İqtisadi böhran dövründə ali
təhsilin maliyyələşdirilməsi
Dünya Bankının V konfransından
qeydlər
Dünya
Bankı 27-29 oktyabr 2009-cu il tarixlərində Monteneqro
Respublikasının Budva şəhərində
"İqtisadi böhran dövründə ali təhsilin
maliyyələşdirilməsi" mövzusunda beşinci
konfransını keçirmişdir. Konfransda Azərbaycanın
nümayəndə heyətinin tərkibində Təhsil
Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza
Əliyev, Ali və orta ixtisas təhsili şöbəsinin
baş məsləhətçisi Natiq İbrahimov, Maliyyə
Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin
müdiri Xəqani Rzayev və Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası Aparatının rəhbəri
Nərminə Bayramova iştirak etmişlər.
Konfransda
dünyanın 31 ölkəsi 112 nəfər
iştirakçı ilə təmsil olunurdu. Belə ki,
Albaniya, Xorvatiya, Litva, Makedoniya, Monteneqro və Ermənistanın
təhsil nazirləri, Albaniya, Xorvatiya, Gürcüstan,
Qırğızıstan, Türkiyə və Monteneqrodan
universitet rektorları, digər Avropa və Mərkəzi Asiya
ölkələrinin təhsil nazirliklərinin rəhbər əməkdaşları
və Dünya Bankından 34 nəfər rəhbər mütəxəssis
iştirak edirdilər.
Konfransda
aşağıdakı məsələlərin müzakirəsi
nəzərdə tutulmuşdu:
-Ali
təhsilin maliyyələşmə sistemləri müasir, səmərəli
və dinamik ali təhsil müəssisələrinə dəstək
olmaq üçün necə qurulmalıdır?
-
Maliyyələşmə sistemləri tədris və təlim,
tədqiqat və innovasiyalar, ali təhsilin digər əsas
funksiyaları baxımından keyfiyyətin təmin
olunmasını nə dərəcədə yüksəldə
bilər?
-
Yüksək iqtisadi təzyiq və iqtisadi böhranın
hökm sürdüyü bir zamanda maliyyələşmə
sistemləri ali təhsil sistemlərinin müasirləşdirilməsinə
imkan yaradırmı?
Konfrans giriş, plenar və qrup sessiyalardan ibarət olmaqla
2 gün davam etdi və bu tədbirin açılış mərasimi
Monteneqronun Baş naziri Milo Cukanovic və Dünya
Bankının təhsil sektorunun direktoru Elizabet Kinqin giriş
sözləri ilə başladı. Onlar öz nitqlərində
ali təhsilin iqtisadi artım, sosial inkişaf və tərəqqinin
əsas hərəkətverici qüvvəsi kimi
tanındığı, bütün dünyada yüksək səviyyəli
bacarıqlara və ali təhsilə olan tələbatın
artdığı bir dövrdə ali təhsildə səmərəliliyin,
yüksək keyfiyyətin və davamlı maliyyələşmənin
təmin edilməsi baxımından keçirilən
konfransın əhəmiyyəti barədə geniş məlumat
verdilər.
Giriş sessiyasında "İqtisadi böhran
dövründə ali təhsilin maliyyələşdirilməsi"
mövzusunda Monteneqronun elm və təhsil naziri E.P.Sreten
Şkuletiç, Dünya Bankının ali təhsil məsələləri
üzrə müşaviri Cəmil Səlmi, İrlandiya Dublin
Texnologiya İnstitutunun direktoru Ellen Xazelkorn, Dünya
Bankında təhsil sektorunun direktoru Elizabet Kinq, Avropa Təhsil
Fondunun əməkdaşı Henrik Faudel, Dünya Bankı
iqtisadçısı Lars Sonderqard, Lissabon İnsan kapitalı
Mərkəzinin direktoru Pyer Ederer, Dünya Bankının
sektor rəhbəri Mamta Murti, Dünya Bankının təhsil
sahəsi üzrə iqtisadçısı Xuan Diyeqo Alonso tərəfindən
təqdimatlar edildi.
Plenar və qrup sessiyalarında isə "Ali təhsilin
maliyyələşdirilməsində ədalət, keyfiyyət
və effektlilik necə təmin edilməlidir?"
mövzusunda çilinin Təhsil Nazirliyinin layihə
koordinatoru Rikardo Rayx, Nyu-York Dövlət Universitetinin professoru
Bryus Conston, Dünya Bankının təhsil üzrə
aparıcı mütəxəssisi Morin Maklaflin və Dünya Bankının təhsil
üzrə aparıcı mütəxəssisi Xuan Manuel Moreno
təqdimatlarla çıxış etdilər.
Konfransın ikinci günündə ayrı-ayrılıqda
"Maliyyələşdirmə, keyfiyyət və şəffaflığın
təminatı", "İqtisadi böhran zamanı ali təhsilin
maliyyələşdirilməsi-institusional strategiyalar",
"Avropa və Mərkəzi Asiya ölkələrində
maliyyələşdirmə və idarəetmə problemləri
və onların həlli yolları" və "özəl
ali təhsilin
maliyyələşdirilməsi" mövzularında 4 paralel
iclas keçirildi.Azərbaycanın nümayəndə heyəti
"Maliyyələşdirmə, keyfiyyət və şəffaflığın
təminatı" adlı birinci paralel iclasda iştirak etdi. Həmin iclasda Niderland Tventi Universitetində ali təhsil
siyasətinin öyrənilməsi üzrə mərkəzin
koordinatoru Hans Vossenşteyn, İsveçrə ali təhsilin
keyfiyyətinin təminatı şəbəkəsinin sədri
Jak Lanares, Litva elm və təhsil naziri Qintaras
Steponaviçyus, Dünya Bankının ölkələr
üzrə sektor koordinatoru Alberto Rodriqes, Dünya
Bankının təhsil üzrə böyük mütəxəssisi
Rik Hopper maraqlı təqdimatlarla iştirakçıların
diqqətini cəlb etdilər.
Konfransın giriş sessiyasında "İqtisadi
böhran dövründə ali təhsilin maliyyələşdirilməsi"
mövzusunda çıxış edən Monteneqronun elm və
təhsil naziri Sreten Şkuletiç iqtisadi böhranın ali
təhsilə təsirləri barədə danışdı və
bildirdi ki, iqtisadi böhran təhsil haqqı ödəyən
tələbələr,
həmçinin yeni ali təhsil müəssisələrinin
yaradılması və yeni təhsil proqramlarının
işlənməsi üçün imkanları məhdudlaşdırır.
Nəticədə ali təhsil almaq istəyənlərin
müəyyən hissəsi üçün qeyri-münasib
şərait yaranır və bu da son nəticədə ali təhsilli
kadr potensialının aşağı düşməsinə
səbəb olur. Sreten Şkuletiç öz təqdimatında
iqtisadi böhrana qalib gəlmək üçün daha
bilikli, səriştəli və savadlı kadrlara ehtiyacın
olduğunu, lakin iqtisadi böhran vəziyyətində ali təhsilə
yönəldilən resursların azalması ilə əlaqədar
belə kadrlara olan tələbatın ödənilməsinin
çətinləşdiyini bildirdi və bu səbəbdən
hətta iqtisadi böhran dövründə də ali təhsilin
zəruri vəsaitlərlə təmin olunmasının
vacibliyini xüsusi vurğuladı.
Giriş
sessiyasındakı digər təqdimatlardan biri Dünya
Bankının ali təhsil məsələləri üzrə
müşaviri Cəmil Səlminin "İqtisadi
böhranın ali təhsilə təsiri" mövzusunda
çıxışı oldu. Cəmil Səlmi
böhranın ali təhsilə təsirləri barədə
danışdı. O, bildirdi ki, iqtisadi böhran nəticəsində
təhsilin dövlət maliyyələşməsi, tədqiqatların
aparılması və tələbələrə ayrılan
yardımlar ixtisara düşməyə başlayır, özəl
sektordan əldə olunan gəlirlər (yardımlar, ianələr,
müqavilələr üzrə təhsil haqları)
azalır, məzunların işsizliyi artır və nəticədə
müvafiq resursların azalması ilə əlaqədar keyfiyyət
aşağı düşür. Böhran nəticəsində
yaranmış vəziyyətə ali təhsil müəssisələrinin
reaksiyasından söz açan məruzəçi qeyd etdi
ki, bu zaman ali təhsil müəssisələri əsasən
öz fəaliyyətləri ilə bağlı bəzi xərcləri
ixtisara salır və gəlirlərin çoxaldılması
istiqamətində tədbirlər görməyə
başlayırlar. Cəmil Səlmi həmçinin
iqtisadi böhranla bağlı yaranmış vəziyyətdə
dövlətin ali təhsilə dəstəyinin zəruri
olmasından bəhs edərək bildirdi ki, bu zaman tələbə
təqaüdlərinin artırılması, tələbələrə
güzəştli kreditlərin, borcların verilməsi
üçün müvafiq proqramların hazırlanması və
ali təhsilin hökumətin iqtisadi stimullaşdırma
planlarına aid edilməsi mühüm əhəmiyyət kəsb
edir. Cəmil Səlmi daha sonra müxtəlif
dünya ölkələrində ali təhsil müəssisələrinin
büdcələrinin tərkibində onların dövlət
büdcəsindən əldə etdikləri vəsaitlər
istisna olmaqla öz gəlirlərinin xüsusi payı və
universitetlərin müxtəlif illər ərzində
ixtisaslaşma səviyyələrinin artımı barədə
diaqramlar üzərində məlumatlar nümayiş etdirdi.
Konfransın plenar iclasında çilinin Təhsil
Nazirliyinin layihə koordinatoru Rikardo Rayx ölkədə ali təhsilin
maliyyələşdirilməsi istiqamətində son on il ərzində
aparılan islahatlar və bu islahatların nəticələri
barədə məlumat verdi. öz təqdimatında o,
çilidə ali təhsilin maliyyələşməsində
on il bundan əvvəlki
vəziyyət barədə danışdı. Həmin
dövrdə ali təhsilin maliyyələşdirilməsində
əsas yeri dövlətdən olan baza maliyyələşmə
tuturdu və bu da kifayət edəcək səviyyədə
deyildi. Bu isə nəticədə tələbələrin və
ali təhsil müəssisələrinin daha çox maliyyə
köməyinə ehtiyacını şərtləndirirdi.
Rikardo Rayx həmçinin həmin dövrdə çilidə
akkreditasiya sisteminin olmamasını və ali təhsilin maliyyələşdirilməsi
prosesində rəqabət və cavabdehliyin qeyri-qənaətbəxş
səviyyədə olmasını qeyd etdi. Məruzəçi
ali təhsilin maliyyələşdirilməsində on il bundan əvvəlki
və hazırkı vəziyyətlərini əyani şəkildə
nümayiş etdirdi.
Sonda
Rikardo Rayx aparılan islahatlar nəticəsində son 10 il ərzində
çilinin ali təhsilində aşağıdakı əsas
nəticələrə nail olunduğunu qeyd etdi:
- Tarixi
kriteriyalara əsasən ənənəvi maliyyələşdirmə
fəaliyyətin nəticələrinə əsaslanan maliyyələşdirmə
ilə əvəz olunmağa başlamışdır;
-Müəllimlərin
ixtisas səviyyəsinin yüksəldilməsi siyasəti elmi
potensialın və aspiranturanın inkişafına səbəb
olmuşdur;
-İnfrastrukturun
yeniləşdirilməsi tələbələrin keyfiyyətli
təhsil əldə etmə imkanlarını əhəmiyyətli
dərəcədə artırmışdır;
-Regionlardakı
ali təhsil müəssisələrinə ayrılan vəsaitlərin
həcmi artırılmışdır;
-Elmi əlaqələrin
yaradılması stimullaşdırılmışdır;
-Fəaliyyətin
son nəticələrinə əsaslanan idarəetmə metodu
tətbiq edilmişdir;
-Təhsil
proqramlarının və təhsil müəssisələrinin
müvafiq qanun əsasında milli akkreditasiya sistemi
yaradılmışdır;
-Fəaliyyətin
nəticələrinə əsaslanan eksperimental müqavilələrin
həyata keçirilməsinə
başlanılmışdır;
-Aztəminatlı
tələbələrə kömək üçün tədbirlər
görülmüşdür;
-Kitabxanalar
müasirləşdirilmişdir;
-İKT
və yeni texnologiyalar təhsil prosesinə inteqrasiya
edilmişdir;
-Laboratoriyalar yeni və müasir avadanlıqlarla təmin olunmuşdur;
-Təhsil müəssisələrinin binaları genişləndirilmiş və təmir olunmuşdur;
-İdarəetmədə özünüqiymətləndirmə, strateji təhlil və planlaşdırma tətbiq edilməyə başlanılmışdır;
-Qərarların qəbul edilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə institusional təhlilin aparılması tətbiq edilir;
-Təhsil prosesinin təkmilləşdirilməsi və İKT-nin inteqrasiyası üçün yeni təhsil strukturları yaradılmışdır;
-Son nəticələrə əsaslanan idarəetmə və maliyyələşdirmə metodlarından istifadə olunur.
Konfransda maraq doğuran təqdimatlardan digəri birinci paralel iclasda Niderland Tventi Universitetində ali təhsil siyasətinin öyrənilməsi üzrə mərkəzin koordinatoru Hans Vossenşteynin "Xərclərin bölüşdürülməsi" mövzusunda oldu. O, əvvəlcə tələbənin büdcəsinin formalaşmasının mümkün modelini slayd üzrə əyani şəkildə nümayiş etdirdi.
Sonra o, xərclərin bölüşdürülməsi üzrə dünya tendensiyaları, təhsil haqqının tətbiqi və tələbə qrantları və borcları barədə danışaraq bildirdi ki, təhsil haqlarının tətbiqi (ödənişli təhsil) ali təhsil məktəblərinin mövcud tələbatlara qarşı çevikliyini və keyfiyyəti, həmçinin tələbələrin məsuliyyətini artırır.Borclar isə tələbələri daha düşüncəli olmağa vadar edir və onlar təhsillərini daha tez başa vurmağa çalışırlar.
(Ardı
var)
Ş.ƏLİYEV
Azərbaycan
müəllimi.-2009.-13 noyabr.-S.3.