Təhsil Nazirliyində görüş

 

Noyabrın 18-də təhsil naziri Misir Mərdanov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul edib.

Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında təhsil əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan nazir bu sahədə müvafiq addımlar atılmasının vacibliyini qeyd edib. Misir Mərdanov ümidvar olduğunu bildirib ki, yeni səfirin fəaliyyəti dövründə təhsil əlaqələri daha da yüksələcək və qarşılıqlı əməkdaşlıq möhkəmlənəcək. Nazir həmçinin səfir Fəhd bin Əli əl-Düsəriyə ölkəmizdə həyata keçirdiyi bu yüksək missiyada uğurlar arzulayıb.

Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən səfir son illər iki ölkə arasındakı mövcud əlaqələrdən söz açıb, təhsil sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. Əməkdaşlığın təhsilin müxtəlif sahələri üzrə aparılmasının zəruriliyini qeyd edən səfir məhz bu zaman mühüm irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Fəhd bin Əli əl-Düsəri ölkəmizin təhsil sahəsində qazandığı nailiyyətlərdən məlumatlı olduğunu diqqətə çatdırıb.

Görüşdə hər iki ölkənin təhsil nazirlikləri arasında əlaqələrin yaradılması, təhsil sahəsində qarşılıqlı əməkdaşlığın istiqamətləri və digər məsələlər müzakirə olunub.

 

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.5.