Liseyin 10 yaşı tamam oldu
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin iclas zalında 147 nömrəli texniki-humanitar liseyin 10 illiyi və görkəmli alim, akademik Azad Mirzəcanzadənin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilmişdir.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış ziyalılar, millət vəkilləri, paytaxtın bir sıra məktəblərinin rəhbərləri, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak edirdilər.
Tədbiri liseyin fəxri direktoru, Milli Məclisin üzvü, professor Nizami Cəfərov açaraq əsası görkəmli alim Azad Mirzəcanzadə tərəfindən qoyulan liseyin gördüyü işlərdən, onun bu səviyyəyə çatmasında Azad müəllimin zəhmətindən söz açdı. Sonra məruzə etmək üçün söz liseyin direktoru, respublikanın əməkdar
müəllimi Həlimə
Mehdiyevaya verildi. H.Mehdiyeva liseyin yaranma tarixindən danışaraq qeyd etdi ki, bu
təhsil ocağı
fəaliyyət göstərdiyi
dövrdə bir sıra uğurlara imza atmışdır. Hazırda burada 420 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. ötən il liseyi bitirmiş 69 şagirddən 59-u ali məktəblərə qəbul
edilmişdir. Liseyin 3 məzunu Prezident təqaüdçüsüdür. 8 şagird Rumıniya, Koreya, Almaniya, Türkiyə, ABŞ, Rusiya
və başqa ölkələrdə öz
təhsillərini davam
etdirir. Lisey Tatarıstanın və Ufa şəhərinin Texniki humanitar liseyləri, Almaniyanın Drezden şəhərindəki
Texniki humanitar liseyi, ABŞ-ın Montana ştatının Texniki liseyi ilə geniş əlaqələr saxlayır.
Liseyin özünün
elmi şurası vardır. Tədris ocağında təhsilin keyfiyyətini izləyən
liseydaxili idarə sistemi fəaliyyət göstərir. Burada qabaqcıl təcrübəyə
geniş yer verilir. "Açıq dərs"lər, "dəyirmi masa"lar, interaktiv üsulla dərslərin aparılması, ixtisaslar üzrə alimlərin məsləhət saatları,
onların mühazirələri
təhsilin keyfiyyətinin
yüksəlməsinə təkan
verir. Məktəb İnternet şəbəkəsinə
qoşulmuşdur.
Təbrik üçün söz təhsil naziri Misir Mərdanova verildi. İlk öncə qonaqları salamlayan nazir qeyd etdi
ki, bu təhsil
ocağı 10 yaşı
qeyd olunan yeganə liseydir. Bu gün, sözün
əsl mənasında,
bizim üçün
həm də ona görə əlamətdardır ki, biz bura Azərbaycan
təhsilinin işığına
yığışmışıq. Azad Mirzəcanzadə böyük alim, böyük vətəndaş
idi. Gənclərin təhsili daim onu düşündürürdü.
O çox istəyirdi
ki, hər bir alimin məktəbi
olsun və özü bu işdə bir nümunə oldu.
Azad
müəllimin Azərbaycan elminin ən yüksək zirvəsində
durduğunu qeyd edən nazir daha sonra bildirdi ki, görkəmli
alimin yaratdığı bu lisey yeganə deyil və Bakıda
daha bir məktəb də Azad müəllimin təşəbbüsü
ilə yaradılıb. Uzun müddətdir ki, bizim ziyalılar
məktəblərdən, tərbiyə müəssisələrindən
uzaq düşüblər. İndi isə onlar
yavaş-yavaş təhsilə qayıdırlar. Onlar
anlayırlar ki, millətin gələcəyi təhsillə
bağlıdır. Ona görə də
ziyalılarımızın məktəbə
qayıdışı bizi fərəhləndirir. Bu tədbir
məni bir də ona görə sevindirdi ki, burada
respublikanın görkəmli ziyalıları iştirak edirlər.
Daha sonra nazir əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş təhsil
islahatlarının ölkəmizdə böyük uğurla həyata
keçirilməsindən, möhtərəm Prezidentimiz
İlham Əliyevin təhsilə göstərdiyi
qayğıdan, Heydər Əliyev Fondunun təhsillə
bağlı təşəbbüslərindən
danışaraq qeyd etdi ki, son 5 ildə ölkəmizdə 283
məktəb, uşaq bağçası və digər tədris
ocaqları tikilib istifadəyə verilmişdir.
10-illik yubileyini qeyd etdiyimiz Həlimə
xanımın rəhbərlik etdiyi liseydə qısa müddət
ərzində çox böyük işlər
görülmüşdür. Möhtərəm Prezidentimiz
İlham Əliyevin sərəncamı ilə liseyin kollektivi
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibləri sırasına
düşmüş, H.Mehdiyevanın əməyi isə layiqincə
qiymətləndirilərək ona "Azərbaycan
Respublikasının əməkdar müəllimi" fəxri
adı verilmişdir.
Çıxışının
sonunda nazir Təhsil Nazirliyinin liseyə ünvanlanmış təbrikini
direktora təqdim etdi. Sonra nazir liseyin bir qrup müəlliminə
Təhsil Nazirliyinin Fəxri fərmanını, 3 nəfər
müəllimə isə "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi"
döş nişanını verdi.
Sonra çıxışlar oldu.
Professorlar Eldar Şahbazov, S.İmamverdiyev, xalq şairi Zəlimxan
Yaqub, liseyin məzunu Validə Qafarova, professorlar Paşa Qəlbinur,
Elmira Ramazanova, Vaqif Abbasov, T.Salavatov, liseyin məzunu
T.Şükürova, Milli Aerokosmik Agentliyinin direktoru
A.Şirinzadə, Respublika Təhsil Şurasının sədri
Əjdər Ağayev və başqaları
çıxış edərək Azad Mirzəcanzadə ilə
bağlı xatirələrini söylədilər və
yubileyi qeyd edilən liseyin kollektivinə yeni-yeni uğurlar
arzuladılar.
Malik NOVRUZOV
Azərbaycan müəllimi.-2009.-15
may.-S.2.