Bölgələrdə peşə təhsilinə
diqqət artır
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev "Azərbaycan
Respublikasında texniki
peşə təhsilinin
inkişafı üzrə
Dövlət Proqramı
(2007-2012-ci illər)"nın təsdiq edilməsi haqqında 3 iyul 2007-ci il tarixli sərəncam imzalamışdır. Dövlət Proqramından irəli gələn vəzifələrin
yerlərdə icrasına
nəzarət gücləndirilərək
bu sahədə əsaslı dönüş
yaradılıb. Təkcə paytaxtda
deyil, respublikamızın
digər bölgələrində
fəaliyyət göstərən
peşə liseyi, xüsusi peşə və peşə məktəblərinin fəaliyyətlərini
müasir tələblər
səviyyəsində qurmaları
da belə deməyə əsas verir.
Quba Peşə Liseyi
1951-ci
ildən kənd peşə məktəbi, sonralar 103 nömrəli
texniki peşə məktəbi kimi fəaliyyət göstərmişdir.
1996-cı ildə isə Quba Peşə Liseyi statusu
almış bu tədris ocağında hazırda 286 şagird
təhsil alır ki, onların təlim-tərbiyəsi ilə
25 müəllim, 19 istehsalat təlimi ustası məşğul
olur. Liseyin şagirdləri doğma məktəblərində
IX sinfi başa vurduqdan sonra bu təhsil ocağına qəbul
olur və burada 3 il oxuyaraq seçdikləri peşələr
üzrə diplomla yanaşı, tam orta təhsili bitirmələri
haqqında liseyin attestatını da alırlar.
Liseyin
direktoru Hüseynağa Baxışovun verdiyi məlumata
görə ötən tədris ilində liseyi bitirən 103
şagirdin hamısı oxuduqları peşə üzrə diplom
alıb. Onlardan 54 nəfəri isə ilk dəfə
keçirilmiş mərkəzləşdirilmiş test
imtahanlarında uğur qazandıqlarına görə orta təhsili
bitirmələri haqqında attestat da alıblar. Liseydə
genişprofilli traktorçu - maşınçı, təmirçi
çilingər, avtomobil sürücüləri - 3 illik,
avtomobil və kənd təsərrüfatı maşın və
avadanlıqlarının təmiri üzrə çilingər
- 3 illik, kəndin elektrikləşdirilməsi və rabitəsi
üzrə elektrik mantyoru - 3 illik, kənd təsərrüfatı
məhsulları istehsalı ustası, fermer - 3 illik, vergi
müvəkkili - 3 illik, əməliyyatçı mühasib -
1 illik kurslarda peşələr üzrə kadrlar
hazırlanır.
Bu
təhsil ocağının 65 yerlik yataqxanasında kənar
yerdən gələnlərə və sosial vəziyyəti
pis olan şagirdlərə yer verilir. Liseydə müxtəlif
fənn kabinetləri, emalatxanalar, laboratoriyalar, traktorların
sürülməsi üçün poliqon fəaliyyət
göstərir. Laboratoriya və fənn kabinetləri əyani
vəsaitlə təmin edilmiş, otaqlarda tədrisə aid
plakatlar asılmışdır. Liseyin kitabxanası latın
qrafikalı ümumtəhsil fənləri üzrə dərsliklərlə,
bədii ədəbiyyat, əyani vəsaitlər və bir
sıra fənlər üzrə kompakt disklərlə təchiz
edilib.
İl
ərzində tədris və yataqxana otaqları cari təmir
edilmiş, yataqxana üçün yataq dəstləri və
digər zəruri avadanlıqlar alınmış, siniflər
yeni şagird stulları ilə təmin edilmişdir.
Liseyin
2009-2010-cu tədris ili üçün iş planları
pedaqoji şurada müzakirə edilərək təsdiq
edilib.Şurada ayrı-ayrı fənlərin tədris fəaliyyəti
yoxlanılaraq müzakirə edilib, fənlərin tədris vəziyyətinin
yaxşılaşdırılması üçün
müvafiq tədbirlər görülüb.
Mühəndis-pedaqoji
kollektivlə valideynlərin birgə
yığıncaqlarının keçirilməsi nəticəsində
şagirdlərin müvəffəqiyyət faizi və dərsə
davamiyyəti xeyli yaxşılaşmışdır. Həmçinin
metodiki şuranın iclaslarında da təhsilin yüksəlməsinə
xidmət edən təhsil islahatlarının həyata
keçirilməsi sahəsində məsələlər
müzakirə edilib. Metodiki komissiyaların rəyinə əsasən
yeni təlim metodları öyrənilir və tətbiq edilir. Ən
böyük üstünlük isə interaktiv təlim metoduna
verilmişdir. Liseydə İKT üzrə həm müəllimlərin,
həm də şagirdlərin maariflənməsi
yönümündə müəyyən iş
görülmüş və görülməkdədir. Liseyin
müəllimləri mütəmadi olaraq ixtisasartırma
kurslarından keçir, interaktiv təlimi daha dərindən
öyrənməyə səy göstərirlər.
Quba
Peşə Liseyi Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən,
2008-ci il sentyabrın 15-dən beşgünlük iş həftəsinə
keçmişdir. Lisey mütəmadi olaraq rayonda fəaliyyət
göstərən orta ümumtəhsil məktəbləri ilə
sıx əlaqə saxlayır, şagirdlərin peşələrə
olan marağı öyrənilir, rayonda və rayon ərazisində
yerləşən müəssisə və təşkilatların
peşə kadrlarına olan ehtiyacları haqqında məlumat
toplanılır və bundan sonra şagird qəbulu
üçün zəruri tədbirlər görülür.
Bu
tədris ocağında təhsil alan şagirdləri müstəqil
Azərbaycan Respublikasına layiqli vətəndaş kimi
yetişdirmək, onlarda vətənə, xalqa, milli və bəşəri
dəyərlərə məhəbbət hissi aşılamaq
üçün hərbi vətənpərvərlik tərbiyəsi
ruhunda müxtəlif tədbirlər həyata keçirilir.
İstehsalat
təlimi məşğələlərində yeni texnika və
texnologiyaların öyrənilməsi məqsədi ilə
Aqrolizinqin Quba filialı ilə bağlanmış müqaviləyə
görə lisey məşğələlərini bu təşkilatın
bazasında təşkil edir.
Bir
sözlə, liseyin pedaqoji və mühəndis kollektivi daha
yeni nailiyyətlər əldə etmək üçün bu
gün də səylə çalışır.
Quba xüsusi peşə
məktəbi
Bu
təlim-tərbiyə ocağı 1964-cü ildən
xüsusi peşə məktəbi kimi fəaliyyət göstərir.
Məktəbin direktoru Xalid Bayramov bizə məlumat verərək
bildirdi ki, xüsusi peşə məktəbləri
qanunları pozan yeniyetmələrin xüsusi şəraitdə
tərbiyə müəssisələridir. Və belə tərbiyə
ocaqlarına şagirdlər müxtəlif rayon və şəhər
icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən
müvafiq komissiyaların və ya ayrı-ayrı rayon məhkəmələrinin
qərarlarına əsasən Təhsil Nazirliyinin göndərişi
ilə qəbul edilirlər.
2009-cu ilin əvvəllərində
məktəbdə 14 şagird
təhsil alırdı,
sonralar daha 9 şagird tərbiyə olunmaq üçün bu təlim-tərbiyə
ocağına göndərilib.
3 şagird isə 18 yaşının tamam olması ilə əlaqədar məktəbdən
azad edilib. Hazırda bu təlim-tərbiyə müəssisəsində 20 şagird
təhsil alır ki, onların da təlim-tərbiyəsi
ilə 2 tərbiyəçi,
2 istehsalat təlimi ustası və 4 ümumtəhsil fənn müəllimi məşğul
olur.
Məktəbə qəbul olunan şagirdlər şəxsi
işlərindəki təhsil
sənədlərinə uyğun
olaraq müvafiq siniflərdə ümumtəhsillərini
davam etdirir və paralel olaraq 10 şagird sayı ilə komplektləşdirilmiş istehsalat
qruplarında peşə
təhsili alır.
Şagirdlər məktəbdə
tam dövlət təminatındadırlar və
Təhsil Nazirliyinin müəyyən etdiyi normalar əsasında yemək, ayaqqabı, geyim və yataq
ləvazimatları ilə
təmin olunurlar.
2009-cu ildə burada tərbiyə olunan şagirdlər üçün
5465 manatlıq paltar, ayaqqabı və yataq ləvazimatları,
3990 manatlıq isə
müxtəlif inventarlar alınmışdır.
Son iki il ərzində
əsas korpusda 328 m2 dam örtüyü təzələnmiş, inzibati
bina, yeməkxana, yataqxana, akt zalı, tibb məntəqəsi və tədris otaqları cari təmir edilmiş, suvaqçı-rəngsaz emalatxanası yenidən qurularaq lazımi avadanlıqlarla təchiz olunmuşdur.
Müəssisədə idman avadanlığı
çatışmır. Binalarda
vahid istilik sistemi olmadığından
otaqlar odunla, qismən də qazla qızdırılır.
Məktəbin daimi suyu olsa da
kanalizasiya xətti olmadığı üçün
çirkab quyularından
istifadə edilir.
Məktəbdə tərbiyə olunan
şagirdlərin əksəriyyəti
uğursuz ailələrdən
olanlardır. 20 şagirddən
7 nəfərinin hər
iki valideyni, 9 nəfərinin isə valideynlərindən biri yoxdur.
Nizami MİRZƏ
Azərbaycan müəllimi.-2009.-6
noyabr.-S.6.