Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyi qeyd olundu

 

Noyabrın 18-də ölkəmizin ilk orta ixtisas məktəblərindən birinin Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyi qeyd olundu.

Yubiley mərasiminə dəvət olunmuş qonaqlar, kollecin müəllim və tələbə kollektivinin üzvləri öncə Fəxri xiyabana gələrək xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olundu.

Yubiley tədbiri paytaxtımızın möhtəşəm "Gülüstan" sarayında davam etdirildi.

Burada keçirilən təntənəli mərasimdə Təhsil Nazirliyinin rəhbər işçiləri, millət vəkilləri, görkəmli ziyalılar, ali və orta ixtisas məktəblərinin rəhbərləri, kollecin müəllim və tələbələri iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanan yubiley mərasimində öncə kollecin keçdiyi şərəfli və zəngin tarixi yolu əks etdirən film nümayiş olundu.

Sonra çıxış üçün söz təhsil naziri, professor Misir Mərdanova verildi.

İştirakçıları salamlayan təhsil naziri onları bu tədbirdə görməsindən məmnun olduğunu ifadə etdi. İndiyədək heç bir orta ixtisas təhsili müəssisəsinin yubileyinin belə yüksək səviyyədə qeyd edilmədiyini vurğulayan nazir bunu dövlətin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğısının təzahürü kimi dəyərləndirdi və bu günün yalnız Azərbaycan Dövlət Pedaqoji Kollecinin deyil, ümumilikdə Azərbaycan təhsilinin bayramı kimi yadda qalacağını bildirdi.

90 il ərzində müxtəlif adlar altında fəaliyyət göstərən kollecdə tarixən bir çox mütərəqqi ənənələrin formalaşmasından söz açan nazir bu təhsil ocağının ölkə təhsilinin müasir inkişaf mərhələsində özünəməxsus yer tutduğunun danılmaz fakt olduğunu dedi. Misir Mərdanov qeyd etdi ki, bu gün Azərbaycanın bölgələrində, kənd və şəhərlərdəki məktəblərin əksəriyyətində bu təhsil müəssisəsinin məzunları ilə rastlaşmaq olar. Onlar yüksək peşə hazırlığı və digər müsbət cəhətləri ilə fərqlənirlər. Nazir bunun səbəbini kollecdə təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması ilə yanaşı, həm də kollektivə son 20 ildə bacarıqla rəhbərlik edən filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın şəxsi keyfiyyətləri və peşəkar fəaliyyəti ilə izah etdi. Qeyd etdi ki, əsl azərbaycanlı xanımı və təhsil işçisi, alim və ictimai xadim kimi N.Əliyevanın əməyi ölkə rəhbərliyi, Yeni Azərbaycan Partiyası və ictimaiyyət tərəfindən həmişə yüksək qiymətləndirilib. O, müəllim üçün böyük şərəf olan "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adını alıb, "Şöhrət" ordeninə layiq görülüb. "Tək əldən səs çıxmaz" atalar sözünü xatırladan Misir Mərdanov bu gün kollecin direktorunun ətrafında çox gözəl komandanın formalaşdığını vurğuladı.

Nazir mərasim iştirakçılarının diqqətinə çatdırdı ki, yaxın gələcəkdə Təhsil Nazirliyinin baza məktəbi olan Azərbaycan Dövlət Pedaqoji Kollecində yeni müəllimlərin hazırlığından daha çox, bu gün ümumtəhsil məktəblərində fəaliyyət göstərən pedaqoqların müasir təlim texnologiyalarına yiyələnməsi istiqamətində ixtisasartırma və təkmilləşdirmə işinin təşkil edilməsi nəzərdə tutulur. Bu baxımdan kollektivin üzərinə çox çətin yük düşəcəyini deyən təhsil naziri onlara belə məsuliyyətli işdə uğur qazanmağı arzuladı.

Çıxışına davam edən Misir Mərdanov yubiley ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə kollecin bir neçə əməkdaşının "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görüldüyünü və "Tərəqqi" medalı ilə təltif edildiyini dedi və ölkənin bütün təhsil ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını bildirdi. Nazir eləcə də Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə kollecin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri fərmanlara layiq görülmüş əməkdaşlarının adlarını açıqladı. Mərasimdə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə verilən fəxri adların və medalların təqdimatı oldu.

Təhsil naziri Misir Mərdanov çıxışının sonunda Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbərliyini, müəllim və tələbələrini, digər əməkdaşlarını yubiley münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar, şəxsi həyatlarında cansağlığı və xoşbəxtlik arzuladı.

Təntənəli mərasimdə kollecin direktoru, əməkdar müəllim, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva "ömürlərdə izi qalmış təhsil ocağı" mövzusunda məruzə etdi. N. Əliyeva bildirdi ki, kollecin mövcud olduğu 90 il ərzində ölkəmiz böyük inkişaf yolu keçmişdir. Bu inkişafın, xüsusən yenidən müstəqilliyə qovuşduğumuz ötən əsrin 90-cı illərinin əvvəllərindən bəri cəmiyyət həyatının bütün sahələrində gedən yeniləşmənin, tərəqqinin və bütün bunların nəticəsi kimi əldə olunan böyük uğurların sayəsində bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın ən irəlidə gedən ölkələrindən birinə, regionun ən nüfuzlu dövlətinə çevrilmişdir. Hər cür inkişafın və tərəqqinin əsasında təhsilin dayandığını nəzərə alsaq, ölkəmizin indiki fəxredici durumunda hər bir təhsil işçisi kimi bizim də əməyimiz var, bu mənada böyük ədibimiz Hüseyn Cavidin dediyi kimi "Vətən sərgisinə verdiyimiz bir çiçəyə" görə özümüzü bəxtiyar sayırıq.

Kollecin vətənimiz, xalqımız, təhsilimiz qarşısındakı xidmətlərini çox yüksək qiymətləndirən müasir Azərbaycanımızın memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyev 80 illik yubileyi münasibəti ilə təhsil ocağımızın kollektivinə ünvanladığı təbrik məktubunda deyirdi ki, Azərbaycan Dövlət Pedaqoji Kolleci respublikanın maarif ocaqlarını yüksək səviyyəli pedaqoji kadrlarla təmin etmək sahəsindəki uzunillik fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətlər göstərmişdir.

Sonra məruzəçi kollecin keçdiyi tarixi yola nəzər saldı. Bildirdi ki, o ötən əsrin əvvəllərində cəmiyyətdə baş verən milli oyanışın, ölkədə təhsil hərəkatının güclənməsinin, pedaqoji kadrlara artan tələbatın nəticəsi olaraq 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin qərarı ilə açılmışdır. Fəaliyyətə Bakı Kişi Müəllimlər Seminariyası kimi başlayan və mövcud olduğu illər ərzində adı bir neçə dəfə dəyişdirilən bu təhsil ocağı 1999-cu ildən Azərbaycan Dövlət Pedaqoji Kolleci adlanr.

Vaxtilə mədəni inqilabın həyata keçirilməsində, savadsızlığın ləğv edilməsində, xalqımızın savadlanması və maariflənməsi yolunda böyük xidmətlər göstərmiş, öz tarixi missiyasını indi də uğurla davam etdirərək ibtidai təhsil səviyyəsi üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırlayan kollec mövcud olduğu 90 il ərzində on minlərlə mütəxəssis yetişdirmişdir.

Natiq kollecin məzunları arasında bir çox görkəmli simaların, tanınmış elm və mədəniyyət xadimlərinin olduğunu vurğuladı.

N.Əliyeva kollecin araya-ərsəyə gəlməsində, inkişaf yoluna düşməsində böyük rolu olan müəllimlərin adını çəkib, onların özlərindən sonrakı nəsillər üçün çox zəngin və qiymətli irs qoyduqlarını, onlara örnək olduqlarını vurğuladı.

Məruzədə qeyd olundu ki, illərlə yaranmış, cilalanmış, hər vaxt inkişafı təmin edən müsbət təcrübə və mütərəqqi ənənələr kollecdə indi də yaşadılır və inkişaf etdirilir.

N.Əliyeva bildirdi ki, bu gün yüksək səviyyəli mütəxəssislər hazırlamaq üçün kollecdə lazımi baza şəraiti və əlverişli mühit vardır.

Dövlətin qayğısı sayəsində son illər kollec üçün çoxdan gözlənilən yeni tədris korpusu tikilərək istifadəyə verilib. ötən il kollecin əsas binasında təmir işləri aparılıb və nəticədə auditoriyalar, laboratoriyalar, kitabxanalar, digər yardımçı otaqlar ən müasir standartlara cavab verən səviyyəyə çatdırılıb.

Qeyd olundu ki, kollecdə dərslərin, təlim-tərbiyənin, digər təşkilat formalarının, təlim metodlarının axtarışı, bu sahədəki yeniliklərin səmərəli tətbiqi ilə bağlı həmişə yaradıcı iş getmişdir. N.Əliyeva iftixar hissi ilə bildirdi ki, son illər təhsilimizdə təlimin forma və metodları ilə bağlı tətbiq olunan bir çox yeniliklərin beşiyi məhz onların kolleci olub. Müxtəlif fənlər arasında inteqrasiya edilmiş dərslər olan qeyri-ənənəvi dərsi isə natiq tam əsasla kolleclərinin təhsilimizə töhfəsi saydığını dedi.

Məruzədə hazırda kollecdə peşəkarlğın, bütövlüyün, paklığın, humanizmin, ədalətin təmsilçisi olan müəllimlər tərbiyə etməyi fəaliyyətlərinin hədəfi sayan pedaqoqların çalışdığı, onların elmi, nəzəri və peşəkarlıq səviyyəsinin kifayət qədər yüksək olduğu qeyd edildi, yubiley ərəfəsində onların bir qisminin əməyini yüksək qiymətləndirən ölkə Prezidentinin, Təhsil Nazirliyinin ünvanına minnətdarlıq ifadə olundu.

Yubiley münasibətilə kollecin kollektivini təbrik edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Azərbaycan Respublikası Təhsil Şurasının sədri, professor Əjdər Ağayev və Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin çıxışlarında təhsil ocağının tarixindən söz açıldı, kollecin məzunları olmuş, eləcə də orada pedaqoji fəaliyyət göstərmiş görkəmli şəxsiyyətlər, şair və yazıçılar, tanınmış ziyalılar xatırlandı, təhsil ocağının ünvanına xoş sözlər deyildi və xatirə hədiyyələri təqdim olundu. Müəllim və müğənni Lalə Məmmədova da kollecin kollektivini təbrik edərək sevilən mahnılarını ifa etdi. Sonda tələbələr "Zəkanın nurunda" adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

 

 

Yusif ƏLİYEV,

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.5.