərdiyi diqqət və qayğısı nəticəsində
mümkün olduğunu vurğuladı.
Həmin gün rayonun Suvagil kənd
Mədəniyyət evində təhsil işçilərinin
iştirakı ilə müşavirə keçirildi. Müşavirəni
giriş sözü ilə açan Zaqatala Rayon İcra
Hakimiyyətinin başçısı Asif Əsgərov son
beş ildə rayonun təhsil sahəsində aparılan
işlərdən və qazanılmış uğurlardan
söz açdı. Bildirdi ki, hazırda ölkəmizin hər
yerində olduğu kimi, Zaqatala rayonunda da ulu öndər Heydər
Əliyevin anadan olmasının 86-cı ildönümü
qeyd olunur. Azərbaycanda bütün sahələrdə
olduğu kimi, təhsil sahəsində də Heydər Əliyev
kursuna sadiq olan respublika Prezidenti İlham Əliyev böyük
məhəbbətlə, bacarıqla və uğurla təhsilimizi
inkişaf etdirir. Bu da xalqımız tərəfindən rəğbətlə
qarşılanır və sevilir.
Müşavirədə
çıxış edən təhsil naziri Misir Mərdanov
2008-2009-cu dərs ilində Zaqatala rayonunda təhsil
islahatının həyata keçirilməsində
mühüm işlər görüldüyünü, tədris
prosesində müasir təlim metodlarının tətbiqini və
təhsil müəssisələrinin maddi- texniki
bazasının xeyli
yaxşılaşdırılmasını, Prezidentin
apardığı uğurlu daxili və xarici siyasət sayəsində
ölkəmizdə əldə edilən sürətli iqtisadi
inkişafın məktəb tikintisi və məktəblərin
əsaslı təmirində həlledici rol
oynadığını qeyd etdi.
Təhsil
naziri bu gün Zaqatalada istifadəyə verilən internat məktəbinin
Azərbaycanda son on il müddətində yüksək səviyyədə
tikilmiş məktəblərdən olduğunu bildirdi. Bu məktəbin
gələcəkdə ən nümunəvi məktəb
olacağına ümid etdiyini bildirən nazir Misir Mərdanov
ötən dərs ilində rayon üzrə ali məktəblərə
qəbul olunan 391 məzundan 31 məzunun 500, 8 məzunun isə
600 baldan yuxarı nəticə göstərməsini Zaqatala
rayonu üçün aşağı nəticə
olduğunu dedi.
Təhsil
naziri rayonda keçirilən sınaq imtahanlarının nəticələrinə
münasibətini bildirərək, nəticəsi
aşağı olan məktəblərin adlarını qeyd
etdi. Bildirdi ki, bu məsələ rayon ictimaiyyətinin diqqət
mərkəzində olmalı və nəticəsi çox pis
olan məktəb direktorları haqqında ciddi tədbir
görülməlidir.
Zaqatalada
bir və ya bir neçə nümunəvi məktəb
yaratmağın vacibliyini vurğulayan nazir yeni qiymətləndirmə
sistemindən və II siniflərdə kurikulumla əlaqədar
aparılan işlərdən danışdı. Gələcəkdə
məktəb direktorlarının seçimində diqqətli
olmağı tövsiyə etdi.
Azərbaycanda
təhsil islahatlarının həyata keçirilməsindən
və Zaqatala rayonunun təhsil işçiləri
qarşısında duran mühüm vəzifələrdən
söhbət açan Misir Mərdanov bildirdi ki, ümummilli
liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə
həmişə təhsilə xüsusi önəm verirdi. Ulu
öndərin bilavasitə rəhbərliyi ilə ölkəmizdə
təhsil islahatı Proqramı qəbul olunmuşdur.
Ulu
öndərin təhsil sahəsində həyata keçirdiyi
qlobal işləri bu gün onun siyasi varisi, möhtərəm
Prezidentimiz İlham Əliyev yeni tarixi şəraitdə daha
müvəffəqiyyətlə davam etdirir.
Son beş ildə yeni məktəblərin
tikilməsi, əsaslı təmiri, təhsil müəssisələrinin
ən müasir inventar və avadanlıqlarla, kompüterlərlə
təchiz olunması ulu öndərin bu sahədəki
ideyalarının real nəticələri kimi hər birimizi
sevindirir.
Təhsilin
digər pillələrində də
inkişafyönümlü proqramlar həyata keçirilir, ali
təhsilimizin Avropa təhsil məkanına inteqrasiyasında və
Azərbaycan gənclərinin xaricdə təhsili sahəsində
inamlı addımlar atılır. Buna görə də
ölkə başçısı, ölkə ictimaiyyəti
bu gün biz təhsil işçilərindən daha keyfiyyətli
təhsil gözləyir.
Müşavirəni
rayon icra hakimiyyətinin başçısı
yekunlaşdırdı və deyilən iradlarla əlaqədar
tədbir görüləcəyini qeyd etdi.
Müşavirənin sonunda rayon
üzrə məktəblilər arasında keçirilən
daxili testdə 600-dən yuxarı bal toplayan 16 şagirdə
rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov
tərəfindən mükafatlar təqdim olundu.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.-2009.-15 may.-S.4.