Azərbaycan-Almaniya təhsil əlaqələri
genişlənir
Baden-Vürttenberq
Torpağına səfər: tədbirlər, perspektivlər
Almaniya ilə ali təhsil
sahəsində əməkdaşlığın təməli
hələ sovet dövründə Zigen Universiteti ilə Azərbaycan
Dövlət Neft Akademiyası arasında Alman Akademik
Mübadilə Xidməti (DAAD) təşkilatı xəttilə
qoyulmuşdur. Sonralar Köln Tətbiqi Elmlər İnstitutu bu
istiqamətdə fəaliyyəti davam etdirmişdir.
Azərbaycanın
Avropa İttifaqı, o cümlədən Almaniya ilə təhsil
sahəsində əməkdaşlığının əsas
istiqamətlərindən biri TEMPUS layihələri ilə
bağlıdır.
1995-ci ildən etibarən Azərbaycanda həyata
keçirilən TEMPUS layihələri memarlıq, kənd təsərrüfatı
və regional planlaşdırma, avropaşünaslıq və
beynəlxalq münasibətlər, humanitar elmlər, turizm,
universitetlərin idarəolunması, ətraf mühit elmləri,
elektrotexnika və elektronika, bank işi, müəllimlərin ixtisasartırması və
təkmilləşdirilməsi və sair sahələri əhatə
edir.
Bu layihələr
çərçivəsində AzTU, ADNA, SDU, AMİU,
MPİ-də qeyd olunan yeni ixtisas və ixtisaslaşmalar üzrə
bakalavr və magistr hazırlığı həyata
keçirilir.
BDU,
ADU, BSU, LDU, Azərbaycan Texnologiya Universiteti, ADİA, ADAU-da da
TEMPUS proqramı çərçivəsində beynəlxalq əlaqələrin
genişlənməsi və təhsilin keyfiyyəti ilə
bağlı müxtəlif layihələr həyata
keçirilir.
Azərbaycanla
Almaniya arasında təhsil sahəsində əlaqələr
DAAD - Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlıq
çərçivəsində reallaşdırılır.
1997-ci
ildən DAAD-ın Bakıda nümayəndəliyi fəaliyyətə
başlamışdır. Bu fəaliyyətin nəticəsi
olaraq görülmüş işləri
aşağıdakı faktlar da bir daha təsdiq edir:
*
DAAD tərəfindən hər il Azərbaycana təxminən
70 təqaüd proqramı ayrılır.
* 1998-ci ildən etibarən
DAAD tərəfindən həyata keçirilən təqaüd
proqramları çərçivəsində Azərbaycan gəncləri
üçün 700-dək təqaüd
ayrılmışdır.
* 16 iyun 2008-ci il tarixində
DAAD ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi
arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili
üzrə təqaüd proqramı ilə bağlı
saziş imzalanmışdır.
Son illər
bu əlaqələrin genişləndirilməsi
üçün şərait daha da
yaxşılaşmış, qarşılıqlı əlaqə
və görüşlər daha intensiv xarakter
almışdır. Belə ki, bu ilin 30 mart-5
aprel tarixlərində Bonn şəhərində Azərbaycan
və Almaniya arasında elmi-iqtisadi forum keçirilmiş, 1
oktyabr 2009-cu il tarixində Bakıda Almaniya universitetlərinin
təhsil sərgisi təşkil olunmuş, 2-3 oktyabr 2009-cu il
Azərbaycan-Almaniya ali təhsil günləri kimi tarixləşmişdir.
Bu ilin aprelində Azərbaycan nümayəndə heyətinin
Almaniyaya səfəri, oktyabrın əvvəlində isə
Almaniya ali təhsil işçilərinin nümayəndə
heyətinin Azərbaycana səfəri olmuşdur.
Azərbaycan
Respublikası təhsil işçiləri nümayəndə
heyətinin növbəti səfəri 25-29 oktyabr günlərində
reallaşdırılmışdır.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan
Respublikasının təhsil naziri, professor Misir Mərdanov, Təhsil
Nazirliyinin Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli
Qədirov, Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Qulu Novruzov, Azərbaycan Aqrar Universitetinin rektoru,
professor Mirdaməd
Sadıqov, Azərbaycan Dövlət İqtisad Universitetinin
Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Rüfət Qasımov, Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun direktoru, professor Vilayət Vəliyev daxil idilər.
Səfər
zamanı Azərbaycan Respublikasının Almaniyadakı
fövqəladə və səlahiyyətli səfiri Pərviz
Şahbazov, səfirliyin birinci katibi Almaz Məmmədov və
Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzer nümayəndə
heyəti ilə birgə olmuşlar.
Səfərin əsas məqsədi bu ilin avqustunda Azərbaycanda
rəsmi səfərdə olmuş Baden-Vürttenberq
Torpağının baş nazirinin respublika Prezidenti İlham Əliyevlə
görüşündən sonra Azərbaycan - Almaniya təhsil
əlaqələrinin daha da genişləndirilməsi istiqamətində
perspektivlərin müəyyənləşdirilməsindən
ibarət idi.
Nümayəndə
heyəti səfər çərçivəsində
oktyabrın 26-27-də Bonn Universitetində "Azərbaycan
iqtisadiyyatında keçid mərhələsi və təhsilin
beynəlmiləlləşməsi (Boloniya prosesi)"
mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak
etmişdir.
Simpoziumun açılış mərasimində Azərbaycan
Respublikasının təhsil naziri, professor Misir Mərdanov,
Bonn Universitetinin Qida və Təbii Ehtiyatlar İnstitutunun
direktoru, professor Tomas Hekelei, Almaniyanın Şimali
Reyn-Vestfalyen Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin idarə
rəisi Helmut Dokter, Alman Akademik Mübadilə Xidmətinin
(DAAD) vitse-prezidenti, professor Maks Huber, Bonn Universitetinin prorektoru,
professor J.Hagen
çıxış etmişlər.
İki günlük konfransda Azərbaycan tərəfindən
Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanov
"Azərbaycan Resrublikasında ali təhsil və Boloniya
prosesi", Azərbaycan Respublikasının Almaniyadakı
fövqəladə və səlahiyyətli səfiri Pərviz
Şahbazov "Almaniya-Azərbaycan əlaqələrinin
inkişaf perspektivləri", İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar İnstitutunun direktoru, professor Vilayət
Vəliyev "Azərbaycan iqtisadiyyatı: iqtisadi inkişaf mərhələləri
üzrə", Azərbaycan Aqrar Universitetinin rektoru, professor
Mirdaməd Sadıqov "Azərbaycan aqrar təhsil modeli və
beynəlxalq təcrübə", Təhsil Nazirliyinin Beynəlxalq
əlaqələr şöbəsinin müdiri Qulu Novruzov "Ali təhsil sahəsində Azərbaycan
- Almaniya əməkdaşlığı", Azərbaycan
Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr
şöbəsinin müdiri Rüfət Qasımov
"Dünya maliyyə böhranı və Azərbaycanın
iqtisadi strategiyası" mövzularında
çıxış etmişlər.
Almaniya tərəfindən simpoziumda Bonn Universitetinin kənd
təsərrüfatı fakültəsinin dekanı Karl
Şelander, həmin universitetin iqtisadi və texnoloji dəyişikliklər
fakültəsinin dekanı, professor Ulrix Hiemenz, professorlar Klaus
Mohr, Rayner Mantey və başqalarının
çıxışları dinlənilmişdir.
Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzerin, Almaniyanın
Azərbaycandakı sabiq səfiri, hazırda Bonn Universitetinin
professoru vəzifəsində çalışan Klaus Qrevlixin
ölkəmizin son illərdə iqtisadi inkişafı,
ayrı-ayrı sahələrdə həyata keçirilməkdə
olan dövlət proqramları, dünya maliyyə
böhranından çıxış istiqamətində həyata
keçirilən
iqtisadi siyasətimiz barədə məlumatları
iştirakçılar tərəfindən maraqla
qarşılanmışdır.
Simpoziumun
təşkilində Alman - Azərbaycan Forumunun üzvləri,
Bonn Universitetinin professoru Əhəd Rəhmanzadə və
Köln Tətbiqi Elmlər İnstitutunun professoru Rza Talebi Dəryaninin
xüsusi əməyi olmuşdur.
Simpoziumun
işində Azərbaycan diasporunun üzvləri, Almaniyada təhsil
alan tələbələr və Almaniya universitetlərinin
nümayəndələri də iştirak etmişlər.
Dünyanın ayrı-ayrı ölkələrində belə
beynəlxalq simpoziumların keçirilməsi Azərbaycan həqiqətlərinin,
Prezident İlham Əliyevin son illərdə ölkəmizdə
həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətinin nəticələrinin
dünya ictimaiyyətinə çatdırılmasında
böyük əhəmiyyəti var. Simpoziumun yekununda
iştirakçılar tərəfindən, digər təkliflərlə
yanaşı, ildə bir dəfə Almaniya və Azərbaycanda
bu tipli tədbirlərin keçirilməsinin məqsədəuyğunluğu
haqqında təkliflər irəli
sürülmüşdür.
Baden-Vürttenberq Torpağında keçirilən
görüşlərdə o da aydın olmuşdur ki, Azərbaycan
Prezidenti İlham Əliyevin bu ilin avqustunda Torpağın
baş naziri ilə görüşü zamanı müzakirə
olunmuş məsələlər barəsində
görüş iştirakçılarının geniş məlumatları
var və almanlar yeni təkliflərin müzakirəsinə
hazırdırlar.
Oktyabrın 27-də Ştutqart Şərabçılıq
üzrə Təhsil və Elmi-Tədqiqat Mərkəzində
Azərbaycan nümayəndə heyəti əvvəlcə mərkəzin
maddi-texniki bazası, laboratoriyaları ilə tanış
olmuş, sonra müəssisənin rəhbərliyi və Azərbaycan
nümayəndə heyəti arasında müzakirələr
aparılmışdır. Müzakirələr nəticəsində qərara
alınmışdır ki, 2010-2011-ci dərs ilində Azərbaycandan
3 nəfər ali məktəb tələbəsi (Azərbaycan
Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetindən) 2
il müddətinə Təhsil və Elmi-Tədqiqat Mərkəzinə
təhsil almağa göndərilsin. Bu məqsədlə
cari dərs ilində həmin universitetlərdə ikinci kurs tələbələri
arasından əla qiymətlərlə oxuyan və xarici dilə
daha çox meyili olan iki nəfər seçilib, ilin sonunadək
intensiv alman dili kursuna cəlb ediləcəkdir. O da
müəyyənləşdirildi ki, Azərbaycan Aqrar
Universitetinin mütəxəssisləri qısamüddətli
ixtisasartırma üçün bu müəssisəyə ezam
edilə bilərlər. Nəzərdə tutuldu ki, Ştutqart
Mərkəzinin müəlimləri Azərbaycanın
müvafiq ali məktəblərində mühazirələr
oxusunlar. Danışıqlar zamanı hər iki məsələ
ilə bağlı müvafiq müəssisələr
arasında anlaşma memorandumunun hazırlanıb imzalanması
nəzərdə tutulmuşdur.
Oktyabrın 28-də Baden-Vürttenberq Torpağının
dövlət katibi H.Vikerlə hökumət evində rəsmi
görüşdə dövlət katibi Torpağın baş
nazirinin Azərbaycana səfərinin iki ölkə arasında
əməkdaşlıq üçün geniş imkanlar
açdığını, Azərbaycan Respublikasının
təhsil nazirinin səfərinin bu istiqamətdə atılmış ilk əhəmiyyətli
addım olduğunu bildirmişdir. Eyni zamanda bu əməkdaşlıqda
təhsil sahəsində əlaqələrin xüsusi yer
tutacağına ümid etdiyini, bununla əlaqədar
Baden-Vürttenberq hökuməti səviyyəsində
lazımi addımlar atmağa hazır olduqlarını
demişdir. Dövlət katibi təhsilin
ayrı-ayrı sahələrində bu Torpaqdan olan konkret tərəfdaşlarla
- universitetlər, Elm və Təhsil Nazirliyi, eləcə də
tədqiqat müəssisələri ilə birbaşa əlaqələrin
qurulmasını təklif etmişdir. Əməkdaşlıq
istiqamətlərinin müəyyənləşdirilməsi və
konkret nəticələrin əldə olunması
üçün təhsil üzrə mütəxəssislərdən
ibarət birgə ekspert qrupunun yaradılmasının məqsədəuyğunluğu
vurğulanmışdır.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov
ölkə Prezidenti İlham Əliyevin Baden-Vürttenberq
Torpağı ilə daha sıx əlaqələrin
qurulması ilə bağlı tapşırığına
uyğun olaraq ali məktəblər və elmi-tədqiqat
müəssisələri arasında birbaşa əməkdaşlıq,
texniki peşə təhsili, Azərbaycanın təhsil
müəssisələrində alman dilinin tədrisi, eləcə
də xaricdə təhsil üzrə Dövlət Proqramı
çərçivəsində Azərbaycan gənclərinin
Baden-Vürttenberq Torpağındakı ali məktəblərdə
təhsili sahəsində əməkdaşlığı
prioritet istiqamətlər kimi dəyərləndirmiş, həmçinin
dövlət katibinin birgə işçi qrupunun
yaradılması təklifi ilə bağlı Torpağın
təhsil ekspertlərini qəbul etməyə hazır
olduğunu bildirmişdir.
Oktyabrın
28-də nümayəndə heyəti Ştutqart Ali Peşə
Məktəbində olmuşdur. Məktəbin
Baden-Vürttenberq Torpağı üzrə 9 filialı, 25 min
tələbəsi vardır. Həmin məktəb 8600 müəssisə
ilə əməkdaşlıq edir. Ali peşə
məktəbinin tələbələri hər semestrin 3
ayını məktəbdə təhsil alır, digər 3
ayı isə müəssisələrdə işləyir, təhsil
müddətində işlədikləri müəssisələrdə
əməkhaqqı da alırlar. Məktəbin məzunlarına
bakalavr ixtisas dərəcəsi verilir və onların 90 faizi
işlədikləri müəssisələrdə daimi
işlə təmin olunur.
Azərbaycan tərəfi Almaniya modeli əsasında Azərbaycanda
peşə təlimi mərkəzinin yaradılması təklifi
ilə çıxış etmiş və qərara
alınmışdır ki, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin ekspertləri yaxın zamanda Ştutqart Ali Peşə
Məktəbinə ezam olunsunlar. Konkret təkliflər hazırlansın
və hər iki tərəfdən ekspert qrupları təşkil
edilərək birgə layihə işlənsin.
Həmin gün nümayəndə heyətinin
Baden-Vürttenberq Torpağı Elm və Təhsil Nazirliyində
görüşü zamanı bu Torpaqla tələbə
mübadiləsi, ali məktəblər, tətbiqi tədqiqatlar
sahəsində tədqiqat institutları arasında müstəqil
əməkdaşlıq əlaqələrinin
yaradılması təklifləri irəli sürülmüşdür.
Bununla əlaqədar iki nazirlik arasında müvafiq sənədin
imzalanması məqsədəmüvafiq hesab edilmişdir.
Almaniyada
ali təhsil alan azərbaycanlı tələbələrin
sayı son illər nəzərəçarpacaq dərəcədə
artmışdır. Belə ki, Dövlət Proqramı üzrə
bu ölkənin ali məktəblərində oxumağa 2007-ci
ildə 5 nəfər göndərilmişdisə, 2008-ci ildə
bu rəqəm 21 nəfər olmuş, 2009-cu ildə isə
45-ə çatmışdır. Statistika təsdiq edir ki,
Almaniya təqaüdçülərin sayına görə
Böyük Britaniya və Türkiyədən sonra
üçüncü yeri tutur.
Almaniyada
təhsil almaq üçün ARDNŞ 2007-ci ildə 15,
2008-ci ildə isə 7 təqaüd (mühəndislik,
iqtisadiyyat, informatika və hüquq sahələri üzrə)
ayırmışdır.
DAAD-ın
təqaüd proqramı üzrə 2008-ci ildə 72 nəfər
soydaşımız bu ölkədə təhsil almağa
göndərilmişdir.
Hazırda
ümumilikdə Almaniyada 450-dən artıq azərbaycanlı
tələbə oxuyur ki, bunların 70 nəfəri Dövlət
Proqramı çərçivəsində təhsil alır.
Oktyabrın 28-də Baden-Vürttenberq Torpağının
Eslingen şəhərində İxtisasartırma Təhsili
Akademiyasında olan nümayəndə heyətinə müəssisənin
fəaliyyət istiqamətləri barədə verilmiş məlumatdan
aydın olmuşdur ki, burada hər dərs ilində 10 min nəfər
müəllim ixtisasartırma təhsilindən keçir. öz növbəsində
Azərbaycan tərəfi ixtisasartırma təhsili sahəsində
ölkəmizdə tətbiq ediləcək yeni model barədə
məlumat vermiş və əməkdaşlıq imkanları
üzrə təkliflərini bildirmişdir. Akademiyanın rəhbərliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin ixtisasartırma
təhsili ilə məşğul olan 2 nəfər əməkdaşının
akademiyaya göndərilməsini və Almaniya təcrübəsinin
daha geniş öyrənilməsini təklif etmişdir.
Azərbaycan
nümayəndə heyətinin Almaniyaya səfərinin nəticələrinə
əsasən iki ölkə arasında təhsil əlaqələrinin
inkişaf etdirilməsi istiqamətində
aşağıdakı perspektivlər nəzərdə
tutulmuşdur:
* Almaniyanın, o
cümlədən Baden-Vürttenberq Torpağının
nüfuzlu, həmçinin ingilisdilli təhsil proqramları təklif
edən ali məktəblərinin adları xaricdə təhsil
üzrə Dövlət Proqramı üçün təsdiq
olunmuş prioritet xarici ali məktəblər sırasına
daxil edilsin.
* Xaricdə təhsil
üzrə Dövlət Proqramı çərçivəsində
tibb, mühəndislik, iqtisadiyyatın müxtəlif sahələri,
kənd təsərrüfatı, emal sənayesi, ekologiya kimi
istiqamətlər üzrə kadr hazırlığında
Almaniya ali məktəbləri prioritet olaraq müəyyən
olunsun.
* Almaniyanın ali məktəblərində
təhsil imkanlarından daha səmərəli istifadə etmək
üçün Azərbaycanın orta və ali məktəblərində
alman dilinin tədrisinin genişləndirilməsi təmin
edilsin.
* Azərbaycan ali təhsil
sisteminin Avropa məkanına inteqrasiyası və Boloniya
prinsiplərinin tətbiqi çərçivəsində
Almaniya ali məktəbləri ilə birgə layihələri
həyata keçirilsin.
* Almaniya modeli əsasında Azərbaycanda
texniki peşə təhsili mərkəzi yaradılsın.
* Azərbaycanda pedaqoji kadrların
ixtisasının artırılması üzrə yeni modelin tətbiqi
istiqamətində Almaniya təcrübəsi öyrənilsin.
* Avropa İttifaqının, eləcə
də Almaniya universitetlərinin təhsil və elmi-tədqiqat
proqramları çərçivəsində Almaniya ilə
birgə layihələrin həyata keçirilməsi istiqamətində
tədbirlər görülsün.
Ş.MƏMMƏDOV
Azərbaycan müəllimi.-2009.-6
noyabr.-S.4.