Donuz qripindən necə
qorunmalı?
Meksikada
başlayan donuz qripi (A/H1N1) epidemiyası tez bir zamanda
dünyanın başqa ölkələrinə də
yayılmaqda davam edir. Rusiya və Türkiyə məktəblərində
baş verənlərin analoji olaraq təkrarlanmasının
qarşısını almaq üçün ölkəmizdə
aidiyyəti orqanlar tərəfindən bununla bağlı
müvafiq tədbirlər həyata keçirilməyə
başlanılıb. Gigiyena və Epidemiologiya Mərkəzinin
məktubu əsasında ötən həftənin şənbə
və bazar günlərində A/H1N1 virusunun
yayılmasının qarşısını almaq məqsədilə
dezinfeksiya işləri aparılıb. Paytaxtın 325 orta
ümumtəhsil məktəbində profilaktik tədbirlər
həyata keçirilib. Profilaktik tədbirlərin davamlı
olaraq respublikanın bölgələrində fəaliyyət
göstərən orta ümumtəhsil məktəblərində,
həmçinin məktəbəqədər təhsil müəssisələrində
aparılması nəzərdə tutulur. Artıq
respublikanın bir neçə bölgəsində də
ümumtəhsil məktəblərində dezinfeksiya işləri
başa çatıb.
Dezinfeksiya
işləri təkcə donuz qripi ilə bağlı deyil, həm
də soyuq aylarda qrip və tənəffüs yollarının
xəstəliklərinin artma təhlükəsinin
qarşısını almaq üçün həyata
keçirilir.
A/H1N1 virusunun
əlamətləri
Yüksək hərarət,
öskürək, boğazda ağrı, zökəm, baş və əzələ
ağrıları, halsızlıq
A/H1N1 virusundan necə qorunmalı?
Yüksək hərarəti,
öskürəyi olan şəxslərlə təmasdan çəkinmək,
əlləri tez-tez sabunla yumaq, sabun və su olmadıqda
onları spirtli tamponla silmək, asqırdıqda,
öskürdükdə ağızı salfet və ya dəsmalla
örtmək, gözlərə, buruna, ağıza
toxunmamağa çalışmaq, sağlam həyat tərzi
keçirmək, o cümlədən normal yuxu rejiminə riayət
etmək, vitaminlərlə zəngin qida qəbuluna fikir vermək,
fiziki aktivliyi artırmaq, xəstələnərkən evdə
qalmaq və həkimə müraciət etmək
Onu
da qeyd edək ki, bu yaxınlarda Azərbaycana donuz qripinə
qarşı vaksinlər gətiriləcək.
Bəs görəsən uzun müddət dünyanı
səksəkədə saxlayan
donuz qripi adı ilə tanınan A/H1N1 virusunun əlamətləri nədir?
Bu virus özünü hansı formada göstərir? Ondan necə qorunmaq olar? İnsanlar bu təhlükə ilə üzləşməmək
üçün nə
kimi qaydalara riayət etməlidirlər?
ümumiyyətlə, məktəbəqədər
təhsil və orta ümumtəhsil məktəblərində, ali
təhsil ocaqlarında
donuz qripi epidemiyasının yayılmasının
qarşısının alınması üçün
nələrə diqqət
artırılmalı və
nəzarət gücləndirilməlidir?
Bu və ya digər
suallara aydınlıq
gətirmək üçün
Səhiyyə Nazirliyinin
Respublika Taun Əleyhinə Stansiyasının
direktor müavini, tibb elmləri namizədi Şair Qurbanova müraciət etdik.
Şair həkim bildirdi ki, insanların A/H1N1 virusu (donuz qripi) ilə yoluxması adi qriplə eynidir. A/H1N1 tipli qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insandan insana hava, damcı, bir də kontakt yolu ilə keçir. Hava, damcı yolu ilə yoluxma insanlar asqırdıqda, öskürdükdə baş verir. Ona görə də belə xəstələrlə ünsiyyət zamanı müəyyən bir məsafə saxlamaq, yaxud da danışdıqda maska taxmaq lazımdır. Xəstəliyin yoluxma yollarından biri də kontaktdır. Belə ki, xəstə insanlar asqırdıqda və ya öskürdükdə əlləri ilə ağızlarını, burunlarını tuturlar. Həmin vaxt çoxlu sayda viruslar insanın əllərinə düşür. İnsanlar bir-birinə əl verib görüşəndə xəstəlik digərinə keçə bilər. Ona görə də çalışmaq lazımdır ki, xəstələr və eyni zamanda sağlam insanlar tez-tez əllərini sabunla və ya hər hansı dezinfeksiyaedici məhlulla yusunlar. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürmə, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları, halsızlıqdır. Qeyd olunduğu kimi, bu xəstəlik zamanı insanın hərarəti yüksək - 38 dərəcədən və ondan yuxarı olur. A/ H1 N1 virusu ilə yoluxmuş şəxslər əsasən xəstəliyin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir. ümumiyyətlə, virus orqanizmə düşəndən təxminən 7-8 gündən sonra həmin xəstəliyin əlamətləri aşkara çıxır.
İnsan özünü xəstə hiss edirsə, yəni temperaturu varsa, əgər kollektivdədirsə, birinci növbədə, oradan aralanmalıdır. Həkim söhbət əsnasında onu da əlavə etdi ki, xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə təcili evə həkim çağırmaq, çoxlu miqdarda maye qəbul etmək, maska taxmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Profilaktiki tədbirlər kimi kəskin respirator xəstəlikləri (hərarət, öskürək, zökəm) və qripin digər əlamətləri olan şəxslərlə yaxın ünsiyyətdən qorunmaq, əlləri hər zaman təmiz saxlamaq vacibdir. Mütləq evdə qalmaq, işə və ya təhsil müəssisəsinə getməkdən, kütlə ilə təmasdan çəkinmək, insanlarla yaxın ünsiyyətdə olmamaq üçün ailə üzvlərinə və yaxınlara xəstəliklə bağlı məlumat verilməlidir.
A/H1N1 virusundan qorunmaq üçün yüksək hərarəti, öskürəyi olan şəxslərlə təmasdan çəkinmək, əlləri tez-tez sabunla yumaq, sabun və su olmadıqda onları spirtli tamponla silmək , asqırdıqda , öskürdükdə ağızı salfet və ya dəsmalla örtmək, gözlərə, buruna, ağıza toxunmamağa çalışmaq, sağlam həyat tərzi keçirmək, o cümlədən normal yuxu rejiminə riayət etmək, vitaminlərlə zəngin qida qəbuluna fikir vermək, fiziki aktivliyi artırmaq, xəstələnərkən evdə qalmaq və həkimə müraciət etmək vacibdir.
Ümumiyyətlə, məktəbyaşlı uşaqlar, yeniyetmə və gənclər arasında bu xəstəlikdən qorunma barədə maarifləndirmə işlərinin aparılmasına ciddi fikir verilməlidir. Valideynlər övladlarına qarşı diqqətli olmalıdırlar. Məktəbəqədər təhsil müəssisələrində, həmçinin orta ümumtəhsil məktəblərində uşaqların daha çox toxunduğu əşyalar, ləvazimatlar, onların məşğul olduqları qrup, məşğələ, sinif otaqları tez-tez dezinfeksiya olunmalıdır. Həmçinin otaqların havası mütəmadi olaraq dəyişdirilməlidir. Məktəbəqədər təhsil müəssisələrində, orta ümumtəhsil məktəblərində tibbi nəzarət gücləndirilməlidir. Həmin təhsil müəssisələrində çalışan həkimlər işini uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəllim və tərbiyəçilərlə əlaqəli qurmalıdır. Mütəmadi olaraq uşaq və yeniyetmələrin səhhəti ilə maraqlanmalı, xəstəliyin ilkin əlaməti müşahidə olunarsa, təcili olaraq bununla bağlı ciddi tədbirlər həyata keçirməlidirlər. Birinci növbədə, belə xəstə dərhal kollektivdən təcrid olunmalı, evdə isə sağlam insanlardan ayrılaraq ayrıca otaqda yerləşdirilməlidir.
Bütün bunlara ciddi fikir verməyin vacibliyini diqqətə çatdıran Şair Qurbanov söylədi ki, ilk növbədə, insan özü-özünü qorumalıdır. Həkim ümumiyyətlə, bu xəstəliyin o qədər də insan üçün qorxulu olmadığını, lakin çoxlu sayda insanları eyni zamanda xəstələndirə bildiyini dedi. Onu da xüsusi vurğuladı ki, xəstəlik vaxtında aşkarlanarsa və dərhal həkimə müraciət olunarsa, onun müalicəsi tam sağalma ilə nəticələnə bilər.
Əgər sağlamlığımızı qorumaq, səhhətimizlə bağlı hər hansı bir təhlükənin yaranmasını istəmiriksə, həkimin dediyi kimi, ilk növbədə, özümüz-özümüzü qorumalıyıq.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.-2009.-6
noyabr.-S.7.