Görkəmli alimin yubileyi qeyd edildi
Mayın 12-də Təhsil Nazirliyində respublikanın görkəmli alimi, tanınmış pedaqoq, əməkdar müəllim, "Şöhrət" ordenli, professor Yəhya Şəfi oğlu Kərimovun anadan olmasının 82 illiyi münasibətilə tədbir keçirildi.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq respublikanın görkəmli pedaqoq alimi Yəhya Kərimovun Azərbaycan təhsilində özünəməxsus rolu və yerindən danışdı. Nazir qeyd etdi ki,
Azərbaycanda ibtidai təlimin elmi əsaslar üzrə qurulması və inkişafı Y.Kərimovun
adı ilə bağlıdır. Görkəmli
alimin çoxcəhətli
elmi fəaliyyətində
bu amil xüsusi
əhəmiyyət kəsb
edir. O, bu gün Azərbaycanın görkəmli alimləri sırasındadır. Pedaqoq
alimin qələmindən
çıxan "Əlifba"
dərsliyi 45 il ərzində Azərbaycan
xalqının balalarına
xidmət etmişdir. Yəhya Kərimov təkcə dərsliklər
tərtib etməklə
kifayətlənməmiş, onlara metodik göstərişlərin yazılmasını
da zəruri hesab etmişdir. Nazir qeyd etdi
ki, ağır və zəhmətli illərin bəhrəsi professor Yəhya Kərimovu Azərbaycan pedaqogikasının parlaq simalarından birinə çevirmişdir. Yəhya
müəllim həyatının
çox hissəsini kiçikyaşlı uşaqlara,
məktəbəqədər tərbiyə və ibtidai təhsilə həsr edib. Bilik və bacarığını
yalnız pedaqoji fəaliyyətlə məhdudlaşdırmayan
görkəmli alim çoxlu sayda yüksək ixtisaslı elmi kadrların yetişməsinə bilavasitə
rəhbərlik etmiş,
onlarca gəncin alim kimi formalaşmasına
istiqamət vermişdir.
çıxışında daha sonra nazir
tanınmış pedaqoqun
yüksək insani keyfiyyətlərindən söz açdı.
Professor Yəhya Kərimovun daim axtarışda olan bir alim olduğunu
qeyd edən təhsil naziri onun apardığı elmi-tədqiqat işlərindən danışdı.
Alimin zəngin elmi yaradıcılıq fəaliyyətindən ətraflı
söz açan nazir onun əməyinin
dövlətimiz tərəfindən
hər zaman layiqincə qiymətləndirildiyini
söylədi.
Ölkə başçısı cənab
İlham Əliyev tərəfindən təhsilə göstərilən
diqqət və qayğıdan danışan təhsil naziri
mütəmadi olaraq təhsil işçilərinin fəxri
ad, medal və fərdi təqaüdlərə layiq
görülməsinin buna bir daha bariz nümunə olduğunu
bildirdi. Nazir qeyd etdi ki, ölkə başçısı cənab
İlham Əliyevin 26 dekabr 2006-cı il tarixli sərəncamı
ilə tanınmış alim Yəhya Kərimov Azərbaycanda
təhsilin inkişafındakı xidmətlərinə görə
"Şöhrət" ordeni ilə təltif edilib. Respublika
Prezidentinin 13 aprel 2009-cu il tarixli sərəncamına
müvafiq olaraq alimə Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdü verilib.
Nazir
Misir Mərdanov Yəhya Kərimovu bu münasibətlə, həmçinin
anadan olmasının 82 illiyi ilə bağlı öz
adından, rəhbərlik etdiyi Təhsil Nazirliyinin əməkdaşları,
bütövlükdə Azərbaycanın təhsil
işçiləri adından təbrik edərək ona
möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzuladı və alimə son illər təhsillə
bağlı nəşr olunmuş kitablar, həmçinin
xüsusi hədiyyə təqdim etdi.
Sonra Təhsil Problemləri
İnstitutunun direktoru, professor Abdulla Mehrabov Yəhya Kərimovun
keçdiyi mənalı ömür yolu, zəngin,
çoxşaxəli elmi fəaliyyəti ilə bağlı
geniş məruzə etdi.
Tədbirdə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin kafedra müdiri, akademik Hüseyn Əhmədov,
AMEA-nın akademiki, Azərbaycan Ağsaqqallar
Şurasının sədri Budaq Budaqov, Azərbaycan Dillər
Universitetinin kafedra müdiri, professor Nurəddin Kazımov, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Əbdül
Əlizadə, Azərbaycan Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev və başqaları
çıxış edərək görkəmli alimin zəngin
elmi fəaliyyətinin ayrı-ayrı məqamlarından, onun
Azərbaycan təhsilinin inkişafına verdiyi əvəzsiz
töhfələrdən söz açdılar.
Tədbirin sonunda Yəhya Kərimov
ünvanına deyilən xoş sözlər üçün
həmkarlarına, dostlarına təşəkkür edərək,
sevincli gününü onlarla paylaşmasından məmnunluq
hissi keçirdiyini bildirdi. Görkəmli alim 82 illiyi ilə əlaqədar
belə yüksək səviyyədə tədbir təşkil
etdiklərinə görə təhsil naziri Misir Mərdanova və
Təhsil Nazirliyinin bütün əməkdaşlarına minnətdarlıq
etdi.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.-2009.-15 may.-S.2.