Kollegiya qərarının icrası barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan Respublikası Təhsil Nazirliyində 24 oktyabr 2009-cu il tarixdə keçirilmiş kollegiyada təhsil naziri Misir Mərdanovun "Pedaqoji kadrlarin ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model" mövzusunda məruzəsi dinlənilmiş, son illərdə ölkəmizdə pedaqoji kadrların ixtisasartırma təhsili sahəsində əldə olunmuş nailiyyətlər, mövcud problemlər və onların həlli yolları qeyd edilmişdir. Bildirilmişdir ki, respublikada təhsil sahəsində aparılan islahatlardan daha böyük nailiyyətlərin əldə edilməsi üçün, ilk növbədə, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi çox vacib məsələdir.
Ayrı-ayrı bilik sahələri üzrə informasiyanın çoxaldığı, fəal təlim metodları və texnologiyalarının geniş miqyasda tətbiq edildiyi hazırki təlim şəraitində müəllimlərin köhnə bilik və bacarıqlarla pedaqoji fəaliyyət göstərmələri onlara müasir tələblərə cavab verən nəticələr əldə etməyə imkan vermir. Ona görə də hər bir müəllim peşəkarlıq səviyyəsini artırmaq məqsədilə fasiləsiz olaraq əlavə təhsil almalı, şəxsi tələbatına və ehtiyaclarına uyğun ixtisasartırma təhsilinə cəlb olunmalıdır. Bu da öz növbəsində yeni, daha təkmil ixtisasartırma təhsili sisteminin yaradılmasını zəruri edir.
Pedaqoji kadrların ixtisasartırma təhsili sahəsində
mövcud vəziyyətin öyrənilməsi və bu istiqamətdə
işlərin müasir tələblər səviyyəsində
qurulmasını təmin etmək məqsədilə Təhsil
Nazirliyinin 16 mart 2009-cu il tarixli, 300 nömrəli əmri ilə
monitorinq qrupu yaradılmış və respublikada mövcud olan əlavə təhsil
müəssisələrində monitorinq
aparılmışdır.
Məlum
olmuşdur ki, hazırda respublikada pedaqoji kadrların əlavə
təhsilinin həyata keçirilməsi üzrə 18 müəssisə
fəaliyyət göstərir. Bu şəbəkəyə
Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan
Müəllimlər İnstitutu və onun 11 filialı
(Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı,
Quba, Salyan, Cəlilabad, Ağcabədi, Qazax, Şəki,
Zaqatala filialı), Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu və
4 universitetin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran
Dövlət Universiteti) nəzdində ixtisasartırma və
yenidənhazırlanma fakültəsi daxildir.
Aparılmış monitorinq müəyyən etmişdir ki,
əlavə təhsil müəssisələri Nazirlər
Kabinetinin müvafiq qərarları, Təhsil Nazirliyinin
ixtisasartırma təhsili ilə əlaqədar əmr, təlimat,
kollegiya qərarları və digər normativ-hüquqi sənədlər
əsasında fəaliyyətlərini quraraq son illərdə
üzərlərinə
düşən vəzifələri əsasən yerinə
yetirmişlər.
Azərbaycan Müəllimlər İnstitutunda
ixtisasartırma təhsilinin həyata keçirilməsi
üçün müasir maddi-texniki və tədris
bazası, treninq mərkəzləri yaradılmış,
ixtisasartırma təhsilinin məzmunu, tədris plan və
proqramları daim yeniləşdirilərək variativ proqramlar
tətbiq edilməkdədir. İxtisasartırma üzrə
mühazirə və seminarlara qabaqcıl müəllimlər, o
cümlədən Təhsil Nazirliyinin, TPİ-nin, AMEA-nın,
ali məktəblərin tanınmış alim və mütəxəssisləri
dəvət olunurlar. Eyni zamanda ixtisasartırma təhsili
sahəsində dünya təcrübəsi, müasir
texnologiyalar və qabaqcıl təcrübələr öyrənilir
və işdə tətbiq edilir. Əlverişli təlim
şəraitinin yaradılması, peşəkar və səriştəli
təlimçilərin cəlb olunması, səmərəli
idarəetmə sayəsində AMİ-də ixtisasartırma
təhsili sahəsində keyfiyyət və yüksək
davamiyyət təmin edilmişdir.
Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun təşəbbüsü ilə
"Diplomdansonrakı pedaqoji təhsil: Avropa oriyentirləri və
regional prioritetlər" mövzusunda Azərbaycanda və
Ukraynada iki beynəlxalq elmi konfrans keçirilmişdir. Son iki
il ərzində BPKİY İnstitutu xarici ölkələrin
7 ali məktəbi ilə elm və təhsil sahəsində əməkdaşlığa
dair müqavilə imzalamışdır. Təhsil Sektorunun
İnkişafı Layihəsi çərçivəsində
BPKİYİ-nin binası əsaslı təmir olunmuş və
avadanlıqla təchiz edilmişdir.
Aparılmış təhlil və araşdırmalardan
aydın olmuşdur ki, respublikanın əlavə təhsil
müəssisələrinə, əsasən, elmi-pedaqoji fəaliyyəti
və ixtisasları nəzərə alınmaqla təcrübəli,
hazırlıqlı mütəxəssislər cəlb
olunmuşlar. Bununla yanaşı, monitorinq zamanı bəzi əlavə
təhsil müəssisələrinin ixtisaslı kadrlarla təmin
edilməsi, kadrların şəxsi işlərinin
uçotunun aparılması, müəllimlərin dərs
yükünün bölüşdürülməsi sahəsində
nöqsanlara yol verildiyi aşkar edilmişdir.
Belə
ki, Quba filialında ixtisasartırma təhsili üzrə
qrupların dərs saatı mövcud qaydalara zidd olaraq illik
proqnoza əsasən tədris ilinin əvvəlindən tarifləşdirilmişdir.
Saathesabı ilə işləyən pedaqoji işçilərin
şəxsi işləri qaydaya uyğun tərtib edilməmişdir.
AMİ-nin Salyan filialında əlavə təhsil üzrə
direktor müavini Novruz Zeynalova qaydalara zidd olaraq 804 saat tədris
yükü verilmişdir. 2007-ci ildə Bakı Dövlət
Universitetini fizika ixtisası üzrə bitirmiş Səidə
Hüseynova kifayət qədər pedaqoji stajı olmadan, 12
sentyabr 2008-ci il tarixdən metodist vəzifəsinə işə
qəbul
edilmişdir. İxtisasca coğrafiya müəllimi olan
Gülnar Hacıyeva, ibtidai təhsilin pedaqogika və
metodikası ixtisaslı Elnarə Abdullayeva kitabxanaçı
vəzifəsinə işə qəbul edilmişlər.
Cəlilabad
filialında kitabxanaçı işləyən Aynurə
Ordiyeva və Fəxriyyə Kazımova ibtidai təhsilin
pedaqogika və metodikası ixtisası, Nuşabə Quliyeva isə
peşə liseyini bitirərək dayə ixtisası
almışlar.
AMİ-nin
Sumqayıt filialında kabinet müdiri, ixtisasca filoloq olan Sabir
Behbudova müvafiq sertifikatı olmadan "Fəal təlim
metodları" kursundan, texniki elmlər doktoru, professor Nazim
Ağayevə isə heç bir əsas olmadan ingilis dili fənnindən
dərs yükü verilmişdir. Mühəndis ixtisaslı
T.Atakişiyeva qeyri-qanuni olaraq kitabxanaçı təyin
edilmişdir.
Ağcabədi filialında işə qəbul olunan Şəhla
Məmmədova həmin filialın bakalavr dərəcəsi
üzrə ibtidai təhsilin pedaqogikası və metodikası
fakültəsində oxuduğu müddətdə, 2006-ci il
yanvarın 2-dən mövcud qaydalara zidd olaraq metodist vəzifəsinə
işə qəbul edilmişdir. İxtisasca klub işçisi olan Sevər Cəfərova
, ibtidai təhsilin pedaqogikası və metodikası
ixtisaslı Nubar Mustafayeva və Aysel Səfərova, Bakı
Dövlət Universitetinin hüquq fakültəsinin I kurs tələbəsi
Nigar Abbasova kitabxanaçı vəzifəsinə təyin
edilmişlər.
Şəki
filialında kitabxanaçı vəzifəsində işləyən
Ətrabə Süleymanova ümumi orta təhsilli, İlhamə
Şərifova isə qeyri-ixtisaslıdır.
Qazax
filialında fransız dili ixtisaslı Tərlan Rzayev, mühəndis-texnoloq
ixtisaslı Şəfəq Qədiməliyeva, mühəndis-mexanik
ixtisaslı Afət Bənnayeva, mühəndis-mexanik
ixtisaslı Nurlana İbrahimova qanunazidd olaraq metodist vəzifəsinə
işə qəbul olunmuşlar. Sumqayıt Dövlət
Universitetini 2006-cı ildə fizika ixtisası üzrə
bitirmiş Dilbər Məmmədova pedaqoji iş stajı
olmadan 30 dekabr 2006-cı ildən metodist vəzifəsinə
işə qəbul edilmişdir. Gəncə Texnologiya
Universitetinin gön-dəri məmulatları texnologiyası
ixtisasını bitirmiş Kəmalə Vəliyeva və
Şəfiqə Quliyeva, ümumi orta təhsilli Kifayət
Qurbanova kitabxanaçı vəzifəsinə təyin
edilmişlər.
Lənkəran Dövlət Universitetində Ulduzə Əliyeva
psixoloq, Bəsirə Məmmədova və Şəfəq
Salayeva tarix müəllimi, Zeynəb Tahirova orta ixtisas təhsilli
iqtisadçı, Mehriban Axundova və Zuleyxa Cabbarova məktəbəqədər
müəssisələrində tərbiyəçi, Təranə
Abdullayeva, Müjgan Əliyeva və Sevər Bağırova
ümumi orta təhsilli
olduqları halda, qanunazidd olaraq kitabxanaçı vəzifəsinə
işə qəbul olunmuşlar.
Aparılmış
monitorinq nəticəsində məlum olmuşdur ki, əlavə
təhsil müəssisələrinin maddi-texniki və tədris
bazası, onların zəruri avadanlıqlarla təchizatı qənaətbəxşdir.
Bununla yanaşı, bu sahədə bir sıra nöqsan və
çatışmazlıqlar mövcuddur.
AMİ-nin
Quba, Şəki və Şamaxı filiallarının əlavə
təhsil korpusunun əsaslı təmirə ehtiyacı
vardır. Mühazirə və seminar auditoriyalarında olan
avadanlıqlar yeniləşdirilməlidir. Müasir kompüter
texnikasına ehtiyac vardır. Gəncə, Mingəçevir,
Cəlilabad filiallarının binaları əsaslı və
cari təmir olunsa da, yeni avadanlıqlara və texniki vasitələrə
tələbat vardır. Sumqayıt filialında tədris
imkanları məhduddur, əlavə mühazirə və
seminar otaqlarına ehtiyac vardır.
Ümumtəhsil məktəblərində
işləyən müəllimlərin peşə
bacarıqlarının artırılması, tədris etdikləri
fənn üzrə məzmun və metodika sahəsindəki
yeniliklərin vaxtaşırı onlara
çatdırılması, qabaqcıl iş təcrübələrinin
öyrənilməsi və tətbiq edilməsi
baxımından ən yaxşı fənn kabinetlərinin və
ən təcrübəli fənn müəllimlərinin
seçilib yerlərdə dayaq məntəqələrinin
yaradılması məsələsi zamanın tələbi olaraq
meydana gəlmişdir.
Dayaq məntəqələrinin yaradılması ilə əlaqədar
Təhsil Nazirliyi tərəfindən məqsədyönlü
fəaliyyət həyata keçirilmiş, son illərdə
bu prosesi tənzimləyən lazımi reqlamentlər
hazırlanıb təsdiq edilmiş, icra üçün yerlərə
göndərilmişdir.
Təhsil Nazirliyi tərəfindən pedaqoji kadrların təkmilləşdirilməsi,
ixtisasının artırılması şəbəkəsinin
"Dayaq məntəqələri" mexanizmi işlənib
hazırlanmış, nazirliyin 21.02.2002-ci il tarixli, 164 nömrəli
əmri ilə lİxtisasartırma təhsilində yeni mexanizmə
keçid və müəllimlərin təkmilləşdirilməsi işinin
təşkili» barədə əmr imzalanmışdır.
Aparılmış təhlil göstərmişdir ki,
keçən müddət ərzində pedaqoji kadrların əlavə
təhsil şəbəkəsinə daxil olan tədris müəssisələrinin,
struktur qurumların, eləcə də yerli təhsil orqanlarının
bu istiqamətdə fəaliyyəti son dərəcə zəif
olmuş, qəbul edilmiş kollegiya qərarları, müvafiq əmr və təlimatlar
lazımi səviyyədə icra edilməmiş, bu istiqamətdə
məqsədyönlü iş aparılmamışdır. Yerli təhsil orqanları və əlavə təhsil
müəssisələrinin rəsmi təqdimatlarına əsasən
hazırda respublikada 3000-dən çox dayaq məntəqəsi
fəaliyyət göstərirsə də, onların
böyük əksəriyyətinin formal olduğu aşkar
edilmişdir.
AMİ-də ixtisasartırma təhsilinin təşkili və
həyata keçirilməsinə məsuliyyətlə
yanaşılmış, son iki ildə bütün
kateqoriyalardan olan 6173 nəfər, o cümlədən,
2007-2008-ci tədris ilində 3750, 2008-2009-cu tədris ilində
isə 2423 nəfər pedaqoji işçi ixtisasartırma təhsilindən
keçirilmişdir.
Araşdırmalar
göstərmişdir ki, respublikada pedaqoji kadrların
ixtisasartırmasının kəmiyyət və keyfiyyət
göstəriciləri ümumilikdə qənaətbəxş
deyildir. Son iki ildə ixtisasartırma təhsilinə 28109 nəfər
dinləyici cəlb edilmişdir ki, bu da nəzərdə
tutulandan çox azdır. AMİ-nin
Şamaxı, Quba, Cəlilabad, Şəki, Zaqatala filialları,
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu, Bakı Slavyan Universitetinin əlavə təhsil
fakültəsi müəllimlərin ixtisasartırma təhsilinə
cəlb olunmasında öz imkanlarından kifayət qədər
istifadə etməmişlər. RTŞ-ların
ixtisasartırma təhsilinə yarıtmaz münasibətinin və
eyni zamanda ixtisasartırma təhsili müəssisələrinin
təşkilati işləri yerinə yetirə bilməməsinin
nəticəsidir ki, ayrı-ayrı rayonlardan ixtisasartırmaya
cəlb olunanların sayı planlaşdırılandan xeyli
azdır, bir sıra rayonlardan isə ixtisasartırma təhsilinə,
ümumiyyətlə müəllim göndərilməmişdir.
Həmçinin ixtisasartırma təhsilini bitirənlərə
vəsiqələrin verilməsində də nöqsanlar
mövcuddur.
AMİ-nin
Sumqayıt filialına daxil olan dislokasiya üzrə
(Sumqayıt şəhəri, Abşeron, Xızı və
Qubadlı rayonları) 9288 nəfər pedaqoji işçidən
son 2 ildə 1235 nəfər ixtisasartırmaya cəlb
edilmişdir. Abşeron, Xızı və Qubadlı RTŞ-lar
müqavilə öhdəliklərini yerinə yetirməmişlər.
AMİ-nin
Gəncə filialının dislokasiyası üzrə (Gəncə
və Naftalan şəhərləri, Şəmkir,
Göygöl, Samux, Goranboy, Daşkəsən rayonları)
16723 nəfər pedaqoji işçidən son 2 ildə 4409 nəfər
ixtisasartırmaya cəlb edilmişdir.
AMİ-nin
Mingəçevir filialının dislokasiyası üzrə
(Mingəçevir şəhəri, Göyçay,
Ağdaş, Ucar, Tərtər, Bərdə, Yevlax
rayonları) 15709 nəfər pedaqoji işçidən son 2
ildə 1056 nəfər ixtisasartırmaya cəlb edilmişdir.
Göyçay, Ağdaş və Tərtər RTŞ-lar
bağlanmış müqavilə öhdəliklərinə əməl
etməmişlər.
AMİ-nin Şamaxı filialının dislokasiyası
üzrə (Şamaxı, İsmayıllı, Kürdəmir,
Qobustan, Ağsu rayonları) 7202 nəfər pedaqoji
işçidən son 2 ildə 270 nəfər
ixtisasartırmaya cəlb edilmişdir. İsmayıllı və
Qobustan RTŞ-lar müqavilə öhdəliklərini yerinə
yetirməmişlər. Kürdəmir və Ağsu rayonlarından ümumiyyətlə
ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir.
AMİ-nin
Quba filialının dislokasiyası üzrə (Quba, Qusar,
Xaçmaz və Dəvəçi rayonları) 8225 nəfər
pedaqoji işçidən son 2 ildə 427 nəfər
ixtisasartırmaya cəlb edilmişdir. Quba, Qusar, Xaçmaz və
Dəvəçi RTŞ-lar müqavilə öhdəliklərini
yerinə yetirməmişlər.
AMİ-nin
Salyan filialına daxil olan dislokasiya üzrə (Şirvan şəhəri,
Salyan, Neftçala, Saatlı, Sabirabad, Cəbrayıl və
Hacıqabul rayonları) 9646 nəfər pedaqoji işçidən
son 2 ildə 1610 nəfər ixtisasartırmaya cəlb
edilmişdir. Dislokasiya üzrə RTŞ-lar müqavilə
öhdəliklərini tam yerinə yetirməmişlər.
Hacıqabul RTŞ son 2 ildə ixtisasartırma təhsilinə
cəmi 11 nəfər müəllim göndərmişlər.
AMİ-nin
Cəlilabad filialına daxil olan dislokasiya üzrə (Cəlilabad,
Masallı, Biləsuvar və İmişli rayonları) 9164 nəfər
pedaqoji işçidən son 2 ildə 698 nəfər
ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə
RTŞ-lar müqavilə öhdəliklərini tam yerinə
yetirməmişlər. İmişli RTŞ tərəfindən
son 2 ildə ixtisasartırma təhsilinə müəllim
göndərilməmişdir.
AMİ-nin
Ağcabədi filialına daxil olan dislokasiya üzrə
(Ağcabədi, Beyləqan, Xocavənd, Ağdam, Füzuli və
Laçın rayonları) 14265 nəfər pedaqoji
işçidən son 2 ildə 1217 nəfər
ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə
RTŞ-lar müqavilə öhdəliklərini tam yerinə
yetirməmişlər. Zərdab və Beyləqan RTŞ-lar tərəfindən
son 2 ildə ixtisasartırma təhsilinə müəllim
göndərilməmişdir.
AMİ-nin
Qazax filialına daxil olan dislokasiya üzrə (Qazax,
Ağstafa, Tovuz və Gədəbəy rayonları) 9981 nəfər
pedaqoji işçidən son 2 ildə 1583 nəfər ixtisasartırmaya
cəlb edilmişdir. Dislokasiya üzrə RTŞ-lar müqavilə
öhdəliklərini tam yerinə yetirməmişlər. Gədəbəy
RTŞ tərəfindən 2008-2009-cu tədris ilində
ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir.
AMİ-nin
Şəki filialına daxil olan dislokasiya üzrə (Şəki,
Oğuz və Qəbələ rayonları) 8043 nəfər
pedaqoji işçidən son 2 ildə 645 nəfər
ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə
RTŞ-lar müqavilə öhdəliklərini tam yerinə
yetirməmişlər. Oğuz RTŞ tərəfindən son
iki ildə 46 müəllim ixtisasartırmaya göndərilmiş,
Qəbələ RTŞ tərəfindən ixtisasartırma təhsilinə
müəllim göndərilməmişdir.
AMİ-nin Zaqatala filialına daxil olan dislokasiya üzrə
(Zaqatala, Balakən və Qax rayonları) 6328 nəfər
pedaqoji işçidən son 2 ildə cəmi 536 nəfər
ixtisasartırmaya cəlb edilmişdir ki, bu da normadan çox
azdır. İxtisasartırma təhsilini başa vurmuş dinləyicilərə
qanunazidd olaraq vəsiqə əvəzinə arayış verilmişdir.
Lənkəran
Dövlət Universitetinin nəzdində ixtisasartırma və
yenidənhazırlanma fakültəsi ayrıca tədris
korpusunda fəaliyyət göstərir. Lənkəran, Astara,
Lerik və Yardımlı rayonları LDU-nun müvafiq
fakültəsinin dislokasiyasına daxil edilmiş və həmin
rayonlarda işləyən 9646 nəfər pedaqoji
işçidən son iki ildə 910 nəfər
ixtisasartırma təhsilinə cəlb edilmişdir. Onlardan 773
nəfərinə vəsiqə, 137 nəfərinə
arayış verilmişdir.
Bakı
şəhərinin ümumu təhsil müəssisələrində
işləyən 40 minədək pedaqoji işçidən
BPKİYİ-də son iki ildə 6621 nəfər
ixtisasartırma təhsilindən keçmiş, 420 nəfər
vəsiqə almamışdır.
Bakı
Slavyan Universitetinin nəzdində ixtisasartırma və yenidənhazırlanma
fakültəsində son iki ildə 87 nəfər
ixtisasartırma təhsilinə cəlb edilmiş, onların
hamısına vəsiqə verilmişdir.
Qeyd olunanlardan aydın olur ki, yerli təhsil orqanları və
ixtisasartırma təhsili müəssisələri arasında
müqavilələrin bağlanmasına laqeyd
yanaşılmış, "sifariş-təklif" prinsipinə
əməl edilməmiş, pedaqoji kadrların
ixtisasartırmaya olan fərdi tələbatının öyrənilməsinə
lazımi diqqət yetirilməmişdir.
İxtisasartırma təhsili sahəsində qeyd olunan
problemlərin yaranmasının əsas səbəbi kimi rayon
(şəhər) təhsil şöbələri tərəfindən
ixtisasartırma təhsilinə cəlb olunma ilə əlaqədar
dəqiq proqnozlaşdırma aparılmadığı və
maliyyə orqanlarının müqaviməti nəticəsində
büdcədə ixtisasartırma təhsili üçün
ezamiyyə xərclərinin kifayət qədər nəzərdə
tutulmadığı, yerli təhsil orqanları və təhsil
müəssisələri ilə bağlanmış müqavilələrdə
"sifariş-təklif" prinsipinə əməl edilmədiyi,
pedaqoji kadrların ixtisasartırmaya olan fərdi tələbatlarının
öyrənilməsinə lazımi diqqət
yetirilmədiyi, ixtisasartırma təhsilində müasir təlim
metodları və texnologiyalarından geniş şəkildə
istifadə edilmədiyi, ixtisasartırma təhsili müəssisələrinin
yataqxanalarının olmadığı, mövcud yataqxanalarda
məcburi köçkünlər məskunlaşdığı
göstərilmişdir.
Pedaqoji kadrların ixtisasartırma təhsili sisteminin
müasir tələblər səviyyəsində
qurulmasını, bu sahədə yeni mexanizmlərin və
reqlamentlərin işlənib hazırlanmasını təmin
etmək üçün Təhsil Nazirliyi tərəfindən
bir sıra əməli tədbirlər həyata keçirilməkdədir. Belə ki, Təhsil Nazirliyinin
Dünya Bankı ilə birgə bağladığı
müqaviləyə əsasən "Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihə
(2009-2014-cü illər)"nin icrasına
başlanılmışdır. Həmin layihədə
"Pedaqoji kadrlar üçün ixtisasartırma təhsili
sisteminin müasirləşdirilməsi" adlanan ikinci
komponent üzrə icra planı hazırlanmış və nəzərdə
tutulmuş işlərin icrasına
başlanılmışdır.
Ötən müddət ərzində
planda nəzərdə tutulmuş vəzifələrin
icrası ilə əlaqədar bir sıra tədbirlər yerinə
yetirilmişdir. Belə ki, pedaqoji kadrların
ixtisasartırma təhsili üzrə yeni mexanizmlərin
işlənib hazırlanması üçün müvafiq
"işçi qrupu" yaradılmış, bu sahədə
beynəlxalq təcrübənin öyrənilməsinə və
yeni normativ sənədlərin işlənib
hazırlanmasına dəstək verəcək beynəlxalq və
milli məsləhətçilər seçilmiş,
ixtisasartırma təhsilinin müasir tələblər səviyyəsində
yenidən qurulması istiqamətində işlər davam
etdirilməkdədir.
İxtisasartırma
təhsili sahəsində bir sıra ölkələrin təcrübəsi
öyrənilmiş və onların ölkəmizdə
müvcud olan sistem ilə müqayisəli təhlili
aparılmışdır. Məlum olmuşdur ki, fasiləsiz
peşə hazırlığı və ixtisasartırma
üçün yeni model hazırlamaq və tətbiq etmək
məsələsi zamanın tələbindən irəli gəlir.
Bu, bir tərəfdən 2007-ci ildə Azərbaycan
Respublikasının hökuməti tərəfindən təsdiq
olunmuş "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji
təhsil və müəllim hazırlığının
Konsepsiyası və Strategiyası"nın şərt və
tələblərinə uyğundur. Digər tərəfdən,
yeni model həm də İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının, YUNESKO-nun və
Lissabon və Boloniya prosesi çərçivəsində
Avropa İttifaqının dəstəklədiyi mövcud beynəlxalq
strategiyalara və tendensiyalara uyğundur.
İxtisasartırma təhsili sahəsində mövcud beynəlxalq
təcrübəyə əsaslanaraq Azərbaycan
üçün məqbul variantın müəyyənləşdirilməsi
istiqamətində iş aparılmış və "Azərbaycan
Respublikasında məktəbəqədər və ümumi təhsil
müəssisələrinin rəhbər və pedaqoji
kadrlarının ixtisasartırma təhsilinə dair Əsasnamə" layihəsi
hazırlanmışdır. Layihə bir sıra
aidiyyəti müəssisə və təşkilatlara (Azərbaycan
Müəllimlər İnstitutu, Naxçıvan Müəllimlər
İnstitutu, BPKİY İnstitutu, Təhsil Problemləri
İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan
Dillər Universiteti, Lənkəran Dövlət Universiteti,
Bakı Slavyan Universiteti, Müasir Təhsilə və Tədrisə
Yardım Mərkəzi, YUNİSEF-in Azərbaycandakı
nümayəndəliyi və bir neçə ümumtəhsil
məktəbi) rəyə göndərilmiş, rəylər əsasən
nəzərə alınmışdır.
"Pedaqoji kadrlarin ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model haqqında" Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 oktyabr 2009-cu il tarixli kollegiya qərarının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Azərbaycan Respublikasında məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ixtisasartırma təhsilinə dair Əsasnamə" təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilsin.
2. Yeni modelə keçidlə əlaqədar
ixtisasartırma proqramlarının akkreditasiyası məqsədilə
Təhsil Nazirliyi nəzdində Akkreditasiya Şurası
yaradılsın.
3. Təhsil Nazirliyinin strukturunda
müvafiq dəyişiklik edilərək Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması
şöbəsinin nəzdində "İxtisasartırma təhsili"
sektoru yaradılsın.
4. Dünyada gedən tendensiyalar nəzərə
alınaraq ixtisasartırma təhsilində modul-kredit sisteminin
tətbiq edilməsi və sertifikatlaşdırmanın
aparılması üzrə müvafiq tədbirlər həyata
keçirilsin.
5. İxtisasartırma təhsili
müəssisələri rəhbərləri:
5.1. Monitorinqin nəticələrini geniş müzakirə
etsinlər və kollegiya qərarından irəli gələn
vəzifələrə dair tədbirlər planı
hazırlayıb həyata keçirilməsini təmin etsinlər;
5.2. İxtisasartırma üzrə proqramların təkmilləşdirilməsi
məqsədilə ayrı-ayrı kateqoriyadan olan pedaqoji
işçilərin ehtiyac və tələbatlarının
öyrənilməsini və nəzərə
alınmasını təmin etsinlər;
5.3. Kadrların tərkibinə yenidən baxsınlar, müəssisənin
səriştəli elmi-pedaqoji kadrlarla təmin olunması,
öyrədənlərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi istiqamətində tədbirlər
görsünlər;
5.4. İxtisasartırma kurslarının və treninqlərin
təşkilində müasir metodlar və təlim
texnologiyalarından, İKT-nin imkanlarından geniş istifadə
olunmasına nail olsunlar;
5.5. Rəhbər və pedaqoji işçilərin
ixtisasartırma təhsilindən keçirilməsi üzrə
müqavilə şərtlərinin yerinə yetirilməsi,
müdavimlərə təhsil haqqında sənədlərin
vaxtında verilməsi sahəsində nöqsanların aradan
qaldırılmasını təmin etsinlər;
5.6. Hər tədris ilinin sonunda rəhbər və pedaqoji
kadrların ixtisasartırma təhsilinə cəlbi və
müdavimlərə təhsil sənədlərinin verilməsi
barədə Təhsil Nazirliyinə hesabat versinlər;
5.7. Müəssisələrin maddi-texniki və tədris
bazasının gücləndirilməsi istiqamətində təkliflər
hazırlayıb Təhsil Nazirliyinə təqdim etsinlər.
6. R(Ş)TŞ rəhbərləri:
6.1. Yerlərdə pedaqoji işçilərin
ixtisasartırma təhsili vəziyyətini ətraflı təhlil
etsinlər və aparılmış monitorinq zamanı
ixtisasartırmaya cəlb edilmə sahəsində yol
verilmiş nöqsanların aradan qaldırılması,
bağlanmış müqavilə şərtlərinin yerinə
yetirilməsi üçün tədbirlər görsünlər;
6.2. Ayrı-ayrı kateqoriyadan olan pedaqoji
işçilərin ixtisasartırmaya olan ehtiyac və tələbatlarının
öyrənilməsi, bu istiqamətdə dəqiq sifarişlərin
hazırlanması üçün xüsusi proqram işləyib
hazırlasınlar və həyata keçirilməsini təmin
etsinlər;
6.3. Rəhbər və pedaqoji işçilərin
ixtisasartırma təhsilinə cəlb edilməsinə dair
informasiya bankının yaradılmasını təmin etsinlər;
6.4. Hər tədris ilində ixtisasartırma təhsilinə
cəlb ediləcək rəhbər və pedaqoji
işçilərin sayının müəyyənləşdirilməsi
üzrə dəqiq proqnozlaşdırma aparsınlar və
onun nəticələrinin büdcə smetasının
hazırlanmasında nəzərə alınmasını təmin
etsinlər;
6.5. Fənlər üzrə müəyyənləşdirilmiş
dayaq məntəqələrinin Təhsil Nazirliyinin mövcud
reqlamentləşdirici sənədlərinə uyğun
formalaşdırılması və fəaliyyətlərinin
keyfiyyət və səmərəliliyinin artırılması
üçün tədbirlər görsünlər;
6.6. Metodkabinetlərin tərkibinə yenidən baxsınlar,
metodistlərin peşəkarlıq səviyyəsinin
artırılması istiqamətində təsirli tədbirlər
görsünlər, gələcəkdə bu vəzifəyə
işə qəbulu müsabiqə yolu ilə həyata
keçirsinlər.
7. Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması
şöbəsi (F.Qədirov), LƏQ-in direktoru (E.Rüstəmov);
7.1. TSİİL-in "Pedaqoji kadrların
ixtisasartırma sisteminin müasirləşdirilməsi"
komponenti üzrə nəzərdə tutulan tədbirlərin
vaxtında həyata keçirilməsini təmin etsinlər;
7.2. İxtisasartırma təhsili sahəsində yeni model və
mexanizmlərin tətbiq edilməsini təmin etsinlər;
7.3. 2010-2011-ci tədris ili üçün yeni model üzrə
ibtidai sinif müəllimlərinin ixtisasartırma təhsili ilə
bağlı təkliflər və çərçivə kurikulumu
hazırlanmasını, pilot olaraq tətbiq edilməsini təmin
etsinlər;
7.4. İxtisasartırma təhsili üzrə monitorinq və
qiymətləndirmə mexanizminin yaradılmasını təmin
etsinlər.
8. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin
etsin.
9. Təhsil
Nazirliyinin ümumi şöbəsi (İ.Mirzəyev) əmrin
çoxaldılaraq bütün (rayon) şəhər təhsil
şöbələrinə, Naxçıvan Müəllimlər
İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu və
onun filiallarına, Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutuna
çatdırılmasını təmin etsin.
10. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
5 noyabr
2009-cu il
Azərbaycan müəllimi.-2009.-13 noyabr.-S.2.