Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

"Rasionallaşdırma və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi" alt-komponenti çərçivəsində beynəlxalq və milli məsləhətçilər tərəfindən hər bir pilot rayon üzrə məktəb şəbəkələrinin rasionallaşdırılması planları hazırlanıb təsdiq edilmişdir. Qeyd olunan rasionallaşdırma planlarının icrası hazırda da davam etdirilir. Bu planlarda nəzərdə tutulan müvafiq tədbirlərin 2005-ci ilin əvvəlindən başlayaraq ardıcıl həyata keçirilməsinin nəticəsidir ki, rasionallaşdırmanın əsas göstəricilərindən hesab edilən şagird-müəllim nisbəti əvvəlki illərlə müqayisədə xeyli dəyişmiş, İsmayıllı rayonunda 8,5-dən 10-a, Ucar rayonunda 11-dən 11,6-ya, Şirvan şəhərində 10,8-dən 12,05-ə çatdırılmışdır.

Bundan əlavə, rasionallaşdırma planlarına əsasən müəyyən olunmuş 41 məktəb, o cümlədən İsmayıllı rayonunda 23, Ucar rayonunda 15 və Şirvan şəhərində 3 məktəb əsaslı təmir edilmişdir. Təmir olunmuş məktəblər, həmçinin məktəb mebeli (müəllim üçün stol, stul, şagird partası və yazı lövhəsi), kompüter və digər müvafiq audiovizual avadanlıqlarla təchiz edilmişdir. Alt-komponent çərçivəsində pilot rayonların təhsil şöbələrinə də ofis mebeli və kompüter avadanlıqları verilmişdir.

Nəzərdə tutulan əsas tədbirlərdən biri də beynəlxalq və milli məsləhətçilər qrupu tərəfindən "Azərbaycan Respublikasında yeni tipli müasir məktəb binalarının layihələşdirilməsinə dair təlimat"ın hazırlanması olmuşdur. Həmin təlimatda məktəb binalarının layihələndirilməsi prosesində coğrafi şəraitin ciddi şəkildə nəzərə alınması, təhlükəsizlik və yanğından mühafizə qaydalarının gözlənilməsi, müasir inşaat normaları əhatə olunmuşdur.

"Təhsil almaq üçün bərabər hüquq və imkanlar: Məktəb Qrantı Proqramı" komponentinin tətbiqi ilə pilot rayonlarda məktəblərin məhdud ehtiyatlarının artırılmasına, yüksək keyfiyyətli təhsil almaq üçün şəraitin yaradılmasına, əlavə maliyyə vəsaiti əldə etməklə təlim-tərbiyə prosesində innovasiyaların tətbiqinə nail olunmuşdur.

Məktəb Qrantı Proqramı üç mərhələdə həyata keçirilmişdir. Hər bir mərhələnin icrasına Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun təşkil etdiyi xüsusi treninqlərlə başlanmışdır. I-II mərhələlərdə İsmayıllı rayonu üzrə 82, Ucar rayonu üzrə 44, Şirvan şəhəri üzrə 16 məktəb, beləliklə, 3 pilot rayon üzrə 147 məktəbdən 142-si layihə tərtibində iştirak etmişdir. Layihələrin qiymətləndirilməsində debat təhsil və təlim-resurs mərkəzlərinin, ayrı-ayrı fənn kabinetlərinin, kitabxanaların yaradılmasına, fənlərin tədrisində innovasiyaların tətbiqinə üstünlük verilmişdir. 65 məktəbin bir, 36 məktəbin iki, 12 məktəbin isə üç layihəsi qalib elan edilmişdir. Məktəb Qrantı Proqramı Respublika Komissiyasının yekun rəyi əsasında İsmayıllı rayonunun 100 (409008 AZN dəyərində), Ucar rayonun 53 (205461 AZN dəyərində), Şirvan şəhərinin 20 (83587 AZN dəyərində) layihəsi Dünya Bankı tərəfindən maliyyələşdirilmişdir. Hər üç rayonun iştirakı ilə 2007-ci ilin mayında I-III mərhələnin nəticəsinə dair geniş sərgi keçirilmişdir.

Təhsil Sektorunun İnkişafı layihəsində "İdarəetmə, planlaşdırma və monitorinq" əsas komponentlərdən biri kimi diqqət mərkəzində saxlanılmış, "Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Təhsilin İdarəolunmasının Məlumat Sistemlərinin (TİMS) yaradılması", "İdarəetmə və planlaşdırma imkanları" alt-komponentləri çərçivəsində həyata keçirilmişdir.

Məlum olduğu kimi, müasir dövrdə Azərbaycan təhsilinin inkişafını ardıcıl müşahidə etmək, onu vaxtaşırı dəyərləndirməklə istiqamətləndirmək üçün dünya standartlarına uyğun dinamik bir qiymətləndirmə sisteminin olmasına ehtiyac yaranmışdır. İslahatın bu mərhələsində belə bir layihənin müəyyənləşdirilməsi, qiymətləndirmə sahəsində tədbirlərin hazırlanıb həyata keçirilməsi məhz həmin boşluğu doldurmaq zərurətindən irəli gəlmişdir. Bununla əlaqədar "Şagird nailiyyətlərinin qiymətləndirilməsi" alt-komponenti çərçivəsində, ilk olaraq, təşkilati məsələlərin həllinə diqqət yetirilmiş, qiymtələndirmə sahəsindəki fəaliyyətləri təşkil etmək və istiqamətləndirmək üçün institusional baza formalaşdırılmışdır. 2005-ci ildə qiymətləndirmə sahəsində qabaqcıl təcrübəni öyrənmək məqsədilə Hollandiyaya tədris səfəri təşkil edilmişdir.

Növbəti mərhələdə müstəqil ölkə kimi Azərbaycanın dünya təhsil məkanına inteqrasiyası, şagirdlərin nailiyyətləri ilə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PİSA) qoşulması istiqamətində də lazımi tədbirlər görülmüşdür. İlkin sazişlər bağlanmış, məlumatlar bazası yaradılmış, ölkə meneceri seçilməklə onun fəaliyyəti təşkil olunmuş, digər hazırlıq işləri aparılmışdır. Nəhayət, Azərbaycan Respublikası Beynəlxalq Qiymətləndirmə Proqramında iştirak etmiş və bu proqram çərçivəsində ümumtəhsil məktəblərinin 15 yaşlı şagirdlərinin təlim nailiyyətləri 2006-cı ilin aprel-may aylarında qiymətləndirilmişdir. Beynəlxalq qiymətləndirmə ilə yanaşı, 2006-cı ildə IV-IX siniflərdə ana dili və riyaziyyatdan milli qiymətləndirmə aparılmışdır.

2005-2006-cı dərs ilində ilk dəfə İmişli və Bakının Xətai rayonlarında orta təhsil kursu üzrə mərkəzləşdirilmiş imtahan sistemi tətbiq edilmişdir. 2006-2007-ci dərs ilində isə həmin rayonlarla bərabər, Bakının Səbail rayonu və Sumqayıt şəhərinin ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılmışdır. Növbəti dərs ilində bu şəbəkə bir qədər də genişləndirilmiş və 2008-2009-cu dərs ilində bütün ölkəni əhatə etmişdir.

Layihə çərçivəsində əldə edilmiş nailiyyətlərdən biri də "Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası"nın yaradılması olmuşdur. Bu sənədin hazırlanmasında müəllimlər, metodistlər, təhsil menecerləri maraqlı olan tərəflər kimi iştirak etmişlər. Onun müzakirəsini daha geniş miqyasda təşkil etmək məqsədi ilə layihə variantı çapa hazırlanaraq mətbuatda dərc olunmuşdur. Həmin Konsepsiya Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli qərarı ilə təsdiq edilmişdir.

Layihədə nəzərdə tutulan "Təhsilin İdarəolunmasının Məlumat Sistemlərinin (TİMS) yaradılması" alt-komponentinin icra olunması üçün ümumi təhsil sistemini əhatə edən məlumat bazası (məktəblərin xəritələşməsi, şagird və pedaqoji kadr kontingenti, rəhbər işçilər) yaradılmış, həmin məlumatlar nazirliyin İnternet səhifəsində yerləşdirilmişdir.

"İdarəetmə və planlaşdırma imkanları" alt-komponenti üzrə həyata keçirilən tədbirlər də ölkə miqyasında aparılan islahatların ümumi məntiqinə uyğun qurulmuşdur. Burada da ilk olaraq institusional baza möhkəmləndirilmiş, zəruri normativ-hüquqi baza formalaşdırılmışdır. Təhsilin idarəolunmasında strateji təhlillərin diaqnostik xarakter daşımasının zəruriliyi nəzərə alınmış, Təhsil Nazirliyində strateji planlaşdırma və müasir hesabatvermə mexanizmi tətbiq edilmişdir. Bundan əlavə, Təhsil Problemləri İnstitutunda Təhsildə Tətbiqi Tədqiqatlar Mərkəzi yaradılmış, onun fəaliyyətini düzgün istiqamətə yönəltmək və tənzimləmək üçün tədbirlər həyata keçirilmişdir.

Təhsil Sektorunun İnkişafı Layihəsi başa çatmaq ərəfəsində onun müddətinin uzadılması barədə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında razılıq əldə edilmişdir. Buna səbəb fənn kurikulumlarının tətbiqinin 2007-2008-ci dərs ilindən 2008-2009-cu dərs ilinə keçirilməsi ilə əlaqədar müəllimlərin ixtisasartırması və ictimaiyyətin maarifləndirilməsi tədbirlərinin həyata keçirilməsi zərurəti olmuşdur. ölkənin beynəlxalq şagird nailiyyətlərinin qiymətləndirilməsi proqramlarında iştirakı və buraxılış imtahanlarının mərkəzləşmiş qaydada aparılmasına edilən dəstək də (təmir, optik və çap avadanlıqlarının alınması, tədris səfərinin və texniki xidmətin təşkili və s.) müddətin uzadılması səbəblərindən biridir.

Təhsil Sektorunun İnkişafı Layihəsinə ayrılmış vəsaitlərin (Dünya Bankının kredit vəsaitləri 19,94 milyon ABŞ dolları, Azərbaycan hökumətinin layihədəki iştirak payı 2,95 milyon ABŞ dolları) xərclənməsi vəziyyəti layihənin sonuna aşağıdakı kimi olmuşdur.

Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində həyata keçirilən islahatyönümlü tədbirlər zamanına görə xüsusi aktuallıq kəsb edirdi və keçid dövrü üçün çox vacib idi. Etiraf etmək lazımdır ki, həmin tədbirlərin icrası prosesində pedaqoji ictimaiyyətdə, bütövlükdə, Azərbaycan cəmiyyətində təhsilin məqsəd və vəzifələrinə yeni yanaşma formalaşmağa başladı, ümumi təhsil sisteminin mütərəqqi dünya təcrübəsi əsasında yenidən qurulmasına hərtərəfli imkanlar yarandı, eyni zamanda ölkəmizdə müasir təfəkkürə malik pedaqoji potensialın üzə çıxarılmasında əhəmiyyətli rol oynadı.

Qeyd edim ki, bu yazıda Təhsil Sektorunun İnkişafı Layihəsi (TSİL) üzrə müəyyən olunmuş komponentləri əhatə edən alt-komponentlər barədə ətraflı açıqlama verilməsi qarşıya məqsəd qoyulmamışdı. Lakin hesab edirəm ki, növbəti məqalələrdə bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran və aktual hesab olunan təhsilin məzmunu, şagird nailiyyətlərinin qiymətləndirilməsi və dərslik yaradıcılığı sahəsində həyata keçirilən islahatyönümlü tədbirlər haqqında geniş məlumatların diqqətə çatdırılması ictimaiyyətin maarifləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, Təhsil Sektorunun İnkişafı Layihəsini əhatə edən bütün komponent və alt-komponentlər çərçivəsində yerinə yetirilən tədbirlər birmənalı şəkildə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Sağlam məntiqə görə ümumi təhsilin keyfiyyəti mövcud tələbata uyğun optimal müəyyən olunmuş məzmundan və onun reallaşdırılmasını təmin edən dərslik və dərs vəsaitlərindən, şagird nailiyyətlərinin çevik və səmərəli qiymətləndirilməsi sisteminin yaradılmasından, yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərdən, məktəblərdə hərtərəfli təhsil infrastrukturunun və maliyyə müstəqilliyi şəraitinin təmin olunmasından birbaşa asılıdır. Göründüyü kimi, bu, bir-biri ilə qarşılıqlı əlaqədə olan, biri digərini tamamlayan düşünülmüş bütöv bir işlək mexanizm təsiri bağışlayır və həmin sistemi əhatə edən parametrlərdən hər hansı birində baş verən gerilik keyfiyyətə mənfi təsir edir, inkişafı ləngidən amilə çevrilir. Təhsil Sektorunun İnkişafı Layihəsinin əsasını da məhz bu məsələlərin həyata keçirilməsi sahəsində əməli fəaliyyətə başlanması, ictimaiyyətin və müvafiq səlahiyyətli icra orqanlarının diqqətinin həmin problemlərin həllinə yönəldilməsi və ilkin mərhələdə əldə olunan nəticələr əsasında perspektiv istiqamətlərin müəyyənləşdirilməsi təşkil etmişdir.

Bu məqalədə Təhsil Sektorunun İnkişafı Layihəsinin "ümumi təhsilin keyfiyyəti və onun real tələbatlara uyğunluğu" komponentinin "Kurikulum islahatı" alt-komponentinə aid mahiyyətcə vacib məqamları bir qədər ətraflı diqqətə çatdırmaq istərdim. Heç şübhəsiz, layihənin başlanması ərəfəsində, layihə həyata keçirilən müddətdə və daha sonralar bu haqda çox yazılıb danışılsa da, fikrimcə, izah və açıqlamalara hələ çox ehtiyac vardır. çünki hər hansı bir sahədə, o cümlədən də təhsil sahəsində köklü mahiyyət dəyişiklikləri ilə müşayiət olunan islahatların məqsəd və vəzifələrinə münasibətdə fikir ayrılıqlarını birdən-birə aradan qaldırmaq, hamını eyni məxrəcə gətirmək qeyri-mümkündür. İslahatların zəruriliyi barədə nəinki ictimaiyyətin ayrı-ayrı təbəqələri, hətta uzunillik təcrübəyə malik təhsil mütəxəssisləri arasında da ziddiyyətli fikirlər bu gün də mövcuddur. Bu mənada islahatlar çox ağır və gərgin zəhmət tələb edən bir prosesdir.

Nəzərdə tutulan islahatların dövrün, zamanın tələbindən və bu tələblərə görə cəmiyyətdə yenilikçilik meyillərinin güclənməsindən irəli gəldiyi hamıya məlumdur. Başqa sözlə, hər hansı bir ölkədə tarixi şəraitə uyğun olaraq siyasi, iqtisadi və sosial-mədəni durumun səviyyəsi, bir növ, indikator rolunu oynayaraq bu və ya digər sahədə, həmçinin də təhsil sahəsində islahatların vacibliyini şərtləndirir. ölkədə siyasi sabitlik, iqtisadi inkişaf, elmi potensial yoxdursa, islahatların aparılmasından danışmağa belə dəyməz. Lakin islahatlar nə qədər mütərəqqi xarakterli olsa da, özü ilə diqqətli yanaşma tələb edən problemlər də gətirir. Bu mənada Azərbaycanın ümumi təhsil sahəsində əsasən 2003-2007-ci illərdə həyata keçirilmiş və obyektiv səbəblərdən icra müddəti 2009-cu ilədək uzadılmış Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində əhatə olunmuş məsələlər, eləcə də ümumi təhsilin məzmun istiqamətlərinin fərdin, cəmiyyətin, dövlətin ehtiyac və tələbatına görə müəyyənləşdirilməsi indiki vaxtda ən ciddi problemlərdən hesab olunur.

XXI əsrin birinci onilliyinin artıq başa çatdığı bir vaxtda təhsilin məzmun istiqamətlərinin müəyyən olunması ilə bağlı problemlərdən danışmaq bəlkə də kimlərəsə təəccüblü görünə bilər. Yəni düşünərlər ki, dünyada ən həssas optik cihazların kəşf olunduğu, insanlarda vahimə oyadan dəhşətli xəstəliklərin müalicəsinin tapıldığı, yer üzündəki həyata birbaşa müdaxilə etmək gücünə malik kosmik sistemlərin yaradıldığı indiki vaxtda hər hansı bir təhsil pilləsi üçün təlim-tərbiyənin məzmununun hazırlanması nə çətin işdir.

Bu məqamda maraqlı bir hadisəni xatırlatmaq yerinə düşərdi. Məşhur Kuba şahmatçısı X.Kapablanka dünya çempionu adını qazandıqdan sonra mərasimlərin birində ona sual verirlər ki, yəni şahmat oyunu bu qədər mürəkkəbdir?! Cavab belə səslənir: Burada mürəkkəb heç nə yoxdur. Sadəcə, götürdüyün fiquru lazım olan xanaya qoymaq lazımdır.

Həqiqətən, çox ibrətamiz bir əhvalatdır. Əslində, həyatda ən mürəkkəb məsələlər zahirən sadə görünənlərdir. Necə ki, uşaqlar üçün yazmaq böyüklər üçün yazmaqdan qat-qat çətindir. Yeri gəlmişkən, son 60-70 il ərzində uşaqlar üçün yazılan hansı bir əsəri göstərmək mümkündür ki, o, M.Ə.Sabirin "Gəl-gəl, a yaz günləri", "Uşaq və buz", "Cütçü", A.Səhhətin "Vətən", "Yay səhəri", A.Şaiqin "Keçi", "Xoruz" şeirləri qədər sevilən və dillər əzbəri olsun.

Bu mənada təhsilin məzmununun müəyyən edilməsi prosesi də istisna deyildir. Həmin problem bütün dövrlərdə aktual sayılmış, mütəxəssisləri daim düşündürmüşdür. Hazırda dünyada elə bir ölkə, hətta ən inkişaf etmiş ölkə belə göstərmək olmaz ki, burada təhsilin məzmunu ilə bağlı mövcud vəziyyət tam qənaətbəxş, bu sahədə görülən işlər isə bitmiş hesab edilsin. çünki cəmiyyət daim inkişafdadır və bu inkişafın sürəti təhsilin məzmununun daim yeniləşdirilməsi və təkmilləşdirilməsini tələb edir. Təhsilin əsas vəzifəsi son nəticədə ölkə üçün faydalı insanlar yetişdirməkdir. Onun fəlsəfi mahiyyəti də məhz bundan ibarətdir. Əgər hər hansı bir dövrdə zamanın inkişaf tempinə qismən uyğunlaşan ölkədə təhsilin səviyyəsi mövcud tələbatı ödəmirsə, o ölkənin 10-20 il sonra inkişafdan geri qalacağı obyektiv reallıqdır. Ona görə ki, həmin vaxta qədər inkişafa təkan verəcək insanlar formalaşa bilməyəcəkdir. Həmişə deyirlər ki, müəyyən bir ölkənin 25-30 il sonrakı tərəqqisini təsəvvür etmək üçün onun təhsilinin bugünkü səviyyəsini qiymətləndirmək lazımdır. Bu məlum həqiqətə onu da əlavə etmək olar ki, hər hansı bir ölkənin inkişafyönümlü müasir təhsil tendensiyalarını dəstəkləməsinə, mütərəqqi beynəlxalq təhsil məkanına inteqrasiya olunmaq meyillərinə əminlik yaranması üçün həmin ölkədə təhsilin hazırda müəyyən edilmiş məzmununa diqqət yetirmək kifayət edər. Beləliklə, məzmun, obrazlı desək, təhsilin güzgüsüdür, onun əyarını üzə çıxaran məhək daşıdır.

Bütün fəaliyyət sahələrində, eləcə də təhsil sahəsində həyata keçirilən tədbirlərin konkret nəticələr əldə olunmasına yönəldilməsi inkaredilməz faktdır. Nəticələrin optimal və düzgün müəyyən olunması isə məqsəd və vəzifələrin aydın təsəvvür edilməsində başlıca şərtdir. Məqsəd və vəzifələr işlənib hazırlanarkən, hesab edirəm, "şagirdlərə ümumi təhsil verməklə nəyə nail oluruq", "ümumi təhsil məktəblərində hansı göstəricilərə və keyfiyyətlərə malik şəxsləri formalaşdırırıq" sualları diqqət mərkəzində durmalıdır.

Müstəqillik illərində ümumi təhsil sahəsində islahatların zəruriliyi əsaslandırılarkən bu suallara dönə-dönə müraciət olunmuşdur. İnkişaf etmiş bir sıra ölkələrin təcrübəsi öyrənildikdən sonra nəticələr sovetlər dönəmindəki vəziyyətlə müqayisə edilmiş və xarici mütəxəssislərin tədqiqatları da nəzərə alınmaqla aşağıdakı məzmunda rəy formalaşdırılmışdır:

- Azərbaycanda olan cari kurikulum modeli, əsasən, fənlər üzərində qurulmuşdur, təklifyönümlüdür. Şagirdlərin dərs yükü çox ağırdır, bu isə onların informasiya ilə xeyli yüklənməsinə və nəticədə təlimlə bağlı problemlərin yaranmasına səbəb olur. Cari sistem şagirdlərin müstəqil tədqiqat aparması, düşünməsi, kitabxana və digər vasitələrdən istifadə etməsi üçün zəmin yaratmır. Səhv olaraq hesab edilir ki, əgər şagirdlərə müəyyən fənnin məzmunu öyrədilirsə, onlarda məhsuldarlıq və məsuliyyət kimi keyfiyyətlər formalaşır;

- Fənlər vasitəsilə bilik və bacarıqların verilməsi zamanı daha çox faktlardan istifadə olunur, məlumatların yadda saxlanmasına üstünlük verilir. Fənlərin əksəriyyətində uşaqların təfəkkür və düşüncə tərzini, qabiliyyətini inkişaf etdirən məzmun yoxdur;

- Müxtəlif siniflər üzrə eyni fənlərin məzmununda lazımsız təkrarlamalar mövcuddur ki, bunlar da təlim nəticələrinin keyfiyyətinə lazımi diqqət yetirməyə maneçilik törədir;

- Orta məktəb məzunlarının real həyata hazırlanmasının vacibliyi kifayət qədər nəzərə alınmır. Tədris proqramlarında həddən artıq elə məlumatlar mövcuddur ki, şagirdlər onları əzbərləmək yolu ilə öyrənmək məcburiyyətində qalırlar. Bazar cəmiyyəti üçün lazım olan bilik və bacarıqların öyrənilməsinə az əhəmiyyət verilir. Məsələn, problem həlli, tənqidi düşünmə, fikir yürütmə, alternativ izahatların axtarılması və digər bu kimi məsələlər tədris proqramlarında əsas hədəf kimi qarşıya qoyulmur və s.

Həqiqətən də əgər ümumi təhsili orta məktəblərdə oxuyan şagirdlər üçün müstəqil həyata hazırlıq dövrü adlandırırıqsa, o zaman həmin müəssisələrin məzunlarının tədris edilən fənlər üzrə zəruri biliklərə yiyələnməsi ilə yanaşı, cəmiyyətin faydalı üzvü olmaq, həyatda müstəqil yaşamaq üçün onlara problemli vəziyyətlərdən çıxa bilmək, rəqabətdən çəkinməmək, müstəqil qərarlar qəbul etmək, birgəfəaliyyət, əməkdaşlıq, qeyri-standart düşünmək, ünsiyyət mədəniyyəti, tolerantlıq və dözümlülük, təşkilatçılıq və sair vacib həyati bacarıqlar aşılanmalıdır.

Təhsil tarixinə diqqət yetirsək, hələ ta qədim zamanlardan eramızdan əvvəlki dövrlərdə də təhsilə cəlb olunmuş uşaq və gənclərə zamanın tələbinə görə, ilk növbədə, həyati bacarıqlar verilirdi. Natiqlik məharəti, aydın və səlis danışıq, ox atmaq, qılınc oynatmaq, üzgüçülük, gimnastika o vaxtlar məktəb təliminin əsas elementlərindən sayılırdı. Təbii ki, zaman ötdükcə bu dəyərlər də dövrün ehtiyaclarına görə dəyişmiş, daha müasir hədəfləri əks etdirmişdir.

Sovetlər dönəmində həyata keçirilən ümumi təhsilin vəziyyəti ilə bağlı aparılan təhlil və tədqiqatların yuxarıda qeyd edilən nəticələrindən isə məlum olur ki, 80 ilə yaxın bir müddətdə məktəblərimizdə daha çox tədris olunan fənlər üzrə nəzəri materialların mənimsədilməsi, bir qayda olaraq, əsas məqsəd hesab edilmiş, bu fənlərin təcrübi əhəmiyyətinə lazımi diqqət yetirilməmişdir. Əslində, ümumi təhsilin bütövlükdə məzmunu yox, ayrı-ayrı fənlərin məzmunu işlənib hazırlanmışdır. Fənlərin məzmunu isə müvafiq dövlət standartları olmadığından yalnız fəsil, bəhs və mövzuları əhatə etmiş, bunlar da müəyyənləşdirilərkən bir sıra hallarda onların şagirdlər üçün nə dərəcədə vacib olub-olmaması nəzərə alınmamışdır. Nəticədə nələr baş vermişdir:

- tədris proqramları və dərsliklər məzmun etibarı ilə ağırlaşdırılmış, bir çox hallarda ikinci dərəcəli materiallarla yüklənmişdir;

- tədris proqramları hazırlanarkən şagirdlərin maraq dairəsi, potensial imkanları kifayət qədər nəzərə alınmamış, onların bir çoxu, xüsusilə, riyaziyyat və təbiət fənləri üzrə hətta minumum səviyyədə bilik və bacarıqlar qazanmadan formal olaraq sinifdən-sinfə keçirilib təhsil sənədi almış, beləliklə də məktəbin və müəllimin nüfuzuna ciddi ziyan vurulmuşdur;

- orta məktəbi bitirən məzunların bir qisminə formal surətdə verilən təhsil sənədi müstəqil həyatda onlar üçün əhəmiyyət kəsb etməmişdir;

- müəyyən qrup şagirdlərin bu və ya digər fənləri mənimsəyə bilməməsi səbəbləri araşdırılmadan onlara məktəbdə mənfi münasibət bəslənilmiş, belə hallar həmin şagirdlərin təhsildən yayınmasına, "çətin uşaqlar" siyahısına düşməsinə gətirib çıxarmışdır və s.

Bütün bunları bir daha diqqətə çatdırmağımız, əlbəttə, ictimaiyyətdə ümumi təhsil sahəsində islahatların zəruriliyinə qəti əminlik yaratmaq, eyni zamanda vətəndaşlarımızın islahatyönümlü tədbirlərə həssas münasibət göstərməsi, onların bu prosesdə fəal iştirak etmələri ilə bağlı istəyimizdən irəli gəlir.

Aparılan təhlil və tədqiqatların obyektiv mövqedən formalaşdırılmış nəticələrinə əsasən artıq Azərbaycan cəmiyyətində ümumi təhsilin məqsəd və vəzifələrinə, məzmun istiqamətlərinə yeni baxış və yanaşma tərzi yaranmışdır. Müasir dünya təcrübəsini əks etdirən həmin baxış və yanaşmalar 2006-cı ilin 30 oktyabrında Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədinin əsasını təşkil etmişdir. ölkəmizin təhsil tarixində forma, məzmun və mahiyyətcə tamamilə yeni bir hadisə olan bu sənəd konseptual xarakter daşımaqla İslahat Proqramında irəli sürülən mühüm bir müddəanın -"təhsilalanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsilalanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması" ideyasının reallaşdırılması istiqamətində atılan ciddi addımlardan biri kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) sənədi həmin müddəada ifadə olunmuş fikirlər nəzərə alınmaqla tələbyönümlülük, nəticəyönümlülük, inteqrativlik prinsipləri əsasında hazırlanmış, şagirdlərin təhsil səviyyələri üzrə ardıcıl inkişafı diqqət mərkəzində saxlanılmışdır.

Bu məqamda qeyd edilən prinsiplərin mahiyyətinin qısa açıqlanması, fikrimcə, oxucular üçün maraqlı olardı:

Tələbyönümlülük - təhsilin məzmununun fərdin, dövlətin, cəmiyyətin ehtiyac və tələbatları, yaxın gələcək üçün inkişaf perspektivləri nəzərə alınmaqla müəyyənləşdirilməsi.

Nəticəyönümlülük - təhsil prosesinin hər hansı bir mərhələsində əldə olunması nəzərdə tutulan nəticələrin əvvəlcədən müəyyən edilməsi.

Şəxsiyyətyönümlülük - təhsilalana gələcək müstəqil həyat fəaliyyətini qurmaq üçün zəruri bacarıq və vərdişlərin aşılanması, onların milli mənəvi və bəşəri dəyərlər zəminində formalaşmasının prioritet kimi qəbul olunması.

Şagirdyönümlülük - təlim-tərbiyə prosesinin şagirdlərin meyil və marağı, potensial imkanları, ardıcıl inkişafı, sağlamlığının mühafizəsi və təhlükəsizliyi nəzərə alınmaqla təşkili, hamı üçün bərabər təhsil şəraitinin təmin olunması, istedadı ilə fərqlənənlərin vaxtında aşkara çıxarılması və onların inkişafının diqqət mərkəzində saxlanması.

İnteqrativlik - təlim nəticələrinin biri digərini tamamlaması, inkişaf etdirilməsi, fəndaxili və fənlərarası əlaqələrin təmin olunması.

Nə üçün Milli Kurikulum konseptual sənəd adlanır? Ona görə ki, burada təsbit olunmuş müddəalar sonrakı mərhələdə fənn kurikulumlarının, müvafiq təlim strategiyalarının hazırlanması üzrə baza hesab edilir. Hökumət səviyyəsində təsdiq olunmuş bu sənəd özündə ümumi təhsilin hər bir səviyyəsi üzrə məqsədləri, təlim nəticələrini, məzmun standartlarını, tədris olunan fənləri və fənlər üzrə təlim nəticələrini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən tələbləri ehtiva edir.

 

 

(Ardı var)

 

Misir MƏRDANOV

 

Azərbaycan müəllimi.-2009.-6 noyabr.-S.5.8