Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və
gələcəyə bir baxış
(Əvvəli
qəzetimizin ötən saylarında)
Hörmətli oxucular! Son illərdə təhsil sahəsində əldə etdiyimiz ciddi nailiyyətlərdən biri məhz dərslik hazırlığı ilə bağlıdır. Bununla əlaqədar olaraq ölkəmizdə dərslik hazırlığının tarixi, bu sahədə əldə olunan nailiyyətlər, yeni dərslik siyasəti, eləcə də mövcud problemlər barədə məlumat vermək istərdim.
Məlumdur
ki, dərslik təlim prosesində istifadə olunan əsas
vasitələrdən biridir. Etiraf etmək lazımdır ki,
müasir dövrdə dərsliyə yeni yanaşmalar
özünü büruzə verməkdədir. Klassik təyinatından
fərqli olaraq, indi dərslik yeganə bilik mənbəyi
deyildir. İnformasiya texnologiyalarının inkişafı məlumat
mənbələrinin sayını da xeyli
artırmışdır. Bununla əlaqədar
hazırda dərsliyin vəzifəsi şagirdə
qaydaları, anlayışları, tərifləri əzbərlətdirməkdən
ibarət olmayıb, onlarda müstəqil düşünmə,
tədqiqatçılıq, yaradıcılıq vərdişləri
aşılamaq, tənqidi təfəkkürü inkişaf
etdirməkdir. Müasir dərsliklər tətbiqi xarakter
daşımalı, inteqrativ xüsusiyyətə malik
olmalı, elmi, pedaqoji, psixoloji meyarlar əsasında tərtib
olunmalıdır.
Hesab edirəm ki, Azərbaycanda dərslik
hazırlığı tarixinə qısa səyahət etmək
faydalı olardı. Araşdırmalar göstərir ki,
eramızın III əsrindən başlayaraq Azərbaycanda
ilkin savad təlimi verən ayrı-ayrı məktəblər
mövcud olmuş və belə məktəblər XIX əsrə qədər öz fəaliyyətini
davam etdirmişlər. Həmin təhsil ocaqlarında bir
sıra elmi və bədii əlyazmalardan dərslik qismində
(təlim materialı kimi) istifadə olunmuşdur.
Azərbaycanda
ana dilində yaranan dərsliklərin tarixi XVII əsrdən
başlanır. Belə ki, XVII əsrdə yaşamış
Saib Təbrizinin ana dilində yazdığı kitabdan uzun
müddət məktəblərdə dərslik kimi istifadə
edilmişdir. Sonrakı dövrdə Azərbaycanın məktəb
və mədrəsələrində Sədinin
"Gülüstan" və "Bustan" əsərləri,
"Füzuli divanı", "Tarixi-Nadir",
"Camei-Abbas" və başqa kitablar dərslik və dərs
vəsaitləri kimi istifadə olunmuşdur. Həmin kitablar
şagirdlərin bilik və yaş səviyyəsinə
uyğun olmasa da, milli dərslik
yaradıcılığımızda ilk nümunələr
kimi qiymətlidir.
Sonralar Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani
kimi sənətkarlarımız dərslik
hazırlığı sahəsində ilk cəhdlər
göstərmiş, işlədikləri məktəb və mədrəsələrdə
hekayə və şeirlərindən təlim materialları kimi
istifadə etmişlər.
Azərbaycanda
və bütün Zaqafqaziyada dövlət məktəblərinin
meydana gəlməsi və Azərbaycan dilinin bir fənn kimi tədris
edilməsi bu dildə müvafiq dərsliklərin
yaradılmasına şərait yaratdı.
Azərbaycan
dilində yeni üsulla dərslik tərtib etmək sahəsində
ilk təşəbbüs görkəmli mütəfəkkir və
pedaqoq Mirzə Fətəli Axundova məxsusdur. O,
1836-1840-cı illərdə Tiflis qəza məktəbində
Azərbaycan dili müəllimi işləyərkən ana dili
dərsliyi yazmağa başlamış, lakin sonralar müəllimlik
vəzifəsindən azad olunması ilə əlaqədar bu
işi davam etdirməmişdir. Azərbaycan dilində dərslik
(oxu kitabı) tərtibi işində Tiflis qəza məktəbi
və gimnaziyasının digər müəllimlərinin də
xeyli rolu olmuşdur. Mətbəə yoxluğu
üzündən bu vəsaitlər çox zaman işıq
üzü görmürdü. Əlyazması şəklində
olan bu dərsliklərə Sankt-Peterburq, Tiflis, Bakı, Yerevan
şəhərlərindəki dövlət arxivlərində,
eləcə də elmi müəssisələrin arxivlərində
rast gəlinir.
Son tədqiqatlar
nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan
dilində ilk "Əlifba" və "Oxu" kitabı
1839-cu ildə Tiflisdə çap edilmişdir. Hər iki
kitabın müəllifi Zaqafqaziya məktəblər direktoru
vəzifəsini icra edən N.Dementyevdir. Səs üsulu ilə
tərtib edilmiş bu dərslikdən Zaqafqaziyada, o cümlədən
Azərbaycandakı dövlət məktəblərində
istifadə edilmişdir.
XIX əsrin
ortalarına doğru Azərbaycan dilinin tədrisi sahəsində
elmi-pedaqoji tələblərə müvafiq yeni dərsliklər
meydana gəldi. Bu dərsliklər içərisində
Kazan Universitetinin professoru Mirzə Kazımbəyin
"Türk-tatar dilinin qrammatikası" (1839), Tiflis
gimnaziyasının Azərbaycan və fars dili müəllimi
L.R.Budaqovun "Türk-tatar dilinin əlifbası" (1844),
Tiflis gimnaziyasının müəllimləri Mirzə Şəfi
Vazeh və İ.Qriqoryevin "Kitabi-türki" (1855) adlı
dərslikləri xüsusi yer tuturdu. XIX əsrdə Azərbaycanda
və bütövlükdə Zaqafqaziyadakı dövlət məktəblərində
təhsil alan məktəblilərin bütöv bir nəsli həmin
kitablardan Azərbaycan dilini öyrənmişlər. Bu ənənə sonralar Süleyman bəy Vəlibəyovun
"Üsuli-cədidi-lisani-fars"
və Mahmud bəy Mahmudbəyovun səs üsulu ilə yazılan
"Yeni əlifba" kitabı ilə davam etdirilmiş, dərsliklər
Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Əfəndizadə,
Hacı Kərim Sanılı, Əhməd Seyidov kimi müəllim-metodistlər
tərəfindən daha da təkmilləşdirilmişdir.
Dərslik yaradıcılığı tarixində Firudin bəy
Köçərli ("Vətən dili"), Rəşid bəy
Əfəndiyev ("Uşaq bağçası"), Seyid Əzim
Şirvani ("Məcmuəyi-asari-Hacı Seyid Əzim
Şirvani") kimi ədiblərimiz xüsusi fəaliyyət
göstərmiş, Azərbaycan dilinin öyrənilməsinə
xidmət edən mükəmməl dərsliklər yarada bilmişlər.
Ana dili dərsliklərinin hazırlığı sahəsində
yaranmış təcrübə sovet dövrünə qədər
inkişaf etdirilərək müasir dərsliklərin təməli
kimi qiymətli mənbə olmuşdur.
XIX əsrin
sonu və XX əsrin əvvəllərində yeni fəaliyyətə
başlayan məktəblərdə uşaqların hansı dərsliklərlə
təhsil alması dövrün maarifçilərini həmişə
düşündürmüş və mühüm problemlərdən
biri olmuşdur. Azərbaycanın görkəmli
maarifpərvərləri Mirzə Fətəli Axundov, Həsən
bəy Zərdabi, Məmməd Tağı Sidqi, Sultan Məcid
Qənizadə, Firudin bəy Köçərli, Haşım
bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Mahmud bəy
Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman
Nərimanov, Abbas Səhhət və başqaları məktəblərdə
keyfiyyətli dərsliklərin olmasını tələb
edirdilər. Həsən bəy Zərdabi yazırdı:
"Uşaqların yaşlarına və bilik səviyyəsinə
uyğun olan dərs kitabı yoxdur. Uşaqlar şairlərin
kitablarını oxuyurlar. Bunlar ana dili təliminə
yaramır. Ona görə dərs kitabları yaratmaq
lazımdır. Heç olmazsa, başqa xalqlarda mövcud olan dərs
kitablarından istifadə və tərcümə etməklə
onları hazırlayaq".
Beləliklə,
XIX əsrdə ana dili dərsliklərinin tərtibi tarixini iki
mərhələyə bölmək olar. I mərhələ
XIX əsrin 80-ci illərini əhatə edir. Azərbaycanda
və Zaqafqaziyanın bir sıra şəhərlərində
təsis edilən dövlət məktəblərində Azərbaycan
dilinin müstəqil fənn kimi tədris edilməsi, bu dilin
bütün Qafqazda böyük rol oynaması ana dilində ilk
dərsliklərin və vəsaitlərin (əlifba, oxu
kitabı, sərf-nəhv və sair) meydana
gəlməsinə əlverişli şərait
yaradırdı.
II mərhələdə,
yəni XIX əsrin sonlarında K.D.Uşinskinin "Vətən
dili" dərsliyi Azərbaycan dilində eyniadlı dərsliyin
meydana gəlməsinə əhəmiyyətli təsir
göstərmişdi. Bu sahədə İrəvan qəza məktəbinin
Azərbaycan dili müəllimi Məmməd Elxanov ilk təşəbbüs
göstərərək "Vətən dili" adlı dərslik
yazmış, lakin həmin əsər çap
olunmamışdır. Zaqafqaziya Müəllimlər
Seminariyası Azərbaycan şöbəsinin müdiri
Aleksandr Osipoviç çernyayevskinin "Əlifba"
kitabı isə çox mühüm bir hadisə idi. "Kəşkül" qəzeti Aleksey
Osipoviç çernyayevskinin "Vətən dili"
kitabına yüksək qiymət verir və qeyd edirdi ki,
çernyayevski nəinki bizim çoxdan arzu etdiyimiz ana dilində
dərs kitabı yaratmış, o, həm də ana dilində
dərs deyən müəllimlər üçün dərsliklərin
yenidən tərtibi məsələləri ilə ciddi
məşğul olmuşdur.
Aleksey
Osipoviç çernyayevskinin "Vətən dili" dərsliyi
sövti üsul əsasında azərbaycanlılar
üçün nəşr edilmiş ilk Azərbaycan dili dərsliyi
idi. "Vətən dili" özündən sonra yazılan
əlifba və ilk oxu kitabları üçün örnək
olmuş, Azərbaycan ziyalılarının böyük bir nəsli
bu dərslik üzrə savada yiyələnmişdir. Firudin bəy
Köçərli onun "Vətən dili" dərsliyi ilə
əlaqədar yazırdı: "Bizim əqidəmizə
görə, Uşinskinin "Rodnoye slovo" ("Ana
dili") dərsliyi rus məktəbləri üçün
hansı əhəmiyyətə malikdirsə,
çernyayevskinin "Vətən dili" dərsliyi də
azərbaycanlılar üçün elə bir əhəmiyyətə
malikdir.
"Vətən dili" (I hissə) kitabının
müvəffəqiyyəti onun II hissəsinin tərtibinə
də zəmin yaratmışdı. 1880-ci illərin
sonlarında Aleksey Osipoviç çernyayevski seminariyanın
Azərbaycan şöbəsinin ibtidai məktəb müəllimi
Süleyman Vəlibəyovla birlikdə "Vətən
dili" kitabının II hissəsini tərtib etdi. Bu kitabın tərtibində
yaxından iştirak edənlərdən biri də görkəmli
müəllim və şair Həsənəli Qarabağlı
olmuşdur. Ana dili təlimi üçün nəzərdə
tutulmuş "Vətən dili" (II hissə) ilk dəfə
1888-ci ildə Tiflisdə "Kəşkül" mətbəəsində
çap olunmuşdur".
XX əsrin
əvvəllərində təhsil sahəsində mövcud
olan problemlərdən biri də dərslik
hazırlığı ilə bağlı idi. Yeni məktəblər
yeni kitablar tələb edirdi. Bu məsələ Azərbaycan
müəllimlərinin I (1906) və II (1907) qurultaylarında
da müzakirə olunmuşdu. Qurultayda qəbul edilən qərarlardan
biri də ibtidai məktəblər üçün ana dilində
dərs kitablarının hazırlanması ilə
bağlı idi. Həmin dövrdən başlayaraq
dövrün maarifpərvər insanları ana dilində dərsliklər
yazmağa başladılar. Bu sahədə Mahmud bəy Mahmudbəyov,
Abbas Səhhət, Rəşid bəy Əfəndiyev, Abdulla
Şaiq və başqalarının rolunu xüsusilə qeyd
etmək lazımdır. Mahmud bəy Mahmudbəyov və Abbas Səhhət
1909-cu ildə türk dilinin təlimi üçün nəşr
etdikləri üçüncü ilə məxsus qiraət
kitabı 1910-1915-ci illərdə təkrar çap olundu.
Ana dilinin saflığı uğrunda mübarizə aparan
görkəmli ziyalı, "İkinci il" dərsliyinin həmmüəllifi
Abdulla Şaiq Talıbzadə məktəblərimizin milli dərsliklərlə
təmin olunmasında əvəzsiz xidmət göstərmişdir.
İbtidai məktəbdə ana dili təliminin
inkişafında mühüm xidməti olan Abdulla Şaiq pedaqoji fəaliyyətini
ədəbi yaradıcılığı ilə birləşdirirdi.
Onun "Dəbistan", "Məktəb"
və "Rəhbər" jurnallarında uşaqlar
üçün nəşr etdirdiyi əsərlər Azərbaycan
pedaqoji fikir tarixinin incilərindən hesab olunur. 1910-cu ildə
yazdığı "Uşaq gözlüyü" əsərindən
isə uzun müddət ibtidai məktəblərimizdə əlifba
dərsliyi kimi istifadə olunmuşdur.
Abdulla Şaiq Azərbaycan müəllimlərinin birinci
(1906) və ikinci (1907) qurultaylarının iştirakçısı
olmuş, ikinci qurultayın katiblik xidmətini yerinə
yetirmiş, idarə heyətinin qərarı ilə Mahmud bəy
Mahmudbəyov, Süleyman bəy Əbdürrəhmanbəyzadə,
Süleyman Sani Axundov, Abdulla bəy Əfəndiyev, Fərhad
Ağazadə ilə
birgə "İkinci il" dərsliyinin tərtibinə
cəlb edilmişdir. Ədib "Uşaq çeşməyi"
(1907), "Uşaq gözlüyü" (1910),
"Gülşəni-ədəbiyyat" (1910),
"Gülzar" (1912) və sair dərsliklərini nəşr
etdirməklə məktəblərin milli ruhlu dərsliklərlə
təmin olunmasında misilsiz xidmət göstərmişdir.
Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Fətəli
Axundov, Əli bəy Hüseynzadə, Mirzə Ələkbər
Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Hüseyn Cavid
və başqa şair və ədiblərin mövzusu xalq həyatından
götürülmüş əsərləri Azərbaycan məktəbinə
Abdulla Şaiqin dərslikləri vasitəsilə daxil
olmuşdur. O, gəncliyin milli hisslərini coşduran ilk ədəbiyyat
müəllimi kimi tanınmışdır.
Mahmud bəy
Mahmudbəyov 1907-ci ildə Bakıda "Türk əlifbası
və ilk qiraət" kitabını nəşr
etdirmişdi. Bir il sonra Mahmud bəy Mahmudbəyov, Süleyman bəy
Əbdürrəhmanbəyzadə, Süleyman Sani Axundov, Fərhad
Ağazadə, Abdulla Şaiq Talıbzadə və Abdulla bəy
Əfəndiyevin "İkinci il" dərsliyi meydana gəldi.
Həmin dərsliklər həm pedaqoji, həm də
didaktik-metodik cəhətdən yeni tələblərə
cavab verirdi. Kitabların dilinin sadəliyi, aydınlığı,
bədiiliyi, məzmununun dolğunluğu, metodik cəhətdən
materialların seçimi, uşaqlara veriləcək biliklərin
onların yaş və anlaqlıq səviyyələrinə
uyğun olması, sadə xalq dilində yazılması,
uşaqlarda bədii zövq tərbiyə etməsi, cəlbediciliyi
onların əsas məziyyətləri idi. Bu dərsliklərin
yazılması və nəşri "Nicat" xeyriyyə cəmiyyətinin
bilavasitə təşəbbüsü və yardımı ilə
həyata keçirilmişdi.
Ümumiyyətlə, ana dilində dərslik
yaradılması sahəsində görkəmli maarif xadimi
Mahmud bəy Mahmudbəyovun müstəsna rolu olmuşdur.
1909-cu ildə Mahmud bəy Mahmudbəyov və Abbas Səhhətin
birlikdə "Türk dilinin təlimi üçün
üçüncü ilə məxsus qiraət
kitabı", 1911-ci ildə Mahmud bəy Mahmudbəyovun
"İmlamız" kitabı nəşr edildi. Hər iki kitabda ana dilinin tədrisinə xidmət
göstərəcək faydalı mülahizələr
söylənilirdi. 1922-ci ildə Mahmud bəy Mahmudbəyovun
başçılığı ilə Süleyman bəy Əbdürrəhmanzadə,
Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Şaiq
Talıbzadə, Rəşid bəy Əfəndizadə
"Yeni türk əlifbası" adlı dərslik
hazırladılar.
Həmin
dövrdə bir qrup müəllimlər də dərslik
yazmaqla məşğul olmuşlar. Ş.M.Qarabağinin
"Risaleyi-hüruf və xütut" (1890); S.Ə.Təbrizinin "Kitabçeyi-ədəbiyyə"
(1893); Ə.Axundzadənin "Xətti təliq və nəstəliq"
(1894); M.H.Rüşdiyyənin "Vətən dili" (1884);
M.Ələkbərin "Kitabipəndi ətfal" (1899);
M.Şahtaxtinskinin "Sövti Şərq Əlifbası"
(1902); M.N.Şirvaninin "Təftül arifin lisani
türki" (1902); H.S.Eyvazovun "Üsuli-tədris və təlim-tərbiyə" (1907); H.Məmmədlinin
"Nümuneyi tədris və tərbiyə" (1907); M.Qəmərlinski, Nərimanbəyov, Şahtaxtinski,
Rəcəbov, Qazıyev, Şərifbəyov və Cəfərbəyovun
"Ana dili" (1911), M.H.Həsənzadənin "Tamam əlifba"
(1912), M.A.Abbaszadənin "Əlifba" (1913) və s. dərsliklərini
nümunə göstərmək mümkündür.
Maraqlıdır
ki, görkəmli bəstəkar üzeyir Hacıbəyov da dərslik
yaradıcılığı ilə məşğul
olmuş, 1907-ci ildə "Hesab" kitabını və
"Rus-türk, türk-rus" lüğətini
hazırlayıb çap etdirmişdi.
Milli məktəblərin dərsliklərlə təmin
olunması sahəsində Qafur Rəşadın xidmətləri
böyükdür. İlk coğrafiya dərsliklərinin yaradıcısı
olan Qafur Rəşad "Qafqaz coğrafiyası" (1910),
"İbtidai coğrafiya" (1922), "ümumi
coğrafiya" (1923), "Coğrafiya terminləri lüğəti"
(1923), "SSRİ-nin iqtisadi coğrafiyası" (1941), "Xəritə
üzərində əməli iş" (1943) və s. adlar
altında 18 dərslik və vəsait yazıb nəşr
etdirmişdi. "Rəhbəri-sərf" (Məmmədsadıq
Axundovla birgə, 1910), "Rəhbəri-hesab" (Əbdürrəhman
Tofiq Əfəndizadə ilə birgə, 1910) dərslikləri
uzun illər məktəblərdə tədris olunmuşdu.
Bununla yanaşı, milli uşaq ədəbiyyatının
inkişafında da Qafur Rəşadın xidmətləri
böyükdür. O, Azərbaycanda "Məktəb"
adlı sayca ikinci uşaq jurnalının (1911- 1920) və
uşaqlara məxsus ədəbiyyat nəşr edən
eyniadlı birinci mətbəənin təsisçisidir (Əbdürrəhman
Tofiq Əfəndizadə ilə birgə). Cümhuriyyət
dövründə nəşr olunmuş "Məktəb"
jurnalı uşaqların milli müstəqillik və dövlətçilik
ruhunda tərbiyəsində müsbət rol
oynamışdır. O,
pedaqoq-yazıçıları jurnalın ətrafına
toplamış, orijinal şeir və hekayələrdən,
müxtəlif dillərdən edilən tərcümələrdən,
elmi-kütləvi məqalələrdən ibarət zəngin
uşaq ədəbiyyatı xəzinəsi yaratmış, yeni
yazıçı nəslinin yetişməsi işində
böyük xidmət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq
Maarif Nazirliyi bir tərəfdən xalqın gələcəyini
təmin edə biləcək mütəxəssislər
hazırlamaq üçün ali, orta və ibtidai məktəblər
açır, kurslar təşkil edir, digər tərəfdən
nəşriyyat - tərcümə komissiyasının köməyi
ilə dərsliklər, tədris vəsaitləri
hazırlayır və çap etdirirdi. 1919-cu il noyabrın 7-də
Xalq Maarif Nazirliyi yanında nazir müavini Həmid bəy
Şahtaxtinskinin sədrliyi ilə Hökumət İslahat
Komissiyası yaradıldı. Komissiya qısa müddətdə
xeyli işlər gördü. ümumi təhsil sahəsində
islahat aparmaq, milli proqram və dərsliklər hazırlamaq məqsədilə
hökumət tərəfindən xüsusi fənn
komissiyaları təsis edildi. Fənn komissiyaları tərəfindən
hazırlanmış bir sıra yeni dərsliklər hökumətin
ayırdığı vəsait hesabına 1919-cu ildə nəşr
edilib məktəblərin istifadəsinə verildi. Dərsliklərin
bəziləri təkrar nəşr olunsa da, bir çoxu məhz
həmin dövrdə yazılmışdı: Mahmud bəy
Mahmudbəyov. Türk əlifbası və ilk qiraət, 1918; Rəşid
bəy Əfəndiyev. Türk qiraəti, 1918; Mahmud bəy
Mahmudbəyov, Abbas Səhhət. Yeni məktəb, 1918; Qafur Rəşad
Mirzəzadə, Məmməd Axundov. Rəhbəri-sərf,
1918; Rasim Əhməd. Sərfi-türki, 1919; Camo Cəbrayılbəyli.
Tarixi-təbii, 1919; Hüseyn Cavid, Abdulla Şaiq. Ədəbiyyat
dərsləri, 1919; Abdulla bəy Əfəndiyev. Son türk əlifbası,
1919; Hacı Səlim Səyyah Qasımzadə, Ağəli
Qasımov. Hesab məsələləri məcmuəsi, 1919;
Hacı Səməd bəy Əlizadə. Rəhbəre cəbr,
1919; Abdulla Şaiq. Milli qiraət, 1919; Müntəxəbat.
Türk ədiblərindən nümunələr, 1919 və
sair.
20-ci illərdə
stabil dərs kitablarının hazırlanması sahəsində
problemlər var idi. Proqram və dərsliklər
arasındakı uyğunsuzluq halları, təcrübəli
müəllimlərin və tərcüməçilərin
olmaması, nəşriyyat-poliqrafiya bazasının zəifliyi,
elm sahələri üzrə terminoloji lüğətlərin
yoxluğu dərs kitablarının hazırlanmasında və
nəşrində çətinliklər yaradırdı. Bu
çətinliklərə baxmayaraq, həmin illərdə
məktəbləri dərsliklərlə təmin etmək sahəsində
müəyyən uğurlar da qazanıldı.
Sovet
hakimiyyəti illərində ölkəmizdə geniş məktəb
şəbəkəsi yaradıldı, dərsliklər və
dərs vəsaitləri ilə təchizat sahəsində
müvafiq tədbirlər həyata keçirildi. Yeni tədris planları və proqramlarının təsdiqi
ilə əlaqədar məktəblər üçün ana
dilində dərslik, dərs vəsaitləri və başqa tədris-metodik
ədəbiyyatların hazırlanması zərurəti
yarandı. Bu məqsədlə Xalq Maarifi
Komissarlığı nəzdində (iyun, 1921-ci il) Nəşriyyat
şöbəsi yaradıldı. 1924-cü ildə bu
şöbənin əsasında Xalq Maarifi
Komissarlığının tabeliyində Azərbaycan Dövlət
Nəşriyyatı - "Azərnəşr" təsis
edildi. Nəticədə Xalq Maarifi
Komissarlığı tərəfindən dərsliklərin
sistemli şəkildə nəşr olunmasına 1920-1921-ci dərs
ilindən başlanır. Əvvəlcə sovet hakimiyyətinə
qədərki dövrdə tərtib olunmuş ana dilinə aid
ibtidai sinif dərslikləri (Abdulla Şaiq Talıbzadənin
"Uşaq gözlüyü" əlifba kitabı, Mahmud bəy Mahmudbəyovun "İkinci il" dərsliyi
və s.) müəyyən dəyişikliklərlə yenidən
çap edildi. Eyni zamanda 20-ci illərdə
M.Mahmudbəyovun 1907-1908-ci illərdə nəşr etdirdiyi
"Türk əlifbası və ilk qiraət", M.Mahmudbəyov,
S.Axundzadə, S.Əbdürrəhmanzadə, F.Ağazadə,
A.Talıbzadə və A.Əfəndizadənin "İkinci
il", M.Mahmudbəyov və A.Səhhətin
"üçüncü ilə məxsus qiraət",
A.Şaiqin IV-V siniflər üçün
"Qiraət kitabı", A.Əfəndizadənin
"Türk əlifbası" dərslikləri müəyyən
təkmilləşdirmələrlə nəşr edilərək
I pillə məktəblərində istifadə edilir. 1922-ci
ildə M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə, S.Axundzadə,
A.Talıbzadə və A.Əfəndizadə ərəb və
latın əlifbalarının qarşılıqlı təliminə
imkan verən "Yeni türk əlifbası" dərsliyini
hazırlamışdılar. Bundan əlavə,
Xalq Maarifi Komissarlığının yaratdığı ana
dili komissiyası tərəfindən yazılmış
(müəllifləri İsmayıl Hikmət, Abdulla Şaiq,
Seyid Mirqasımzadə, Cavad Axundzadə, Cabbar Əfəndizadə
və Mustafa Tofik) "Türkcə sərf-nəhv"
("Azərbaycan dilinin qrammatikası") dərsliyi
1924-cü ildə nəşr edilmişdi.
20-ci illərdə
oxu dərslikləri şəhər və kənd məktəbləri
üçün olmaqla iki variantda nəşr edildi. Riyaziyyat və
təbiət elmlərinə aid dərsliklər isə rus
dilindən tərcümə edilirdi. Nəşr edilən
ibtidai məktəb dərsliklərinin sayı ilbəil
artırdı. Məsələn, 1920-ci ildə 3 adda dərslik
nəşr edilmişdisə, bu göstərici 1923-cü ildə
23, 1927-ci ildə 42, 1929-cu ildə isə 50 idi. Bu illərdə
dərsliklərlə yanaşı, sinifdənxaric oxu
üçün 104 adda, müəllimlər üçün
isə 32 adda tədris-metodik ədəbiyyat da nəşr
edilmişdi.
20-ci illərin əvvəllərində hələ Azərbaycan
Xalq Cümhuriyyəti dövründə başlanmış əlifba
islahatı sahəsində işlər yenidən
canlandırıldı. 1921-ci ilin yanvar ayında Xalq Maarifi
Komissarlığı yanında Əlifba İslahatı
üzrə Komissiya, az sonra - 1922-ci ilin mayında Yeni Türk Əlifba
Komitəsi yaradıldı. Komitənin tərkibinə isə
Səmədağa Ağamalıoğlu (sədr), Xudadat bəy
Məlikaslanov, (AXC dövründə əlifba üzrə
İslahat Komissiyasının sədri olmuşdur), Əhməd
bəy Pepinov, Əli Tağızadə, Sultanməcid Əfəndiyev,
Fərhad Ağazadə (Şərqli), Vəli Xuluflu, Teymur
Hüseynov və digərləri daxil idilər. Rəsmi yazışmalarda əski ərəb əlifbası
ilə yanaşı, yeni latın qrafikalı əlifbadan da
istifadəyə (oktyabr, 1923-cü il) icazə verilmişdi.
1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakıda
çağırılmış I Beynəlxalq Türkoloji
Qurultay latın qrafikalı əlifbaya keçid prosesində
müstəsna rol oynadı. Əlifba islahatı latın
qrafikalı Azərbaycan əlifbasına
keçidlə bağlı hökumət qərarı ilə
(iyul, 1928-ci il) başa çatdı. 1929-cu il yanvarın 1-dən
yeni əlifbaya tam keçid rəsmən elan edildi, məktəblərdə
tədrisin həmin əlifba ilə aparılmasına
başlanıldı.
30-cu illərdə latın qrafikalı əlifba ilə dərsliklərin
hazırlanması və nəşri tam reallaşsa da,
SSRİ-də aparılan ruslaşdırma siyasətinə
uyğun olaraq bu əlifba 1939-cu il 11 iyul tarixdən ləğv
edildi və heç bir hazırlıq işi aparılmadan
1940-cı il yanvarın 1-dən bütün təhsil
müəssisələrində kiril (rus) qrafikalı Azərbaycan
əlifbasının tətbiqinə başlanıldı. Azərbaycan
SSR XKS-nin 31 dekabr 1939-cu il tarixli "Respublikanın kütləvi
məktəblərində və digər təhsil müəssisələrində
təlimin yeni Azərbaycan əlifbasına keçirilməsi
haqqında" və "İbtidai məktəblərin
dərslik və dərs vəsaitlərinin yeni Azərbaycan əlifbasında
nəşri haqqında" qərarları təhsil müəssisələrində
tədrisin yeni əlifbaya keçirilməsində müəyyən
rol oynadı.
1930-cu
illərdə təhsilin məzmunu tamamilə sovet
ideologiyasının prinsiplərinə tabe etdirildi.
Bu illərdə təhsilin məzmununda islahatlar
üİK(b)P MK-nın 25 avqust 1932-ci il tarixli "İbtidai və
orta məktəblərdə rejim və tədris proqramları
haqqında" və 12 fevral 1933-cü il tarixli
"İbtidai və orta məktəblər üçün
dərsliklər haqqında" qərarları əsasında
aparıldı. ümumi təhsilin tədris planları, tədris
proqramları, dərslik, dərs vəsaiti və digər tədris-metodik
ədəbiyyatları yeniləşdirildi və ya əsaslı
dəyişikliklər edildi. Həmin qərarlarda
təhsil sistemi qarşısında 20-ci illərdə tətbiq
edilmiş "Kompleks proqramlar"dan və dərslik kimi
istifadə edilən "İş kitabları"ndan imtina
etmək, bütün fənlər üzrə sabit tədris
proqramı və dərsliklərin hazırlanmasını təşkil
etmək vəzifəsi qoyulurdu.
Azərbaycan dilində ibtidai və orta məktəblər
üçün yeni dərsliklərin hazırlanması
işinə start verilsə də, həm məktəb
proqramlarından, həm də respublikada hazırlanan dərsliklərdən
milli mənəvi dəyərləri əks etdirən
materiallar tamamilə çıxarıldı. Yalnız
"sosializm ideyaları"na sədaqətli gənclər
yetişdirilməsinə xidmət edən "beynəlmiləlçilik"
ideyalarına üstünlük verilirdi.
20 may
1933-cü ildə Azərbaycan KP MK-nın xüsusi qərarı
oldu. Bu qərara uyğun olaraq ibtidai məktəblər
üçün orijinal ana dili dərsliklərinin tərtibinə
başlanıldı. Belə ki, Veysəl Mustafazadə, Yusif Zeynalov,
Əli Məsrur Qafarlı, Ələkbər Babazadə,
İdris Həsənov, Əbdüləzəl Dəmirçizadə,
Abdulla Şərifov, Feyzulla Qasımzadə, Ağamməd
Abdullayev, Qulam Ələkbərli və
başqalarının müəllifliyi ilə ibtidai məktəblər
üçün "Əlifba", "Ana dili", "Oxu
kitabı", "Azərbaycan dili" dərslikləri
yaradıldı. Sovet hakimiyyəti illərində ən
uzunömürlü "Əlifba" dərsliyi 1933-cü
ildə Veysəl Mustafazadə tərəfindən
yazıldı. 1933-1936-cı illərdə onun müəllifliyi
ilə nəşr edilən bu "Əlifba" 1937-ci
ildən 1946-cı ilə kimi Yusif Zeynalov və Əli Məsrur
Qafarlının, 1946-cı ildən 1962-ci ilə kimi Yusif
Zeynalovun, həmin ildən isə Yusif Zeynalov və Yəhya Kərimovun
müəllifliyi ilə nəşr edildi.
Bu illərdə
Yusif Zeynalovun "Ana dili" ("Oxu" I s.), "Oxu
kitabı" (I s.), Əli Məsrur Qafarlının "Ana
dili" (II s.), Feyzulla Qasımzadənin "Oxu" kitabı
(III s.), sonralar Ağamməd Abdullayev və Feyzulla Qasımzadənin
müəllifliyi ilə "Ana dili", Ələkbər
Babazadənin "Türk (Azərbaycan) dili" (II s.), Qulam Ələkbərlinin
"Türk (Azərbaycan) dilinin qrammatikası və yazı
qaydaları" (II s.), Əbdüləzəl Dəmirçizadənin
"Türk (Azərbaycan) dili" (IV s.) dərslikləri
yaradıldı və nəşr edildi.
30-cu illərdə ibtidai məktəblər
üçün ana dili üzrə yaradılan bu orijinal dərsliklər
Azərbaycan məktəbində ana dilinin tədrisində
müstəsna rol oynadı və gələcəkdə bu
istiqamətdə aparılan dərslik
yaradıcılığında təməl missiyasını
yerinə yetirdi.
1938-1939-cu dərs ilindən Azərbaycan məktəblərində
ana dili və ədəbiyyat, qeyri - Azərbaycan məktəblərində
Azərbaycan dili üzrə proqram və dərsliklərlə
yanaşı, həm də qeyri-rus məktəblərində
rus dili və ədəbiyyatı üzrə proqram və dərsliklərin
Azərbaycanda tərtibinə başlanıldı. Digər proqram və dərsliklər
isə Moskvada tərtib edilir, sonradan Azərbaycan dilinə tərcümə
olunurdu. Azərbaycan SSR Xalq Maarifi
Komissarlığının 1935-38-ci illər üzrə məktəb
təhsilinin vəziyyətinə dair 17 aprel 1938-ci il tarixli
hesabatında 1937-1938-ci dərs ilində respublikada fəaliyyət
göstərən bütün tipdən olan ümumi təhsil
məktəbləri üçün 160 adda 260500 nüsxə
tirajla dərslik və dərs vəsaitinin nəşr
edildiyi göstərilir.
İkinci
Dünya müharibəsinin başlanması ölkənin təhsil
sisteminə ciddi təsir etdi. Belə ki, bu illər təhsilin
inkişafında çətin və böhranlı bir mərhələ
oldu. Məktəblərdə iş ahəngi
pozuldu, müəllimlərin bir hissəsi səfərbərliyə
alındı, məktəb binaları hərbi məqsədlər
üçün istifadə edildiyindən respublikanın məktəb
şəbəkəsində əvvəlki illərlə
müqayisədə kəskin fərq hiss edildi.
Müharibə ümumi icbari yeddiillik təhsilə keçid
prosesini ləngitdi, ümumi təhsilin səviyyəsi
aşağı düşdü. 1949-cu ildə yeddiillik təhsilə
keçid sürətləndirildi və həmin proses 50-ci illərin
sonunda başa çatdırıldı.
"Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və SSRİ-də xalq maarifi sisteminin daha da inkişaf etdirilməsi" haqqında 1958-ci il dekabrın 24-də Qanun qəbul edildi. Qanuna əsasən yeddiillik məktəblər səkkizilliyə çevrildi. Bu qanun sovet məktəbinin yeni inkişaf mərhələsi idi. Burada nəzərdə tutulan əsas məsələ ibtidai siniflərdən etibarən əmək tərbiyəsinə diqqətin artırılması, uşaqlarda fiziki əməyə tələbat tərbiyə edilməsi nəzərdə tutulurdu. Qanunda natamam orta məktəblərin yeddiillikdən səkkizilliyə çevrilməsi, orta təhsilin əvvəlki kimi 10 il deyil, 11 il olması, birinci mərhələnin I-VIII sinifləri, ikinci mərhələnin isə IX-XI sinifləri əhatə edəcəyi nəzərdə tutulurdu. Qərarın tətbiq edildiyi ilk ildə ölkədə 40 məktəb 11 illiyə çevrildi.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.-2009.-20
noyabr.-S.4.