2008-2009-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə

 

Qəzetin 23 oktyabr 2009-cu il tarixli nömrəsində 2008-2009-cu dərs ilinin buraxılış imtahanlarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə istifadə olunmuş test sualları barədə verilən şərhi davam etdiririk. Qeyd edək ki, qəzetin növbəti saylarında digər yeddi fənn üzrə hazırlanmış qiymətləndirmə vasitələrini təhlil edən yazıların verilməsi də nəzərdə tutulur.

Buraxılış imtahanları üçün qiymətləndirmə vasitələri, yəni şagirdin müəyyən bilik və bacarıqlarını yoxlamağa yönəlmiş suallar hazırlanarkən Blum nəzəriyyəsinə əsaslanılıb. Əlbəttə ki, bütün qiymətləndirmə vasitələri taksonomiyaya uyğun olaraq bilmə, dərk etmə, tətbiq etmə, təhlil etmə, sintez etmə və dəyərləndirmə bacarıqlarını kompleks şəkildə özündə birləşdirə bilməz. Hər bir sualın tərtibində bu fəaliyyətlərdən ən azı birinin olması mütləqdir. Aşağıdakı nümunəyə diqqət edək:

E variantı, 17-ci tapşırıq

Aşağıdakılardan biri publisistik üsluba aiddir:

A) roman B) məqalə C) qanun D) şeir E) akt

Üslubiyyat bölməsinin publisistik üslub mövzusu ilə bağlıdır. Bu tapşırığın doğru cavabını müəyyənləşdirmək üçün müqayisə, araşdırma aparmağa ehtiyac qalmır. Romanın, şeirin bədii üsluba, qanun və aktın rəsmi-işgüzar üsluba aid olması ilə bağlı dərslikdə kifayət qədər məlumat var. Məqalənin publisistik üsluba aid olması ilə bağlı məlumatlar yalnız "Azərbaycan dili" dərsliklərindəki faktlarla məhdudlaşmır. M.Ə.Sabirin, C.Məmmədquluzadənin və başqa sənətkarların publisistikası haqqında XI sinfin "Ədəbiyyat" dərsliyində də məqalə janrından danışılır. Bu cür test tapşırıqları, bir növ, hafizəyönümlü olur və şagirddən bacarıq kimi yalnız bilməni tələb edir. Bu baxımdan 65,51% şagirdin doğru C cavabını seçməsini o qədər də qənaətbəxş hesab etmək olmaz.

Qeyd edim ki, ancaq bilməni tələb edən qiymətləndirmə vasitələri test sualları arasında o qədər də geniş yer tutmur, belə suallar fənn üzrə sual ümumi sayının 20 %-ni təşkil edir.

Test suallarının əsas qismi bilməklə yanaşı, şagirdə dərk etmə, tətbiq və təhlil etmə bacarıqlarını nümayiş etdirməyə imkan verir. Bütün bu bacarıqlarla bərabər, sintez etmə və dəyərləndirmə kimi keyfiyyətləri tələb edən tapşırıqlar da fənn üzrə sualların ümumi sayının maksimum 20 %-ni təşkil edir.

Ümumiləşdirmə aparmağı, sintez etməni tələb edən test tapşırıqlarından istifadə etməklə şagirdlərin prinsipləri, qanunauyğunluqları, ümumi xarakteristikaları mənimsəmək, bir neçə mövzu, yaxud qrup daxilində anlayışların ümumi əlamətlərini, yaxud səciyyəvi cəhətlərini araşdırmaq və bunun əsasında müəyyən nəticə çıxarmaq bacarığı yoxlanılmışdır. Məsələn:

E variantı 10-cu test tapşırığı.

Xəbər hansı üzvlə tabelilik əlaqəsində olmur?

A) zərflə B) mübtəda ilə C) xəbərlə D) təyinlə E) tamamlıqla

Şagird bu tapşırığın doğru cavabını müəyyən etmək üçün hökmən həm tabelilik, həm də tabesizlik əlaqəsinin xüsusiyyətlərini; həm də xəbərin uzlaşma əlaqəsi ilə mübtədaya tabe olduğunu, idarə əlaqəsi ilə zərflik (bəzən də yanaşma əlaqəsi ilə) və tamamlığı özünə tabe etdiyini bildiyini, tabelilik və tabesizlik əlaqələrini müqayisə etmə bacarığını və bunun əsasında nəticəyə gəldiyini nümayiş etdirməli idi. Digər tərəfdən, xəbərin zərflə sintaktik əlaqəyə girmədiyini doğru hesab edənlər A cavabını seçməklə səhvə yol vermişlər. çünki tapşırığın şərtində xəbərin hansı üzvlə tabelilik əlaqəsində olmadığını müəyyənləşdirmək tələb olunur, hansı nitq hissəsi ilə yox. Eyni zamanda şagirdlər xəbərin həmcins xəbərlə tabesizlik əlaqəsində olduğunu, xəbərin xəbərlə tabelilik əlaqəsində olmadığını müəyyənləşdirməkdə də çətinlik çəkmişlər. A cavabında zərfin verilməsi tapşırığın çətinlik səviyyəsini mürəkkəbləşdirmişdir. Şagirdlərin bu sahədə bilik və bacarıqları, ümumiləşdirmə qabiliyyəti, sintez etmə və dəyərləndirmə bacarığı tələb olunan səviyyədən aşağı olduğundan etalon pozulmuşdur. Cavab müəyyənləşdirməkdən imtina edənlərin sayı (42,19%) doğru C cavabını müəyyənləşdirənlərin sayından (35,94%) çox olmuşdur. Bu tapşırıq çətinlik səviyyəsinə görə mürəkkəbdir.

Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış və sınaq imtahanlarını daha səmərəli keçirmək üçün testlərə qoyulan tələblər - qanunauyğunluq, etibarlılıq, ədalətlilik, praktiklik gözlənilməklə fənlər üzrə mövzular kodlaşdırılmış, həmin mövzular üzrə kifayət qədər test tapşırıqları hazırlanmışdır. Bu test tapşırıqları Təhsil Nazirliyinin test bankına qəbul olunanda onların hər birinin mövzular üzrə kodu ilə bərabər, çətinlik səviyyəsi, relevantlıq kateqoriyası da müəyyən edilmişdir.

Azərbaycan dili və ədəbiyyat fənlərindən 2008-2009-cu tədris ilində buraxılış imtahanlarında şagirdlərin bilik, bacarıqlarını yoxlamaq məqsədi ilə istifadə olunan test tapşırıqları relevantlıq kateqoriyalarına görə aşağıdakı nominasiyaları əhatə etmişdir:

1. Terminoloji

2. Faktoloji

3. Ümumiləşdirici

4. Məntiqi-izahedici

5. Bədii mətnin məzmunu üzrə biliklərin yoxlanılması

Bu və ya digər nominasiyalardan olan test tapşırıqları həm çətinlik səviyyəsi, həm də ədalətlilik, yararlılıq, obyektivlik və bərabərlik baxımından bütün bölgələr, variantlar üçün eyni olmuşdur. Bugünkü yazımızda Bakı-Sumqayıt bölgəsinin variantları statistik təhlil üçün əsas götürülmüşdür.

Hər bir nominasiyaya aid test tapşırıqları şagirdlərin müəyyən sahə ilə bağlı bilik, bacarıqlarının yoxlanılmasına xidmət etmişdir. Məsələn, terminoloji tapşırıqlarla şagirdlərin elmi anlayışları, ifadələri və onları əks etdirən terminləri dərketmə, mənimsəmə; onlardan istifadə etmə bacarığını yoxlamaq mümkün olmuşdur.

A variantı, 15-ci test tapşırığı.

Məhəlli xarakter daşıyır, ümumişlək deyil. Söhbət nədən gedir?

A) terminlərdən B) köhnəlmiş sözlərdən C) yeni sözlərdən D) alınma sözlərdən E) dialekt sözlərdən

Leksika bəhsinə aid terminoloji test tapşırığıdır. Həm tapşırığın şərti, həm də distraktorlardakı terminlərin təqdim olunan formada verilməsi şagirdin dialekt sözlər haqqındakı elmi anlayışını dəqiq müəyyənləşdirməsini asanlaşdırır. ümumişlək olmayan anlayışları bildirən ifadələr içərisində ancaq dialekt sözlərin məhəlli xarakter daşımasını müəyyənləşdirmək şagirddən o qədər də çox vaxt tələb etmir. Sadə səviyyəli bu tapşırığın doğru E cavabını 72,73% şagird doğru müəyyənləşdirmişdir.

Faktoloji informasiya ilə əlaqədar test tapşırıqları faktik materiala dair bilikləri yoxlamağı nəzərdə tutmuş və sadə dil faktlarını, hadisələrini əks etdirən material əsasında tərtib edilmişdir. Belə tapşırıqlar şagirdin fəaliyyətini nə?, nə qədər?, neçə? kimi suallara konkret cavab axtarmağa yönəltmişdir.

Məntiqi-izahedici tapşırıqlar şagirdlərin hər hansı dil hadisəsini, faktını, morfoloji və sintaktik funksiyaları izah edə bilmək, müəyyən qayda və prinsipdən irəli gələn səbəb və nəticələri başa düşmək, ümumiyyətlə, səbəb-nəticə əlaqəsini dərk etmək qabiliyyətinin yoxlanılmasına xidmət etmişdir.

A variantı, 10-cu test tapşırığı.

Adlıq halda olan isim nə zaman cümlədə mübtəda olmur?

A) hara? sualına cavab verdikdə

B) xitab olduqda

C) kim? sualına cavab verdikdə

D) cümlənin sonunda gəldikdə

E) ? sualına cavab verdikdə

Çətinliyinə görə orta səviyyəli tapşırıqdır. İsmin sintaktik funksiyaları ilə bağlıdır. Şagird adlıq halda olan ismin niyə mübtəda olmadığının səbəbini araşdırmaq üçün mübtəda ilə xitabın oxşar və fərqli cəhətlərini dərk etdiyini, adlıq halda olan ismin müraciət bildirdikdə xitab olduğunu bilməsi ilə sübut etməlidir. A, C, D, E cavablarının təqdim olunan formada tərtibi şagirddən məntiqi düşüncə tələb edir. Doğru B cavabını müəyyən edən şagirdlərin sayı 58,41% olmuşdur. Bu da onu göstərir ki, tədris prosesində şagirdlərin məntiqi-izahedici tapşırıqlar üzərində səmərəli işləməsinə ehtiyac var.

Bədii mətnin məzmunu üzrə biliklərin yoxlanılmasını tələb edən tapşırıqlar ayrıca öyrənilən əsərin mətni üzərində qurulmaqla, əsərin mətni, obrazları, ən mühüm hadisələr, lirik əsərin əzbərlənməsi və s. ilə bağlıdır. Elə bütün bölgələr üzrə bütün variantların 19-cu test tapşırığı da şagirdlərin bu sahədə bilik və bacarıqlarının yoxlanılması məqsədinə xidmət etmişdir.

A variantı, 19-cu test tapşırığı.

İ.Nəsimi "Yanaram" rədifli qəzəlini kimə müraciətlə başlayır?

A) cahillərə B) sənəmə C) könlünə D) özünə E) Tanrıya

"Yanaram" şeirinin mətni ilə tanış olan, onun ilk beytini əzbər bilən şagird cavab verməkdə çətinlik çəkmir. Digər tərəfdən, C, D, E distraktorlarında göstərilən müraciət obyektləri-könül, özü və Tanrı Ş.İ.Xətainin "Ayrılır" qəzəli ilə bağlıdır. Bu müraciət obyektlərinin, eləcə də A distraktorundakı müraciət obyektlərinin heç biri İ.Nəsiminin haqqında söhbət gedən şeirinə aid deyil. Nəsiminin "Yanaram" qəzəli sənəmə müraciətlə başlayır. Doğru cavab verən şagirdlərin sayı 69,99% olmuşdur.

Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının əsas məqsədi yalnız şagirdlərin biliyini kəmiyyət baxımından qiymətləndirmək və onlara orta təhsili bitirmək haqqında attestat vermək deyil.

Qiymətləndirmə məlumatların toplanması sayəsində əldə olunan nəticələrin bir neçə istiqamətdə şərhinə imkan verdiyinə görə səkkiz fənn üzrə keçirilən bu imtahanlar ümumilikdə təhsilə qiymət verir, perspektivləri müəyyənləşdirir, mövcud problemləri ortaya qoyur.

Azərbaycan dili fənni üzrə şagirdlərin biliyinin qiymətləndirilməsi orta məktəblərdə fənnin əsas məqsədinin - dil normalarına uyğun olaraq düzgün danışmaq, düzgün yazmaq, fikrini düzgün ifadə etmək və dinlədiyini anlamaq bacarığının nisbətən qənaətbəxş yerinə yetirildiyini göstərir. Səkkiz fənn üzrə keçirilən imtahanlarda ana dili fənninin göstəricisi daha yüksəkdir, belə ki, o, "2" alanların sayına görə axırıncı ( 97 % ) yeri tutur, "5" alanların sayına görə isə reytinq cədvəlində 5-ci yerdədir. Ana dili fənni üzrə imtahanda iştirak edən şagirdlərin 17, 81 faizi yüksək qiymət almağa müvəffəq olub.

Qeyd edildiyi kimi, buraxılış imtahanında istifadə olunan sualların hazırlanmasında müxtəlif fəaliyyət növlərinin qiymətləndirilməsi məqsədi izlənilib. Suallara verilən düzgün və səhv cavabların statistikasından belə qənaətə gəlinir ki, dərsliklərdə həm nəzəri bilikləri, həm də tətbiqi bacarıqları, məntiqi inkişaf etdirən çalışma və tapşırıqlar özünə yer tapıb. Lakin şagirdlərin dilin tətbiqi sahəsi olan nitq mədəniyyəti və üslubiyyatı sahəsi üzrə bilik və bacarıqlarının səviyyəsi o qədər də qənaətbəxş deyil.

Fənnin mənimsəmə səviyyəsini yüksəltmək üçün məktəbdaxili qiymətləndirmənin müxtəlif üsul və vasitələrindən məqsədyönlü istifadə etmək tələb olunur. Təlim prosesində şagirdlərdə ümumiləşdirmə qabiliyyətinin, dərk etmə, tətbiq və təhlil etmə bacarıqlarının inkişafını təmin etmək üçün daha çox müşahidə, özünüqiymətləndirmə, layihə, şifahi və yazılı təqdimat, sual-cavab kimi qiymətləndirmə üsullarından, qruplarla iş formasından, müşahidə vərəqləri, özünüqiymətləndirmə vərəqləri, meyar cədvəli, şifahi nitq bacarıqları və yazı vərdişlərinin inkişafı üzrə qeydiyyat vərəqi kimi vasitələrdən istifadə etmək məqsədəuyğundur.

 

 

Təranə HACIYEVA

 

Azərbaycan müəllimi.-2009.-6 noyabr.-S.6.