Təhsil ocağının 15 illik
yubileyi qeyd olundu
Noyabrın 3-də Azərbaycan Beynəlxalq Universitetində bu təhsil müəssisəsinin yaranmasının 15 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirildi.
ABU-nun Moskva filialı ilə təşkil olunmuş tədbirdə, eyni zamanda Azərbaycan Respublikası 12 Noyabr Konstitusiya Günü "İnsan hüquqlarına dair ümumi Bəyannamə"nin qəbul edilməsinin ildönümü də qeyd olundu.
Mərasimdə ABU-nun rektoru, professor Elşad Abdullayev çıxış edərək bildirdi ki, 15 illik yubiley hər bir universitetin həyatında əlamətdar hadisədir.O qeyd etdi ki, mərkəzində ümummilli liderimiz Heydər Əliyevin əzəmətli heykəli ucalan Azərbaycan Beynəlxalq Universiteti fəaliyyəti dövründə sürətli inkişaf yolu keçib. Hazırda universitetdə respublikada həyata keçirilən təhsil islahatının tələblərinə müvafiq olaraq maddi-texniki bazanın möhkəmləndirilməsi, təhsilin məzmununun təkmilləşdirilməsi, professor-müəllim heyəti və tələbə kollektivinin mənəvi-psixoloji mühitinin daha da yaxşılaşdırılması qarşıdakı fəaliyyət dövrünün əsas vəzifələri hesab edilir. Universitetin 28 fakültəsində fəaliyyət göstərən 57 kafedrada yüksək intellektual potensiala malik professor-müəllim heyəti çalışır. Bütün kollektiv Prezident İlham Əliyevin Azərbaycanın elm və təhsilinə, ziyalı ordusuna diqqət və qayğısına cavab olaraq çoxşaxəli yaradıcılıq axtarışlarını əzmlə davam etdirir, sosial-iqtisadi, humanitar, texniki və s. sahələr üzrə müasir düşüncəyə, yeni təlim-tərbiyə texnologiyaları və innovasiyalarına, yüksək mənəvi və peşə-ixtisas hazırlığına malik kadrlar hazırlamağı özünün başlıca məqsəd və vəzifəsi hesab edir.
Sonra çıxış üçün söz Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə verildi. Mərasimə dəvət edildiyinə görə təşəkkürünü bildirən səfir yubiley münasibətilə Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyini, professor-müəllim heyətini və tələbələri təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. Vladimir Doroxin Azərbaycanda olduğu müddətdə ölkəmizlə yaxından tanışlığa imkan tapmasa da, gördüyü təhsil müəssisələri haqqında çox yüksək fikirdə olduğunu dedi. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilə daim xüsusi diqqət və qayğı ilə yanaşmasını, ölkəmizdə təhsil sahəsinə digərlərinə nisbətən daha artıq dövlət vəsaiti ayrılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi.
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri V.Doroxin daha sonra qeyd etdi ki, biz 70 ildən artıq bir müddətdə eyni ölkədə yaşamışıq. Məhz bu səbəbdən ölkələrimiz və xalqlarımız arasında hələ də müxtəlif sahələrdə möhkəm əlaqələr mövcuddur. Hazırda Rusiyada 5 mindən artıq azərbaycanlı təhsil alır. Biz bununla fəxr edirik və azərbaycanlılara verilən təqaüdlərin sayını artırmağa çalışırıq.
Təhsil
sahəsində əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs
edən səfir bu istiqamətdə bir sıra tədbirlərin
həyata keçirilməsinin zəruriliyini vurğuladı.
Azərbaycan Beynəlxalq Universitetinin Moskvada filialı
açılmış ilk təhsil müəssisəsi
olduğunu dedi və filialın 4 illik fəaliyyətindən
söz açdı.
Azərbaycan
Beynəlxalq Universitetinin prorektoru, pedaqoji elmlər doktoru,
akademik Hüseyn Əhmədov tədbirdə "Azərbaycan-Rusiya
elmi-pedaqoji əlaqələrinin intensivləşdirilməsində
ABU-nun rolu" mövzusunda məruzə ilə
çıxış etdi. Məruzədə iki ölkə
arasında tarixən mövcud olan elmi-pedaqoji əlaqələrdən,
bu əlaqələrin yaranmasında xidmətləri olan
ziyalılar və böyük şəxsiyyətlərdən
söz açıldı, ABU-da bu istiqamətdə
görülən işlər haqqında ətraflı məlumat
verildi və ayrı-ayrı sənədlər mərasim
iştirakçılarının diqqətinə
çatdırıldı. ABU-nun rektoru Elşad Abdullayev yubiley
mərasimində Moskva filialının "Vestnik"
jurnalının 12 Noyabr Konstitusiya Gününə və
"İnsan hüquqlarına dair ümumi Bəyannamə"nin
qəbul edilməsinin ildönümünə həsr olunmuş
xüsusi buraxılışını nümayiş etdirdi.
Qeyd olundu ki, bu jurnalda azərbaycanlı və rusiyalı
hüquqşünasların insan hüquqlarının
mühafizəsi, bununla bağlı hüquq normaları və
s. haqqında çoxsaylı məqalələri dərc
olunmuşdur. Sonra filialın direktoru, professor V.T.Tatarenko "Vətəndaşların
hüquqlarının "İnsan hüquqlarına dair
ümumi Bəyannamə" əsasında mühafizəsi"
mövzusunda məruzə etdi.
Mərasim
təbrik nitqləri ilə davam etdi. çıxış edənlər
universitetin kollektivini yubiley münasibətilə təbrik edərək
gələcək fəaliyyətlərində nailiyyətlər
arzuladılar. ABU-nun ümumtəhsil məktəbinin və məktəbəqədər
tərbiyə müəssisəsinin yetirmələrinin
çıxışı tədbir
iştirakçılarının böyük marağına
səbəb oldu. Mərasimdə yubilyarlara mükafatlar, fəxri
fərmanlar, hədiyyələr və gül dəstələri
təqdim olundu.
Sonda professor-müəllim heyəti, tələbələr və qonaqlar ümummilli lider Heydər Əliyevin universitetin həyətində ucalan heykəli qarşısında xatirə şəkli çəkdirdilər.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-6
noyabr.-S.6.