Malayziya universitetlərinin növbəti sərgisi keçirildi
Oktyabrın 31-də "Hyatt-Regency"otelində Bakı Təhsil Məlumat Mərkəzinin təşkilatçılığı ilə Malayziya ali təhsil ocaqlarının növbəti sərgisi keçirildi. Sərgidə Təhsil Nazirliyinin və Malayziyanın 5 universitetinin nümayəndələri, ali məktəb müəllimləri, elm adamları, tələbələr və KİV nümayəndələri iştirak edirdilər.
Sərgidə çıxış edən təhsil naziri Misir Mərdanov Malayziyadan gələn qonaqları salamladı və bu tədbirin əsas təşkilatçısı olan Bakı Təhsil Məlumat Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Bakı Təhsil Məlumat Mərkəzi Təhsil Nazirliyi ilə uzun illərdir sıx əməkdaşlıq edir. Xüsusən azərbaycanlı gənclərin xaricdə təhsili ilə bağlı ciddi iş görürlər və bu gün də onların təşkilatçılığı ilə Malayziyadan böyük bir qrup təhsil işçisi Azərbaycana gəlib.Onlar artıq iki gündür Bakıdadır, Təhsil Nazirliyində görüşlər keçiriblər. Azərbaycana gəlmiş Malayziya universitetlərinin nümayəndələri də öz universitetlərinin tanıtmaq məqsədi ilə bu sərgini keçirirlər.
Təhsil naziri Misir Mərdanov bildirdi ki, Malayziya ilə Azərbaycan arasında çox sıx əlaqələr mövcuddur. Təhsil sahəsindəki əlaqələrin genişləndirilməsi və Azərbaycandan Malayziya universitetlərinə təhsil almağa gənclərin göndərilməsinə toxunan Misir Mərdanov onu dedi ki,biz Malayziyada olarkən iki nəfər azərbaycanlı gəncin bu ölkənin universitetlərində təhsilin doktorantura pilləsini bitirdiyinin də şahidi olduq.
Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən ikinci sərginin bu istiqamətdə irəliyə doğru bir addım olacağını vurğulayan nazir Misir Mərdanov çıxışının sonunda sərginin işinə uğurlar arzuladı.
Sonra tədbirdə Malayziya Təhsil Nazirliyinin nümayəndələri çıxış etdilər və onlar tədbir iştirakçılarını maraqlandıran suallara cavab verdilər.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2009.-6
noyabr.-S.4.