Bilik və mənəviyyat ocağı

 

Ölkəmizin ilk orta ixtisas məktəblərindən birinin, Azərbaycan üçün elm, sənət, mədəniyyət xadimlərinin, istedadlı pedaqoqlar nəslinin hazırlanmasında böyük rolu, özünəməxsus tarixi ənənələri olan Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 yaşı tamam olur. Bu zəka və ülviyyət məbədinin əsrə yaxın bir dövr ərzində xalqımız, onun təhsili qarşısındakı xidmətlərini çox vaxt haqlı olaraq Qori Müəllimlər Seminariyasının fəaliyyəti ilə müqayisə edir, seminariyanın 1920-ci ilə qədər təhsil tariximizdə, xalqımızın milli mənəvi tərəqqisində oynadığı rolu onun süqutundan sonra məhz Azərbaycan Dövlət Pedaqoji Kollecinin davam etdirdiyini söyləyirlər. Kollecin 90 illik şərəfli tarixinə nəzər salanda, onun çoxsaylı məzunlarının doğma Azərbaycanımızın elm, təhsil və mədəniyyətinin inkişafına verdiyi töhfələri göz önündə canlandıranda bu müqayisənin nə qədər uğurlu olduğunu qeyd etməmək olmur.

 

Şərəfli tarixinin ən çətin zamanlarında belə öz böyük amalından dönməyən, öhdəsinə düşən vəzifəni həmişə məsuliyyətlə yerinə yetirən yubilyar təhsil ocağının təhsil tariximizdəki rolunu yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev 10 il bundan öncə kollecin kollektivinə ünvanladığı təbrik məktubunda deyirdi: "Bakı Pedaqoji Texnikumu respublikanın maarif ocaqlarını yüksək səviyyəli pedaqoji kadrlarla təmin etmək sahəsindəki uzunillik fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətlər göstərmişdir".

Bir neçə gün öncə 90 illiyini qeyd etdiyimiz Bakı Dövlət Universiteti kimi Azərbaycan Dövlət Pedaqoji Kolleci də Azərbaycan Demokratik Cümhuriyyətinin yadigarı kimi həyatın sınaqlarından çıxaraq inkişaf etmiş, zəkalarda, qəlblərdə, ideyalarda saxlanan əmanət kimi qorunaraq qurduğumuz müstəqil Azərbaycan Respublikası dövlətinə, Azərbaycan xalqına, təhsil sisteminə ərməğan edilmişdir.

 

Seminariyadan kollecədək

 

Məlum olduğu kimi, ötən əsrin əvvəllərində cəmiyyətdə meydana gələn milli oyanış, ölkənin yaşadığı çətin durumdan çıxış yolunun təhsildə olmasının dərk edilməsi təhsilə tələbatı artırmış, təhsil hərəkatı güclənmişdi. Yeni-yeni məktəblər açılır, mövcud təhsil ocaqları getdikcə daha sürətlə tərəqqi edirdi.

1918-ci il mayın 28-də özünün müstəqilliyini elan etmiş Azərbaycanda təhsili milli zəmində, yeni əsasda qurmaq və inkişaf etdirmək önəmli bir vəzifə kimi qarşıda dururdu. Təhsilin inkişafı pedaqoji kadrlara da tələbatı artırırdı. Kollecın də bünövrəsi məhz o zaman - 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyəti dövründə qoyulmuşdur. Həmin il 1916-cı ildə açılan, lakin fəaliyyəti qənaətbəxş olmayan Bakı Qızlar Seminariyasının əvəzinə hökumətin qərarı ilə Bakı Kişi Müəllimlər Seminariyası yaradılmışdı. Seminariyanın kiçik və böyük hazırlıq qrupları və I sinifləri fəaliyyət göstərirdi. O vaxt seminariya darülmüəllimin adlanırdı. Tədris ocağına məşhur pedaqoq Rəşid bəy Əfəndiyev rəhbərlik edirdi. Seminariyanın ilk buraxılışı 1922-1923-cü tədris ilində olmuş, həmin il onu 9 nəfər azərbaycanlı gənc bitirmişdir.

1920-ci ildə Bakıda Köhnə Marinskaya qız gimnaziyasının binasında ilk darülmüəllimat - qızlar üçün seminariya yaradılmışdır. Onun müdiri Azərbaycan xalqının fədakar qızlarından Mədinə Qiyasbəyli idi. 1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə hər iki seminariya birləşdirilərək Bakı Müttəhid (birləşmiş) Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə başlamış və tezliklə respublikanın tədris ocaqları arasında özünəməxsus yer tutmuşdur. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Cəmo Cəbrayılbəyli idi. O illərdə texnikum təkcə Azərbaycan üçün deyil, Orta Asiya və Dağıstan respublikaları üçün də pedaqoji kadrlar hazırlayırdı.

1930-1931-ci dərs ilində məktəbdə rus və erməni şöbələri də açılmış və bununla əlaqədar o, Beynəlmiləl Pedaqoji Texnikum adlandırılmışdır. 1936-cı ildə tədris ocağına böyük satirik şair və maarifçi-demokrat Mirzə Ələkbər Sabirin adı verilmişdir.

1938-ci ildən 1967-ci ilədək tədris müəssisəsi M.Ə.Sabir adına Rus Pedaqoji Məktəbi adını daşımış, 1968-cı ildən isə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi kimi fəaliyyətini davam etdirmişdir. 1991-1999-cu illərdə M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu kimi fəaliyyət göstərən tədris ocağına həmin il keçirilən 80 illiyi ərəfəsində kollec statusu verilmiş və o Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmağa başlanmışdır.

 

Müqəddəs amallı, zəka qüdrətli müəllimlər

 

Bu təhsil ocağını yaradan, onun addımlarını möhkəmləndirən, onu bilik və mənəviyyat ocağına çevirən insanlar xalq üçün, ölkə üçün ürəyini şam edən müqəddəs amallı, zəka qüdrətli, yaradıcılıq ehtiraslı insanlar olmuşlar. üzeyir Hacıbəyov, Hüseyn Cavid kimi görkəmli mədəniyyət xadimləri olan sənət fədailəri, Müslüm Maqomayev, Abdulla Şaiq, Sultan Məcid Qənizadə kimi məşhur müəllim və sənətkarlar, Səməd bəy Acalov, Şəfiqə xanım Əfəndizadə, Cəmo bəy Cəbrayılbəyli, Badsəba xanım Köçərli, Kövsər xanım Yusibova, Nurməmməd Şahsuvarov, Cabbar Əfəndizadə, Atabala Musaxanlı, Sara xanım Xuramoviç, Qafur Rəşad, Sultanmurad Əliyev, sonralar görkəmli psixoloq və filosof kimi tanınmış Əhməd Kərədi, həkim və hüquqşünas Azad bəy Əmirov, məktəbin ilk direktorlarından - dövlət xadimi, tanınmış təhsil təşkilatçısı Pənah Qasımov və digər görkəmli maarif xadimləri seminariya adı ilə fəaliyyətə başlayan bu kollecin məşhurlaşmasında, tədris-metodiki bazanın yaradılmasında, dərin bilikli, yüksək peşə hazırlıqlı və vətənpərvər ruhlu müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynamışlar.

 

90 ildə 65 min məzun

 

 

Vaxtilə mədəni inqilabın həyata keçirilməsində, savadsızlığın ləğv edilməsində, xalqımızın savadlanması və maariflənməsi yolunda böyük xidmətlər göstərmiş, bu gün ölkəmizdə gündən-günə inkişaf edən, dəyişən, yeniləşən, dünyaya inteqrasiya olunan təhsilimizə öz töhfələrini verməkdə davam edən, öz tarixi missiyasını uğurla həyata keçirərək ibtidai təhsil pilləsi üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırlayan kollec mövcud olduğu 90 il ərzində 65 mindən çox mütəxəssis yetişdirmişdir. Bu təhsil ocağını bitirənlərin bir çoxu Azərbaycan elmi və mədəniyyətinin, təhsili və digər təsərrüfat sahəsinin görkəmli xadimlərinə, nümayəndələrinə çevrilmişlər. Onlara misal olaraq XX əsr Azərbaycan ədəbiyyatı, elm və mədəniyyətinin görkəmli nümayəndələri Mehdi Hüseyni, Mikayıl Müşfiqi, Mirvarid Dilbazini, Sabit Rəhmanı, Səid Rüstəmovu, Əfrasiyab Bədəlbəylini, maestro Niyazini, Salam Salamzadəni, Məmmədhüseyn Təhmasibi, Əlisöhbət Sumbatzadəni, Əkrəm Cəfəri, Mərdan Muradxanovu, Fatma Süleymanovanı, Əli Sultanlını, Cabir Novruzu, Əzizə Cəfərzadəni və başqalarını göstərmək olar.

Onların bir çoxu sonralar məzunu olduqları kolleci yüksək qiymətləndirmiş, onu xoş sözlərlə xatırlamışlar. Xalq şairi Mirvarid Dilbazi yazırdı: "Mənim oxuduğum pedaqoji məktəb - həya, ismət, qeyrət, vətənpərvərlik məktəbi idi".

Cabir Novruz isə oxuduğu pedməktəbə həsr etdiyi "Xatirələrim" adlı şeirində təhsil ocağını ən ülvi hisslərlə tərənnüm etmişdir.

Kollecin nüfuzu həmişə Azərbaycan ictimaiyyəti arasında yüksək olmuş, bir çox tanınmış simalar, ictimai və dövlət xadimləri, ədib və mütəfəkkirlər onun haqqında, 20 ildən bəri ona bacarıqla rəhbərlik edən filologiya elmləri doktoru, professor, əməkdar müəllim Nurlana Əliyeva barədə dəyərli sözlər söyləmişlər.

Aşağıda həmin fikirlərdən bəzilərini oxuculara da təqdim edirik.

"Kollec respublikamızın ən öndə gedən təhsil ocaqları ilə yarışa bilən bir səviyyədədir. Onun rəhbəri Nurlana xanım da öz zəkası, səviyyəsi ilə fərqlənə bilir, bu tarixi, məşhur tədris ocağını lazımi səviyyədə irəli apara, ona düzgün istiqamət verə bilir".

 

Kamal TALIBZADƏ,

Akademik

 

"Köhnə ənənəvi dərs formasından kənara çıxaraq yeni axtarışlar aparmaq, yaradıcı yanaşmaq, yeni forma və üsullar tətbiq etmək və beləliklə, pedaqoji axtarışlar aparmaq bu məktəbdə artıq ənənə şəklini almışdır və təqdirəlayiqdir".

 

Hüseyn ƏHMƏDOV,

Akademik

 

"Nurlana xanım Əliyeva çox təcrübəli bir müəllim, təhsilimizin təşkilatçılarından biridir".

 

Bəkir NƏBİYEV,

Akademik

 

"Nurlana xanım bizim ictimai mühitimizdə, elmi-ədəbi mühitimizdə, pedaqoji mühitimizdə tanınan bir xanımdır. Onun artıq kifayət qədər zəngin bir yaradıcılıq yolu var. Onun müəllimliyi də çox gözəldir və xüsusilə də, müəllimlikdə təşkilatçılıq imkanları da çox genişdir".

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü,

millət vəkili

 

"...Texnikumda işləyən müəllimlərin bir çoxu sadəcə tədrisçi, peşəsinin vurğunu deyil, sənətin, sənətkarın, elmin, mədəniyyətin, təbiətin vurğunudur. Ona görə də onların dərslərində sözün, fikrin məzmun siqləti ehtirasla, duyğuyla, emosional təsirlə vəhdət təşkil edir və gənc ürəkləri ehtizaza gətirir, beyinləri aydınlaşdırır, intellekt mədəniyyəti aşılayır".

 

Əjdər AĞAYEV,

Professor

 

Ənənələr yaşadılır

 

Kollecdə illərlə yaranmış, cilalanmış, hər vaxt inkişafı təmin edən mütərəqqi ənənələr bu gün də yaşadılır, zənginləşdirilir.

Bu gün doğma Azərbaycanımızı inkişaf etdirmək, qüdrətini artırmaq, dünya dövlətləri sırasında layiqli yerini tutmasını təmin etmək üçün həyatın bütün sahələrində böyük işlər görülür, iri layihələr həyata keçirilir. İndi cəmiyyətimizin, təhsilimizin qarşısında maddi sərvətləri insan kapitalına çevirmək, ölkənin gələcək inkişafını təmin edən yüksəkixtisaslı, vətənpərvər insanlar yetişdirmək kimi böyük vəzifələr durur. ölkədə bu vəzifələrin yerinə yetirilməsini hədəfə alan təhsil islahatları aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı ilə mədəni dəyərlərin qorunmasına, elmin və təhsilin inkişafına yardım göstərilir.

Belə bir dövrdə kollecin qarşısında təhsilimizin bünövrəsini, təməlini qoyan yüksək səviyyəli ibtidai sinif müəllimləri yetişdirmək kimi şərəfli vəzifə durur. Bu vəzifənin yerinə yetirilməsi üçün kollecdə lazımi təhsil mühiti, yüksək hazırlıqlı müəllimlər, kollektivin yaradıcı fəaliyyət əzmi vardır.

Hazırda 3100 nəfərdən çox tələbəsi olan kollecdə ibtidai təhsil, sosial pedaqogika, əmək hazırlığı və texnologiya, xarici dil, fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı, ailə və ev tərbiyəsi, təsviri incəsənət və rəsmxətt ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. Bu il 500-ədək məzun kollecdə aldığı yüksək nəzəri və praktik hazırlıqla həyata atılıb.

Həmişə olduğu kimi, indi də kollecin məzunları öz yüksək hazırlıqları ilə fərqlənirlər. Ən tələbkar təhsil müəssisələri müəllim seçimində məhz pedaqoji kollecin məzunlarına üstünlük verirlər. Məzunlar arasında neçə-neçə məktəb direktoru, əməkdar müəllim vardır.

Hazırlanan mütəxəssislərin keyfiyyəti, onların öz ixtisas və peşələrinin kamil bilicisi, peşəkarı kimi yetişməsi 90 illik tarixi boyu kollec üçün həmişə ən önəmli məsələ olub və o bu gün də aktuallıq kəsb edir. Bu vəzifəni həyata keçirmək üçün kollecin mükəmməl maddi-texniki bazası vardır.

 

Keyfiyyət üçün əsas şərt: əlverişli təlim mühiti

 

Dövlətimizin qayğısı sayəsində bir neçə il öncə kollec üçün yeni tədris korpusu tikilərək istifadəyə verilib. ötən il isə kollecin əsas binası təmir olunaraq auditoriyalar, laboratoriyalar, kitabxana, digər yardımçı otaqlar ən müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Yeni tikilən tədris korpusu müasir avadanlıqlarla təmin olunub, mövcüd avadanlıqların böyük bir qismi yeniləri, daha müasir və rahatları ilə əvəzlənib.

Fənn kabinetləri, laboratoriyalar, tədris emalatxanası üçün yeni əyani vəsaitlər, texniki avadanlıqlar və cihazlar alınıb.

Artıq on ilə yaxındır ki, qədəm qoyduğumuz XXI əsr elm və texnikanın, texnologiyaların sürətli inkişafı, elmi biliklərin durmadan artması və yeniləşməsi əsridir. Məhz bu vüsətli inkişaf, elmi biliklərin texnoloji proseslərin sürətlə yeniləşməsi şəraitində bu gün böyüməkdə olan nəslə nəyin və hansı həcmdə öyrədilməsi təhsilimizin bütün pillələrində aparılan məzmun islahatlarını zəruri etmişdir.

Dövrün tələblərinə uyğun orta ixtisas təhsilinin məzmununda, o cümlədən pedaqoji kadrlar hazırlığı aparılan texnikum və kolleclərin tədris plan və proqramlarında da dəyişikliklər aparılır.

Məzmun islahatı yönündə aparılan bütün işlərdə kollec yaxından iştirak edir. Orta ixtisas məktəbləri arasında baza məktəbi olduğundan kollecdə bütün fənlər üzrə yeni proqramlar hazırlanaraq çap olunmuşdur. Kollecin 25 nəfər müəllimi kurikulumlarla bağlı seminar-treninqdə iştirak etmişdir.

Artıq ikinci ildir ki, bir neçə pedaqoji ali və orta ixtisas təhsili müəssisəsi ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Kollecində də yeni kurikulumlar tətbiq olunur.

 

Yeni texnologiyalar beşiyi

 

Yubilyar təhsil ocağının məzunlarının hər yerdə hörmətlə qarşılanmasının, adının uzun illər orta ixtisas məktəblərinin ön sırasında çəkilməsinin, əldə olunmuş bütün digər uğurların əsas səbəblərdən biri də kollecdə düzgün qurulmuş metodik sistem, yaradıcılıq mühitinin, təşəbbüskarlıq ab-havasının olması, innovasiyaların minimum vaxt ərzində ideyadan əməli işə çevrilməsidir.

Müasir inkişafın doğurduğu bilik və məlumat bolluğu, habelə çağdaş dünyamızda gənclərin təfəkkürünün və idrak fəaliyyətinin yüksək sürətlə inkişaf bilikləri necə, hansı yollarla çatdırmaq məsələsini də aktuallaşdırır və yeni təlim metodlarının, üsul və vasitələrinin, dərs formalarının axtarışını zəruri edir. Məhz bu zərurət nəzərə alınaraq kollecdə neçə illərdir ki, həmin istiqamətdə yaradıcı iş aparılır. Cəsarətlə söyləmək olar ki, son illər təhsilimizdə təlimin forma və metodları ilə bağlı tətbiq olunan bir çox yeniliklərin beşiyi məhz bu pedaqoji kollec olmuşdur. ölkədə bu sahədə hərəkat ötən əsrin sonları - yeni əsrin əvvəllərində başlamışdırsa, kollecdə müstəqilliyimizin ilk illərindən bu istiqamətdə geniş yaradıcılıq axtarışları getmiş, maraqlı nəticələr əldə olunmuş və tətbiqinə başlanmışdır. Müxtəlif fənlər arasında inteqrasiya edilmiş dərslər olan qeyri-ənənəvi dərsi isə tam əsasla kollecin təhsilimizə töhfəsi saymaq olar.

Vaxtilə burada ilk tətbiqini tapan belə dərslərdən indi digər təhsil müəssisələrində də geniş istifadə olunur. Belə dərslər hazırda yeni kurikulum əsasında aparılan təlimin də özəyini təşkil etməkdədir.

Müasir təlim metodları, yeni texnologiyalar, qeyri-ənənəvi dərs növləri sahəsindəki axtarışlar hazırda da yeni məzmun və istiqamətdə davam etdirilir. Yaradıcı axtarışların mərkəzində informasiya-kommunikasiya texnologiyalarından tədrisdə, idarəetmədə, ünsiyyətdə daha səmərəli istifadə durur.

XX və XXI əsrlərin qovuşuğunun ən böyük möcüzəsi olan kompüterin bütövlükdə, İKT-nin tədrisə tətbiqi təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir etdiyindən kompüterlərlə iş və tədris-təlim prosesinə İKT-nin daxil edilməsi indi pedaqoji kollektivin fəaliyyətində aparıcı istiqamət təşkil edir.

Kollec müasir kompüterlərlə təmin olunmuş, burada kompüter sinfi yaradılmışdır. Tədris ocağı İnternetə qoşulmuş, burada öz saytını yaratmışdır. Kollecdə artıq bir neçə ildir ki, bir çox orta ixtisas məktəbi üçün hələlik arzu olaraq qalan resurs mərkəzi fəaliyyət göstərir. Mərkəz yeni təlim texnologiyalarının öyrənilməsi və tədris prosesində tətbiqi məsələləri ilə məşğul olur. Mərkəzin hər cümə günü keçirilən məşğələlərində edilən məruzələrdən dinləyicilər - gənc müəllimlər, yuxarı kurs tələbələri, hətta digər təhsil müəssisələrindən gələn pedaqoqlar da faydalana bilirlər.

Kollecdə yaradılmış məlumat bankından bu təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı istənilən informasiyanı almaq mümkündür.

 

Yaradıcı işdən soraq verən tədbirlər

 

Son illər kollecdə keçirilən "Dövrümüz, təhsilimiz, problemlərimiz" mövzusunda konfrans, "XXI əsrin məktəbi: müasir dərs" mövzusunda nəzəri-praktik seminar, "İbtidai riyaziyyatın təkmilləşdirilməsində kompüter texnologiyasının tətbiqi", "Müasir təlim metodları və texnologiyalarının səmərəli tətbiqi aspektləri", "Təhsilin keyfiyyətinin təmin edilməsində pedaqoji prosesin iştirakçılarının rolu" və s. mövzularda "dəyirmi masa"lar, diskussiyalar mövcüd yenilikçilik, axtarıcılıq, öyrənmək-tətbiq etmək ənənələrinin daha da inkişaf etdirilməsi və zənginləşdirilməsinə səbəb olmuşdur.

Ötən ilin mayında keçirilən və ulu öndər Heydər Əliyevin ildönümünə, bir növ onun zəngin, nəsillərə örnək həyati və irsinin öyrənilməsinə, təbliğinə həsr olunmuş elmi-praktik konfransın da son illər müəllim və tələbələrin yaradıcı fəaliyyətinə dəlalət edən ən mühüm elmi-metodik tədbir kimi dəyərləndirmək mümkündür. Konfranslarda deyilənlərin təkcə yaddaşlarda deyil, müəllimin, bu təcrübədən öz fəaliyyətində istifadə etmək istəyən hər kəsin gözünün önündə, necə deyərlər, əlinin altında olması üçün konfransın materialları "Zəmanəmizin ən böyük azərbaycanlısı" adlı toplu şəklində çap olunmuşdur.

 

Sələflərinin adına layiq

 

Kollecin dövrün tələblərinə uyğun fəaliyyətində, təhsilin və mütəxəssis hazırlığının keyfiyyətinin təmin olunmasında əsas ağırlıq, şübhəsiz, pedaqoji kollektivin üzərinə düşür. Həmişə təhsildə mühüm rol oynamış müəllim bu gün də öyrənmə və öyrətmə prosesində əsas simadır.

Hazırda kollecdə peşəkarlğın, bütövlüyün, paklığın, humanizmin, ədalətin təmsilçisi olan müəllimlər tərbiyə etməyi fəaliyyətlərinin hədəfi sayan pedaqoqlar çalışır. Onlar sələflərinin adına layiq olan, onların yolu ilə gedən, müəllim adının müqəddəsliyini qoruyan, bu gün cəmiyyətin müəllimdən nə tələb etdiyini gözəl dərk edən və tələbatı ödəmək üçün məsuliyyətlə, daxili borc hissi ilə çalışan mütəxəssislərdir.

Pedaqoji kollektivi təşkil edən 262 müəllimin elmi-nəzəri və peşəkarlıq səviyyəsi kifayət qədər yüksəkdir.

Onlardan 1-i elmlər doktoru, 8-i elmlər namizədi, 11-i baş müəllimdir. Dissertant kimi elmi araşdırmalar aparanlar da çoxdur.

Azərbaycan Dövlət Pedaqoji Kollecinə 20 ilə yaxındır ki, ölkədə ustad müəllim, mahir pedaqoq, istedadlı alim, müdrik ictimai xadim kimi tanınan bacarıqlı təhsil təşkilatçısı, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllim, "Şöhrət" ordenli Nurlana xanım Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi altında kollec son illər xeyli inkişaf edərək pedaqoji profilli orta ixtisas məktəbləri arasında lider mövqeyinə çıxmış, idarəçilik sahəsindəki demokratikliyi ilə, tədris prosesində tətbiq olunan metodların müasirliyi ilə, qeyri-ənənəvi dərs formalarının axtarışı və tətbiqi sahəsində topladığı zəngin təcrübə ilə ölkənin demək olar ki, bütün orta ixtisas təhsili müəssisələrinə örnək olmuşdur. Kollec indi də bu öncüllüyü, nümunə rolunu qoruyub saxlayır.

Kollecdə mövcud olan sağlam psixoloji iqlim və pedaqoji kollektivin milli dəyərlərimizə ehtiram, böyüyə dərin hörmət, kiçiyə məhəbbət, xeyirxahlıq, qarşılıqlı gərəklilik prinsipləri əsasında fəaliyyəti, həyata keçirilən olduqca çeşidli və dərin məzmunlu tədbirlərin mahiyyətinə əsl pedaqoji, tərbiyəvi ab-hava gətirir. Kollecdə Ağsaqqallar Şurası, Tələbə özünüidarəetmə Şurası, Gənc müəllim klubu, özfəaliyyət klub və dərnəkləri fəaliyyət göstərir. İstedadlı tələbələrin öz məharətlərini nümayiş etdirmələri üçün münasib şərait var. Tələbələr demək olar ki, bütün tədbirlərin hazırlanması və aparılmasında fəal iştirak edirlər. Bir çox tədbirlərin təşəbbüsçüləri də çox vaxt onların özləri olurlar.

Tələbə kollektivinin böyük əksəriyyətini qızlar təşkil etdiyindən kollecdə onların gələcək analar kimi tərbiyəsinə də xüsusi qayğı göstərilir. Bu zaman belə bir məlum həqiqət əsas götürülür ki, nəsillərin necə böyüməsi, öz vətəninin, elinin, obasının ləyaqətini necə qoruması müəllimdən çox analardan asılıdır. Yalnız bilikli, savadlı, vətənpərvər, ailənin ləyaqətini, namusunu yüksək tutan analar bu keyfiyyətləri daşıyan övladlar tərbiyə edə bilərlər.

 

Böyük Sabirin çin olmuş arzusu

 

Kollecin uzun illər adını daşıdığı böyük şairimiz Mirzə Ələkbər Sabir ötən əsrin əvvəllərində bir arzu ilə yaşayırdı: millətimizin imzasını imzalar içində görmək. Əslində bu, bütün Azərbaycan ziyalılarının, xalqımızın arzusu idi. Bu gün, yeni əsrin əvvəllərində bu arzu, istək, nəhayət, çin olmuşdur. Müstəqillik qazanmış, öz inkişaf sürəti ilə qısa dövr ərzində böyük tərəqqi yolu keçmiş ölkəmizin adı bu gün dünyanın ən aparıcı dövlətləri ilə bir sırada çəkilir.

Bu inkişafa xalqımız təhsil vasitəsi ilə, məktəbin, müəllimin köməyi ilə nail olmuşdur və burada 90 illik yubileyi qeyd edilən Azərbaycan Dövlət Pedaqoji Kollecinin də payı vardır.

Yubilyar təhsil ocağı haqqında yazımızı böyük öndərimiz Heydər Əliyevin 10 il öncə kollecin kollektivinə ünvanladığı təbrik məktubundan götürdüyümüz və o vaxtdan kollektivin fəaliyyət devizinə çevrilmiş aşağıdakı sözlərlə bitiririk: "Əminəm ki, siz texnikumunuzun uzun illər toplamış olduğu zəngin təcrübəni yeni şəraitdə daha da artıracaq və respublikada müasir tələblərə cavab verən müəllimlər hazırlanması işinə bundan sonra da var qüvvənizi sərf edəcəksiniz".

Buna biz də əminik.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.-2009.-13 noyabr.-S.1, 4.