Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə gününə həsr olunmuş tədbir

 

17 noyabr - Beynəlxalq Tələbə Günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirildi. Tədbirdə paytaxtın müxtəlif ali məktəblərində təhsil alan 500-ə yaxın tələbə, habelə professor-müəllim heyəti iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin üzvü, akademik Abel Məhərrəmov qonaqları salamladıqdan sonra bildirdi ki, bu gün həm tələbələr, həm də müəllimlər üçün tarixi bir gündür. Bu tədbir indi ölkəmizin hər yerində - ali məktəblərdə təntənəli şəkildə qeyd olunur.

Beynəlxalq Tələbə gününün yaranma tarixindən söz açan rektor sonra tələbələrə bir sıra tövsiyələr verdi, onların bayramını təbrik etdi.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov tələbələri, professor-müəllim heyətini Beynəlxalq Tələbə günü münasibətilə təbrik edərək qeyd etdi ki, bu gün iki bayram üst-üstə düşür: Dirçəliş Günü, Beynəlxalq Tələbə günü. Hər iki bayram bizim üçün əzizdir. Bu tədbirin Bakı Dövlət Universitetində keçirilməsi heç də təsadüfi deyil. Ona görə ki, bu təhsil ocağı ölkəmizin ən nüfuzlu ali məktəbidir və burada təhsil almaq xoşbəxtliyi sizə nəsib olmuşdur.

Daha sonra nazir möhtərəm Prezidentimiz İlham Əliyevin gənclər siyasətindən və təhsilə qayğısından danışaraq bildirdi ki, ölkəmizdə təhsil daim inkişaf edir, yeniləşir, təzə məktəblər tikilir, Azərbaycan dünya təhsilinə inteqrasiya olunur. Möhtərəm Prezidentimiz tərəfindən təhsillə bağlı çoxlu sayda sərəncam və fərmanlar verilir, dövlət proqramları həyata keçirilir. Bütün bunların hamısı siz gənclər üçündür.

İndiki dövr kompüter dövrüdür, - deyən nazir Misir Mərdanov bildirdi ki, çox istərdik bizim tələbələrimiz dövrün tələblərinə uyğun təhsil alsınlar, öz üzərlərində daim işləsinlər, mədəni səviyyələrini yüksəltsinlər. Bunun üçün ölkəmizdə hər cür şərait var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gəncləri həmişə yüksək qiymətləndirmiş, onlarla mütəmadi olaraq görüşmüş, qabiliyyət bacarıqlarını daim fərqləndirmişdir. Bu gün bu işlər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Tələbələrə adlı təqaüdlərin verilməsi, Azərbaycanda olmayan müasir ixtisasların öyrədilməsi, gənclərin xarici ölkələrdə ali təhsil almağa göndərilməsi, müxtəlif tədbir müsabiqələrin keçirilməsi dediklərimizə canlı misaldır. İndi Azərbaycandan xarici ölkələrdə on mindən çox gənc təhsil alır. Nazir qeyd etdi ki, onların 1500-ü dövlət xətti ilə göndərilmişdir. Bununla bağlı olan Dövlət Proqramında əsas məqsədimiz dövlət xətti ilə xaricə göndərilən tələbələrin sayını 5000-ə çatdırmaqdır.

Daha sonra nazir tədbir iştirakçılarını bir daha təbrik edərək onlara uğurlar arzuladı.

Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri R.Aslanova tədbirdə çıxış edərək tələbələrə bir sıra tövsiyələr verdi.

Tədbir ali məktəb tələbələrinin iştirakı ilə keçirilən böyük konsert proqramı ilə başa çatdı.

 

 

Malik NOVRUZOV

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.5.