"Təhsil lüğəti" kitabının
təqdimatı oldu
Noyabrın 19-da "Park İNN-Azərbaycan" otelində "Təhsil lüğəti" kitabının təqdimatı oldu.
Tədbiri Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə açaraq "Təhsil lüğəti" kitabının Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə icra olunan Təhsil Siyasəti Forumu layihəsi çərçivəsində hazırlanaraq çap olunduğunu bildirdi. Qeyd etdi ki, ictimaiyyətə təqdim olunan "Təhsil lüğəti" təhsil sahəsindəki termin və anlayışların qışa təsnifatını verir. Kitabla bağlı digər məsələlərdən də ətraflı söz açan Elmina xanım bu vəsaitin məktəb direktorları, müəllim və tərbiyəçilər, tədqiqatçılar, inzibatçılar, jurnalistlər və təhsil islahatlarında maraqlı tərəflər üçün informasiya mənbəyi kimi nəzərdə tutulduğunu söylədi.
Çıxış üçün söz alan Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin Təhsil siyasəti layihəsinin rəhbəri Nailə İsmayılova dünyada təhsilin durmadan inkişaf etdiyini və bu dəyişikliklərin təhsil sahəsində yeni ifadələrin, terminlərin formalaşması ilə müşahidə olunduğunu qeyd etdi. Bildirdi ki, dünya təhsilindəki dəyişikliklərdən Azərbaycan da kənarda qalmır. Geniş ictimaiyyət, xüsusilə təhsil işçiləri bu dəyişiklikləri müşahidə edir, yeniliklərin gətirdiyi yeni ifadə və terminləri eşidir, hətta iş prosesində onlardan istifadə edirlər. Lakin bəzən onlar barəsində dəqiq izahat olmadığı üçün müəyyən çətinliklərlə üzləşilir. "Təhsil lüğəti"nin çap olunması məhz bu zərurətdən yaranmışdır.
Çıxış edənlərdən "Təhsil lüğəti"nin redaktoru, Azərbaycan Respublikası Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Təhsil Nazirliyinin şöbə müdirləri Faiq Şahbazlı, Arif Muradov kitabın əhəmiyyətindən, onun üstünlüklərindən danışdılar, bir sıra məsələlərlə bağlı öz fikir və mülahizələrini söylədilər.
Geniş diskussiya şəraitində keçən təqdimat mərasimində həmçinin kitabın tərtibçilərindən biri olan Ağdam rayonu 35 nömrəli köçkün orta məktəbin ingilis dili müəllimi ,"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Hüzürə Ağayeva, Bakıdakı 220 nömrəli məktəbin direktoru Almaz Əsgərova və başqaları çıxış edərək ictimaiyyətə təqdim olunan bu kitabın xüsusilə təhsil işçilərinə termin və anlayışları düzgün şəkildə anlamaqda və istifadə etməkdə yardımçı olacağını qeyd etdilər.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.-2009.-20
noyabr.-S.6.