Con
Yerləşir: ABŞ, Merilend
ştatı, Baltimor
Yaranma tarixi: 1876-cı il
Tipi: Özəl
Rektoru: Ronald Daniels
İşçi heyəti: 15000 nəfər
Tələbələrin sayı:
4744 nəfər
Aspirantların sayı:
14275 nəfər
Rəsmi saytı: www.jhu.edu
Con
Tarixi
1873-cü ildə
xeyriyyəçi Con Hopkins varisi olmadığından öz
var-dövlətini universitet və xəstəxana tikintisinə
sərf etməyə qərar verir və bu məqsədlə
vəsiyyətnaməsində 7 milyon dollar ayrılmasını
qeyd edir. ABŞ tarixində bu, ən böyük məbləğdə
xeyriyyə vəsiyyətnaməsi olur. Beləliklə,
22 fevral (Corc Vaşinqtonun anadan olduğu gün) 1876-cı ildə
yaradılan ali təhsil ocağına Con
Hopkins Universiteti adı verilir. Universitetin ilk
prezidenti Daniel Koyt Gilman olub. Yarandığı
gündən təhsil ocağının məqsədi elmi tədqiqatların
rəğbətləndirilməsi, elmin inkişafında
müstəsna xidmətləri olan alimlərin maddi vəziyyətlərinin
yüksəldilməsidir.
Con Hopkins Universiteti Vilhelm fon Humbolt, Fridrix Ernst Şleyermaxer tərəfindən
hazırlanmış alman modelini birinci tətbiq edən
ABŞ ali məktəbidir. İlk dəfə bu
universitetdə mühazirələrlə birgə seminarlar
keçirilib. Con Hopkins Universitetində diplomdan
sonrakı təhsilin inkişafına böyük əhəmiyyət
verilir. Universitet doktorluq dissertasiyalarını
çoxsaylı elmi jurnallarda, eləcə də 1878-ci ildə
yaradılmış Con Hopkins Universiteti mətbuatında
("Con Hopkins Universiteti qəzeti", "Con Hopkins
jurnalı", "Bölmə nəşrləri",
"Yeniliklər buraxılışı") nəşr
etdirən ABŞ-ın ilk ali təhsil
ocağıdır.
1889-cu ildə
burada Con Hopkins Hospitalının tikintisi başa
çatır.
1893-cü ildə Tibb Məktəbi
yaradılır və məktəb qızlarla oğlanların
birgə təhsil aldığı ilk tibb məktəbi kimi
tarixə düşür. Tibb sahəsini inkişaf etdirmək
məqsədilə Uilyam Osler, Uilyam Halsted, Hovard Kelli, Uilyam
Uelç kimi dünyada tanınmış müəllimlər
Tibb Məktəbinə dəvət olunurlar.
1909-cu ildə
universitetdə təhsilin davam etdirilməsi proqramı qəbul
edilib, 1916-cı ildə isə burada ölkədə ilk
İctimai Səhiyyə Məktəbi açılıb. 1950-ci ildə
Vaşinqtonda universitetin Nitsşe Beynəlxalq Tədqiqatlar və
1977-ci ildə Baltimorda Pibodi İnstitutu yaradılıb.
Universitet bu gün
Con Hopkins Universitetinin əsas
kampusu Homvud adlanır. Kampusun Şərqi
Baltimorda yerləşdiyi 140 hektarlıq ərazi 1900-cü ildə
əldə olunub. Kampusdakı bütün tikililər
qırmızı kərpic və ağ mərmərdən
inşa edilib, onlar gözoxşayan görünüşə
malikdirlər. Hazırda bu binalar tarixi abidə
hesab olunur və dövlət tərəfindən qorunur.
Kampusun yaxınlığında Baltimor İncəsənət
Muzeyi yerləşir. Homvudun ərazisində
məşhur Deker bağı vardır. Əvvəllər
Botanika bağı adlanan və biologiya kafedrasının əməkdaşları
tərəfindən istifadə olunan bu bağ hazırda estetik
məqsədlərə xidmət edir. Homvudda
yerləşən Kosmik Teleskop Elmi İnstitutu universitetin ən
böyük rəsədxanalarındandır. Bu institut Habbl teleskopu vasitəsilə məlumatlar
toplayır, onları analiz və idarə edir.
Con Hopkins Universitetinin nəzdində
aşağıdakı məktəb və institutlar fəaliyyət
göstərir:
Zenvil Kriger
İncəsənət və Elmlər Məktəbi -
universitetin əsas institutudur, tələbələrə
60-dan çox ixtisas üzrə proqram təklif edir. Bu məktəb
Homvud kampusunda yerləşir.
Uaytinq Mühəndislik Məktəbi
- Homvudda yerləşir, tələbələrə yalnız
mühəndislik proqramları təklif edir.
Təhsil Məktəbi -
1909-cu ildə biznes və təhsil üzrə
ixtisaslaşmış məktəb kimi yaradılıb, 2007-ci
ildən biznes və təhsil bölmələri
ayrılıb və iki müxtəlif məktəblər
yaranıb.
Tibb Məktəbi - Şərqi
Baltimorda universitetin Tibbi İnstitutlar kampusunda, Con Hopkins Hospitalının
yanında yerləşir. Bu məktəb
dünyanın ən yaxşı tibb məktəbi və
biotibbi tədqiqat mərkəzi kimi tanınır.
Tibb Bacısı Məktəbi
- Con Hopkins Hospitalının və Tibb Məktəbinin
yaxınlığında yerləşir.
Blumberq
İctimai Səhiyyə Məktəbi - 1916-cı ildə
yaradılıb, dünyanın ən böyük səhiyyə
məktəblərindəndir. ABŞ-ın "U.S.
News & World Report" jurnalı tərəfindən
dünyanın bir nömrəli ictimai səhiyyə məktəbi
adlandırılıb.
Keri Biznes Məktəbi -
2007-ci ildə yaradılıb və Mərkəzi Baltimorda
Maunt Vernonda yerləşir.
Pibodi
İnstitutu - 1857-ci ildə yaradılıb, Mərkəzi
Baltimorda çarlz küçəsində yerləşir. ABŞ-ın ən
qədim konservatoriyalarından biri olan bu institut 1977-ci ilədək
Con Hopkins Universitetinin bölməsi kimi fəaliyyət
göstərib. Hazırda institut müstəqil
olaraq tələbə qəbul edir və dərəcələr
verir.
Paul Nitsşe Qabaqcıl Beynəlxalq
Tədqiqatlar Məktəbi - 1943-cü ildə yaradılsa da,
1950-ci ildən Con Hopkins Universitetinin bir hissəsinə
çevrilib. Məktəb Vaşinqtondakı
kampusda yerləşir, beynəlxalq problemlər, münasibətlər,
diplomatiya və iqtisadiyyatın öyrənilməsi ilə məşğuldur.
Bu təhsil müəssisəsinin Boloniyada,
İtaliyada, Nankində və çində filialları fəaliyyət
göstərir.
Tətbiqi Fizika
Laboratoriyası - Merilend ştatında Laurel şəhərində
yerləşir, ABŞ-ın Təhlükəsizlik Departamenti,
NASA (Aeronavtika və Kosmik Fəzanın Tədqiqatları
üzrə ABŞ Milli İdarəsi), dövlət və vətəndaş
müəssisələrinin məqsədləri
üçün tədqiqatlar aparır. Bu
laboratoriya Con Hopkins tibb müəssisələri ilə birgə
100-dən çox biotibbi qurğular yaradıb, həmçinin
Homvudda yerləşən Kosmik Teleskop Elmi İnstitutu ilə
sıx əlaqələr qurur.
Universitetin Tibbi İnstitutlar
kampusunda Tibb və Tibb Bacısı məktəblərindən
başqa, Con Hopkins Hospitalı, Con Hopkins Beyvyu Tibb Mərkəzi,
Con Hopkins Sinqapur Beynəlxalq Tibb Mərkəzi, Hovard ümumi
Dairə Hospitalı fəaliyyət göstərir. Universitetdəki elmi-tədqiqat mərkəzlərindən
Dil və Nitq Mərkəzini, Con Hopkins Siyasi Elmlər, Berman
Biotexnika, Con Hopkins İnformasiyanın Təhlükəsizliyi
institutlarını qeyd etmək olar.
Con Hopkins Universitetinin əsas
xüsusiyyətlərindən biri burada təhsil alan tələbələrin önəmli tədqiqatlarda
fəal iştirak etməsidir. Tələbələrin 80%-i
oxuduqları 4 il ərzində öz sahələri
üzrə müstəqil tədqiqatlar aparır. ümumiyyətlə, bu ali təhsil
ocağı ABŞ-da tədqiqatlara ən çox sərmayə
qoyan universitetlərdən biridir. Xüsusilə, universitet mədəniyyət,
musiqi, tarix, biologiya və təbii elmlər, biotibbi texnika,
yaradıcılıq, ingilis dili, roman dilləri, iqtisadiyyat,
beynəlxalq tədqiqatlar, tibb, nevrologiya, xəstələrə
qulluq, səhiyyə, siyasi nəzəriyyə sahələri
üzrə əldə etdikləri nailiyyətləri ilə fəxr
edir. 1999-2009-cu illər ərzində Con Hopkins
Universiteti dünyada ən çox məqalələri
çap olunan tədqiqat mərkəzləri
siyahısındadır (Harvard Universiteti və Maks Plank Cəmiyyətindən
sonra üçüncü yerdə).
Con
Madlen Olbrayt - ABŞ-ın
sabiq dövlət katibi
Spiro Eqnyu -
ABŞ-ın vitse-prezidenti
Aniş Çopra - ABŞ-ın baş texnologiya rəisi
Enn Dersi -
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri
Nikolas Börns -
ABŞ dövlət katibinin siyasi işlər üzrə
müavini
İbrahim Qəmbəri - BMT Baş katibinin
müavini
Lourens Di Rita -
Pentaqonun məruzəçisi
Devid Yakobson - ABŞ-ın
Kanadadakı səfiri
Məhəmməd Zubair Xan
- Pakistanın sabiq ticarət naziri
Hans Huqervorst -
Niderlandın səhiyyə naziri
Uanq Cuancya - Çinin BMT-dəki
səfiri
Piter Aqr - kimya
üzrə Nobel mükafatı laureatı
Ceyms Frank - fizika üzrə
Nobel mükafatı laureatı
Riçard Aksel -
tibb üzrə Nobel mükafatı laureatı
Pol Qrinqard - tibb üzrə Nobel mükafatı
laureatı
Jozef Olencer - tibb üzrə
Nobel mükafatı laureatı
Tomas Morqan - tibb üzrə
Nobel mükafatı laureatı
Robert Foqel - iqtisadiyyat
üzrə Nobel mükafatı laureatı
Merton Miller - iqtisadiyyat
üzrə Nobel mükafatı laureatı
Herbert Spenser - psixologiya üzrə Nobel
mükafatı laureatı
Codi Uilyams - sülh üzrə Nobel
mükafatı laureatı
Con Hopkins Universitetinin
kitabxana sistemi 3,6 milyon cilddən çox
kitaba malikdir. Universitetin əsas kitabxanaları
Homvud kampusunda yerləşən Şeridan və Milton
Eyzenhauer kitabxanalarıdır. Milton Eyzenhauer
kitabxanası (tələbələr tərəfindən
"MSE" adlandırılır) 2,6
milyon cilddən çox kitaba, 20 min jurnala malikdir. Kitabxanaya ABŞ-ın sabiq prezidenti Duayt Eyzenhauerin
qardaşı, universitetin prezidenti olmuş Milton Eyzenhauerin
adı verilib. Qeyd edək ki, Miltonun Con
Hopkins Universitetində prezidentliyi zamanı təhsil
ocağı sürətlə inkişaf edib, universitetin gəlirləri
üç dəfə artıb, geniş tikinti-quruculuq işləri
aparılıb. Universitetin inkişafı
üçün gördüyü işlərə görə
Milton Eyzenhauer "fəxri prezident" adına
layiq görülüb.
Universitetin başqa
kampuslarında yerləşən kitabxanalardan tibb sahəsi
üzrə Uiliyam Velç, Tibb Tarixi İnstitutu, Adolf Meyer,
Beyvievdə Harold Harison, Cons Fridenvold Memorial (Uilmer Göz
İnstitutu), Karol Qrey Tibb Bacısı Resurs Mərkəzi,
Abraham Laylinfild, Keri Biznes Məktəbinə aid
Kolumbiya,Vaşinqton, Dauntaun Mərkəzi, Qabaqcıl Beynəlxalq
Tədqiqatlar Məktəbinin R.Sidney və V.Elza
Mason, Boloniya Mərkəzi, Con Vork Cerret, JSkolarşip
kitabxanalarını, Alan Mason Çisni Tibb, Ferdinand Hamburger
Universitet, Pibodi İnstitutu arxivlərini qeyd etmək olar.
Dünyanın
başqa universitetlərində olduğu kimi, Con Hopkins
Universitetinin tələbələri də buradakı
yataqxanalarda yaşayaraq təhsil alırlar. Lakin bu təhsil
ocağında yataqxanalarla tam təminat əsasən I-II kurs tələbələri
üçün nəzərdə tutulub.
Con Hopkins Universitetində təbiətin
mühafizəsi üzrə müxtəlif proqramlar həyata
keçirilir,
elektriklə işləyən nəqliyyat vasitələri
yaradılır, suya qənaət edilir, təbii qidalara
üstünlük verilir və s. Tələbələr nəqliyyat
vasitəsi kimi velosipedlərdən istifadə edirlər.
Con Hopkins Universitetində hazırda
19000-dən çox tələbə təhsil alır. Onların 4744-nü bakalavr, 14275-ni aspirant və
magistrlər təşkil edir. Universitetdə
15000-dən çox professor-müəllim heyəti
çalışır. Con Hopkins Universitetinin
missiyası tələbələrə elm öyrətməklə
yanaşı, onlara həyat dərsi keçmək, müstəqil
tədqiqatlara sövq etmək, eləcə də elmə dəyərli
töhfələr verməkdir. Bu qədim ali
təhsil ocağının dünya elminin inkişafında əldə
etdiyi mühüm və əlamətdar yeniliklər
danılmazdır.
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.-2009.-27 noyabr.-S.6.