Böyük elmə bəxş edilmiş ömür
Professor Yusif Seyidov - 80
Görkəmli elm xadimi, böyük filoloq alim Yusif Mir Əhməd oğlu Seyidov filologiya elmləri doktoru, professordur, BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiridir. Dövlət mükafatı laureatı, əməkdar elm xadimidir, Prezident təqaüdçüsüdür. 60 ilə yaxındır ki, pedaqoji və elmi-tədqiqat işi ilə ardıcıl məşğul olur. Y.Seyidov dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30- dan çox kitabın (monoqrafiya, dərslik və dərs vəsaitlərinin) müəllifidir. Görkəmli alim Azərbaycan dilçiliyinə dair sanballı, möhtəşəm elmi salnamə yaratmağa müvəffəq olmuşdur.
Y.Seyidovun
elmi yaradıcılığı çoxcəhətlidir.
Ancaq qrammatika problemlərinin tədqiqi onun fəaliyyətində
əsas yer tutur. O, ölkəmizdə bu sahədə ən
görkəmli mütəxəssislərdən -Azərbaycanşünas
türkoloqlardan hesab olunur. Onun hələ 1950-
ci illərdə yazdığı ilk əsərlərində
birinci dəfə olaraq feli tərkiblərin qrammatik mahiyyəti
açılmış, tərkiblərlə budaq cümlələrin
eyniləşdirilməsinin obyektiv və subyektiv səbəbləri,
fəlsəfi əsasları elmi şəkildə müəyyən
edilmiş və bu, nəticə etibarilə cümlə
ilə fikri, dil ilə təfəkkürü, forma ilə məzmunu
eyniləşdirmək kimi qiymətləndirilmişdir. Professor Yusif Seyidov türkologiyada tərkib və
budaq cümlə məsələsində üç
mövqeyin olduğunu müəyyənləşdirmiş və
bu bölgü sonralar mürəkkəb cümlə və tərkiblər
haqqında yazılan əsərlərin, demək olar ki,
hamısında qeyd-şərtsiz təkrar edilmişdir.
Azərbaycan
dilçiliyində sintaktik əlaqələrin elmi əsaslarla
geniş tədqiqi professor Yusif Seyidovun adı ilə
bağlıdır. O,türkologiyada hamıdan əvvəl
tabesizlik və tabelilik əlaqələrinin bütün
sintaktik vahidlər üzrə (söz birləşmələrindən
mürəkkəb cümləyə qədər) təzahür
hallarını müəyyən etmiş, bu sahədə bir
sıra yeni elmi fikirlər irəli sürmüşdür.
Məsələn, "Yeni dünya quran
bizik" tipli cümlələrdə mübtəda ilə xəbər
arasında uzlaşma əlaqəsinin olmaması və bunun səbəbi;
qoşmaların idarə əlaqəsində tabeedici söz
ola bilməməsi; yanaşma əlaqəsinin tam və tam
olmayan formaları; "mən gələndə",
"sən gələndə" tipli birləşmələrdə
tərəflər arasındakı əlaqənin məlum
sintaktik əlaqə növlərindən heç birinə
uyğun gəlməməsi barədəki nəzəri qənaətləri
dilçiliyimiz üçün tamamilə yeni idi. Bu qəbildən
olan ciddi elmi- nəzəri qənaətlər, ilk növbədə,
Azərbaycan dilçilik elmini və ümumən
türkologiyanı yeni elmi müddəalarla zənginləşdirmişdir.
Professor
Yusif Seyidov Azərbaycan dilçilik elmi üçün
sintaktik əlaqələrlə bağlı bir sıra
başqa ciddi və mühüm məsələləri də
müəyyənləşdirmişdir. Məsələn, Azərbaycan
dilçiliyində ənənəvi olaraq ikinci və
üçüncü növ təyini söz birləşmələrinin
tərəfləri birlikdə bir mürəkkəb cümlə
üzvü kimi təhlil edilir. Bu, dilçilərimizin həssas
dilçilik intuisiyasının nəticəsi idi. Lakin həmin
birləşmələrin cümlə üzvü kimi
parçalana bilməməsinin elmi qrammatik əsasları ilk dəfə
professor Yusif Seyidov tərəfindən müəyyənləşdirilmişdir.
Yusif Seyidov sintaktik əlaqələr əsasında cümlənin
şəxsə görə növlərinin formalaşma
sistemini vermişdir.
Keçən
əsrin əllinci illərinin ortalarından başlayaraq, Yusif
Seyidov qrammatik cəhətdən cümlə üzvləri ilə
əlaqədar olmayan sözlərin tədqiqi kimi xüsusi tədqiqata
ehtiyacı olan elmi problemlərlə məşğul olur. Onun bu dövrdə çap etdirdiyi əsərlərdə
xitabın formaca üçüncü şəxsə, məzmunca
ikinci şəxsə aid olması; xitabın əvəzliklə
("sən", "siz" əvəzlikləri ilə)
ifadə olunması; xitab vasitəsilə münasibət ifadə
etmək və bu məqsədlə istifadə olunan leksik və
qrammatik vasitələr; xitabın üslubi mövqeyi;
ara sözlərin ismi və feli növləri, köməkçi
sözlərlə işlənmə imkanları və s. cəhətləri
yüksək nəzəri səviyyədə həll edilir. Professor Yusif Seyidov türkologiyada ilk dəfə
olaraq belə bir elmi-nəzəri müddəa ilə
çıxış edir ki, hər bir cümlə
üzvü müxtəlif nitq hissələrinə aid sözlərlə
ifadə olunduğu kimi, ara sözlər də ayrı-ayrı
nitq hissələrinə aid sözlərlə ifadə oluna
bilər. Lakin çox təəssüf
ki, indiyə kimi ara söz rolunda çıxış edən
sözlər, hətta söz birləşmələri, eləcə
də bu rolda olan cümlələr modal söz kimi təqdim
edilmiş və bu əsasda bir nitq hissəsi olaraq, modal
sözlərin lüğəti bu söz qrupuna aid olmayan
söz və birləşmələrlə doldurulmuşdur.
Ciddi dilçi alim olan Yusif Seyidovun "Azərbaycan ədəbi
dilində əlavə söz və əlavə cümlələr"
monoqrafiyasına qədər Azərbaycan dilçiliyində həmin
məsələlər haqqında adi anlayış belə
olmamışdır. Yusif Seyidov ilk dəfə təkcə
Azərbaycan dilçiliyinə deyil, ümumən
türkologiyaya əlavə söz və əlavə cümlə
anlayışı gətirmiş, bu sintaktik kateqoriyaların nəzəri
əsaslarını müəyyən etmiş və konkret
şəkildə Azərbaycan dilində onların təzahür
formalarını müəyyənləşdirmişdir.
Həmçinin Yusif Seyidov morfologiyanın bir sıra nəzəri
problemlərinə aydınlıq gətirmiş və
onları elmi- nəzəri istiqamətdə işləmişdir:
"Sözün kökü və əsası
məsələsi", "Morfologiya və söz
yaradıcılığı", "Nitq hissələri və
cümlə üzvü problemi", "Nitq hissələri
nitq yox, dil kateqoriyalarıdır", "Söz leksik vahid
kimi, söz nitq hissəsi kimi", "Eyni sözün
yalnız bir və ya iki (daha artıq) nitq hissəsinə
aid ola bilib-bilməməsi məsələsi",
"Qrammatik (morfoloji) kateqoriya" anlayışı,
"ümumi qrammatik (morfoloji) kateqoriyalar", "Nitq hissələrinin
təsnifi prinsipləri" və bir sıra başqa problemlər
bu qəbildəndir. Qeyd etmək lazımdır ki, hər
hansı dilçi alim üçün bu əsərlərdən
bir - ikisi özünü böyük elmdə təsdiq etmək
üçün kifayət edə bilərdi. Professor
Yusif Seyidov isə son yarım əsr ərzində Azərbaycan
dilçilik elmini, geniş mənada türkologiyanı
böyük bir silsilə təşkil edən yeni elmi- nəzəri
müddəalarla, kəşf xarakterli qənaətlərlə
dərinləşdirmiş və inkişaf etdirmişdir.
Belə ciddi elmi tədqiqatlardan bir çoxunun,
ümumiyyətlə, dilçilik elmi üçün yeni və
əhəmiyyətli olduğunu nəzərə alsaq, onda Azərbaycan
aliminin ümumən dünya miqyasında
qrammatikaşünaslığa ciddi, sanballı töhfələr
verən görkəmli dilşünas olduğunu etiraf etmək
lazım gələr. Biz bu fikirdəyik ki,
professor Yusif Seyidovun bir çox əsərləri dünya
dillərinə mükəmməl tərcümə olunarsa, Qərbin
və Şərqin tanınmış dilçilərini
kölgədə qoyar,Azərbaycan dilçilik elminə beynəlxalq
miqyasda böyük şöhrət gətirə bilər.
Ənənəvi təqdimatdan fərqli olaraq, Yusif Seyidov
müəyyənləşdirmişdir ki, Azərbaycan dilində
əsas nitq hissələrindən sayın, əvəzliyin,
felin, eləcə də köməkçi nitq hissələrinin
quruluşça mürəkkəbi yoxdur, ayrıca leksik vahid
halında kəsr sayı və inkar əvəzlikləri mövcüd
deyil. Yusif Seyidov müəyyən etmişdir ki, bu sahələrdə
olan ənənəvi səhvlər dillə nitqi, dil vahidləri
ilə nitq vahidlərini fərqləndirə bilməməkdən
irəli gəlmişdir.
Yusif
Seyidovun cümlə probleminə aid tədqiqlərində
cümlənin ənənəvi tərifi
açıqlanır, ən mənalı nitq vahidi olmaq etibarilə
onun mahiyyəti, əsas əlamətləri
aydınlaşdırılır. O, indiyə qədərki
dilçilik qənaətindən fərqli olaraq, ilk dəfə
müəyyən etmişdir ki, türk dillərində
adlıq cümlələr mübtəda əsasında
formalaşdığı kimi, xəbərin kütləsi əsasında
da formalaşa bilir.
Məlum
olduğu kimi, Azərbaycan dilçiliyində cümlənin
qrammatik təhlili məsələsində, xüsusən
sintaktik təhlilində anlaşılmaz cəhətlər
çoxdur. Professor Yusif Seyidov həm morfoloji, həm də sintaktik
təhlilə dilçiliyin ümumi nəzəri müddəaları
baxımından yanaşaraq öz yeni sözünü deyir. O
belə hesab edir ki, bir yerdə bir cümlə üzvü kimi
götürülməsindən asılı olmayaraq, nitq hissəsi
olmaqla hər söz ayrılıqda qeydə
alınmalıdır. Məsələn: "Dərsə qulaq
asıram" cümləsində dərs - isim, qulaq- isim,
asıram- fel; "Heç kim danışmır" cümləsində
heç- ədat, kim- əvəzlik, danışmır- feldir.
Dilçilər etiraf edə bilərlər ki, bunlar sadə məsələlər
deyildir, mütəxəssisləri uzun illər
düşündürən problemlərdir.
Y.Seyidov
cümlənin sintaktik təhlilində belə məsələlər
qoyur:
1)
Mümkün qədər hər söz ayrıca cümlə
üzvü kimi təhlil edilməlidir. Ancaq bəzən bu
mümkün olmur, bəzən iki və daha artıq
sözü də bir yerdə bir cümlə üzvü kimi
götürmək lazım gəlir. Y.Seyidov bunun da səbəblərini
və elmi əsaslarını müəyyənləşdirmiş
və göstərmişdir ki, iki halda bu mümkün olur:
a)
Sözlərin məna əlaqələrinə görə. Məsələn,
"qol çəkmək," "qulaq asmaq", "bu
vaxt" kimi birləşmələr.
b)
Qrammatik cəhətdən formalaşmasına görə. Məsələn,
"mənim kitabım", "kağız qovluğu"
kimi birləşmələr.
2)
İkinci dərəcəli üzvlər baş üzvlərə
aid olduqları kimi, özləri də bir-birlərinə aid
ola bilər. Yəni tamamlığın, zərfliyin mütləq
xəbərə aid olması vacib deyil. Tamamlıq xəbərə
aid olduğu kimi, təyinə, zərfliyə, başqa bir
tamamlığa da aid ola bilər, zərflik də onun kimi.
Bu nəzəri yanaşma bir yanlış ənənənin
düzgün həllini də həyata keçirməyə
imkan yaradır. 1950- ci illərdə qeyri-elmi səbəblər
əsasında belə bir fikir ortaya atılmışdı ki,
neçə sözdən ibarət olmasından asılı
olmayaraq, feli tərkiblər bir cümlə üzvü kimi təhlil
edilsin. Y.Seyidov cümlə üzvü haqqında nəzəri
fikrə əsaslanaraq, bu tərkiblərin "tərkibidir"-
deyə bütöv halda bir cümlə üzvü kimi
götürülməsinin yalnış olduğunu müəyyənləşdirdi.
Yusif
Seyidovun sintaktik yaradıcılığının zirvəsini
onun söz birləşmələrinə aid tədqiqləri
təşkil edir. Görkəmli alimin bu sahədəki
axtarışlarının nəticələri ayrı-
ayrı məqalə və kitabçalar şəklində,
bütöv halda isə "Azərbaycan ədəbi dilində
söz birləşmələri" monoqrafiyasında əks
olunmuşdur. Bu əsərdə qədim hind, yunan
dilçiliklərindən başlamış ötən əsrin
60-cı illərinə qədər söz birləşmələri
haqqında elmi fikir və mülahizələrin ardıcıl
və yığcam elmi xülasəsi verilmişdir. Müəllif yunan filosoflarının sözlərin
əlaqələnməsi- söz birləşmələri barədə
ibtidai baxışlarında işıqlı cəhətləri
açıb göstərmiş, müasir filosofların bu
problemlə əlaqədar fikirlərini təhlildən
keçirmişdir. Əsərdə söz birləşmələrinin
dil sistemindəki yeri müəyyənləşdirilmiş,
onların digər dil və nitq vahidləri ilə (söz,
mürəkkəb söz, qoşa sözlər, sintaqm,
cümlə ilə) oxşar və fərqli cəhətləri
izah olunmuşdur.
"Azərbaycan
ədəbi dilində söz birləşmələri"
kitabında müəllif yenidən sintaktik əlaqələr
məsələsinə qayıdır və onlara yeni aspektdən
- söz birləşməsi mövqeyindən nəzər
salır; söz birləşmələrinin, bir qayda olaraq,
tabelilik əlaqəsi əsasında yarandığını
təsdiq etməklə bərabər, tabesizlik əlaqəsi
ilə də təşəkkül tapdığını
qeydə alıb əsaslandırır. Müəllif söz
birləşmələrinin mövcud təsnifatını nəzərdən
keçirir, söz birləşmələri haqqında
sintaktik təlimin hüdudlarını müəyyən edir;
Azərbaycan dilçiliyində söz birləşmələrinin
ənənəvi izahından xeyli kənara çıxaraq,
ilk dəfə olaraq ismi birləşmələrin təyini
söz birləşmələrindən ayrılan bir sıra
yeni növlərini tapır; "feli birləşmələr"
adı altında "feli tərkiblər"dən fərqlənən
təlimin əsasını qoyur və istiqamətini müəyyən
edir, bu birləşmələrin ilk və müfəssəl
sistemli, nəzəri təhlilini verir. Həm də
bütün bunlar ümumi türkoloji əsasda verilir,
ümumi dilçiliyin nəzəri əsasları
işığında, dialektik inkişaf
qanunauyğunluqları fonunda təqdim olunur.Etiraf etmək
lazımdır ki, bu tədqiqatlar Azərbaycan dilçiliyinin
nadir nümunələrindəndir. İdeoloji sistemin dəyişməsinə
baxmayaraq, dəyişməyən, qətiyyən köhnəlməyən,
əksinə, aktuallığını və elmi mənasını
saxlayan belə əsərlər dilçilik elmimizdə
azdır.
Y.Seyidovun
dilin konkret problemlərinə həsr edilmiş əsərlərində
nəzəri əhəmiyyətli ümumiləşmələr
aparılır.O, eyni zamanda sırf nəzəri əsərlərin
də müəllifidir. "Dilin daxili
inkişaf qanunları", "Çto takoe sintaqma, çem ona otliçaetsya
ot slovosoçetaniye", "Dil sistemində söz birləşmələrinin
yeri", "Sözün kökü və əsası məsələsinə
dair","Dilçilikdə nitq hissələri problemi"
və s. ümumiyyətlə, dilçilik üçün
yeni və əhəmiyyətli olan bu tip tədqiqatlarında
Yusif Seyidov həqiqi bir dünya dilçisi kimi yüksək
professionallıq nümayiş etdirir.
Böyük
dilçi alim Yusif Seyidov Azərbaycan dili tarixinə dair də
səmərəli tədqiqatlar aparıb: "Nəsiminin
əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi
kimi", "Dastani- Əhməd Hərami" haqqında bəzi
qeydlər", "Kitabi- Dədə Qorqud"un dilində
sadə cümlə (inkişaf səviyyəsi)",
"Kitabi- Dədə Qorqud" dastanlarının dilində
tərkib və budaq cümlə
paralelizmi","Dövrün(XII- XIX əsrlər)
şeir dilinə ümumi bir nəzər", "Ədəbi
şəxsiyyət və dil" və s. məqalələri,habelə
"Nəsiminin dili" monoqrafiyası ciddi müşahidə
və axtarışların məhsuludur.
Professor
Yusif Seyidov "Yazıçı və dil" problemi ilə
də müntəzəm məşğul olur. Onun bu sahədəki
tədqiqləri iki istiqamətdədir: ədəbi- bədii
dil, onun inkişaf meyilləri və yolları;
yazıçıların söz, dil, bədii dil haqqında
fikir və mülahizələri. Yusif Seyidov bir
sıra məqalələrində, "Klassik Azərbaycan
şairləri söz haqqında"(1977),
"Yazıçı və dil"(1979),"Sözün
şöhrəti"(1981), "Sözün qüdrəti"(1988),
"Sözün hikməti"(1989) və s. kimi sanballı
monoqrafiyalarında XI əsrdən başlayaraq müstəqillik
dövrünə qədərki, təxminən
min ilə qədər, Azərbaycan
yazıçılarının söz və sənət
haqqında, dil və onun insan həyatında, cəmiyyətdə
rolu, əhəmiyyəti barədə fikirlərini toplayıb
sistemə salmış, ədəbi-tarixi
ardıcıllıqla təsvir və təhlil etmiş,
xalqın dilçilik, qismən də ədəbiyyatşünaslıq
və estetik görüşlərinin yığcam salnaməsini
yaratmışdır.
Bir
dilçi-filoloq kimi Yusif Seyidovu səciyyələndirən əsas
xüsusiyyətlərdən biri də onun ədəbi prosesi
ardıcıl izləməsi, xalis ədəbiyyat xarakterli tədqiqlərə
meyilli olmasıdır. O, tələbəlik illərindən
başlayaraq sırf dilçilik tədqiqləri ilə
müvazi, ədəbi- tənqidi əsərlərini də
çap etdirir ki, bunların bir qismi "Ədəbi tənqid
və bədii dil" (1986) "Ey ulu dünya"(2003)
kitablarında və onlarca məqalələrində öz əksini
tapmışdır. O, Azərbaycan filologiyasına vahid
elmi yaradıcılıq sahəsi kimi baxır və belə
hesab edir ki, yazıçının dilinə nəzər
yetirmədən, onun ustalığını, onun
yaradıcılığının əsl mahiyyətini
açmaq olmaz. Qeyd etmək lazımdır ki, həm
"Yazıçı və dil" silsiləsinə aid olan
qiymətli monoqrafiyalarında, həm də sırf ədəbiyyatşünaslıq
xarakterli əsərlərində Yusif Seyidov dilçilikdə
nümayiş etdirdiyi qədər professionaldır. Onun
sosioloji yanaşmalardan uzaq sırf elmi- nəzəri xarakter
daşıyan ədəbiyyatşünaslıq əsərlərinə
əsl ədəbiyyatşünaslar qibtə edə bilərlər.
Yusif Seyidov Azərbaycan dilçiliyi ilə yanaşı, milli
ədəbiyyatşünaslıq elmini də zənginləşdirən
və inkişaf etdirən qiymətli əsərlərin
müəllifidir. Bu əsərlər ədəbiyyatşünaslar
üçün ciddi elmi mənbə və bələdçidir.
Yusif
Seyidov elmi məzmununa, metodiki mükəmməlliyinə
görə qiymətli dərs vəsaitləri və dərsliklərin-
"Müasir Azərbaycan dili"- (I h.-1959, II h - 1963);
"Müasir Azərbaycan dili. IV hissə. Sintaksis"(1972,
1985, 2009) dərsliklərinin əsas müəlliflərindən
biri, bir neçə dəfə nəşr edilmiş "Azərbaycan
dili" və "Azərbaycan dilinin qrammatikası.
Morfologiya" kimi ali məktəb dərsliklərinin müəllifidir.
Bütün bu əsərlər müasir
filologiyanın nəzəri prinsiplərini zəngin
elmi-pedaqoji təcrübə və hazırlıqla, gərgin
metodiki zəhmətlə birləşdirə bilmək
bacarığının səmərəli nəticələridir,
onları sadə və aydın dildə, aksiomatik tərzdə
çatdırmağın nümunəsidir.
Professor Yusif Seyidovun müəllifi olduğu "Müasir
Azərbaycan dili" silsiləli dərsliklər dövlətimiz
tərəfindən Dövlət mükafatına layiq
görülmüşdür.Ali məktəb tədrisinin
ümumi məsələlərinə, ali və orta məktəb
dərsliklərinə, nəhayət, Azərbaycan dilinin tədrisinə dair
çap etdirdiyi onlarca jurnal və qəzet məqalələri,
resenziyaları tədris işinin yaxşılaşmasında,
dərsliklərin mükəmməlləşməsində az
rol oynamamışdır. O, VI-VII və VIII-IX siniflərə
aid "Azərbaycan dili" dərsliklərinin müəllifidir.
Bu dərsliklər dilçiliyin müasir nəzəri tələbləri
işığında yazılmaqla, ənənə halında
təkrar edilən səhv fikirlərdən azad yeni dərsliklər
kimi meydana çıxmışdır. Azərbaycan məktəblərinin
V-XI sinifləri üçün "Azərbaycan dili
proqramı", təlim rus dilində olan Azərbaycan məktəbləri
üçün "Azərbaycan dili" proqramı onun rəhbərliyi
ilə hazırlanmış, onun redaktorluğu ilə nəşr
edilmişdir.
Görkəmli
alimin bir sıra məqalələri monoqrafik dilçilik əsərlərinin
təhlilinə, görkəmli dilçi alimlərin
yaradıcılığına, dilçilik tarixinə həsr
edilmişdir.
Professor
Yusif Seyidovun əsərlərinin 15 cildliyi çapa
hazırlanmışdır. Artıq bunlardan hər biri 600 səhifə
həcmində olan səkkiz cildi nəşr olunmuşdur. Bu, həm
Azərbaycan dilçiləri, həm də ədəbiyyatşünaslar
mühitində meydana çıxan birinci onbeşcildlik
külliyyatdır. Elmi ictimaiyyətə təqdim edilən 8
cild və çap prosesində olan əsərlərindən
görünür ki, Yusif Seyidovun külliyyatında asan yolla
yazılmış heç bir əsər yoxdur. Bunlar Yusif
Seyidovun 80 illik ömrünün layiqli hesabatı olmaqla
yanaşı, geniş mənada böyük elmə bəxş
edilən qiymətli töhfələrdir.
Respublikanın
digər ali məktəblərində və akademik
qurumlarında çalışan dilçi alimlər nəslinin
müəllimi, elmi rəhbəri, opponenti olan Yusif Seyidovun
milli dilçi kadrların hazırlanmasında müstəsna
xidmətləri vardır. O, bu gün Bakı Dövlət
Universiteti ilə yanaşı, Naxçıvan Dövlət
Universitetinin də müdafiə şurasının
üzvü kimi, kadr hazırlığına geniş mənada
xidmət edir.
Y.Seyidov
onlarca monoqrafiyanın redaktoru olmuş, əsərləri
haqqında məqalələr çap olunmuşdur.
Y.Seyidov
aspirantlıq illərindən başlayaraq 60 ilə
yaxındır ki, BDU-da mühazirələr oxuyur. O, Azərbaycan
dili və ədəbiyyatının tədrisi metodikası
kafedrasının yarandığı vaxtdan (1965) onun müdiri
olmaqla, özünü bacarıqlı elm və tədris təşkilatçısı
kimi göstərmişdir. Sonradan universitetin başqa
kafedralarında çalışan bir sıra elmlər
doktorları və elmlər namizədləri, dosentlər və
professorlar ilk elmi-pedaqoji fəaliyyətlərini bu kafedrada
başlamış və burada işləmişlər.
Başqa ali məktəblərdə və elmi müəssisələrdə
işləyən bir çox elmlər doktoru və elmlər
namizədlərinin dissertasiyaları bu kafedrada müzakirə
edilmiş və müdafiəyə
buraxılmışdır. Yusif müəllim tədrisdə və
kadr hazırlığında uğurlarına görə Təhsil
Nazirliyinin, rektorluğun Fəxri fərmanları ilə təltif
olunmuşdur.
Y.Seyidov indi də gənclik həvəsi ilə fəaliyyət
göstərir. 2008- 2009- cu illərdə onun iki ali məktəb
dərsliyi, iki monoqrafiyası çap olunmuş, Rəsul Rza
adına beynəlxalq mükafata layiq görülmüş,
elmi uğurlarına görə BDU- da "İlin alimi"
adı almışdır.
İsa HƏBİBBƏYLİ
Azərbaycan müəllimi.-2009.-13
noyabr.-S.5.