"Mən Azərbaycan türküyəm" adlı bədii-musiqili tədbir keçirilib

 

Noyabrın 7-də Bakıdakı E.Tağızadə adına 164 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən "Kimlik" şagird studiyasının təşkil etdiyi "Mən Azərbaycan türküyəm" adlı bədii-musiqili məclisi keçirildi.

Dövlət himni səsləndikdən sonra tədbiri açan 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirova son vaxtlarda təhsil müəssisəsində görülən işlərdən danışdı. Bildirdi ki, təhsil islahatının uğurla aparılmasında 164 nömrəli məktəb öz töhfəsini verməyə çalışır. Təhsil müəssisəsinin müəllim şagirdlərinin müxtəlif nominasiyalı müsabiqələrdə fəal iştirak edərək müsbət nəticələr qazandığını qeyd edən Kəmalə Qədirova təhsil ocağında müxtəlif mövzularda silsilə tədbirlərin keçirildiyini iştirakçıların nəzərinə çatdırdı.

Sonra "Kimlik" studiyasının rəhbəri, məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Şəhla Gündüzün yetirmələri çıxış etdilər. Türklüyü təbliğ edən məclisdə qəhrəmanlığı əks etdirən şeirlər səsləndi, mahnı ifa olundu, saza yer verildi. Türk qəhrəmanlığına həsr olunmuş film göstərildi.

Şagirdlər Vətənə, torpağa, dövlət atributlarına milli adət-ənənələrə olan məhəbbətlərini nümayiş etdirməklə yanaşı, ümumbəşəri dəyərlərə xüsusi diqqət yetirdilər. Məktəblilərdən Nemət, Sərxan, Aysel, Elmar, Nərmin, Sənan, Firdus daha fəal idilər. Sonda çıxış edənlər bədii-musiqili məclisin əhəmiyyətindən danışdılar maraqlı keçən tədbir üçün məktəbin direktoru Kəmalə Qədirovaya "Kimlik" studiyasının rəhbəri Şəhla Gündüzə xüsusi minnətdarlıqlarını bildirdilər.

 

 

Fazil İDRİSOĞLU

 

Azərbaycan müəllimi.-2009.-13 noyabr.-S.6.