Məktəblərdə bilik yarışı
keçirildi
Noyabrın 13-də paytaxtın bütün ümumtəhsil məktəblərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi fənn olimpiadaları keçirildi. Bilik yarışını təhsil ocaqlarından birində - Yasamal rayonundakı 18 nömrəli məktəbdə müşahidə etdik. Olimpiadanın keçirilməsi üçün binanın ikinci və üçüncü mərtəbələrində yerləşən sinif otaqları ayrılmışdı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və məktəbin direktoru Vaqif Hüseynov təşkilati işlərin yerinə yetirilməsinə nəzarət edir, qolunda qırmızı sarğılar olan növbətçi müəllimlər isə dəhlizlərdə sakitliyin qorunmasını və prosesin bütün qaydalara uyğun aparılmasını təmin edirdilər. Məktəbə dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri otaqları gəzərək ayrı-ayrı fənlər üzrə yarışı müşahidə etdilər. Verilən məlumata görə, suallar hər fənn üzrə metodbirləşmənin üzvləri tərəfindən tərtib edilib və 5 suala verilən hər düz cavab üçün 10 bal müəyyən olunub.
Sonra keçirilən brifinqdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev jurnalistlərə bilik yarışı ilə bağlı ətraflı məlumat verdi. O bildirdi ki, olimpiada "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" çərçivəsində keçirilir. Bugünkü yarışda 120 minə yaxın Bakı məktəblisi iştirak edir. Artıq dördüncü dəfə təşkil edilən bu tədbir məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə hazırlıq xarakteri daşıyır və istedadı ilə fərqlənən şagirdlərin aşkarlanmasında mühüm rol oynayır. Belə ki, 2006-cı ildə keçirilən fənn olimpiadalarının respublika turunda Bakının 11 rayonunu təmsil edən 48 məktəbli fərqlənmişdisə, 2007-ci ildə bu rəqəm 69 nəfər, 2008-ci ildə 92 nəfər olmuş, 2009-cu ildə isə 105 nəfərə çatmışdır.
Şagirdlərin yekun nəticələri məktəblərdə müəyyən edilir və Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri üzrə I yeri tutan VII -XI sinif şagirdləri məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanır.
Sonda F.Həmzəyev jurnalistlərin fənn olimpiadaları ilə bağlı suallarını cavablandırdı
H.ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-20
noyabr.-S.5.